Məhkəmə qərarları › İş №2-1(105)-340/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-340/2021

17.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-340/2021 17.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt şəhər İcra Hakimiyyətinin 13 oktyabr 2020-ci il tarixli 234 saylı sərəncamının ləğv edilməsi və əri Bəşirov İlkin Cavanşir oğlu üzərində qəyyum təyin edilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-447/2021 saylı 01 aprel 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 234 saylı 13.10.2020-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Sumqayıt şəhər İcra Hakimiyyətinin 13 oktyabr 2020-ci il tarixli 234 saylı sərəncamının ləğv edilməsi və iddiaçının fəaliyyət qabiliyyətsiz hesab edilmiş həyat yoldaşı 19.04.1981-ci il təvəllüdlü Bəşirov İlkin Cavanşir oğlunun üzrəində qəyyum təyin edilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 05.11.2015-ci il tarixdə Bəşirov İlkin Cavanşir oğlu ilə rəsmi nikaha daxil olmuşdur. Nikahdan iki övladları vardır. İddiaçı ailə həyatı qurduqda onun həyat yoldaşı Bəşirov İlkin Cavanşir oğlu ll qrup əlil olmuşdur. Lakin İlkinin valideynləri bu faktı iddiaçıdan gizlətmişlər. Ailə həyatı qurduqdan sonra İlkinin səhhəti, psixoloji durumu pisləşmiş və ona l qrup əlillik təyin edilmişdir. Bundan sonra iddiaçının ərizəsinə əsasən Bəşirov İlkin məhkəmə qətnaməsinə əsasən fəaliyyət qabiliyyətsiz hesab edilmişdir. Bundan sonra iddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edərək ərinin üzərində qəyyum təyin edilmsəini xahiş etmişdir. Lakin ona mənfi cavab verilmişdir, daha sonra ona məlum olmuşdur ki, həyat yoldaşının anası qəyyum təyin edilmişdir. Bununla bağlı o həmin sərəncamı qanunsuz hesb edərək ləğv olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh iddia ərizəsinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının həyat yoldaşı 19.04.1981-ci il təvəllüdlü Bəşirov İlkin Cavanşir oğlu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4000/2019 saylı, 21 iyun 2019 tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Aparılmış araşdırma zamanı Bəşirov İlkin Cavanşir oğlunun bir ildən artıq müddətdir həyat yoldaşı İddiaçı faktiki olaraq ayrıldığı, valideynləri X3 və X1 yanında yaşadığı məlum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33.1 -ci və 33.4-cü maddələrinə əsasən iddiaçının həyat yoldaşı 19.04.1981 -ci il təvəllüdlü Bəşirov İlkin Cavanşir oğlunun üzərində anası X2 qəyyum təyin olunmasının onun qanuni maraqlarına və mənafelərinə uyğun olduğu hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Qeyd olunanları nəzərə alaraq, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 234 nömrəli, 13.10.2020-ci il tarixli sərəncamın əsaslı olduğunu hesab edərək, iddia tələbinin rədd olunmasını xahiş edilmişdir. Üçüncü şəxs X3 iddianı qəbul etməyərək bildirmişdir ki, oğlu onun himayəsindədir, daimi qulluğa ehtiyacı vardır. Oğlu ilə İddiaçı arasında münasibətlər kəskin şəkildə pisləşdiyindən sonuncu qəyyum təyin edilə bilməz. Bununla bağlı S.Lətifova iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-447/2021 saylı 01 aprel 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim V.Əzizova). Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-447/2021 saylı 01 aprel 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. apelyasiya şikayətinin dəlilləri: iddia tələbi iki hissədən, birinci inzibati orqanın aktının ləğv edilməsi və ikinci hissədə isə fəaliyyət qabiliyyətsiz şəxsin üzərinə qəyyum təyin edilməsi ilə bağlıdır. Tələbin bu formada qoyulması məqsədlidir və inzibati orqanın aktı ləğv olunduqdan sonra ümumi məhkəmələr tərəfindən şəxsin üzərinə qəyyum təyin edilməsinə dair iddinın mümkünlüyünün mübahisələndirilməməsi məqsədi daşıyır. Hesab edir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin 13 oktyabr 2020-ci il tarixli 234 saylı sərəncamının ləğv edilməsi və iddiaçının fəaliyyət qabiliyyətsiz hesab edilmiş həyat yoldaşı 19.04.1981-ci il təvəllüdlü Bəşirov İlkin Cavanşir oğlunun üzrəində qəyyum təyin edilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələb qismən, yəni Sumqayıt şəhər İcra Hakimiyyətinin 13 oktyabr 2020-ci il tarixli 234 saylı sərəncamının ləğv edilməsi hissəsində təmin edilməli, Bəşirov İlkin Cavanşir oğlunun üzərində qəyyum təyin edilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində isə işin ümumi məhkəməyə aid olması əsası izah verilməlidir. Məhkəmə aktlarının preyudisiallığı daha sonra da həmin hissədə, yəni şəxsin üzərinə qəyyum təyin edilməsi hissəsində ümumi məhkəmələr üçün məcburi xarakter daşıyacaqdır və belə olan halda daha operativ və çevik məhkəmə baxışı təmin olunacaqdır. Sumqayıt İnzibati Məhkəməsi 2-1(118)-447/2021 saylı 01.04.2021-ci il tarixli qərardadla Sumqayıt şəhər İcra Hakimiyyətinin 13 oktyabr 2020-ci il tarixli 234 saylı sərəncamının inzibati akt olması və cavabdehin isə inzibati orqan olmasını qəbul edir. Belə olan halda inzibati orqanın aktının mübahisələndirilməsi tələbi inzbati məhkəmələr tərəfindən baxılmalıdır. tərəflərin izahatları: Apelyasiya baxışı zamanı üçüncü şəxs X3 apelyasiya şikayətini qəbul etməyərək, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, üçüncü şəxsi dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, apelyasiya şikayətinin təmin edilməməsi, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, hazırki işin hallarından görünür ki, İddiaçı məhkəmədən Sumqayıt şəhər İcra Hakimiyyətinin 13 oktyabr 2020-ci il tarixli 234 saylı sərəncamının ləğv edilməsi və əri Bəşirov İlkin Cavanşir oğlu üzərində qəyyum təyin edilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və hesab etmişdir ki, İddiaçı cavabeh qismində inzibati orqan olan Sumqayıt şəhər İcra Hakimiyyətini göstərsə də, iddiaçının irəli sürdüyü tələb xüsusi hüquqa – mülki hüquq münasibətlərinə aiddir. Belə ki, hazırda mübahisələndirilən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 13 oktyabr 2020-ci il tarixli 234 nömrəli sərəncamı inzibati aktın əlamətlərinə malik deyildir. Həmin sərəncamla fəaliyyət qabiliyyətsiz hesab edilmiş 19.04.1981-ci il təvəllüdlü Bəşirov İlkin Cavanşir oğlu üzərində anası X3 qəyyum təyin edilmişdir. Sərəncam özlüyündə ümumi (publik) hüquq sahəsinə aid olan hər hansı məsələni həll etməmiş və hakimiyyət tədbiri deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri kimi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında inzibati aktın anlayışının verilməsi ilə yanaşı, habelə göstərilmişdir ki, hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, məzmunu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Qərarda inzibati aktın anlayışını şərh edərək bildirmişdir ki, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. İnzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir:

1. inzibati orqan tərəfindən qəbul edilməli;

2. ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı;

3. ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı;

4. hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Göründüyü kimi, inzibati aktın xarakterik xüsusiyyətləri ondan ibarətdir ki, akt idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olunması üçün qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı, habelə hakimiyyət tədbiri olmalıdır. Kollegiya qeyd edir ki, mübahisələndirilən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 13 oktyabr 2020-ci il tarixli 234 nömrəli sərəncamı inzibati aktın əlamətlərinə malik deyildir. Belə ki, həmin sərəncamla fəaliyyət qabiliyyətsiz hesab edilmiş 19.04.1981-ci il təvəllüdlü Bəşirov İlkin Cavanşir oğlu üzərində anası X3 qəyyum təyin edilmişdir. Göründüyü kimi, sərəncam özlüyündə ümumi (publik) hüquq sahəsinə aid olan hər hansı məsələni həll etməmiş və hakimiyyət tədbiri deyildir. Mübahisələndirilən sərəncam fəaliyyət qabiliyyətsiz hesab edilmiş şəxs üzərində X2 qəyyum təyin edilməsi ilə bağlıdır ki, fəaliyyət qabiliyyətsiz hesab edilmiş şəxslər üzərində qəyyum təyin edilməsi, ləğv edilməsi və ya qəyyumluqla bağlı digər məsələlərin həllinə dair hüquqi tənzimləmə məsələri Azərbaycan Respublikasının Mülki və Ailə Məcəlləri ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki və Ailə Məcəlləri isə ümumi hüququn deyil xüsusi hüququn tənzimləmə dairəsinə aid olan hüquqi məsələləri tənzim edir. Göründüyü kimi, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 13 oktyabr 2020-ci il tarixli 234 nömrəli sərəncamı inzibati akın əlamətlərini özündə əks etdirmir və bu səbəbdən də inzibati akt hesab edilmir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 13 oktyabr 2020-ci il tarixli 234 nömrəli sərəncamı inzibati akt olmadığından həmin sərəncamın inzibati məhkəmə icraatında mübahisələndirilməsi də mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-447/2021 saylı 01 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-447/2021 saylı 01 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2zibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 3ə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar