Məhkəmə qərarları › İş №2-1(105)-341/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-341/2023

05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-341/2023 05.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Şamaxı rayonu Şəhriyar bələdiyyəsinə qarşı “bələdiyyə qərarlarının etibarsız hesab edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2-1(118)-789/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 01 nömrəli qərarına əsasən bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına şərti yararsız torpaq sahəsindən kommersiya məqsədi ilə tikinti altına 2,0 ha, tikintiyə təhkim olunmuş torpaq sahəsindən kənd təsərrüfatı məhdullarının istehsalı üçün 3,80 ha, cəmi 5,80 ha, 11 may 2005-ci il tarixli, 04 nömrəli qərarına əsasən bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına şərti yararsız torpaq sahəsindən kommersiya məqsədi ilə tikinti altına 0,50 ha, tikintiyə təhkim olunmuş torpaq sahəsindən kənd təsərrüfatı məhdullarının istehsalı üçün 3,50 ha, cəmi 4,0 ha torpaq sahəsinin X2 qərara alınmışdır. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh Şamaxı rayonu Şəhriyar bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 01 nömrəli və xx.xx.2005-ci il tarixli, 04 nömrəli qərarlarının etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon X7 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 25 nömrəli qərarı ilə rayon kooperativlər ittifaqının idarə heyətinin müraciəti nəzərə alınmaqla Şamaxı şəhərində “Şərq” stilində "Kolxoz bazarı’’ nın tikilməsi ilə əlaqədar olaraq şəhərin aşağı hissəsində, Bakı-Qazax yolunun aşağı cənub hissəsində 48 nömrəli məhəllədə 3,0 ha torpaq sahəsi ayrılmışdır. Şamaxı rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli qərarı ilə Şamaxı XDS-nin İK-nin xx.xx.1989-cu il tarixli, 25 nömrəli qərarında qismən dəyişiklik edilərək, şəhərin 48 nömrəli məhəlləsində bazarın tikintisi üçün ayrılmış 3,0 ha torpaq sahəsi və görüləcək tikinti-quraşdırma işləri Respublika “İnkişaf” Assosiasiyasına verilmişdir. Şamaxı rayon XDS-nin İK-nin xx.xx.1991-ci il tarixli qərarı ilə “İnkişaf” Assosiasiyası tərəfindən tikintisinə başlanılmış “Şirvan” Ticarət Kompleksinin inşası üçün əvvəlki qərarla ayrılmış 3,0 ha torpaq sahəsi azlıq təşkil etdiyindən, həmin kompleksin əhatə etdiyi torpaq sahəsinə bitişik əlavə olaraq 2,0 ha torpaq sahəsi də ayrılmışdır. Şamaxı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 2 nömrəli sərəncamı ilə “İnkişaf’ Assosiasiyasının müraciəti nəzərə alınaraq, şəhərin 48-ci məhəlləsində tikiləcək “Şirvan" Ticarət Kompleksinə ticarət mərkəzinin genişləndirilməsi məqsədilə əlavə 3,0 ha torpaq sahəsi də ayrılmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsinin əməkdaşlarının keçirdiyi monitorinq zamanı məlum olmuşdur ki, hazırda həmin əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi Şamaxı rayonu Şəhriyar Bələdiyyəsi tərəfindən əvvəlcə xx.xx.2005-ci il tarixli, 01 nömrəli qərarla 5,8 ha, daha sonra xx.xx.2005-ci il tarixli, 04 nömrəli qərarla 4 ha olmaqla “Şirvan” Ticarət Kompleksinin direktoru X1. Aşağıdakı səbəblərdən hesab edir ki, Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 01 nömrəli və xx.xx.2005-ci il tarixli, 04 nömrəli qərarları etibarsız hesab edilməlidir. Belə ki, qeyd edildiyi kimi, yuxarıda göstərilən dövlət orqanları tərəfindən “Şirvan" Ticarət Kompleksinin inşası üçün ümumilikdə 8,0 ha torpaq sahəsi “İnkişaf’ Assosiasiyasının istifadəsinə ayrılmışdır. Həmin torpaq sahələri “İnkişaf’ Assosiasiyasının istifadəsinə verilməklə dövlət mülkiyyətində qalmışdır. Şamaxı rayonu Şəhriyar bələdiyyəsi isə öz səlahiyyət hədlərini aşmaqla ticarət kompleksinin inşası üçün ayrılmış 8 ha torpaq sahəsi də daxil olmaqla ümumilikdə sahəsi 9,5 ha təşkil edən, dövlət mülkiyyətində olan torpaq sahəsini “Şirvan" Ticarət Kompleksinin direktoruna satmışdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanına və həmin Fərmanla ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq qeyd edilən torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti (bələdiyyə qərarının verildiyi zaman Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamenti) tərəfindən satıla bilərdi. Beləliklə, qeyd edilən torpaq sahələri dövlət mülkiyyətində olmaqla həmin torpaq sahələrinin satılması hüququ səlahiyyətli dövlət orqanı kimi Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus olsa da, Şəhriyar bələdiyyəsi dövlət mülkiyyətində olan torpaq sahəsini fiziki şəxsə satmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, İPM-nin 2.2.8-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına baxılır. Göründüyü kimi, Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyələrin inzibati nəzarət orqanı deyildir. Digər tərəfdən “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” AR Qanununun 4.3-cü maddəsinə əsasən qanunvericilik və icra hakimiyyətləri tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin İİ hissəsinə uyğun olaraq bələdiyyələrə verilən əlavə səlahiyyətlərin həyata keçirilməsinə nəzarəti həmin hakimiyyətlər inzibati nəzarəti həyata keçirən oqana həvalə edə bilərlər. “İnzibati icraat haqqında" Qanunun 2-ci maddəsinin məzmunundan göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-nin 1.1, 2, 32-cü maddələri, İPM-nin XV-XİX fəsilləri). İnzibati orqanlar arasında yaranan mübahisəyə isə qeyd edilən Qanunun 4.3-cü maddəsinə uyğun baxılır. Həmin maddəyə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Qanunvericiliyin göründüyü kimi həm iddiaçı, həm də cavabdeh inzibati orqandır və həmin orqanların heç biri ayrı-ayrılıqda onun hüquqlarının digər inzibati orqan tərəfindən pozulduğunu məhkəmədə mübahisələndirə bilməz. Hazırkı mübahisə iki inzibati orqan arasında yaranmışdır, bir inzibati orqan digər inzibati orqanın səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı hərəkətini mübahisələndirir, hansı ki, qanunverici bu mübahisələrin məhkəmə vasitəsilə həllini nəzərdə tutmamışdır. Bu baxımdan, hesab edir ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatında baxılması mümkünsüzdür. Digər tərəfdən bələdiyyə qərarlarından sonra DTXK-nin Şamaxı rayon Şöbəsi tərəfindən 23 aprel 2005-ci il tarixli, JN-1272 saylı, kod 41000001 saylı, 07 iyun 2005-ci il tarixli, JN-1279 saylı, kod 41000001 saylı Dövlət Aktına əsasən həmin torpaqlar vətəndaşın mülkiyyətinə verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(118)-3261/2022 nömrəli qərardadı ilə X6 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2-1(118)-789/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim L.Mirzəyeva). Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İşə baxan məhkəmə qərarında yaranmış mübahisəni həll etmək səlahiyyətinin “İnzibati icraat haqqında” Qanunun 4-cü maddəsinə əsasən həmin inzibati orqanların tabe olduqları yuxarı icra hakimiyyəti orqanına məxsus olduğunu qeyd edərək hesab etmişdir ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Qeyd edir ki, məhkəmə hazırkı mübahisənin tərəflərinin kim olmasına, onların hər ikisinin tabe olduğu yuxarı icra hakimiyyəti orqanının mövcud olub-olmamasına diqqə yetirməmişdir. Hazırkı mübahisənin bir tərəfindən icra hakimiyyətinə mənsub olan dövlət orqanı - Əmlak Məsələləri Dövlət Xidməti, digər tərəfində isə icra hakimiyyətinə tabe olmayan - yerli özünüidarəetmə orqanı bələdiyyə çıxış edir.Azərbaycan Respublikası Konstitusiyasının 146-cı maddəsinin 1-ci hissəsinə əsasən bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər. Qanunvericiliyə əsasən bələdiyyələr icra hakimiyyətinə tabe olmamaqla, müstəqil surətdə fəaliyyət göstərirlər. Məhkəmə isə heç bir əsas olmadan mübahisənin hər iki tərəfinin icra hakimiyyəti orqanı olduğunu qeyd etmişdir. Hesab edir ki, bu səbəbdən, məhkəmənin “İnzibati icraat haqqında” Qanunun 4-cü maddəsinə uyğun olaraq, mübahisəyə inzibati orqanların tabe olduqları yuxarı icra hakimiyyəti orqanı tərəfindən baxılmalı olmasına dair mövqeyi əsassızdır. “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 4-cü hissəsinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv qaydada araşdırmadan, qanunvericiliyə uyğun olmayan əsaslarla iddiaçı qeyri-mümkün saymışdır ki, bununla da dövlət orqanı kimi iddiaçının dövlət pozulmuş mülkiyyət hüququnun bərpası ilə bağlı məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı məhkəmədə müəyyən etmə və ya tanınma haqqında iddia qaldıraraq bələdiyyə qərarlarının etibarsız hesab edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 2.2 və 2.2.5-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) baxılır. İşə baxan məhkəmə “İnzibati icraat haqqında” Qanunun 4.3-cü maddəsinə istinad edərək inzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydasının inzibati məhkəmə tərəfindən deyil, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmalı olması əsası ilə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır (4-cü bənd). Həmin qərarın 11-ci bəndinə görə bələdiyyələr müstəqil yerli özünüidarəetmə orqanları olduqlarından bələdiyyələrlə icra hakimiyyəti orqanları (onların struktur bölmələri, yerli/ərazi orqanları) arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. “İnzibati icraat haqqında" Qanunun 4.3-cü maddəsinə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli, 345 saylı Fərmanının 2.1 və 2.2-ci bəndlərində təsbit edilmişdir ki, həmin Qanunun 4.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti, birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Beləliklə, qeyd edilən normaların tələblərinə əsasən hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti qoluna daxil olan inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilməlidir. Yəni, icra hakimiyyəti daxilindəki orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı yaranmış mübahisələr inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr deyildirlər. Kollegiya qeyd edir ki, bələdiyyələr isə dövlət hakimiyyəti sisteminə aid olmayan tam müstəqil yerli özünüidarəetmə orqanlarıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə yuxarıda qeyd edilən Plenum Qərarının 11-ci bəndi anlamında müstəqil yerli özünüidarəetmə orqanı olan bələdiyyə ilə müvafiq icra hakimiyyəti orqanlarının strukturuna daxil olan dövlət xidməti arasında yarandığından, eləcə də, həmin mübahisə publik hüquqla tənzimləndiyindən iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Odur ki, bu əsasla məhkəmə kollegiyası iddianın mümkün sayılmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, şikayətin dəlillərini əsaslı hesab edir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İşə təkrar baxılarkən qaldırılan iddia növü üzrə digər ümumi və xüsusi mümkünlük şərtləri yoxlanıldıqdan sonra iddia tələbinə mahiyyəti üzrə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2-1(118)-789/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Şamaxı rayonu Şəhriyar bələdiyyəsinə qarşı “bələdiyyə qərarlarının etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar