Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-340/2022 27.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2-1(118)-580/2022 nömrəli qərarından cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1960-cı il tarixdə Azərbaycan Respublikası, Laçın rayonu, Cicimli kəndində anadan olmuşdur. Sumqayıt şəhəri, məhəllə 48, ev.7 V, mənzil 50-də qeydiyyatdadır. (AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsi). İddiaçının təqdim etdiyi ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1977-ci ildən xx.xx.1993-cü il tarixədək “Dəmir-beton” trestinin zavodunda, xx.xx.1993-cü ildən xx.xx.1994-cü il tarixədək Sumqayıt şəhəri, 66 nömrəli uşaq bağçasında, xx.xx.1994-cü ildən xx.xx.2007-ci il tarixədək "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsində işləmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, müraciətə baxılmış və cavabdeh orqan xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən "xxxx" SC-nin iddiaçıya dair 09/29 nömrəli arayışında iddiaçının xx.xx.1994-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin 2 saylı idarəsində izolyasiyaedici vəzifəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri "xxxx" SC-də çoxsaylı yoxlamalarda olmuş və müəssisənin xx.xx.1994-cü ildən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən az (16 il 1 ay (xx.xx.1977-xx.xx.1993cü il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 31400,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12637,56 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat Verilən cavab ilə razılaşmayan iddiaçı Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müaciət edərək, ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşdirmə verərək, iddiaçının 55 yaşı tamam olduğu gündən, yəni 01 iyun 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1977-ci ildən, xx.xx.1994-cü ilə qədər 12 nömrəli beton zavodunda xx.xx.1994-cü ildən, xx.xx.2007-ci ilə qədər 2 nömrəli trestin 20 saylı səyyar mexanikləşdirilmiş dəstəsində və sonradan adı dəyişirilərək "xxxx" SC-nin 2 saylı müəssissində işləmiş, onun ümumi əmək stajı 27 ilə qədər olmuşdur. Hesab edir ki, ümumi stajı 27 il olmaqla, pensiyaya çıxmaq hüququ verən iş stajı olduğu üçün əmək pensiyasına çıxmaq hüququ verir. xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh təşkilata müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə hallar qeyd etməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-580/2022 saylı 24 yanvar 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim C.Məmmədov) Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən heç biri ödənilmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hazırkı mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını belə əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1.İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2.İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahına uyğun olmaqla xx.xx.2006-ci ilə qədər 25 ildən çox ümumi və 20 ildən çox güzəştli iş stajı mövcuddur. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun: - 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər; - 4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya pensiyanın hansı yaşdan təyin edilməsi məsələsinə münasibətdə nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında "əvvəllər qüvvədə olmuş qanunvericiliklə" müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının "b" yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar— 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyini üçün onun toplamalı olduğu sosial sığorta stajına münasibətdə kollegiya aşağıdakıları qeyd edir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1977-ci ildə “Dəmir beton” trestinin zavodunda 3-cü dərəcəli hesabatçı vəzifəsinə qəbul olunmuş, xx.xx.1980-ci ildə həmin müəssisədə 3-cü dərəcəli qəbuledici-nəzarətçi vəzifəsinə keçirilmiş, xx.xx.1985-ci ildə 4-cü dərəcəli laborant vəzifəsinə keçirilmiş, xx.xx.1986-cı ildə laboratiya mühəndisi vəzifəsinə keçirilmiş xx.xx.1993-cü il tarixədək həmin müəssisədə işləmişdir. xx.xx.1993-cü ildən xx.xx.1994-cü il tarixədək Sumqayıt şəhəri, 66 nömrəli uşaq bağçasında işləmiş, xx.xx.1994-cü ildə “Azərprostroy” Dövlət Kompaniyasının 2 nömrəli trestində 2-ci dərəcəli izolyasiyaedici vəzifəsinə qəbul olunmuş və xx.xx.2007-ci il tarixədək həmin vəzifədə işləmişdir (hazırda həmin müəssisənin adı "xxxx" səhmdar cəmiyyətidir). Beləliklə, iddiaçının 29 il 8 ay 16 gün umumi iş stajı vardır. İddiaçının xüsusi stajına münasibətdə cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən "xxxx" SC-də aparılmış çoxsaylı yoxlamalar nəticəsində müəssisənin xx.xx.1994-cü ildən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir və bu səbəbdən də iddiaçının ümumi iş stajının 25 ildən az (16 il 1 ay (xx.xx.1977-xx.xx.1993- cü il tarixləri arasındakı dövr)) təşkil etdiyini hesab etmişdir. Cavabdehin bu dəlili ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İş materiallarında olan DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Sığorta kapitalı əsasında hesablanan pensiya təyinatı şöbəsinin mütəxəssisləri Əhmədov Eyvaz və İsmayılov Arif tərəfindən 2 saylı müəssisənin işçisi X5 barəsində tərtib olunmuş, həmin müəssisənin rəisi X3 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli aktdan görünür ki, qeyd olunmuş müssəsisədə istehsal həcmi azaldığından 1994-cü ildən müəssisə işləməmişdir. Bununla bağlı məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən "xxxx" SCin 2 saylı müəssisəsi direktor X3 ifadəsində bildirmişdir ki, aktda fəaliyyəti dayandırıldığı qeyd olunan müəssisə "xxxx" SC-in 2 saylı müəssisəsi deyil, “Su24” müəssisəsi olmuşdur. Belə ki, 2 nömrəli trest 1999-cu ildə “Sənaye kommunal tikinti” birliyinin 3 saylı filialına çevrilmiş, daha sonra onun adı dəyişdirilərək "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsi olmuşdur. Müəssisədə fəaliyyət dayandırılmamış, hazırda da fəaliyyət göstərir. İddiaçıya məxsus əmək kitabçasının qeydlərindən görünür ki, xx.xx.1995-ci il tarixindən 2 nömrəli trest “Promkommunstroy” biriliyinin 3 nömrəli filialına keçirilmişdir. xx.xx.1996-cı il tarixində 3 nömrəli filial “Promkommunstroy” birliyinin 3 nömrəli təsərrüfat hesablı sahəsinə keçirilmişdir. xx.xx.1999-cu il tarixində “Sənayekommunal tikinti” birliyinin 3 nömrəli filialının adı dəyişdirilərək "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsi adlandırılmışdır. Həmçinin, iş materiallarında olan DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən DSMF-nin Pensiya sektoruna təqdim olunan xx.xx.2016-cı il tarixli, 121 nömrəli məktubdan görünür ki, Azərsənayetikinti” SC-in 2 saylı müəssisəsinə 1992-2006-cı illər üzrə sosial sığorta haqları hesablanmış və müəssisə tərəfindən 1992-1998, 2003-2006-cı illər üzrə ödənilmişdir. Bundan başqa, DSMF-nin Abşeron-Xızı regional filialının xx.xx.2021-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, 2 nömrəli trestin 20 saylı X1 1991-1995-ci illər, 2 saylı Təsərrüfat hesablı sahəsinə 1996-1998-ci illər üzrə üzrə sosial sığorta haqları hesablanmış və müəssisə tərəfindən ödənilmiş, Azərsənayetikinti” SC-in 2 saylı müəssisəsinə 1999, 2001-2005-ci illər üzrə sosial sığorta haqları hesablanmış və müəssisə tərəfindən 2003-2006-cı illər üzrə ödənilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində deyilir ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. İddiaçının da həm əmək kitabçasından, həm də "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsi tərəfindən verilmiş 09/29 saylı arayışdan görünür ki, İddiaçı 15 iyul 1994-cü il tarixindən 31 oktyabr 2007-ci il tarixədək "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsində izolyasiyaedici vəzifəsində işləmişdir. Göstərilən peşə AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının 2№-li siyahısının 2290000-12520 şifri (kodu) üzrə ona güzəştli şərtlə pensiya təyin olunması hüququ verilir. İddiaçının bu vəzifədəki sığorta stajı 13 il 01 ay 16 gün təşkil edir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçının, əmək kitabçasında qeyd olunan 1994-2007-ci illərdə işlədiyi dövrlərin mötəbərliyi şübhə altına alınmadığından, həmin dövrlərin sosial sığorta stajına daxil edilməsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçının işlədiyi peşələrin güzəşli peşə olması ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının XXVİİ bölməsində izolyasiyaçılar 2290000a—12520 kod ilə qeyd edilmişdir. İş materiallarında mövcud olan sübutlarla iddiaçının “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək, yəni xx.xx.2006-cı il tarixədək (15 iyul 1994-cü ildən 31 oktyabr 2007-ci ilədək) AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahısı üzrə 10 ildən artıq güzəştli, 20 ildən artıq ümumi iş stajı toplamışdır. Göründüyü kimi iddiaçı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək, yəni xx.xx.2006-cı il tarixədək tam stajı topladığı üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbinə görə ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu tətbiq edilməlidir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası qanununa yd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırıldığından iddiaçının 52 yaşında, yəni xx.xx.2012-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin iddiaçı özü 55 yaşı tamam olduğu gündən, yəni 01 iyun 2015-ci il tarixindən güzəştli şərtlərlə pensiya ödənilməsini xahiş etdiyindən, işə baxan məhkəmə də haqlı olaraq iddia tələbindən kənara çıxmayaraq iddiaçının tələbi həddində iddianı təmin etmişdir. Çünki, İPM-in 52-ci maddəsində deyilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Cavabdeh iddiaçıya güzəştli çərtlərlə pensiya ödənilməsini mümkünsüz edən digər hal kimi həm də iddiaçının fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olmamasına istinad etmişdir. Lakin cavabdehin bu dəlili əsasızdır. Çünki yuxarıda da qeyd edildiyi kimi, iddiaçının pensiya hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8 maddəsinə əsasən yaranmışdır ki bu halda da pensiya kapitalının olması tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək düzgün nəticəyə gəlmişdir. Həmçinin, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 sentyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyini də nəzərə almaq lazımdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının pensiya hüququ 01 iyul 2017-ci il tarixədək yaransa da, pensiyanın təyini üçün 2021-ci ildə cavabdeh inzibati orqana müraciət etdiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası iddiaçıya münasibətdə də tətbiq edilməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi ödənilməmiş pensiya ödənişlərinin 12 noyabr 2018-ci il tarixindən ödənilməsini nəzərə almaqla iddianı təmin edərkən haqlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2-1(118)-580/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-340/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-340/2022
27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver