Məhkəmə qərarları › İş №2-1(105)-341/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-341/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-341/2024 15.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi) Məmmədov Zaur İkram oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Qarayeva Firuzə Müşfiq qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair üçüncü şəxsin adına verilmiş çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsinə dair öz adına çıxarış verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2- 1(118)-307/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Şamaxı rayon X6 İcraiyyə Komitəsinin 05 sentyabr 1990-cı il tarixli, 18 nömrəli qərarına əsasən Şamaxı şəhəri, 1-ci məhəllə ünvanında yerləşən 500 kv.m. torpaq sahəsi İddiaçı ayrılmışdır. Şamaxı rayon XDS Rəyasət Heyətinin 24 oktyabr 1995-ci il tarixli, 08 nömrəli qərarına əsasən Şamaxı şəhəri, 1-ci məhəllə ünvanında (hazırkı Şamaxı şəhəri, Sultanməcid Qənizadə 61) yerləşən 400 kv.m. torpaq sahəsi X2 ayrılmış və həmin torpaq sahəsi üzərində sonuncunun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq **********42 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək Şamaxı şəhəri, 1-ci məhəllə ünvanında yerləşən 0,05 ha torpaq sahəsinə dair X1 adına reyestrdən verilmiş çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsinin üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 31 may 2022-ci il tarixli, **********94 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sözügedən 0,05 ha torpaq sahəsi X1 adına qanuni əsaslarla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu baxımdan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddəsinə əsasən müraciətin icrası mümkün olmamışdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şamaxı şəhəri, 1-ci məhəllə ünvanında yerləşən (hazırki X11 küçəsi) torpaq sahəsinə dair X1 adına olan çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsinə dair öz adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon X6 İcraiyyə Komitəsinin 05 sentyabr 1990-cı il tarixli, 18 nömrəli qərarına əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Şamaxı şəhəri, 1-ci məhəllə ünvanından 500 kv.m. torpaq sahəsi ayrılmış, tərəfindən həmin vaxtdan torpaq sahəsində evin bünövrəsi inşa edilmiş, ağaclar əkilmiş, daha sonra tikintini başa çatdırmamışdır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh orqana müraciət etdikdə, torpaq sahəsinin X3 tərəfindən özəlləşdirildiyini öyrənmişdir. Hesab edir ki, həmin sahəsi üzərində mülkiyyət hüququnun A.M.Əliyevin adına reyestrdə qeydə alınması ilə iddiaçının həmin torpaq sahəsinə olan hüququ pozulmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 27 iyun 2022-ci il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində inzbati məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2-1(118)-307/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mübahisə pedmeti olan çıxarışın verilməsi üçün əsas kimi Şamaxı rayon XDS İK-nin xx.xx.1995-ci il tarixli, 08 saylı qərarı göstərilmiş, lakin, həmin qərara ayrılan torpaq sahəsinin cizgisi, plan-sxemi və torpaq sahəsinin yerinin müəyyən edilməsinə xidmət edən hər hansı sənəd əlavə edilməmiş və arxiv sənədlərində müəyyən edilməmişdir. Yəni, həmin qərarın məhz iddiaçının iddia etdiyi torpaq sahəsinə aid qəbul edildiyini demək mümkün deyildir. Həmçinin, araşdırma zamamı iddia edilən torpaq sahəsi ilə üçüncü şəxsə məxsus torpaq sahəsinin koordinatlarının üstüstə düşüb-düşməməsinin müəyyən edilməsi üçün mütəxəssisin iştirakı ilə məhkəmətexniki-tikinti ekspertizası təyin etmiş, lakin, ilkin torpaqayırma sənədlərinə texniki sənədlər (plan-cizgi, sxem) əlavə edilmədiyindən hər iki şəxsə eyni torpaq sahəsinin ayrılıbayrılmamasını müəyyən etmək mümkün olmamışdır. Belə olan halda, məhkəmə həmin qərarın ayrıca mübahisələndirilməsini zəruri hesab etməmiş və qaldırılmış iddia tələbi çərçivəsində işə baxılaraq mahiyyəti üzrə həll olunmasını məqsədəuyğun saymışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə Şamaxı rayon XDS İcraiyyə Komitəsinin qərarı ilə ona 500 kv.m., üçüncü şəxs A.M.Əliyevə isə 400 kv.m. torpaq sahəsinin ayrılmasına dair ziddiyyətli hala əhəmiyyət verməmişdir. Belə ki, hazırkı iş üzrə mübahisəli torpaq sahəsinin ölçüsü 591 kv.m. təşkil etdiyi, ona 500 kv.m. torpaq sahəsi ayrıldığı halda, həmin torpaq sahəsindən üçüncü şəxsə 400 kv.m. torpaq sahəsinin ayrılmış olması ağlabatan hesab edilməməlidir. Mübahisələndirilən məhkəmə qərarının 5-ci vərəqinin 4-cü abzasında ziddiyyətli bir halın diqqətə çatdırılmasını zəruri hesab edir. Qərarın həmin hissəsində göstərilir ki, mübahisə predmeti olan çıxarışın verilməsi üçün əsas kimi Şamaxı rayon XDS İK-nin xx.xx.1995-ci il tarixli, 08 saylı qərarı göstərilmiş, məhkəmənin verdiyi sorğular nəticəsində müəyyən edilmişdir ki, həmin qərarla ayrılan torpaq sahəsinin cizgisi, plansxemi və torpaq sahəsinin yerinin müəyyən edilməsinə xidmət edən hər hansı sənəd əlavə edilməmiş və arxiv sənədlərində müəyyən edilməmiş, yəni həmin qərarın məhz iddiaçının iddia etdiyi torpaq sahəsinə aid verildiyini demək mümkün deyildir. Göründüyü kimi, məhkəmə tərəfindən istisna edilən xx.xx.1995-ci il tarixli qərar iddiaçıya deyil, üçüncü şəxsə aid olan qərardır. Lakin, məhkəmə bu halı ona aid etmişdir. Həmçinin, məhkəmə qərarın “əsaslandırma” hissəsində yalnız normativ hüquqi aktları sadalamaqla kifayətlənmiş, üçüncü şəxsin torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etdiyini və sonradan sahə üzərində mülkiyyət hüququnun qeydə alındığını bildirmiş, ancaq, qanunvericiliklə müəyyən edilmiş qaydaları göstərməmişdir. Halbuki, üçüncü şəxsin adına mülkiyyət hüququnun qeydə alınması üçün əsas olmuş sənədlərin özlərinin belə hüquqi əsaslarının olmaması onun tərəfindən sübuta yetirilmişdir. Belə ki, onun tərəfindən aparılmış araşdırma ilə 1990-1995-ci illərdə Şamaxı şəhərinin Baş planının olmadığı barədə əldə olunmuş rəsmi sənədlər məhkəməyə təqdim edilmiş, lakin, məhkəmə bu fakta əhəmiyyət verməmişdir. Belə ki, 1990-1995-ci illərdə Şamaxı şəhərinin Baş planının olmaması Şamaxı rayon İcra hakimiyyətindən, X8 şöbəsindən və 14 saylı Ərazi İdarəsinin özü tərəfindən təqdim olunmuş və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdə əks olunmuşdur. Məhz bu hal Ayaz Əliyev tərəfindən təqdim olunmuş digər sənədlərin də həqiqiliyini şübhə altına almağa əsas verir və iddianın əsaslılığına bir daha dəlalət etmişdir. Qeyd edir ki, torpaq sahəsinə dair mütəxəssis rəyində qeyd olunmuş koordinatlar 2021-ci ildə hazırlanmışdır. Bu isə onun göstəricisidir ki, 1990-1995-ci illərdə həmin koordinatlar mövcud olmamışdır. Torpaq sahəsinin üçüncü şəxsə aid olmasına dair sənədlər iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməzdi. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir və məhkəmənin qərarı qanuni və əsaslı hesab oluna bilməz. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında əlavə olaraq bildirmişdir ki, mübahisələndirdiyi torpaq sahəsi X6 İcraiyyə Komitəsinin 05 sentyabr 1990-cı il tarixli, 18 nömrəli qərarına əsasən ona ayrıldıqdan sonra həmin sahədə yaşayış evinin bünövrəsini inşa etsə də, 1992-ci ildə qardaşları vəfat etdiyindən, tikinti işlərini dayandırmışdır. Lakin, həmin sahə yaşadığı ünvana yaxın olduğundan əraziyə tez-tez baş çəkirdi. 2021-ci ildə həmin torpaq sahəsinin üçüncü şəxs tərəfindən hasarlandığından məlumatı olmuş, daha sonra məhkəməyə hazırkı iddia tələbi ilə müraciət etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirmişdir ki, o, 1992-ci ildən Şamaxı şəhərində olan hərbi hissənin komandiri olmuş, müraciəti əsasında 1995-ci ildə ona həmin ərazidən 400 kv.m. torpaq sahəsi ayrılmışdır. Ona ayrılan torpaq sahəsi təpəlik olmuş, həmin yeri hamarlatmış, 1997-ci ildə torpaq sahəsini hasara almışdır. Həmin torpaq sahəsi ona qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılmışdır, bütün sənədləri qaydasındadır. Üçüncü şəxs şikayətin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu yoxlanılmadan iddia tələbinin əsaslığına hüquqi qiymət verildiyindən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Hazırda iddiaçı Şamaxı şəhəri, 1-ci məhəllə ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə dair üçüncü şəxsin adına dövlət reyestrdə aparılmış qeydiyyatı mübahisələndirir, eyni zamanda, həmin ünvanda yerləşən, Şamaxı rayon X6 İcraiyyə Komitəsinin 05 sentyabr 1990-cı il tarixli, 18 nömrəli qərarına əsasən ona ayrılmış 0,05 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb edir. Birinci instansiya məhkəməsi qərarında mübahisəli torpaq sahəsinin koordinatlarının göstərildiyi texniki sənədlərin mövcud olmadığı, bu baxımdan, iddiaçıya ayrılmış torpaq sahəsinin iddia edilən torpaq sahəsi olduğunun təsdiq edilmədiyini qeyd edərək, iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmənin hüquqi mövqeyi düzgün olsa da, onun əsaslandığı hallar iddiaya mahiyyəti üzrə baxılaraq onun rədd edilməsinə deyil, iddianın mümkün sayılmamasına əsas verir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia ərizəsindən görünür ki, iddiaçının tələbi 2 hissədən ibarətdir: 1) 0,04 ha torpaq sahəsinə dair üçüncü şəxsin adına dövlət reyestrdə aparılmış qeydiyyatın ləğv edilməsi; 2) Şamaxı rayon X6 İcraiyyə Komitəsinin 05 sentyabr 1990-cı il tarixli, 18 nömrəli qərarına əsasən ona ayrılmış 0,05 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması. Kollegiya iddiaçının 1-ci tələbinə münasibətdə ilk növbədə, qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Kollegiya qeyd edir ki, hazırkı halda üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat inzibati akt-Şamaxı rayon X5 Heyətinin 24 oktyabr 1995-ci il tarixli, 08 nömrəli qərarı əsasında aparılsa da, iddiaçı həmin sözügedən qərarının qanuniliyini deyil, ondan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirir. Belə olan halda, inzibati aktın mübahisələndirilməsinə dair ayrıca iddia qaldırmağa zərurət yoxdur. Lakin, kollegiya hesab edir ki, qaldırılan iddia tələbləri subyektiv hüquqla bağlı iddianın ümumi mümkünlük şərtinə cavab vermir. Belə ki, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Yəni, iddiaçının 0,04 ha torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla üçüncü şəxsin adına dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və həmin torpaq sahəsi üzərində öz adına qeydiyyatın aparılması ilə bağlı tələbi o halda yaranmış hesab oluna bilər ki, həmin torpaq sahəsi ilə bağlı iddiaçının hüququ publik hüquqdan irəli gəlmiş olsun. İddiaçı subyektiv hüququnun əsası kimi Şamaxı rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 18 nömrəli qərarına istinad edərək həmin qərarla ona 0,05 ha torpaq sahəsinin ayrıldığı, sonradan həmin torpaq sahəsinin 0,04 ha hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına xüsusi mülkiyyət hüququna dair qanunsuz qeydiyyat aparıldığını bildirir. Zamana görə qüvvədə olan Torpaq Məcəlləsinin 29-cu maddəsinə əsasən, müvafiq rayon, şəhər X6 tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Bununla bağlı, kollegiya qeyd edir ki, Şamaxı rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 18 nömrəli qərarı ilə iddiaçıya 0.05 ha torpaq sahəsi ayrılsa da, həmin qərarda torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd edilməmiş, eləcə də, yerquruluşu qaydasında torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi aparılmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçıya ayrılan torpaq sahəsinin ayrıc aktı, sahənin yeri, sərhədləri, döngə nöqtələrinin koordinatları göstərilən digər texniki sənədlər aşkar edilməmiş, iddiaçı tərəfindən də məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən XDS-nin qərarı ilə iddiaçıya ayrılmış 0,05 ha torpaq sahəsinin sənəd üzrə və naturada döngə nöqtələrinin koordinatlarının üçüncü şəxsin xüsusi mülkiyyətində olan 0,04 ha torpaq sahələri ilə üstüstə düşüb-düşməməsinin müəyyən edilməsi ilə bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 03 aprel 2023-cü il tarixli, 10/78 nömrəli rəyindən görünür ki, Şamaxı rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli, 18 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 500 kv.m. torpaq sahəsi ilə XDS İK-nin xx.xx.1995-ci il tarixli, 08 nömrəli qərarı ilə üçüncü şəxsə 400 kv.m. torpaq sahələrinə aid hüquqmüəyyənedici və texniki sənədlər təqdim edilmədiyindən həmin sahələrin naturada göstərilən və iddia edilən torpaq sahəsi ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, Şamaxı rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli, 18 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0.05 ha torpaq sahəsinin hazırda iddiaçının naturada iddia etdiyi torpaq sahəsi olduğu təsdiq edilmədiyindən, iddiaçının üçüncü şəxsin mülkiyyətində olan 0.04 ha torpaq sahəsi üzərində hər hansı hüququnun olduğu müəyyən olunmur.Bu baxımdan, qaldırılan iddia subyektiv hüquqa bağlı mümkünlük şərtinə cavab vermir. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2-1(118)-307/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar