Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-342/2021 08.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, Ərizəçi ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Sumqayıt İnzibati Məhkəməsinin 2-1(085)-207/2019 saylı məhkəmə qərarı üzrə icraatın təzələnərək, ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üçüncü şəxs qismində cəlb edilməsi və sonuncunun şəxsi hesab vərəqəsinə hesablanmış 514573.00 manat vergi öhdəliyinin iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyinin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması barədə ərizəsinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(85)-207/2019 saylı, 15 mart 2021-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı “xxxx” MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 2 saylı Ərazi Vergilər Departamentinə qarşı iddia qaldıraraq “cəmiyyətin şəxsi hesab vərəqəsində "əmlaka yönəldilən məbləğ üzrə vərəq"də öz əksini tapan 184.545,11 manat vergi borcunun alınması ilə bağlı hər hansı məcburiyyət tədbirlərinin görülməsi (bank hesabına icra sənədi olan sərəncamların qoyulması, ödənilmiş, o cümlədən ƏDV depozit hesabındakı vəsaitlərin həmin borca yönəldilməsi və.s) cavabdehə qadağan edilməsi, “Məhkəmə hökmü ilə təmin edilmiş məbləğ üzrə vərəqədə öz əksini tapan 514573 manat vergi borcunun cəmiyyətin şəxsi hesab vərəqəsindən silinərək ödəməyə öhdəlik daşıyan aidiyyəti vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilməsi, cəmiyyətin şəxsi hesab vərəqəsində öz əksini tapan və tutma müddəti bitmiş maliyyə sanksiyası üzrə cəmi 125.041,08 manat vergi borcunun ümidsiz borc qismində silinməsi, cəmiyyət tərəfindən ödənilmiş (və ya bəyannamə əsasında azaldılmış) və əsassız olaraq tutma müddəti ötmüş maliyyə sanksiyası üzrə borclara silinmiş 177477,88 manat vəsaitin şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsi, məhkəmənin iş üzrə qərarı qanuni qüvvəyə minənədək 125041,08 manat tutma müddəti bitmiş vergi borcuna silinmiş iddiaçı tərəfindən edilən ödənişlər və ya bəyannamə əsasında azaldılan məbləğlər artıq ödəmə qismində bərpa edilməli olan 177477,88 manat vəsaitə əlavə edilməsinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-207/2019 saylı, 07 fevral 2019cu il tarixli qərarı ilə iddia təmin edilmiş, “xxxx” MMC-nin şəxsi hesab vərəqəsində "əmlaka yönəldilən məbləğ üzrə vərəq"də öz əksini tapan 184.541,11 manat vergi borcunun alınması ilə bağlı hər hansı məcburiyyət tədbirlərinin görülməsinin (bank hesabına icra sənədi olan sərəncamların qoyulması, ödənilmiş, o cümlədən ƏDV depozit hesabındakı vəsaitlərin həmin borca yönəldilməsi və.s) cavabdehə qadağan edilməsi, “Məhkəmə hökmü ilə təmin edilmiş məbləğ üzrə vərəqədə öz əksini tapan 514573 manat vergi borcu cəmiyyətin şəxsi hesab vərəqəsindən silinərək ödəməyə öhdəlik daşıyan aidiyyatı vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilməsi, cəmiyyətin şəxsi hesab vərəqəsində öz əksini tapan və tutma müddəti bitmiş maliyyə sanksiyası üzrə cəmi 125.041,08 manat vergi borcunun ümidsiz borc qismində silinməsi, cəmiyyət tərəfindən ödənilmiş (və ya bəyannamə əsasında azaldılmış) və əsassız olaraq tutma müddəti ötmüş maliyyə sanksiyası üzrə borclara silinmiş 177477,88 manat vəsait şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsi, məhkəmənin iş üzrə qərarı qanuni qüvvəyə minənədək edilmiş ödənişlər 125041,08 manat tutma müddəti bitmiş vergi borcuna silinəcəyi halda, iddiaçı tərəfindən edilən ödənişlər və ya bəyannamə əsasında azaldılan məbləğlərin artıq ödəmə qismində bərpa edilməli olan 177477,88 manat vəsaitə əlavə edilməsi qərara alınmış, qərarla əlaqədar verilmiş şikayət təmin edilməmiş və qərar qanuni qüvvəsini almışdır. 28 yanvar 2021-ci il tarixdə ərizəçi ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun Sumqayıt İnzibati Məhkəməsinin 2-1(085)-207/2019 saylı məhkəmə qərarı üzrə icraatın təzələnərək, ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun üçüncü şəxs qismində cəlb edilməsi və sonuncunun şəxsi hesab vərəqəsinə hesablanmış 514573.00 manat vergi öhdəliyinin iddiaçı “xxxx” MMC-nin şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyinin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması” barədə ərizəsi məhkəməyə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, “xxxx” ASC Sumqayıt Şəhər Məhkəməsi qərar qəbul etdiyi tarixdən əvvəl müflis olmuş, məhkəmə göstərilən halı nəzərə almaqla icraata xitam verməli olduğu halda vergi öhdəliyini ləğvedicinin üzərinə qoymuşdur. Qanunvericilik ləğv olunmuş banklara münasibətdə xüsusi qaydanı nəzərdə tutur. Belə ki, ləğv olunmuş banklarla əlaqədar məhkəmə çəkişmələri ümumi məhkəmələr vasitəsilə deyil, yalnız ləğv prosesinə nəzarət edən məhkəmə tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən məhkəmə Əmanətlərin Sığortalanması Fondunun hüquqi təbiətini və fəaliyyət istiqamətini düzgün qiymətləndirə bilməmişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, Əmanətlərin Sığortalanması Fondu iki istiqamətdə yəni, ləğvedici kimi (ləğv prosesində olan bankların ləğvini həyata keçirən) və sığortaçı kimi (qanunla qorunan hesab edilən əmanətlərə görə kompensasiya ödənişi həyata keçirən) fəaliyyət göstərir. Belə ki, Əmanətlərin Sığortalanması Fondu sığortaçı qismində ləğv prosesində olan bankla heç bir halda eyniləşə bilməz. Halbuki, istər qanunvericilikdə, istərsə də mövcud məhkəmə praktikasında aydın şəkildə Əmanətlərin Sığortalanması Fondu (sığortaçı) və ləğv prosesində olan bankın ayrıayrı hüquqi şəxslər olduğunu qeyd etmişdir. Hazırkı qərar ilə pulun tutulması ləğvedicidən tələb olunduğu üçün “sığortaçı” bununla bağlı hər hansı bir öhdəlik daşımır və “Banklar haqqında” Qanunun və Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarının tələbləri kobud şəkildə pozulmuş olur. “Banklar haqqında” Qanunun 82-ci maddəsində ödənişlərin növbəliliyi nəzərdə tutulmuş və həmin maddənin 1.8-ci bəndinə əsasən təminatsız kreditorların tələbləri növbəlik əsasında həmin bənddən əvvəlki öhdəliklər tam icra edildikdən sonra başlayır. Göstərilən öhdəliyin icrasına hal-hazırda başlanılmamışdır. Ləğv prosesində olan “xxxx” ASC tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 82.1.8-ci maddəsi üzrə öhdəliyinin icrasına hal-hazırda başlanılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsində göstərilmişdir ki, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair 12 aprel 2017-ci il tarixli qərarında göstərilmişdir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin, məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Göründüyü kimi hazırkı halda ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iş üzrə üçüncü şəxs qismində cəlb edilməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(85)-207/2019 saylı, 15 mart 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. (hakim İsmayıl Quliyev) Qərardaddan ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Sumqayıt İnzibati Məhkəməsinin 2-1(85)-207/2019 saylı, 15 mart 2021-ci il tarixli qərardadından ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayəti ərizə ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən qeyd edilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2016-ci il tarixli 1(60)-17/2016 saylı qərarının surətindən görünür ki, 514.573,00 manat borcun “xxxx” ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulub dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Lakin, həmin borc məbləği iddiaçı “xxxx” MMC-nin şəxsi hesab vərəqəsindən silinməmişdir. Hazırkı iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-207/2019 saylı, 07 fevral 2019-cu il tarixli qərarında göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan və həmin qərarla qeyd olunan 514573.00 manat məbləğində vergi borcunun hansı müəssisə tərəfindən ödənilməli olması müəyyən edilmədiyindən iddiaçı “xxxx” MMC-dən həmin borcu tələb edilməsi və şəxsi hesab vərəqəsindən silinməməsi qanunsuzdur. Qeyd olunan borcun iddaçıya aid olmamasını cavabdeh inzibati orqan qəbul edir. Lakin həmin borcun iddaçının şəxsi hesab vərəqəsindən silinməməsinin bu borcu “xxxx” ASC-yə, yaxud Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna aid edilməli olduğuna aydınlıq gətirə bilməməsi ilə izah edir. Məhkəmə hesab etmişdir ki, həmin borcun digər vergi ödəyicilərindən tutulmasına praktikada çətinlik yaratması iddiaçının hüquqlarının pozulmasına əsas ola bilməz. Qeyd olunan borcun kimə aid olunması hazırkı iddianın predmeti olmadığına görə məhkəmə inzibati orqanının bununla bağlı etməli olduğu hərəkətlərə münasibət bildirməyi zəruri hesab etmir. Lakin hər bir halda, məhkəmə qeyd edir ki, iddiaçıya məxsus olmayan borcun onun şəxsi hesab vərəqəsindən silinməsini həmin borcun kimə aid olmasını müəyyən olunmasına bağlanması başa düşülən deyil. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə “xxxx” MMC-nin 514.573,00 manat borcunun olmadığı müəyyən olunmuş, həmin borcun iddiaçının şəxsi hesab vərəqində qalmasının qanunsuz olması Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(085)-207/2019 saylı saylı, 07 fevral 2019-cu il tarixli qərarı ilə müəyyən olunmuş, qanuni qüvvəyə minmiş məhkəmə qərarına istinad edilmişdir. Hazırkı iddia tələbi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2662/2019 saylı, 12 noyabr 2019-cu il tarixli qərarında da göstərilmişdir ki, borcun digər vergi ödəyicilərindən tutulmasının praktikada çətinlik yaratması iddiaçının hüquqlarının pozulmasına əsas ola bilməz. Qeyd olunan borcun kimə aid olması hazırkı iddianın predmeti olmadığına görə, inzibati orqanın bununla bağlı etməli olduğu hərəkətlərə münasibət bildirilməsi zəruri deyildir. Lakin, hər bir halda, iddiaçıya məxsus olmayan borcun onun şəxsi hesab vərəqəsindən silinməsini həmin borcun kimə aid olmasının müəyyən olunmasına bağlanması ağlabatan və qəbul edilən deyildir. Hazırkı icraatda qiymət verilməli olan məsələ həmin borcun iddiaçıya aidiyyəti ilə bağlı məsələdir. Bu məsələ isə qanuni qüvvədə olan məhkəmə qərarı ilə həll olunmuş, borcun iddiaçıdan tutulmayacağı dəqiq müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, borcun kimə aid olması mövcud iş üzrə iddianın predmeti olmadığına görə, 514.573,00 manat borcun “xxxx” ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulub dövlət büdcəsinə ödənilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edildiyindən və ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2016-ci il tarixli 1(60)-17/2016 saylı qərarını məhkəmə qaydasında mübahisələndirmədiyindən, hazırkı iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsinə zərurət yoxdur. Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi əsaslı olmadığından, ərizənin qalan hissədə də təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması üçün apelyasiya şikayətində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(85)-207/2019 saylı, 15 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-342/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-342/2021
08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver