Məhkəmə qərarları › İş №2-1(105)-342/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-342/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-342/2024 29.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər X1 və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “onun xüsusi mülkiyyətində olan Xızı rayonu, Giləzi kəndi ərazisində yerləşən 5 hektar torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş Ekologiya və Tibii Sərvətlər Nazirliyi tərəfindən aparılmış yaşıllaşdırmanın cavabdehin öz vəsaiti hesabına ləğv edilməsi, mülkiyyətində olan torpaq sahəsi Ekologiya və Tibii Sərvətlər Nazirliyi tərəfindən zəbt olunaraq ağaclar əkdiyi üçün onun torpaq sahəsindən istifadə hüququ məhdudlaşdırıldığına görə əldən çıxmış fayda 800.000 manat vəsaitin tutularaq ona ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4766/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “onun xüsusi mülkiyyətində olan Xızı rayon, Giləzi kəndi ərazisində yerləşən 5 hektar torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş Ekologiya və Tibii Sərvətlər Nazirliyi tərəfindən aparılmış yaşıllaşdırmanın cavabdehin öz vəsaiti hesabına ləğv edilməsi, mülkiyyətində olan torpaq sahəsi Ekologiya və Tibii Sərvətlər Nazirliyi tərəfindən zəbt olunaraq ağaclar əkdiyi üçün onun torpaq sahəsindən istifadə hüququ məhdudlaşdırıldığına görə əldən çıxmış fayda 800.000 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4766/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva). Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-4766/2023 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4766/2023 nömrəli iş üzrə 14 dekabr 2023-cü il tarixli qərardadının giriş hissəsində buraxılmış yanlışlığın düzəldilməsi, qərardadın giriş hissəsində qeyd edilmiş “İddiaçı iştirakı ilə” sözləri “iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə” sözləri kimi oxunması qərara alınmışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində olan torpaq sahəsində yaşıllaşdırma işlərinin aparılması ilə bağlı cavabdeh tərəfindən inzibati akt tərtib olunmuş, inzibati icraat getmiş və bu torpaq sahəsinə görə cavabdehlə hər hansı bir mülki əqd imzalamamış və bu hərəkətlər-həmin ərazidə yaşıllaşdırma işlərinin aparılması inzibati orqan olan AR ETSN-nin tərkibində fəaliyyət göstərən bir qurum tərəfindən aparılmışdır. Hətta inzibati akt qəbul etmiş hər bir orqan da inzibati orqan kimi qəbul oluna bilər və bu hal da məhkəmənin cavabdeh qismində cəlb etməli olduğu bir qurumun inzibati orqan kimi qəbul edilməli olduğunu ehtiva edir. Qəbul edilmiş qərardad qanunsuz hesab olunmaqla ləğv edilməli və iddia tələbim mümkün sayılmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 4 Əsas anlayışlar Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mə naları ifadə edir: təbii inhisar — istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin olmadığı şəraitdə tələbatın ödənilməsi daha səmərəli olan və inhisar subyektlərinin istehsal etdiyi (satdığı) əmtəə istehlakda başqa əmtəə ilə əvəz edilə bilməyən əmtəə bazarının vəziyyəti; təbii inhisar subyekti — təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyekti; istehlakçı — təbii inhisar subyektinin istehsal etdiyi (satdığı) əmtəəni əldə edən fiziki və ya hüquqi şəxs. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 №li Qərarı:

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.

4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 7.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırki iş üzrə iddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan torpaq sahəsində müvafiq inzibati orqan tərəfindən aparılmış yaşıllaşdırmanın cavabdehin öz vəsaiti hesabına ləğv edilməsi, həmin torpaq sahəsindən istifadə hüququ məhdudlaşdırıldığından, əldən çıxmış fayda olaraq 800.000 manat vəsaitin cavabdehdən tutulması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamış və məhkəmə gəldiyi qənaəti iddiaya cavab verməli olan cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi deyil, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin olması, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən etməsi, inzibati hüquq münasibətlərində cavabdeh qismində mütləq qaydada inzibati orqan çıxış etməli olması, məhkəmə araşdırması zamanı iddiaçının mülkiyyətində olan Xızı rayon, Giləzi kəndi ərazisində yerləşən 5.0 hektar torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması halı da müəyyən edilməməsi hallara istinad etməklə, əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, hazırki iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi qeyd edilmişdir. İddiaçı qeyd edilən tələblə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ərizə ilə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi inzibati prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçıya hüquqi yardım etmək vəzifəsi mövcud olsa da, məhkəmə tərəfindən qeyd edilən halla bağlı iddiaçıya hüquqi yardım göstərilməmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh qismində əlavə edilməsi və ya əvəz edilməsi məsələsi müzakirə edilməmiş, bu istiqamətdə hər hansı təklif edilməmişdir. Bu hal isə özlüyündə iddiaçının prosessual qanunvericilikdə təsbit edilmiş hüquqlarının pozulmasına səbəb olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti çıxış etmiş (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dövlət nəzarəti altında fəaliyyət göstərir), onun əsas fəaliyyət istiqamətləri məhz müvafiq ərazilərdə yaşıllıqların salınması ilə bağlı olmuş və bu sahədə səlahiyyətli qurum kimi çıxış etmişdir. İndiki halda iddiaçının iddia tələbi məhz ona məxsus olan torpaq sahəsində aparılmış yaşıllaşdırmanın nəticələrinin cavabdehin vəsaiti hesabına ləğv edilməsi, bununla bağlı torpaq sahəsindən istifadə hüququnun məhdudlaşdırılması ilə əlaqədar əldən çıxmış fayda qismində müvafiq məbləğdə kompensasiya ödənilməsi ilə bağlı olmuşdur. Göründüyü kimi, indiki halda iddiaçının istinad etdiyi onun barəsində həyata keçirilmiş fəaliyyət (yaşıllıqların salınması, abadlaşdırılma işləri) məhz müvafiq qurumun bu sahədə təbii inhisar subyekti kimi həyata keçirdiyi fəaliyyətdən irəli gəldiyindən, habelə bu fəaliyyətə dövlət nəzarəti məhz müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirildiyindən, bu sahədə hakimiyyət səlahiyyətli qurum qismində çıxış etdiyindən, bu fəaliyyət özlüyündə məhz inzibati xarakterli fəaliyyət kimi mövcud olmaqla, hakimiyyət səlahiyyətlərinin tətbiqini özündə ehtiva edir. Qeyd edilən hallar isə özlüyündə hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətinin mülki xarakterli münasibətlərdən irəli gələn mübahisə kimi qiymətləndirilməsini istisna edir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibəti məhz inzibati xarakterli münasibət kimi çıxış etməklə, qeyd edilən mübahisəyə məhz inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Başqa sözlə desək, indiki halda iddiaçının iddia tələbi məhz cavabdeh tərəfindən həmin torpaq sahəsində salınmış yaşıllıqlarla bağlı olmuşdur, hansı ki həmin yaşıllıqların sözügedən torpaq sahəsində salınması ilə bağlı fəaliyyət məhz müvafiq səlahiyyətli qurumun inzibati funksiyanın icrası ilə bağlı ortaya çıxa bilər. Qeyd edilən hal isə özlüyündə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətinin xarakterinin müəyyən edilməsinə təsir edən amil qismində çıxış etdiyi halda, birinci instansiya məhkəməsi tərəfindən həmin hala düzgün hüquqi qiymət verilməmiş, nəticə etibarilə hazırki iddia tələbinin məhz mülki qaydada qiymətləndirilmiş mübahisə ilə bağlı olması və mülki xarakterli münasibətdən qaynaqlanması kimi qiymət vermiş, bununla da hazırki iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Bundan əlavə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi sözügedən torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması halının müəyyən edilmədiyini qeyd etsə də, bu halın hansı qaydada müəyyən edilməsi, başqa sözlə desək, qeyd edilən nəticənin hansı araşdırmanın nəticəsi olaraq ortaya çıxması halının müəyyən edilməsi mümkün olmamışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri həmin hissələrdə əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İndiki halda iddianın mümkünlük məsələsi məhkəmə prosesinin istənilən mərhələsində yoxlanılmalı olduğundan həmin hissədə şikayət əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün məhkəməyə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4766/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “onun xüsusi mülkiyyətində olan Xızı rayonu, Giləzi kəndi ərazisində yerləşən 5 hektar torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş Ekologiya və Tibii Sərvətlər Nazirliyi tərəfindən aparılmış yaşıllaşdırmanın cavabdehin öz vəsaiti hesabına ləğv edilməsi, mülkiyyətində olan torpaq sahəsi Ekologiya və Tibii Sərvətlər Nazirliyi tərəfindən zəbt olunaraq ağaclar əkdiyi üçün onun torpaq sahəsindən istifadə hüququ məhdudlaşdırıldığına görə əldən çıxmış fayda 800.000 manat vəsaitin tutularaq ona ödənilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar