Məhkəmə qərarları › İş №2-1(105)-340/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-340/2024

19.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-340/2024 19.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 saylı sərəncamı ilə Xırdalan südçülük-tərəvəzçilik sovxozu ərazisində ayrılmış 0.07 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2-1(118)- 2874/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 saylı sərəncamından görünür ki, İddiaçı 0.10 ha torpaq sahəsi ayrılmışdır.

2. DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı ayrılmış 0.1 ha torpaq sahəsi barəsindədir.

3. DTXK Abşeron rayon şöbəsinin xx.xx.2008-ci il tarixli rəyindən görünür ki, Abşeron rayon icra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 saylı sərəncamına əsasən İddiaçı 0,07 hektar olmaqla ayrılmış torpaq sahəsi qanunamüvafiqdir və DTXK-nın Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir.

4. Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş 25 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Abşeron rayon Dövlət Arxivinə saxlanması və mühafizə edilməsi üçün sənədlərini təhvil verən idarə və müəssisələrin, o cümlədən Abşeron rayon İcra Hakimiyyətinin Masazır kənd İcra Nümayəndəliyinin məktubları arxivə təhvil verilmədiyindən xx.xx.1995-ci il tarixli 84 nömrəli məktubunun araşdırılması mümkün olmamışdır.

5. Məhkəmənin sorğusuna əsasən Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd icra Nümayəndəliyinin xx.xx.1996-cı il tarixli, 28 saylı Sərəncamının təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir.

6. Cavabdehin 23 oktyabr 2023-cü il tarixli müayinə aktından görünür ki, torpaq sahəsi cənub–qərb tərəfdən yol ilə həmsərhəddir, torpaq sahəsi ümumi daş hasar daxilində yerləşir, plan və ölçü sənədində verilmiş koordinatıara uyğun gəlir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 saylı sərəncamı ilə Xırdalan südçülük-tərəvəzçilik sovxozu ərazisində ayrılmış 0.10 ha torpaq sahəsinə dair hüquqların dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 saylı sərəncamı ilə iddiaçıya 0.10 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etdikdə ona imtina cavabı verilmişdir. b) Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

9. Cavabdeh etirazında bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd üzrə nümayəndəsinin 06 avqust 1996-cı il tarixli 28 saylı sərəncamında yerli icra hakimiyyəti başçısınin torpaq sahəsinin ayrılması barədə müvafiq qərarına istinad edilmədiyi, sözügedən sərəncamda X3 ayrılmış torpaq sahəsi 0.10 ha göstərilsə də, digər sənədlərdə və faktiki vəziyyətdə 0.07 ha olduğu, iddia predmeti olan torpaq sahəsinin ilkin bas planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi müəyyən olunmuşdur. c) Birinci instansiya məhkəməsinin gəldiyi nəticə.

10. Sumqayıt İnzibati Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2-1(118)-2874/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

11. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş 6 iyun 2012-ci il tarixinədək qüvvədə olan “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamənin 17-ci maddəsinə əsasən yerli icra hakimiyyətlərinin sərəncamında torpaq sahələri, təbii obyektlər, maliyyə aktivləri, qeyri-yaşayış binaları, müəssisələr, digər əmlak kompleksləri, xalq təhsili, mədəniyyət, səhiyyə, icman müəssisələri, müvafiq ərazinin iqtisadi inkişafının, əhalinin kommunal-məişət və sosial-mədəni təbəbatının ödənilməsi üçün digər əmlak ola bilər. Həmin Əsasnamənin 18-ci maddəsinə əsasən yerli icra hakimiyyətləri sərəncamında olan obyektlər üzərində sərəncam verilməsini və onların idarə edilməsini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Əsasnamənin 36.1-ci maddəsinə əsasən rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhərdə rayon icra hakimiyyəti başçılarının nümayəndəliyi fəaliyyət göstərir. Rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndəsi rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək göstərir, onun səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər verir, tapşırıqlarını həyata keçirir. Göründüyü kimi, Abşeron RİH başçısının Masazır kəndi üzrə nümayəndəliyi Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş 6 iyun 2012-ci il tarixinədək qüvvədə olan “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnaməsi üzrə ona verilmiş səlahiyyət çərçivəsində qeyd olunan torpaq sahəsini İddiaçı ayırmışdır. Bundan başqa, məhkəmənin qərarında torpaq sahəsinin Xırdalan südçülüktərəvəzçilik sovxozuna aid olması və həmin sovxoz tərəfindən nümayəndəliyə hər hansı səlahiyyət verilməsini təsdiq edən sənədin məhkəmə araşdırması zamanı müəyyən edilmədiyi göstərilsə də, iş materiallarına əlavə edilmiş sərəncamın surətindən, həmçinin təqdim edilmiş arxiv çıxarışından göründüyü kimi, həmin torpaq sahəsi sovxozun direktorunun xx.xx.1995-ci il tarixli, 84 nömrəli məktubu əsasında İddiaçı ayrılmışdır. Belə olan halda torpaq sahəsinin nümayəndəlik tərəfimdən sovxozun razılığı olmadan ayrılması barədə göstərilənlər əsassız olmaqla, qeyd olunan əsas da iddianın təmin edilməməsi üçün şərt sayıla bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

14. Məhkəmə kollegyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).

17. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.

18. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı:

2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

19. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-).

20. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. 1.1. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək;

21. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun. Bu Qanun Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarı.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

25. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir..

27. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

28. Hazırkı mübahisənin predmetini iddiaçının Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 saylı sərəncamı ilə Xırdalan südçülük-tərəvəzçilik sovxozu ərazisində ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından cavabdehin imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir.

29. Cavabdeh aşağıdakı əsaslarla iddiaçının müraciətinə imtina cavabı vermişdir:

1. sərəncamda yerli icra hakimiyyəti başçısınin torpaq sahəsinin ayrılması barədə müvafiq qərarına istinad etməməsi

2. sərəncamda iddiaçıya ayrılmış torpaq sahəsi 0.10 ha göstərilsə də, digər sənədlərdə və faktiki vəziyyətdə 0.07 ha olması,

3. torpaq sahəsinin ilkin bas planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilməməsi

30. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir:

31. Cavabdeh inzibati orqanın imtinasının ilk dəlili kimi sərəncamda yerli icra hakimiyyəti başçısının torpaq sahəsinin ayrılması barədə müvafiq qərarına istinad etməməsi qeyd olunsa da, məhkəmə kollegiyası qeyd edir ki, həmin hal iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına əsas ola bilməz. Belə ki, məhkəməyə sorğu əsasında daxil olmuş həmin sərəncamın məzmunu ilə müəyyən olunur ki, torpaq sahəsi Xırdalan südçülük-tərəvəzçilik sovxozunun direktorunun xx.xx.1995-ci il tarixli, 84 nömrəli məktubu əsasında iddiaçıya ayrılmışdır. Burdan o nəticəyə gəlmək olar ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəsinin xx.xx.1996-cı il tarixli 28 saylı sərəncamı müstəqil qaydada deyil, Abşeron Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş səlahiyyətlərin ötürülməsi (deleqasiyası) qaydasında qəbul edilmişdir.

32. Sərəncamın verildiyi vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli, 372 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamənin 13-cü maddəsində icra hakimiyyətinin başçısının əsas səlahiyyətləri sırasına torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək aid edilmişdi.

33. Həmin Əsasnamənin 22-ci maddəsində isə İcra Hakimiyyəti başçısının nümayəndəsinin səlahiyyətləri təsbit edilmişdir. Orada, həmçinin, qeyd edilmişdir ki, İcra Hakimiyyəti başçısının nümayəndəsi İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək edir, onun tapşırıqlarını yerinə yetirir.

34. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 07 aprel 2022-ci il tarixli 1655 saylı Fərmana əsasən, aşağıdakı məzmunda 2.7-ci bənd əlavə edilmişdir: “2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar” daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmişdir.

35. Göründüyü kimi, xx.xx.2022-ci il tarixli Fərmanla artıq yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar da daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxil edildiyindən və həmin Fərman iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi akt kimi onun qüvvəsi geriyə şamil edilməli olduğundan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəsinin xx.xx.1996-cı il tarixli 28 saylı sərəncamı iddiaçının müvafiq sərəncamla ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas kimi çıxış edir.

36. Məhkəmə kollegiyası tərəfindən Abşeron rayon Dövlət Arxivinə sorğu edilərək İddiaçı Xırdalan südçülük-tərəvəzçilik sovxozunda işləməsinə dair arxiv arayışının təsdiq edilmiş surətinin, Xırdalan südçülük-tərəvəzçilik sovxozu tərəfindən torpaq sahələrinin ayrılmasına dair siyahıda iddiaçının adının olub-olmaması barədə məlumat verilməsi, iddiaçının adı olduğu təqdirdə buna dair sənədlərin və Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 saylı sərəncamının tam mətninin təsdiq edilmiş surətinin məhkəməyə təqdim olunması xahiş olunmuşdur.

37. Məhkəmə kollegiyasına təqdim olunmuş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, arxivdə mövcud olan xx.xx.1996-cı il tarixli 28 saylı sərəncama adlı siyahı əlavə edilməmiş, o cümlədən torpaq sahəsi ayrılmış vətəndaşlara ayrı-ayrılıqda fərdi qaydada sərəncam verilmiş və sərəncamlara başqa hər hansı sənəd əlavə edilməmişdir.

38. Torpaq sahəsinin ilkin bas planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim edilməməsi ilə bağlı dəlilə gəldikdə isə yuxarıda qeyd edildiyi kimi, həmin torpaq sahəsinə dair müvafiq qaydada təsdiqlənmiş Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd edilən torpaq sahəsinin yerləşmə yeri və koordinatları dəqiq göstərilmişdir.

39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.1-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mahiyyətinə görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəsinin xx.xx.1996-cı il tarixli 28 saylı sərəncamı iddiaçının həmin torpaq sahəsi üzərində hüququn reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir.

40. Bu mənada məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.

41. Cavabdehin digər bir dəlili sərəncamda iddiaçıya ayrılmış torpaq sahəsi 0.10 ha göstərilsə də, digər sənədlərdə və faktiki vəziyyətdə 0.07 ha olması ilə bağlı olmuşdur. Cavabdehin 23 oktyabr 2023-cü il tarixli müayinə aktından görünür ki, torpaq sahəsinin faktiki ölçüsü 0.07 ha təşkil edir.

42. AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

43. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.

44. Məhkəmə kollegiyasına iddiaçının vəkili iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və 0.07 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınması və İddiaçı adına həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizədə edilən dəyişikliyin–dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, kollegiya ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.”

46. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən işin halları tam araşdırılmamış, iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2-1(118)-2874/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin olunsun. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 saylı sərəncamına əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0.07 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bununla bağlı ona müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar