Məhkəmə qərarları › İş №2-1(105)-341/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-341/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-341/2025 23.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “X6 ərazisində yerləşən mülkiyyət hüququ ilə iddiaçıya məxsus 0,057 ha torpaq sahəsi üzərində tərəfindən inşa edilmiş ümumi sahəsi 1906.87 kv m olan qeyri-yaşayış obyektinin İddiaçı adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2-1(118)-2241/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları Abşeron rayon Ceyranbatan qəsəbə XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixi 3 nömrəli protokol qərarı ilə fərdi mənzil tikintisi üçün Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində 1000 kv m İddiaçı ayrılmışdır. Bundan başqa 570 kv m torpaq sahəsini İddiaçı xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 almışdır. Həmin torpaq sahəsi ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 858-T saylı Abşeron İcra Hakimiyyəti Başçısının məktubu İddiaçı 0,0529 ha torpaq sahəsində Aşağı Güzdək qəsəbəsi ərazisində qeyri-yaşayış obyektinin (840 m2) layihə sənədləri və ərazinin baş planı bölməsi müəyyən şərtlər daxilində razılaşdırılmışdır. İddiaçı ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən və onun mülkiyyətində olan 0,057 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-32/k-Ş0064-8 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış binasının tikintiyə icazə verilməsi üçün sənədlərin ərizəyə əlavə edilməməsi, həmçinin təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmiş, bu sözügedən sənəddə istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi həmçinin tikinti obyektinə verilmiş kodun qeyd edilməməsi səbəbindən iddiaçıya imtina cavabı verilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən və onun mülkiyyətində olan 0,057 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki sənədin verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “X6 ərazisində yerləşən mülkiyyət hüququ ilə iddiaçıya məxsus 0,057 ha torpaq sahəsi üzərində tərəfindən inşa edilmiş ümumi sahəsi 1906.87 m2 olan qeyri-yaşayış obyektinin İddiaçı adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddia onunla əsaslandırılmışdır ki, X6 ərazisində 0,057 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Həmin torpaq sahəsinə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışı ilə rəsmiləşmişdir. Həmin torpaq sahəsi üzərində Abşeron rayon İcra Hakimiyyətinin icazə sənədi əsasında tərəfindən ümumi sahəsi 1906.87 kv m olan qeyri-yaşayış obyekti inşa edilmişdir. Sözügedən qeyri-yaşayış obyektinin tikintisi başa çatdıqdan sonra xx.xx.2019-cu il tarixdə Abşeron rayon İcra Hakimiyyəti tərəfindən tikinti obyektinin istismarına icazə verilmişdir. İddiaçı inşa etdiyi qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş. Lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının müraciəti əsasında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki : 1) Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi barədə sənədləri idarəyə təqdim edilməmişdir; 2) qeyri-yaşayış binasının faktiki vəziyyəti ilə layihə vəziyyəti arasında uyğunsuzluq vardır; 3) sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olubolmamasını müəyyənləşdirmək üçün texniki baxış keçirilməsinə iddiaçı tərəfindən şərait yaradılmamışdır; 4) müraciət üzrə əlavə edilmiş tikinti obyektinin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun formada tərtib edilməmişdir. Belə ki, sözügedən sənəddə istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi, həmçinin tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməmişdir. Bundan başqa İddiaçı 22 aprel 2022-ci il tarixli müraciəti üzrə aparılmış müayinə baxışı zamanı iddia predmeti olan daşınmaz əmlakın tikintialtı sahəsinin bir hissəsinin sənəd üzrə torpaq sahəsindən kənarda, Bakı-Şamaxı yolunun mühafizə zolağında yerləşdiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2-1(118)-2241/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 858-T saylı, xx.xx.2018-ci il tarixli məktubuna əsasən, iddiaçının mülkiyyətində olan 0.057 ha torpaq sahəsi üzərində tikilmiş qeyri-yaşayış obyektinin layihə sənədləri və ərazinin baş planı razılaşdırılmışdır. Eyni zamanda Abşeron rayon İcra Hakimiyyəti tərəfindən 138/1 saylı, xx.xx.2019-cu il tarixli Tikinti obyektinin istismarına icazə sənədi verilmişdir. Daha sonra məhkəmə araşdırma zamanı aldığı mütəxəssis rəyi əsasında iddia tələbini əsaslı hesab edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə işin hallarının hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə cavabdeh orqana mütəxəssis rəyinin verilməsi üçün sorğu ünvanlamış, sonuncu tərəfindən xx.xx.2024cü il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: 1.Elektron məlumat bazasına əsasən iş araşdırılarkən İddiaçı faktiki istifadəsində olan qeyri-yaşayış binasının yerləşdiyi 992 kv.metr (0,0992 ha) tikintialtı sahəsinin 0.0545 ha hissəsi **********08 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə 0.0380 ha hissəsi isə Abşeron rayon Ceyranbatan qəsəbə XDS İK-nin xx.xx.1991-ci il tarixli 3 saylı protokoluna dair tərtib edilmiş Abşeron Rayonu X6nin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar ilə üst-üstə düşür. Lakin qeyri-yaşayış binasının 0.0067 ha hissəsi başqa şəxslərin sənəd üzrə mülkiyyətində olmadığı (bələdiyyə mülkiyyətində yerləşir) müəyyən edildi 2.Həmin qeyri-yaşayış binasının faktiki vəziyyəti ilə layihə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Uyğunsuzluq ciddi olmamaqla tikilinin enində özünü biruzə verir. Belə ki, eskiz layihəyə əsasən tikilinin eni 27.35 m olduğu halda faktiki vəziyyətdə tikilinin eni 27.75 m təşkil edir. 3.İddiaçı faktiki istifadəsində olan qeyri-yaşayış binasının yerləşdiyi 992 kv m (0,0992 ha) tikintialtı sahəsinin daxilində yerləşən sənəd üzrə 0.057 ha torpaq sahəsini nəzərə almamaqla əlavə qeyri-yaşayış binasının yerləşdiyi 389 kv m tikintialtı sahəsi Bakı-Şamaxı yolunun mühafizə zolağına düşür. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh orqanın sözügedən qeyri-yaşayış binasının avtomobil yoluna düşməsi dəlilinə münasibətdə bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi yaşayış məntəqələrinin hüdudları daxilində yerləşdiyi üçün ərazidə avtomobil yolunun qorunma (mühafizə) zolağı istisna olunur Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazda göstərdiri dəlillərlə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin 0.0067 ha (67 kv m) hissəsi başqa şəxslərin (bələdiyyənin) mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etirazının dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. İddiaçı tərəf hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hər hansı məhdudiyyət mövcud olmadığı halda cavabdeh əsassız olaraq imtina cavabı vermişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; ... Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 74. Tikintisinə icazə tələb olunan tikinti obyektləri 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. ... Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamə:

3. Yerli icra hakimiyyəti başçısının vəzifələri ... 3.11. Təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində: 3.11.1. müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir; ...

“İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiyanin mümkünlüyü, apellyasiya baxişinin hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanilmalidir. Cavabdehin imtina məktubu və iddia ərizəsinə etirazının dəlilləri hissədən ibarətdir: 1) Tikintiyə icazə verilməsi barədə sənədlərin ərizəyə əlavə olunmaması; 2) Tikinti obyektinin istismarına icazə sənədində istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsinin, həmçinin, tikinti obyektinə verilmiş kodun qeyd edilməməsi; 3) Tikinti obyektinin faktiki vəziyyəti ilə layihə vəziyyəti arasında uyğunsuzluğun mövcudluğu; 4) Qeyri-yaşayış sahəsinin tikintialtı sahəsinin bir hissəsinin sənəd üzrə torpaq sahəsindən kənarda, Bakı-şamaxı yolunun mühafizə zolağında yerləşirməsi; Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq cavabdehin 1ci dəlilinə münasibətdə qeyd edir ki, hazırkı halda, mübahisəli qeyri-yaşayış sahəsinin tikintisi ilə bağlı məlumatlandırma icraatı çərçivəsində Abşeron rayon İcra Hakimiyyəti məlumatlandırılmış və həmin orqan özünün xx.xx.2018-ci il tarixli məktubunda qeyri-yaşayış obyektinin layihə sənədləri və ərazinin baş planı bölməsi aşağıdakı şərtlər daxilində razıalşdırılmışdır : -tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə razılaşdırılmış eskiz əsasında aparılsın; -tikinti aparılan ərazidə sanitar, yanğın təhlükəsizliyi normalarının və yanaşı yaşama prinsiplərinə riayət olunması; -tikinti müddətində razılaşdırılmış eskizdən kənarlaşma hallar nəzərdə tutularsa, əvvəlcədən müvafiq dəyişikliklər barədə RİH Başçısı aparatının memarlıq və tikinti şöbəsinə məlumat verilsin. Həmin layihə əsasında iddiaçı tərəfindən müvafiq torpaq sahəsində qeyri-yaşayış obyekti inşa edilmiş, tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alaraq Abşeron rayon İHB tərəfindən xx.xx.2019-cu il tarixdən obyektin istismarına icazə verilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri baxımından Tikinti obyektinin istismarına icazənin məqsədi də nəzərə alınmalıdır. Belə ki, Məcəllənin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Hazırki halda da inşa edilmiş tikinti obyekti qeyd olunan maddədə göstərilən məqsədlərə cavab verdiyindən yerli icra hakimiyyətinin qərarı əsasında istismara qəbul edilmişdir. Bu baxımdan, kollegiya cavabdehin həmin dəlilini əsassız hesab edir. 2-ci dəlilə münasibətdə kollegiya qeyd edir ki, yuxarıda istinad olunan hüquq normalarından göründüyü kimi, tikilinin layihəsinin təsdiq edilməsi və onun istismara qəbuluna razılıq verilməsi yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aid edildiyindən hazırkı iş üzrə də qeyd olunan məsələlər Abşeron rayon İcra Hakimiyyətinin səlahiyyətində olmuş və sonuncu qeyri-yaşayış sahəsinin istismara qəbuluna razılıq vermişdir. Göründüyü kimi, tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı aparılmalı olan icraata görə Abşeron rayon İcra Hakimiyyəti cavabdehlik daşımışdır. Cavabdehin vəzifəsi təqdim edilmiş sənədlər əsasında daşınmaz əmlak barədə məlumatları dövlət reyestrinə daxil etmək olmuşdur. Həmin məlumatların doğruluğuna və qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət vermək isə Abşeron RİH-nin vəzifəsi olmuş, yuxarıda istinad olunan sənədlərin məzmunundan göründüyü kimi, tikinti obyektinin istismarına qəbul aktı ötən müddət ərzində mübahisələndirilməmişdir. Odur ki, müvafiq sənədin düzgün tərtib edilməməsinin hüquqi nəticələri iddiaçının ziyanına şərh edilə və onun hüquqlarının pozulmasına səbəb ola bilməz. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında şərh edilən mövqeyə əsasən, inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyri-yaşayış sahəsinin istismara qəbul aktının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin inzibati akt qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Koda münasibətdə isə nəzərə almaq lazımdır ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 75.14-cü maddəsinə görə, tikintiyə icazə verildikdə, bu icazədə nəzərdə tutulmuş məlumatların şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin internet saytında yerləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qadaları”nın 4.2-ci bəndinə əsasən, tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavədə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) göndərilir. Şəhərsalma və Tikinti Məcəlləsinin 101.2-ci maddəsinə görə, tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. Həmin Məcəllənin 102-ci maddəsi tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı məsələləri, o cümlədən istismara icazə üçün müraciətə əlavə olunan sənədlərin tərkibini tənzimləyir. Həmin norma baxımından tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə verilməsi üçün müraciətə sifarişçi tərəfindən bu Məcəllənin 102.1-2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqdim edilmiş aşağıdakı sənədlər əlavə edilir: tikinti sənədləri; şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. İstinad olunan Məcəllənin 103-cü maddəsinə əsasən, tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tikinti obyektinin istismarına icazədə nəzərdə tutulmuş məlumatları 5 gün müddətində Tikintilərin Dövlət reyestrinə təqdim edir. Bu məlumatlar ən geci 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin rəsmi internet səhifəsində yerləşdirilir. İstinad olunan normaların məzmunundan göründüyü kimi, tikintiyə icazə verilməsi ilə bağlı müvafiq sənəd və məlumatları Reyestrə məhz tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində təqdim edir. Həmin məlumatlar Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılan Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavədə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) göndərilir. Yəni, tikinti obyektinə kodun verilməsi inzibati orqanlar arasında sənəd mübadiləsi qaydasında və şəxsin iştirakı olmadan həll edilməli olan məsələdir. Bu baxımdan kodun verilməsi üçün müvafiq sənədlərin təqdim olunmamasının və koda dair şəhadətnamənin verilməməsinin məsuliyyəti iddiaçının üzərinə qoyula və onun ziyanına təfsir oluna bilməz. Şəxsin üzərinə bununla bağlı mütləq öhdəliyin qoyulması və ya inzibati icraatın müvafiq səlahiyyətli orqan tərəfindən inzibati aktın mahiyyətinə təsir etməyən şəkildə qüsurlu həyata keçirilməsinin neqativ nəticələrinin şəxsə aid edilməsi yolverilməz sayılmalıdır. Tikinti obyektinin faktiki vəziyyəti ilə layihə vəziyyəti arasında uyğunuzluğu ilə bağlı cavabdehin 3-cü dəlilini də əsassız hesab edən kollegiya bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən alınan mütəxəssis rəyi ilə həmin uyğunslzuğun cüzi olması müəyyən edilmişdir. Belə ki, eskiz layihəyə əsasən tikilinin eni 27.35 m olduğu halda faktiki vəziyyətdə tikilinin eni 27.75 m təşkil edir. Məhkəmə kollegiyası mövcud uyğunsuzluğuun cüzi (40 sm) olmasını nəzərə alaraq bu halı mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsaslı dəlil hesab etmir. Cavabdehin digər dəlili ondan ibarət oilmuşdur ki, qeyri-yaşayış sahəsinin tikintialtı sahəsinin bir hissəsi Bakı-Şamaxı yolunun mühafizə zolağına düşür. Kollegiya bununla bağlı birinsi instansiya məhkəməsinin əsaslandırması ilə razılaşaraq qeyd edir ki, sözügedən torpaq sahəsi yaşayış məntəqələrinin hüdudları daxilində yerləşdiyi üçün ərazidə avtomobil yolunun qorunma (mühafizə) zolağı istisna olunur. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən respublika ərazisində dövlət mülkiyyətinə aid edilən, bütün yaşayış məntəqələri, dövlət müəssisələri və ictimai infrastruktur obyektləri arasında yük və sərnişin daşınmasına, habelə ölkənin müdafiə və təhlükəsizlik qabiliyyətinin güclənməsinə təminat yaradan respublika və yerli əhəmiyyətli, şəhər və sahə avtomobil yolları dövlət avtomobil yollarının tərkibinə daxil edilir Həmin Qanunun 15-1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Cavabdeh imtina cavabında qeyd etsə də apellyasiya şikayətində qeyd etmişdir ki, mübahisəli tikilinin 67 kv m hissəsi bələdiyyə mülkiyyətində yerləşir. Bununla bağlı Aşağı Güzdək bələdiyəsi tərəfindən tərtib edilmiş və iddiaçı tərəfindən təqdim edilmiş yerquruluşu planından çıxarış cavabdeh idarəyə göndərilmiş və cavab alınmışdır ki, qeyri-yaşayış sahəsinin tikintialtı sahəsi **********08 reyestr nömrəli çıxarışla və məhkəmə tərəfindən təqdim edilmiş yerquruluşu planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşir. Bununla da cavabdehin dəlili də bu aradan qalxmış olur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10-cu və 8.0.10.1-ci maddəsini hazırki mübahisəyə tətbiq etdikdə, mübahisələndirilən qeyri-yaşayış sahəsi üzərində iddiaçının müllkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün aşağıdakı hüquqmüəyyənedici sənədlər mövcud olmalıdır: - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, - tikintiyə icazə verilməsi barədə qərar, - tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, - tikinti obyektinin istismarına icazə. İşin yuxarıda sadalanan sübutların tədqiqi nəticəsində müəyyən olunmuşdur ki, Göründüyü kimi qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün qanunvericiliklə nəzərdə tutulan bütün hüquqmüəyyənedici sənədlər mövcuddur. Beləliklə, hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin imtina və etirazının dəlilləri əsassızdır. Bununla bağlı apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2-1(118)-2241/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar