Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-344/2024 29.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: bələdiyyə qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə satılmış torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər X2 və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 21 №-li qərarına əsasən ona Qobu qəsəbəsinin ərazisində fərdi ev tikmək məqsədi ilə satılmış 0,08 ha torpaq sahəsinin üzərində hüquqların dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-903/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdehin iddiaçının nümayəndəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, aparılan araşdırma zamanı Qobu Bələdiyyəsi tərəfindən vətəndaşa 0.08 ha torpaq sahəsinin 02 noyabr 2007-ci il tarixli, 21 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 19 aprel 2011-ci il tarixdə verildiyi və sözügedən qərarın arxiv arayışının hazırkı müraciətinizə əlavə olunmadığı aşkar edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi 2009-cu ildən mövcud olsada, müraciət üzrə əlavə edilmiş X3 Elsevər Əli oğluna 0.08 ha torpaq sahəsinin ayrılmasına dair 02 noyabr 2007-ci il tarixli, 21 nömrəli qərarında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə istinad edildiyi aşkar edilmişdir. Həmçinin müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışlarının qanunamüvafiq qaydada təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi müəyyən edilmişdir. Əlavə olaraq sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olması aşkar edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 21 №-li qərarına əsasən ona Qobu qəsəbəsinin ərazisində fərdi ev tikmək məqsədi ilə satılmış 0,08 ha torpaq sahəsinin üzərində hüquqların dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Abşeron rayonu Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 21 №-li qərarına əsasən ona Qobu qəsəbəsinin ərazisində fərdi ev tikmək məqsədi ilə 0,08 ha torpaq sahəsi satılmış, torpağın alqı-satqı qiymətini təşkil edən 500 manat vəsait tərəfindən 2007-ci il dekabrın 05-də Bələdiyyənin xüsusi hesabına köçürülmüş, torpaq sahəsi 2011-ci il aprelin 19-da mərzlənərək ayrılmış, bu barədə onun, Abşeron rayonu Qobu Bələdiyyəsinin şöbə müdirinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayonu şöbə müdirinin iştitakı ilə həmin tarixdə 723 №-li torpaqların alqı-satqısına dair akt tərtib olunmuşdur. Bundan sonra bələdiyyənin ərazisində ona ayrılmış 0,08 ha torpaq sahəsində abadlıq işləri aparılmış, ərazi kol-kosdan təmizlənməklə hamarlanmış, orada müxtəlif növ ağaclar əkilmiş, ərazi tərəfindən hasara alınmaqla yaşayış evi tikilmiş, ailə üzvləri ilə birlikdə ora köçüb yaşamağa başlamış, hazırda da orada yaşayır. Keçmiş müddət ərzində sözügedən torpaq sahəsi barədə ona kimsə tərəfindən etiraz və maneçiliklər törədilməmişdir. Adı çəkilən torpaq sahəsinin adına hüquqi qeydiyyata alınması və çıxarışın verilməsi üçün cavabdehə yazılı müraciət etmiş, lakin sonuncu 2022-ci il 21 sentyabr tarixli məktubu ilə bundan imtina etmiş, imtinanın səbəbi torpağın alqı-satqı aktının 2011-ci aprelin 19-da tərtib olunması, sözügedən qərarın arxiv arayışının müraciətə əlavə edilməməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinin 2009-cu ildə mövcud olduğu halda, Qobu Bələdiyyəsinin ona torpaq sahəsinin ayrılmasına dair xx.xx.2007-ci il tarixli qərarda Abşeron Ərazi İdarəsinə istinad olunduğu aşkar edildiyi, həmçinin Abşeron rayonu Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarışın qanuna müvafiq qaydada təsdiqlənmədiyi və döngə nöqtələrinin kordinatlarının göstərilmədiyi, habelə ayrılmış torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaqlara aid olması göstərilmişdir. Ona fərdi evin tikilməsi üçün torpaq sahəsi bələdiyyənin xx.xx.2007-ci il tarixli 21 saylı qərarına əsasən satılmış, həmin ilin dekabr ayında tərəfindən Bələdiyyənin xüsusi hesabına 500 manat vəsait köçürülmüşdür. İkincisi, adı çəkilən torpaq sahəsinin ona Bələdiyyənin xx.xx.2007-ci il tarixli qərarına əsasən satılması qərara alınmış, həmin ildə tərəfindən vəsait ödənilmiş, sonra torpaq sahəsinin ayrılması barədə istinad olunan torpaqların alqı-satqısına dair akt tərtib olunmuş və həmin akt 2011-ci il aprelin 19-da Abşeron rayon Ərazi İdarəsində qeydə alınmış, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsi bunu qanunamüvafıq hesab etmiş, xx.xx.2011- ci il tarixli 1853 №-li məktubla torpaq sahəsinin mülkiyyət hüququna dair sənədin verilməsinə etiraz etməmişdir. Üçüncüsü, cavabdehin qənaətinə görə Abşeron Rayon Ərazi idarəsi 2007-ci ildə deyil, 2009-cu ildə mövcud olduğundan onun hər hansı bir məlumatı yoxdur, amma onu bilir ki, Abşeron Rayon Ərazi İdarəsi dövlət təşkilatı kimi uzun illər mövcud olmuşdur. Cavabdehin imtinasının dördüncü səbəbini də əsassız hesab edir, çünki cavabdehə müraciət edən vaxt, sənədlərin siyahısına Abşeron rayonu, Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarış və həmin çıxarışa torpaq sahəsinin koordinatlarını göstərən sənəd də əlavə edilmişdir. Nəhayət, ayrılmış torpaq sahəsinin kənd təsərrüfatı örüş torpaqlarının olmasına gəldikdə isə onu qeyd etmək istəyir ki, ona ayrılmış torpaq sahəsinin ətrafı fərdi yaşayış evləri ilə əhatə olunmuşdur. siyahıda adının olmaması, bağ sahəsinə dair digər şəxslərin müraciətinin olması, həmçinin əraziyə baxış keçirilməsinə şəraitin yaradılmaması olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil xx.xx.2022-ci il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı: Qobu Bələdiyyəsi tərəfindən 0.08 ha torpaq sahəsinin xx.xx.2007-ci il tarixli, 21 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 19 aprel 2011-ci il tarixdə verildiyi; Təqdim edilmiş qərarın arxiv arayışının müraciətə əlavə olunmadığı; Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi 2009-cu ildən mövcud olsada, müraciət üzrə əlavə edilmiş Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 21 nömrəli qərarında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə istinad edildiyi; Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi; Torpaq sahəsinin təyinatına və hügugi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olması aşkar edilmişdir. Torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Qeyd edək ki, o zaman Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydalarf’na Əlavədə Torpaqların alqı-satqısına dair Aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin, “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə Torpaqların alqı-satqısı Qaydaları"na Əlavədən - “Torpaqların alqı-satqısına dair Akt” çıxarılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-903/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim İsmayıl Quliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin imtinasın əsaslı olmuşdur. Belə ki, cavabdehin də qeyd etdiyi kimi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi 2009-cu ildən mövcud olsa da, müraciət üzrə əlavə edilmiş Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 21 nömrəli qərarında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə istinad edilmişdir. Daşınmaz Əmlakın İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 2005-ci il tarixli, 1008 saylı Sərəncamı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Əmlakının İdarə Edilməsi və özəlləşdirilməsi departamentinin əsasında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 19 may 2009-cu il tarixli, 283 saylı Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ləğv edilmiş və onun əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yaradılmışdır. Göründüyü kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi məhkəməyə təqdim edilmiş bələdiyyə qərarının göstərildiyi tarixdə mövcud olmamışdır. Bu halda həmin tarixli qərarda Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsinin adının qeyd edilməsi qeyri-mümkündür. Məhkəmə hesab edir ki, qeyd edilən bələdiyyə qərarında gələcəkdə yaradılacaq quruma istinad edilməsi həmin qərarın qərarda göstrilən tarixdə yox, qərarda istinad edilə qurumun yaradıldığı tarixdən sonrakı vaxtlarda tərtib edildiyini göstərir. Bu isə həmin qərarın xx.xx.2007-ci il tarixdə qüvvədə olan qanunvericiliyə uyğun hüquqi nəticə yaratdığını istsna etdiyi kimi, iddiaçı tərəfin qərarın xx.xx.2007-ci il tarixdə verilməsini bildirməsindədə səmimi olmadığını göstərir. Qeyd edilənlər 0.08 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınmasından cavabdeh orqanın imtinasının əsaslı olduğunu göstərir. Belə ki, torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olduğu müəyyən edilmişdir, torpaq sahəsi kəndin perspektiv inkişafı (KPİ) üçün nəzərdə tutulan torpaqlara aid olsa da örüş torpağıdır və torpaq sahəsinin təyinatı dəyişdirilməli idi. Örüş torpaqlarının şəxslərin mülkiyyətinə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Hazırki işdə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Qobu Bələdiyyəsinin 02.11. 2007-ci il tarixli 21 saylı qərarına əsasən Qobu Bələdiyyəsinin ərazisindən mənə fərdi yaşayış evi tikmək üçün 0.08 ha torpaq sahəsi verilmiş, aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən bələdiyyənin hesabına bu məqsədlə 500 manat vəsait 2007-ci il dekabrın 05-də köçürülmüş, lakin torpaq sahəsi ona 2011-ci ilin aprelin 19-da rəsmi qaydada ayrılmış, bu barədə Qobu Bələdiyyəsinin şöbə müdiri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayonu üzrə şöbə müdirinin və onun iştirakı ilə 723 saylı akt tərtib olunmuşdur. Bundan sonra həmin torpaq sahəsində ərazi təmizlənmiş, hamarlanmış, abadlıq işləri aparılmış, ərazi hasara alınmaqla fərdi yaşayış evi tikilmiş, ailə üzvlərilə birlikdə ora köçüb yaşamağa başlamışlar. Torpaqdan istifadə barədə ona heç bir fiziki və ya hüquqi şəxslər, o cümlədən orda tikinti işləri aparan şəxslər tərəfindən etiraz edilməmiş, kimsəyə maneçilik törədilməmişdir. 2022-ci ilin sentyabr ayında ona ayrılmış torpaq sahəsinin hüquqi qeydiyyata alıması və çıxarışın verilməsi üçün aidiyyəti üzrə Ərazi İdarəsinə (iş üzrə cavabdehə) müraciət etmiş, cavabdeh torpaq sahəsinin verilməsinə dair qərarın 2007-ci ildə olmasına baxmayaraq, alqı-satqı aktının 2011-ci ildə tərtib olunması, həmin qərara dair arxiv arayışının olmaması, Abşeron Ərazi İdarəsinin 2009-cu ildə yaradılmasına baxmayaraq Qobu Bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılmasına dair xx.xx.2007-ci il tarixli qərarda Abşeron Ərazi İdarəsinin adı çəkilməsi kimi iradlarla bundan imtina etmiş, məhkəmə cavabdehin intinasını əsaslı hesab etməklə iddianı təmin etməməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, ona fərdi yaşayış evinin tikilməsi üçün Qobu Bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılmasına dair xx.xx.2007-ci il tarixli qərarda Abşeron Ərazi İdarəsinin adı çəkilməsi iddianın rədd edilməsi üçün əsas ola bilməz ona görə ki, həmin qərarda bu ad səhv olaraq göstərilmişdir ki, bu hal Abşeron Rayon Qobu Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 01 saylı arayışında Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin adının səhv olaraq Abşeron rayon Ərazi İdarəsi kimi göstərilməsi öz təsdiqini tapmışdır. Ayrılmış torpaq sahəsinin kənd təsərrüfatı təyinatla öyrüş torpaq sahələrinə aid olmasına gəldikdə isə həmin torpaq sahələri örüş torpaq sahələrinə aid olsa da oradan ümumiyyətlə örüş torpaq sahəsi kimi istifadə olunmur. O da daxil orada onlarla fərdi yaşayış evləri tikilmiş, buna kimsə etiraz etməmişdir. Bu məsələyə cavabdehin nümayəndəsi (mütəxəssis rəyi vermiş şəxs) məhkəmənin xx.xx.2023-cü il tarixli izahatında aydınlıq gətirərək bildirmişdir ki, ərazi kənd təsərrüfatı təyinatlı örüş sahəsi olsa da, sonradan bələdiyyə ətrafından kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahəsi kimi ayrılmışdir, lakin məhkəmə nədənsə bununla razılaşmamış, sorğu vermiş, sorğuya xx.xx.2023-cü ildə 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş cavabda ona ayrılmış torpaq sahəsinin kənd təsərrüfatlı örüş torpaq sahəsindən həqiqətən kəndin prespektiv inkişafı üçün nəzərdə tutulmuş torpaqlara aid olduğu bir daha öz təsdiqini tapmışdır. Bu məsələyə məhkəmə tərəfindən düzgün qiymət verilməmiş, ehtimallara əsaslanmışdır. Ona fərdi yaşayış evinin tikintisi üçün 0.08 ha torpaq sahəsinin ayrılmasına dair qərar 2007-ci ildə verilsə də, torpaq sahəsi 2011-ci ildə ayrıldığından akt da həmin tarixdə olmuşdur. Həmçinin, həmin qərarın və ona əlavə edilmiş sənədlərin surətlərin Abşeron rayon Dövlət Arxivi tərəfindən məhkəməyə təqdim olunması həmin qərarın həqiqiliyinə olan şübhələrin tamamilə aradan qaldırılmasının təsdiqidir. Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə ona ayrılmış 0.08 ha torpaq sahəsi kənd təsərrüfatına yararsız torpaq sahələri olduğundan yerli bələdiyyə həmin torpaq sahələrinin yaşayış məntəqələrinin perspektiv inkişafı üçün fərdi yaşayış evlərinin tikintisi məqsədi ilə ayrı-ayrı vətəndaşlara ayrılmış, buna heç bir dövlət orqanı etiraz etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşmə barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0.0797 ha olduğundan həmin hissədə iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0.0797 ha olduğundan həmin hissədə iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. .... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi müvafiq bələdiyyə qərarı əsasında iddiaçının adına ayrılmış 0,0797 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan müvafiq bələdiyyə qərarının (2007-ci il) tarixi ilə alqı-satqı aktının tarixinin (2011-ci il) fərqli olması, arxiv arayışının əlavə olunmaması, torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilməməsi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron şöbəsi 2009-cu il tarixdə yaradılsa da, 2007-ci il tarixli bələdiyyə qərarında həmin İdarənin adına istinad edilməsinin aşkar edilməsi, yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada təsdiq edilmədiyi, döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi, təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olması halına istinad edərək, iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdeh inzibati orqanın imtinası əsaslı hesab edilərək, iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq bələdiyyə qərarı ilə iddiaçının adına perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün 0,08 ha torpaq sahəsi satılmış, alı-satqı aktı tərtib edilmişdir. İddiaçı tərəfindən torpağın dəyərinin bələdiyyənin hesabına bank vasitəsilə ödənilməsinə dair ödəniş qəbzi mövcud olmuşdur. Bələdiyyə tərəfindən sözügedən torpaq sahəsinə dair yerquruluşu planından çıxarış tərtib edilərək, bələdiyyə və DTXK-nin müvafiq şöbəsi tərəfindən təsdiq edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən torpaq sahəsinin fərdi yaşayış evi tikilməsi məqsədilə satılmasına etiraz etməməsinə dair rəy tərtib edilmişdir. Həmçinin, iş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş mütəxəssis rəyinin məzmunundan görünür ki, müvafiq bələdiyyə qərarı ilə iddiaçının adına ayrılmış 0,08 ha torpaq shaəsinin 0,0797 ha hissəsi faktiki iddiaçının istifadəsində olmaqla, müvafiq yerquruluşu planından çıxarışda qeyd edilmiş koordinatlar daxilində yerləşir, faktiki istifadəsində olan torpaq sahəsi təyinatına və hüquqi rejiminə görə kateqoriyasının kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olması qeyd edilmişdir. Göründüyü kimi, indiki halda sözügedən torpaq sahəsinin iddiaçının adına ayrılması (satılması) və həmin torpaq sahəsinin 0,0797 ha hissəsinin onun faktiki istifadəsində olması halı iş materialları əsasında öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinası ilə bağlı qeyd edir ki, ”X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015ci il 29 yanvar tarixli, §49 Qərarlar). Həmçinin, həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərarı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. İndiki halda iddiaçının adına müvafiq torpaq sahəsinin ayrılmasına dair inzibati akt qüvvədədir. Hansı ki həmin inzibati akt torpaq sahəsinə dair mülkiyyət hüququnun yaranması üçün əsas hesab olunur. Nəticə etibarilə iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi sözügedən torpaq sahəsinə dair müvafiq alqı-satqı aktının tərtib edilmə tarixinin müvafiq bələdiyyə qərarının qəbul edilmə tarixindən fərqli olması, qanunamüvafiq qaydada təsdiq edilməməsi, yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada təsdiq edilməməsi halı iddiaçının təqsiri ilə əhatə olunamamaqla, onun hüquqi məsuliyyət daşıdığı öhdəlik kimi çıxış etməmişdir. Qeyd edilən sənədlərin qanunla müəyyən edilmiş qaydada tərtib edilməsi məhz müvafiq inzibati orqan və qurumların səlahiyyətinə aid olmuşdur. Belə olan halda, məhz müvafiq qurumların öz öhdəliyini lazimi qaydada icra edilməməsinin nəticələrinə istinad edilməklə, iddiaçının mövcud olan hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunvericiliyin mahiyyətinə, məqsədinə və prinsiplərinə zidd olmaqla yanaşı, iddiaçının konstitusion hüququnun əsassız olaraq mədudlaşdırılmasına gətirib çıxardır. Bundan əlavə, müvafiq bələdiyyə qərarının arxiv arayışı mövcud olmuşdur. Bu baxımından məhkəmə kollegiyasi qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının, iddia tələbinə etirazın əsası kimi istinad etdiyi həmin hallar əsassız olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən həmin hallara düzgün hüquqi qiymət verilməmişdir. Bundan əlavə, cavabdeh inzibati orqan imtina və etirazın dəlili kimi müvafiq 2007-ci il tarixli bələdiyyə qərarında 2009-cu il tarixdə yaradılmış İdarənin adının qeyd edilməsi halına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, bələdiyyə tərəfindən həmin hala aydınlıq gətirələrək, texniki səhv olaraq yazılması halına istinad edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, sözügedən bələdiyyə qərarı hazırda qüvvədədir. Bununla yanaşı, sözügedən torpaq sahəsinin dəyərinin ödənilməsinə dair qəbz 2007-ci il tarixdə verilmiş, alqısatqı aktı, müvafiq DTXK-nin rəyi 2011-ci il tarixdə tərtib edilmişdir. Həmçinin, qeyd edilən hal iddiaçının öhdəlik daşıdığı hal kimi çıış etməmişdir. Belə olan halda isə işin müəyyən edilmiş halları baxımından cavabdeh tərəfindən həmin əsasa istinad edilməsi formal xarakter daşımışdır. Qeyd edilməlidir ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Həmin hal iddiaçının iradəsi və hərəkətləri nəticəsində deyil, müvafiq qurumun öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının adına müvafiq torpaq sahəsinin ayrılmasına dair inzibati akt qüvvədə olduğundan, inzibati icraat haqqında qanunvericiliyin norma və prinsipləri əsas götürülməklə, habelə yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqanın imtinasının əsası kimi istinad etdiyi halları əsassız olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hissədə işin hallarına düzgün hüquqi qiymət verilməmiş, nəticə etibarilə iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, indiki halda cavabdeh tərəfindən sözügedən torpaq sahəsinin təyinatı ilə bağlı hal da mübahisələndirilmişdir. Məhkəmə kollegiyası imtina və etirazın həmin dəlili ilə bağlı qeyd edir ki, müvafiq bələdiyyə qərarında sözügedən torpaq sahəsinin təyinatı və kateqoriyası kəndin perspektiv inkişaf fonduna aid olan torpaq sahəsi kimi qeyd edilmiş, həmin qərar hazırda qüvvədədir. Həmçinin, cavabdeh özünün məhkəməyə təqdim etdiyi məktub və ortofoto görüntüsünü məzmunundan görünür ki, qeyd edilən torpaq sahəsi kəndin perspektiv inkişaf fonduna aiddir. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinə dair mülkiyyət hüququ qeydiyyata alınmaqla, həmin torpaq sahələrinin təyinatı yaşayış məntəqləri kimi qeyd edilmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin kateqoriyasının yaşayış məntəqələri torpaq sahəsi kimi qeyd edilməsi, habelə həmin torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir. Başqa sözlə desək, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). Bu baxımından məhkəmə kollegiyası qeyd olunan konteksdə də işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı halda, iddiaçıya münasibətdə bu hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi halı özlüyündə onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan cavabdeh inzibati orqanın qeyd olunan arqumenti də əsassız olmuşdur. Buna baxmayaraq, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan halları tam araşdırılmamış, işin halları inzibati icraat haqqında qanunvericiliyin norma və prinsipləri baxımından düzgün qiymətləndirilməmiş, nəticə etibarilə qeyd edilən hissədə də iş üzrə gəldiyi nəticə yalnış olmuş, iddiaçının apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, bununla da iş üzrə gəldiyi nəticə düzgün olmadığından, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-903/2023 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Abşeron rayonu Qobu bələdiyyəsinin 02 noyabr 2007-ci il tarixli 21 nömrəli qərarı ilə ona ayrılmış 0,08 ha torpaq sahəsinin 0,0797 ha hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.