Məhkəmə qərarları › İş №2-1(105)-342/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-342/2025

19.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-342/2025 19.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-1579/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Vəfa Əzizova) xx.xx.2024-cü il tarixli e-2-1(118)- 1579/2024 nömrəli qərarı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh2 qarşı “cavabdehin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 790,61 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə onun 7.000 manat dəyərində siyahıya alınmış (“Chevrolet AVEO” markalı, 2012-ci il buraxılışlı, ** EH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi) əmlakının vergi orqanının müəyyən etdiyi ticarət şəbəkəsində satılması” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İ.Quliyev (sədrlik edən və məruzəçi), M.Hüseynov və G.Cabbarova) xx.xx.2024-cü il tarixli 2-1(105)-688/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(118)-1579/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının (hakimlər S.Kərimov (sədrlik edən və məruzəçi), A.Hüseyn və R.Nəbizadə) xx.xx.2025-ci il tarixli 2-1(102)-149/2025 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(105)-688/2024 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya şikayəti qalan hissədə rədd edilmişdir. Qərar qətidir. Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarında qeyd olunur ki, ilk dəfə işə baxmış apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə satılması tələb edilən siyahıya alınmış əmlak (“Chevrolet AVEO” markalı, 2012-ci il buraxılışlı, ** EH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi) ipoteka predmeti olduğu halda, ipoteka saxlayan iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2025-ci il tarixli 2-1(105)- 342/2025 nömrəli qərardadı ilə Cavabdeh2 mülkiyyətində olan “Chevrolet AVEO” markalı ** EH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ipoteka saxlayan “Bank VTB (Azərbaycan)” ASC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. xx.xx.2025-ci il tarixdə “Bank VTB (Azərbaycan)” ASC elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, “Bank VTB (Azərbaycan)” ASC və "xxxx" ASC arasında 29 mart 2024-cü il tarixli “Tələb hüququnun güzəşti haqqında” müqavilə bağlandığını, “Bank VTB (Azərbaycan)” ASC-nin yeni tələbkar "xxxx" ASC ilə əvəz olunmasını və iş üzrə üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2025-ci il tarixli 2-1(105)- 342/2025 nömrəli qərardadı üçüncü şəxs qismində cəlb edilmiş “Bank VTB (Azərbaycan)” ASC-nin ərizəsi təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 13 mart 2025-ci il tarixli 2-1(105)-342/2025 nömrəli qərardadı ilə üçüncü şəxs qismində cəlb edilmiş “Bank VTB (Azərbaycan)” ASC inzibati iş üzrə "xxxx" ASC (VÖEN **********) ilə əvəz olunmuşdur. İşin halları İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh2 qarşı “siyahıya alınmış əmlakın satılması” iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh2 xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 790,61 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə onun 7.000 manat dəyərində siyahıya alınmış (“Chevrolet AVEO” markalı, 2012-ci il buraxılışlı, ** EH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi) əmlakının vergi orqanının müəyyən etdiyi ticarət şəbəkəsində satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədilə cavabdehə bildirişlər verilmişdir. Lakin cavabdeh tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Borc məbləğinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən öhdəliyin yerinə yetirilməsi üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2023cü il tarixli qərar çıxarılmışdır. Həmin qərar əsasında cavabdehin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 790,61 manat borcuna görə 7000 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc məbləği ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixinə Dövlət Sosial Müdafiə Fonduna 790,61 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı qanuni və əsaslı deyildir. Belə ki, qəbul edilən qərar iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, məhkəmə iddiaçı tərəfin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlilləri hərtərəfli, tam və obyektiv tədqiq etməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı olduğu halda bunları nəzərdən qaçırmışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Sumqayıt İnzibati Məhkəməsi vergi orqanı tərəfindən məhkəməyə təqdim olunmuş materialları (sübutları) tam və hərtərəfli araşdırmamış və nəticədə qeyd olunan iddia tələbi üzrə iddia tələbləri rədd edilmişdir. Cavabdehə məxsus olan avtonəqliyyat vasitəsi 19 may 2023-cü il tarixdə vergi orqanı tərəfindən siyahıya alınmış və siyahıya alınma zamanı həmin əmlak cavabdeh X1 mülkiyyətində olmuşdur. Bildirilmişdir ki, Cavabdeh2 vergi orqanı tərəfindən Avtonəqliyyat vasitəsinin siyahıya almaya təqdim edilməsi barədə xəbərdarlıq məktubu göndərilmiş və qeyd olunan əmlakın (əmlakların) siyahıya alınması məqsədilə hüquqi şəxsin məsul şəxsi şəxsiyyətin təsdiq edən sənədi və həmin avtonəqliyyat vasitəsinin texniki sənədlərini təqdim etməklə 2 sayl Ərazi Vergilər Baş İdarəsinə dəvət olunmuşdur. Avtonəqliyyat vasitəsinə dair qeyd edilən sənədləri təqdim etmədiyi təqdirdə, avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və borcun məcburi qaydada avtonəqliyyat vasitəsinə yönəldilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Göndərilmiş xəbərdarlıq məktubuna baxmayaraq cavabdeh vergi orqanına rəsmi şəkildə göndərmiş olduğu çağırışa məhəl qoymamış və avtonəqliyyat vasitəsini siyahıya almaya təqdim etməmişdir. Belə ki, siyahıya alınma prosesi vergi orqanının müvafiq qərarı əsasında Vergi Məcəlləsinin tələblərinə uyğun həyata keçirilərək “Əmlakın siyahıya alınması haqqında” Protokol və digər sənədlər tərtib edilmişdir. 7000 manat dəyərində daşınar əmlakı qismində “Chevrolet AVEO” markalı, 2012-ci il buraxılışlı, ** EH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli ********** nömrəli protokol, protokola əlavə (siyahıya alınmış əmlakın siyahısı) və siyahıya alınmış əmlakların israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə və dəyişdirilməsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsində nəzərdə tutulan məsuliyyət barədə xəbərdarlıq tərtib edilmişdir. Həmçinin bütün sənədlər (siyahıya alınma prosesi ilə bağlı) məhkəməyə təqdim edilmişdir. Sənədlərin göndərilmə ardıcıllığına gəldikdə isə siyahıya alınma prosesinə qədər vergi ödəyicisinə vergi borcunun ödənilməsinə dair borc bildirişi, xəbərdarlıq məktubu göndərilmiş, vergi ödəyicisi Cavabdeh2 məxsus mobil telefon nömrəsi ilə borcla bağlı dəfələrlə əlaqə saxlanılmışdır. Yəni vergi ödəyicisi Cavabdeh2 vergi borcunun məbləğindən və ödəməyəcəyi təqdirdə vergi ödəyicisi barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və çərçivədə görüləcək qanuni tədbirlərdən tam məlumatlı olmuşdur. Göründüyü kimi, vergi orqanı tərəfindən əmlakın siyahıya alınması prosesi Vergi Məcəlləsinir 89-cu maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilmiş və siyahıya alınma prosesi ilə bağlı bütün sənədlər aidiyyəti məhkəməyə təqdim olunmuşdur. Buna görə də məhkəmə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edərkən haqlı olmamışdır. Odur ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxs "xxxx" ASC xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddiaçının apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Mülki Məcəllənin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(028)-124/2015 nömrəli qətnaməsi ilə iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 10.074,67 ABŞ dolları əsas borc, 246,95 ABŞ dolları faiz borc olmaqla, cəmi 10.321,62 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi hesablanmaqla) borcun və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh2 məxsus “Chevrolet AVEO” markalı, 2012-ci il buraxılışlı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracdan satılması, avtomobilin açıq hərracdan satılmasından əldə edilən pul vəsaiti hesabına Cavabdeh2 “Bank VTB (Azərbaycan)” ASC-yə olan borcunun ödənilməsi, borc ödənildikdən sonra avtomobilin satışından artıq qalan məbləğin Cavabdeh2 qaytarılması qət edilmişdir. “Bank VTB (Azərbaycan)” ASC və "xxxx" ASC arasında bağlanmış 29 mart 2024-cü il tarixli müqaviləyə əsasən “Bank VTB (Azərbaycan)” ASC Qubadlı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(028)-124/2015 nömrəli qətnaməsi üzrə Cavabdeh2 qarşı tələb hüququnu "xxxx" ASC-yə vermişdir. Borclu Cavabdeh2 “Bank VTB (Azərbaycan)” ASC ilə bağladığı xx.xx.2013-cü il tarixli avtomobil krediti müqavilə üzrə tələb hüququ "xxxx" ASC-yə keçdiyi xx.xx.2024-cü il tarixdən bu günədək həmin kredit müqaviləsi üzrə borcuna dair heç bir mədaxil olmamışdır. İddiaçı Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh2 qarşı “cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 790,61 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 7000 manat dəyərində siyahıya alınmış əmlakının vergi orqanının müəyyən etdiyi ticarət şəbəkəsində satılması” tələbi ilə məhkəməyə verdiyi iddia girova (ipotekaya) qoyulmuş “Cehvrolet Aveo” minik markalı 99- EH-251 dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə təmin edilə bilməz. Çünki həmin tələbin təmin edilməsi həm qanunun girovla (ipoteka ilə) təmin edilmiş tələbin üstünlüyünə dair birbaşa göstərişinə, yəni Mülki Məcəllənin 269.7-ci maddəsinə zidd olacaq, həm də Qubdalı rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə (tələbin sözügedən avtomobilə yönəldilməsi hissəsində) ziddiyyət təşkil edəcəkdir. Bununla da məhkəmə aktlarının kolliziyasına yol verilməzliyi prinsipi pozulmuş olacaqdır. Odur ki, apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini əsassız hesab edərək, yazılı etirazı müdafiə etdi və bildirdi ki, hazırkı vaxta kimi borc ödənilməyib, avtomobilin yeri məlum deyildir. Apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarındakı göstərişlərini yerinə yetirərək, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi cavabdehin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 790,61 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə onun 7000 manat dəyərində siyahıya alınmış əmlakının vergi orqanının müəyyən etdiyi ticarət şəbəkəsində satılmasına nail olmaqdan ibarətdir. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş 01 may 2023-cü il tarixli **********0 saylı əmlakın siyahıya alınması haqqında qərar əsasında Cavabdeh2 7000 manat məbləğində əmlakı (1 ədəd ** EH *** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, “Chevrolet AVEO” markalı nəqliyyat vasitəsi) siyahıya alınmış, bu barədə xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir. İşə yenidən baxılarkən borcun məbləğinin dəqiqləşdirilməsi üçün göndərilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-2-9/2- 55875/2025 nömrəli məlumatdan müəyyən edilir ki, Cavabdeh2 (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 790,61 manat borcu qalmışdır. Şəxsi hesab vərəqəsi üzrə ödənişlə bağlı heç bir dəyişiklik yoxdur. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüququdur. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Vergi Məcəlləsinin 90.3-cü maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakı vergi orqanının sifarişinə əsasən elektron hərrac vasitəsi ilə də satıla bilər. Elektron hərracın təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur..... Vergi Məcəlləsinin 90.3.1-ci maddəsinə əsasən əmlakın hərracda satışı - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əmlakın, ona dair heç bir şərt qoyulmadan satışıdır. Bu zaman ən yüksək qiymət təklif etmiş alıcı həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir. Vergi Məcəlləsinin 90.3.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hərracı vergi orqanının sifarişi əsasında həyata kecirir. Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli 393 nömrəli Fərmanının 1.40-1-ci bəndinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-1-ci, 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi üsulu kimi Vergi Məcəlləsinin 89 və 90-cı maddələrində əmlakın siyahıya alınması və siyahıya alınmış əmlakların satılmasına dair tənzimləmələr mövcuddur. Qeyd edilən tənzimləmələrin mənasına görə, yekun məqsədə xidmət edən, birbiri ilə əlaqəli, lakin iki müstəqil təmin etmə üsulu mövcuddur - əmlakın siyahıya alınması və siyahıya alınmış əmlakın məhkəmə qaydasında qəbul edilən qərar əsasında satılması. Qanunvericiliyin tələblərinə görə yalnız vergi ödəyicisinə məxsus olan əmlak siyahıya alına bilər. Buna görə də, siyahıya alınma mərhələsində əmlakın vergi ödəyicisinə əmlak hüquqları əsasında məxsus olduğu mötəbər sübutlarla təsdiq olunmalıdır. Əmlaka daşınar və danışmaz əmlaklar, habelə qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) aiddir. Bundan başqa, siyahıya alınma əsaslandırılmış qərar çıxarılmaqla həyata keçirilməli, sözügedən qərarda əmlakın vergi ödəyicisinə məxsusluğuna dair mötəbər sübutlara və müvafiq hüquq müəyyənedici sənədlərə istinad olunmalıdır. Hüquqi şəxsin bütün əmlakı, fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı borcun məbləği nəzərə alınmaqla siyahıya alına bilər. Məhkəmə siyahıya alınmış bütün əmlakların deyil, qərar qəbul edilən ana mövcud borc nəzərə alınmaqla zəruri və kifayət olan həcmdə əmlakların satılması haqqında qərar verməlidir. Bunun üçün məhkəmə, ilk növbədə, məhz qərar çıxardığı ana mövcud olan dəqiq borc məbləğini müəyyən etməli, aradan keçən zaman ərzində borcun ödənilməsinə yönəlmiş hərəkətlərin edilibedilmədiyini araşdırmalıdır. Məhkəmə üçün həlledici olan həmin anda mövcud olan borc məbləğinin dəqiq müəyyənləşdirilməsidir. Çünki məhz qərar çıxarıldığı anda mövcud olan borc məbləğini ödəmək üçün zəruri və kifayət olan həcmdə əmlakların satılması haqqında qərar verilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı üçüncü şəxs "xxxx" ASC tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, “Bank VTB (Azərbaycan)” ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli “avtomobil krediti müqaviləsi”nə əsasən Cavabdeh2 avtomobil satın alınması üçün 36 ay müddətinə illik 16 faiz hesablanmaqla 16837 ABŞ dolları məbləğində kerdit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh2 xx.xx.2013-cü il tarixli “İpoteka müqaviləsi (avtomobil)”nə əsasən mülkiyyətində olan “Cehvrolet Aveo” minik markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil “Bank VTB (Azərbaycan) ASC-yə ipotekaya qoyulmuşdur. Sonradan kredit müqaviləsi üzrə borc ödənilməmiş və “Bank VTB (Azərbaycan)” ASC-yə məhkəməyə müraciət etmişdir. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(028)-124/2015 nömrəli qətnaməsi ilə iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 10.074,67 ABŞ dolları əsas borc, 246,95 ABŞ dolları faiz borc olmaqla, cəmi 10.321,62 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi hesablanmaqla) borcun və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh2 məxsus “Chevrolet AVEO” markalı, 2012-ci il buraxılışlı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracdan satılması, avtomobilin açıq hərracdan satılmasından əldə edilən pul vəsaiti hesabına Cavabdeh2 “Bank VTB (Azərbaycan)” ASC-yə olan borcunun ödənilməsi, borc ödənildikdən sonra avtomobilin satışından artıq qalan məbləğin Cavabdeh2 qaytarılması qət edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli 14377/16 nömrəli sorğu ilə “Bank VTB (Azərbaycan)” ASC-yə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(028)-124/2015 nömrəli icra sənədi üzrə ipoteka predmeti olan Cavabdeh2 məxsus “Chevrolet AVEO” markalı, 2012-ci il buraxılışlı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin yeri və borclu Cavabdeh2 “Bank VTB (Azərbaycan)” ASC-yə olan hazırkı borcu barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məlumat verilməsini xahiş etmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun “borclunun əmlakının axtarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh2 məxsus “Chevrolet AVEO” markalı, 2012-ci il buraxılışlı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil barəsində axtarış elan edilmişdir. Üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli BOA-5752 nömrəli arayışdan müəyyən edilir ki, borclu Cavabdeh2 “Bank VTB (Azərbaycan)” ASC ilə bağladığı xx.xx.2013-cü il tarixli avtomobil krediti müqavilə üzrə tələb hüququ "xxxx" ASC-yə keçdiyi xx.xx.2024-cü il tarixdən bu günədək həmin kredit müqaviləsi üzrə borcuna dair heç bir mədaxil olmamışdır. Mülki Məcəllənin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Məhkəmə kollegiyası qeyd edir ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş 01 may 2023-cü il tarixli **********0 saylı əmlakın siyahıya alınması haqqında qərar əsasında xx.xx.2023-cü il tarixli protokolla siyahıya alınmış Cavabdeh2 mülkiyyətində olan 7.000 manat dəyərində olan siyahıya alınmış əmlakı - 1 ədəd ** EH *** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, “Chevrolet AVEO” markalı nəqliyyat vasitəsi Cavabdeh2 və “Bank VTB (Azərbaycan)” ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və Qubadlı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(028)-124/2015 nömrəli qətnaməsinə əsasən Cavabdeh2 “Bank VTB (Azərbaycan)” ASC-yə olan cəmi 10.321,62 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi hesablanmaqla) borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi Cavabdeh2 mülkiyyətindəki ipoteka predmeti olan “Chevrolet AVEO” markalı, 2012-ci il buraxılışlı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması yolu ilə əldə ediləcək vəsait hesabına təmin edilməlidir. Vergi orqanının xx.xx.2023-cü il tarixli protokolunda Cavabdeh2 mülkiyyətində olan 1 ədəd ** EH *** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, “Chevrolet AVEO” markalı nəqliyyat vasitəsinin dəyəri 7.000 manat göstərilmişdir. Cavabdeh2 banka olan borcu isə 10.321,62 ABŞ dolları (hazırkı vaxta olan məzənnə ilə 10.321,62 ABŞ dolları x 1,70 manat = 17 546,754 manat) təşkil etdiyinə və bankın Mülki Məcəllənin 269.7-ci maddəsinə əsasən ipoteka saxlayan kimi borcun ödənilməsində üstün hüquqa malik olması nəzərə alındıqda, məhkəmə kollegiyası hesab edir ki, həmin avtomobilin satışından əldə ediləcək vəsaitdən bankın borcu ödənildikdən sonra artıq məbləğ qalması ehtimalı yoxdur. Bu səbəbdən siyahıya alınmış əmlakın satılmasına dair vergi orqanının hazırkı iddiası əsaslı deyildir və təmin edilə bilməz. Bu səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir, qanuni, əsaslı və ədalətli qərar qəbul etmişdir, iddiaçı inzibati orqanın apellyasiya şikayətinin dəlilləri formal və əsassızdır. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-1579/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar