Məhkəmə qərarları › İş №2-1(105)-342/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-342/2023

26.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-342/2023 26.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı iş üzrə (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “X3, X6, X4 və X20r qızının Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 39 ünvanında yerləşən 38 saylı mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2022- ci il tarixli, 2-1(118)-2165/2022 nömrəli qərarından üçüncü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt Şəhər Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmalarından imtina edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X10, xx.xx.1998-ci il təvəllüdlü X11, xx.xx.1977-ci il təvəllüdlü X12, xx.xx.2002-ci il təvəllüdlü X20r qızı ünvan 2 ünvanında qeydiyyatdadırlar. ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 2 İddiaçı xüsusi mülkiyyətindədir. 2V-1026 saylı, 30 dekabr 2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Maarif” B/Y 915 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin ¾ hissəsi üzərində İddiaçı, ¼ hissəsi üzərində isə X3 miras payı müəyyən edilmişdir. 2V-1027 saylı, 30 dekabr 2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, ünvan 2-in ¾ hisssəsi üzərində İddiaçı, ¼ hissəsi üzərində isə X3 payı müəyyən edilmişdir. Reyestrdə 3M-643 nömrə ilə qeydiyyata alınmış 30 dekabr 2020-ci il tarixli “Miras payın bağışlanması müqaviləsi”nin surətindən görünür ki, X10 2V-1026 saylı, 30 dekabr 2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında ona düşən miras payını İddiaçı bağışlamışdır. Reyestrdə 3M-644 nömrə ilə qeydiyyata alınmış 30 dekabr 2020-ci il tarixli “Miras payın bağışlanması müqaviləsi”nin surətindən görünür ki, X10 2V-1027 saylı, 30 dekabr 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında ona düşən miras payını İddiaçı bağışlamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4088/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 cavabdeh İddiaçı qarşı miras payın bağışlama müqaviləsinin, qanun üzrə vərəsəlik hüququ əsasında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “X3, X6, X4 və X8 Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 39 ünvanında yerləşən 38 saylı mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 39 ünvanında yerləşən 38 saylı mənzil onun mərhum atası X7 məxsus olmuşdur. Atası xx.xx.2020-ci ildə vəfat etdikdən sonra qardaşı X10 və o, atasının vərəsələri müəyyən edilmişlər. Qeyd olunan mənzil üzərində onun 3/4 payı, qardaşının isə ¼ payı müəyyən edilmişdir. Bununla bağlı ona xx.xx.2020-ci il tarixli 2V-1027 nömrəli şəhadətnamə verilmiş, həmin tarixli miras payın bağışlanılması müqaviləsi əsasında qardaşı öz payını ona bağışlamışdır. Daha sonra xx.xx.2022-ci il tarixində sözügedən mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bununla bağlı ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hazırda həmin mənzil tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Ona məxsus həmin mənzildə onunla birlikdə qardaşı X10, onun ailə üzvləri X12, X11 və X20r qızı pasport qeydiyyatındadır. Lakin qardaşı və onun ailə üzvləri hazırda həmin mənzildə yaşamırlar. Onlar 2017-ci ilin mart ayından etibarən daimi əsaslarla Sumqayıt şəhəri, Xəzər bağları, bağ 58 ünvanında yerləşən bağ evinə köçmüş və hazırda da həmin bağ evində yaşayırlar. Onların ona məxsus mənzil ilə heç bir əlaqəsi qalmamışdır və həmin mənzildə pasport qeydiyyatında olmaları tamamilə formal xarakterlidir. Odur ki, o ərizə ilə Sumqayıt şəhər Polis İdarəsinə X10, onun ailə üzvləri X12, X11 və X20r qızının qeydiyyatdan çıxarılmaları üçün müraciət etmiş, lakin İdarə bununla bağlı ona xx.xx.2022-ci il tarixli 13-21013C-3222 nömrəli məktub ünvanlayaraq, bundan imtina etmiş və məhkəməyə müraciət etməsini bildirmişlər. İdarənin imtinası qanunsuz və əsassızdır. Cavabdehin və üçüncü şəxsin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin iddiaya heç bir etirazı yoxdur. İddiaçının iddiası ilə əlaqədar qərar qəbul olunarsa tərəflərindən icra olunacaqdır. Üçüncü şəxs X10 iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, o, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən göründüyü kimi Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 39 ünvanında yerləşən 38 saylı mənzildə qeydiyyatda olmaqla, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 39 ünvanında yerləşən 38 saylı mənzildən ¼ hissədə miras almışdır. Həmçinin xx.xx.2021-ci il tarixli miras payının bağışlanması müqaviləsindən göründüyü kimi o, Sumqayıt “ASAN Xidmət” Mərkəzi Notariat Ofisinin xüsusi notariusu A.S.Haciyev tərəfindən verilmiş 30 dekabr 2021-ci il tarixli, 2V-1026 reyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən payını İddiaçı bağışlamışdır. Göründüyü kimi sözügedən mənzilə onun istifadə hüququ olduğu halda İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə və onlara qarşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırki iddia qanuni və əsaslı olmadığına görə rədd olunmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(118)-2165/2022 nömrəli qərarı ilə (hakim Leyla Mirzəyeva) iddia təmin edilmiş, X3, X6, X4 və X20r qızının ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Həmin mənzildə qeydiyyatda olan üçüncü şəxslərin mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradırlar. Qərardan narazı qalan üçüncü şəxs X10 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs X10 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci inistansiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Ona görə də həmin qərardan şikayət vermək qərarına gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. İş materialarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən göründüyü kimi ünvan 5 ünvanında yerləşən 38 saylı mənzildə qeydiyyatda olan o, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 6 ünvanında yerləsən 38 savlı mənzildən 1/4 hissədə miras alınmışdır. Həmçinin xx.xx.2021-ci il tarixli miras payının bağışlanma müqaviləsində göründüyü kimi, o, Sumqayıt "ASAN xidmət" mərkəzi notariat ofisinin xüsusi notariusu A.S.Haciyev tərəfindən verilmiş 30 dekabr 2021-ci il tarixli, 2V-1026 reyest nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən payını İddiaçı bağışladı. Göründüyü kimi sözü gedən mənzilə onun istifadə hüququ olduğu halda İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə və onlara qarşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən iddai tələbi təmin edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, özü tək qadındır. Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 39 ünvanında yerləşən 38 saylı mənzil mərhum atası X7 məxsus olmuşdur. Atası xx.xx.2020-ci ildə dünyasını dəyişdikdən sonra qardaşı X10 və o atasının vərəsələri müəyyən edilmişlər. Həmin mənzil üzərində onun 3/4 payı, qardaşının isə 1/4 payı müəyyən edilmişdir. Bununla bağlı ona xx.xx.2020-ci il tarixli, 2V-1027 nömrəli şəhadətnamə verilmiş, həmin miras payın bağışlanılması müqaviləsi əsasında qardaşı öz payını ona bağışlamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə həmin mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınmış, ********** saylı qeydiyyat nömrəli çıxarış verilmiş və mənzil tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzildə onunla birlikdə qardaşı X10, onun ailə üzvləri X12, X15 və X20r qızı pasport qeydiyyatındadır. Lakin sözügedən mənzildə qardaşı və onun ailə üzvləri yaşamırlar. Onlar 2017-ci ilin mart ayından Sumqayıt şəhəri Xəzər Bağları, bağ 58 ünvanında yerləşən bağ evinə köçmüş və hazırda da həmin bağ evində yaşayırlar. Onların ona məxsus mənzil ilə heç bir əlaqələri qalmamışdır. Onlar sadəcə olaraq formal qeydiyyatda qalmışlar. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-2165/2022 saylı inzibati iş üzrə qərarından üçüncü şəxs X10 tərəfindən verilmiş şikayət əsaslı olmadığından rədd olunmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollehiyasının iclasında iştirak etmiş üçüncü şəxs X10 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollehiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020- ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddiaçının iddia tələbi xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evində daimi pasport qeydiyyatında olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı olmuşdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisə predmeti olan yaşayış evi iddiaçı və üçüncü şəxs X3 atasına məxsus olmaqla, onun ölümündən sonra həmin əmlakla bağlı mülkiyyt hüququ qanun üzrə vərəsəlik qaydasında bərabər paylı mülkiyyət hüququ əsasında (hər birinin payı 1/2 hissədə olmaqla) onlara məxsus olmuş, daha sonra onlar arasında üçüncü şəxsin öz payının iddiaçıya bağışlanmasına dair notarial müqavilə bağlanılmış, həmin müqvailəyə əsasən mübahisə predmeti olan əmlak üzərində tam mülkiyyət hüququ iddiaçının adına qeydiyyatdan keçmişdir. Hazırda həmin mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Üçüncü şəxslər X10, X12, X11, X20r qızı həmin yaşayış evində daimi pasport qeydiyyatında olmaqla, həmin evdə yaşamırlar. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Yuxarıda istinad olunan qanunvericilik normalarının təhlilindən aydın olur ki, inzibati məhkəmə icraatı qaydasında şəxsin yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması ilə bağlı mübahisəli hüquq münasibətinin həlli üçün şəxsin həmin yaşayış evində yaşamaması və həmin mənzilə dair əmlak hüquqlarının mövcud olmaması halı müəyyən edilməlidir. Bununla bağlı qeyd olunmalıdır ki, mübahisə predmeti olan əmlak iddiaçı və üçüncü şəxsin atasına məxsus olmaqla, onun ölümündən sonra paylı mülkiyyət hüquq əsasında vərəsəlik qaydasında onların mülkiyyətinə keçmişdir. Belə olan halda, məhkəmə kolleiyası hesab edir ki, üçüncü şəxs X10 atasına məxsus olan evdə yaşadığından mülki və mənzil qnaunvericiliyinin tələbinə əsasən onun həmin evə dair istifadə hüququ yaranmışdır. Eyni zamanda digər üçüncü şəxslər Mehdiyeva Aynur və Mehdiyeva Röya əvvəlki mülkiyyətçinin nəvələri olduğundan, həmin evdə onunla birgə yaşadığından mənzil və ailə qanunvericiliyinin tələbinə əsasən onların da həmin evə istifadə hüququ yaranmışdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən şəxslərin mübahisə predmeti olan mənzilə dair istifadə hüquqları yaranmış olsa da, həmin hüquq itirilmiş, indiki halda əmlak hüquqları kimi mövcud olmamışdır. Belə ki, hazırki iş üzrə üçüncü şəxslərin mübahisə predmeti olan mənzildə yaşamaması işin mübahisəsiz halıdır. Üçüncü şəxs X3 məhkəmə iclasında veridyi izahatından aydın olur ki, o və ailə üzvləri həmin mənzildə 2017-ci il tarixdən hazıradək yaşamır, başqa yaşayış yeri vardır, indiki halda da mübahisə predmeti olan mənzilə köçüb yaşamaq istəmir, sadəcə pasport qeydiyyatında qalmaq istədiyini bildirmişdir. Digər üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməmiş, qeyd edilən halları təkzib edən heç bir sübut məhkəməyə təqdim etməmişlər, habelə həmin məhkəmə qərarı ilə razılaşaraq, apellyasiya şikayəti verməmişlər. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmə araşdırması zamanı üçüncü şəxslərin həmin evi məcburiyyət qarşısında tərk etmələri ilə bağlı hal müəyyən edilməmişdir. Göründüyü kimi, üçüncü şəxslər həmin mənzildə yaşamır və indiki halda orada köçüb yaşamaqla bağlı hər hansı niyyətləri mövcud olmamış, həmin yaşayış sahəsinə ehtiyacları olmamışdır(daimi yaşadıqları başqa yaşayış yeri olduğundan). Həmçinin,qeyd olunmalıdır ki, üçüncü şəxs X10 atasının ölümündən sonra həmin evə dair ½ hissədə miras payını əldə etməklə, qeyd edilən hissədə onun mülkiyyət hüququ mövcud olmuşdur. Bu hüquq isə mahiyyət etibarilə tam əşya hüququ olmaqla özündə eyni zamanda məhdud əşya hüququ kimi istifadə hüququnu da etiva etmişdir. Daha sonra qeyd edilən üçüncü şəxs ilə iddiaçı arasında miras payın bağışlanması barədə notarial müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən üçüncü şəxs həmin hissədə miras paya dair hüquqlarını iddiaçıya bağışlamışdır.Nəticə etibarilə üçüncü şəxs mübahisə predmeti olan əmlaka dair miras payını iddiaçıya bağışlamaqla, həmin əmlaka dair əmlak hüquqlarından iddiaçının xeyrinə imtina etmişdir, hansı ki mənzilə dair istifadə hüququ da özlüyündə onun imtina etdiyi həmin əmlak hüquqlarının tərkib hissəsi kimi mövcud olmuşdur. Digər üçüncü şəxs X9 münasibətdə isə o əvvəlki mülkiyyətçinin ailə üzvi hesab edilmədiyindən, habelə ərinin həmin evə dair paylı mülkiyyətlə bağlı qanuni gözlənti hüququnun yarandığı müddətdə isə həmin evdə ümumiyyətlə yaşamadığından onun həmin mənzilə dair hər hansı əmlak hüququ yaranmamışdır. Həmçinin, qeyd olunmalıdır ki, indiki halda müvafiq yaşayış evinin mülkiyyətçisi iddiaçı olmaqla, iddiaçı ilə qeyd edilən üçüncü şəxslər arasında istifadə hüququnun yaranmasına dair notarial qaydada təsdiq edilmiş razılaşmanın olması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməsi halı da müəyyən edilməmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslər X3 və onun uşaqlarının həmin mənzilə dair istifadə hüquqları mövcud olsa da, indiki halda həmin hüquq itirilmişdir və hazırda onların mübahisə predmeti olan əmlaka dair hər hansı əmlak hüquqları mövcud olmamış, digər üçüncü şəxsin isə ümumiyyətlə əmlak hüquqları mövcud olmamışdır. Belə olan halda, qeyd edilən şəxslərin iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus olan yaşayış evində pasport qeydiyyatında qalmaları formal xarakter daşımaqla, mülkiyyət hüququnun əsassız yerə məhdudlaşdırılmasına gətirib çıxarda bilər. Bu hal isə konstitusion norma və prinsiplərə, o cümlədən beynalxalq qanunvericiliyin norma və prinsiplərinə ziddir. Belə ki, mülkiyyət hüquq mütləq əsas fundamental insan hüquqlarından biri kimi çıxış etməklə, onun məhdudlaşdırılmasına yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda və əsaslarda yol verilə bilər. Başqa sözlə, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən xx.xx.2020-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə də yaşayış sahəsində yaşamayan və əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göstərilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verərək, iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən xx.xx.2020-ci il tarixli qərarında da göstərildiyi kimi, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, əsassız olmuş, digər üçüncü şəxslər isə məhkəmə qərarı ilə razılaşaraq, apellyasiya şikayəti verməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2022- ci il tarixli, 2-1(118)-2165/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar