Məhkəmə qərarları › İş №2-1(105)-344/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-344/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-344/2025 03.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət büdcəsinə ödənilməmiş 15500 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15500 manat məbləğində siyahıya alınmış əmlakının satılması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 2-1(118)-435/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət büdcəsinə ödənilməmiş 15500 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15500 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan 15500 manat borcuna görə 15500 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli, **********1 nömrəli protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 1 (bir) vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət büdcəsinə 15500 manat ödənilməmiş borcu qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri İddia tələbinə dair etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarından görünür ki, əmlakın siyahıya alınması barədə 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Cavabdeh əmlakı siyahıya alınmışdır. Əmlakın siyahıya alınması barədə xx.xx.2023-cü il protokoldan və ona əlavə edilmiş siyahıdan görünür ki, Cavabdeh əmlakı kimi 15500,0 manat dəyərində **-DN-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ İ30” markalı nəqliyyat vasitəsi siyahıya alınmışdır. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "HYUNDAİ İ30" markalı **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən Cavabdeh adında qeydiyyatdadır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 2-1(118)-435/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2022-ci il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 15500 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixli, **********1 nömrəli Protokol əsasında siyahıya alınmış Cavabdeh məxsus dəyəri 15500 manat məbləğində olan 1 (bir) ədəd **-DN-*** dövlət qeydiyyat nömrə nişanlı, 2010-cu il istehsalı, “Hyundai İ30” markalı avtomobilin ixtisaslaşdırılmış açıq hərracda satılması qərara alınmışdır (hakim Rahim Həsənov). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, mövcud qərarda qeyd olunsa da, açıq məhkəmə iclasında baxılaraq guya onun iştirakı ilə qərar qəbul edilib elan edilmişdir. Bu tamamilə əsassızdır. Bu halı məhkəmə iclasının audio video yazılışlarına baxaraq da müəyyən etmək olar. Həmçinin digər bir fakt bu halı təsdiq edir ki, mövcud qərar elektron məhkəmə kabinetinə yüklənməmişdir. Hesab edilir ki, Sumqayıt İnzibati Məhkəməsinin qərar qəbul edilərkən məhkəmə tərəfindən qeyd olunan normaların tələbləri pozulmuşdur. Göründüyü kimi, Konstitusiyanın bu müddəalarına uyğun olaraq məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Açıq-aşkardır ki, cavabdehin hüquqlarının müdafiəsinə təminat verilməmiş və qərəzli yanaşılmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29. Mülkiyyət hüququ ....İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.... Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Maddə 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir:nağd pul vəsaitləri;bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair);hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər;istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər;inventarizasiya aparılmaqla digər əmlak. Maddə 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. Maddə 89.8. Əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir.Əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanı vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) əmlakın siyahıya alınması prosesində iştirak etməsinə icazə verməməyə səlahiyyətli deyildir.Əmlakın siyahıya alınması prosesində müşahidəçilərə, mütəxəssis kimi iştirak edən şəxslərə, həmçinin vergi ödəyicisinə (onun nümayəndəsinə) onların hüquq və vəzifələri izah edilməlidir. Maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə (dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın reyestr məlumatlarına əsasən siyahıya alınması halı istisna olmaqla) protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir.Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 89.14. Siyahıya alınmış malların vergi ödəyicisində məsul saxlamaya qoyulması aşağıdakı qaydada həyata keçirilir:89.14.1. Siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur.89.14.2. Vergi ödəyicisinin bu qaydaları pozaraq siyahıya alınmış mallara dair bağladığı əqdlər qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab edilir.89.14.3. Vergi ödəyicisi siyahıya alınmış malları məsul saxlamaya qoymaq üçün qəbul etməkdən imtina etdikdə və ya vergi ödəyicisinin malları saxlamaq üçün müvafiq şəraiti olmadıqda, vergi orqanının vəzifəli şəxslərinin (şəxsinin), vergi ödəyicisinin (və ya onun nümayəndəsinin), iki müşahidəçinin və obyektin məsul şəxsinin iştirakı ilə edilən hərəkətlər protokolla rəsmiləşdirilərək mallar yerindəcə qablaşdırılır, möhürlənir və obyektdən vergi orqanının müəyyən etdiyi digər vergi ödəyicisində və ya vəzifəli şəxsdə məsul saxlamaya qoyulmaq ücün götürülür. ..... Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. Maddə 90.3-1. Dövlət əmlakı istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış dəyəri 5000 manatadək olan daşınar əmlakları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi qaydada vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi vergi ödəyicisi qismində çıxış edən cavabdehin vergi borcunun ödənilməməsi ilə əlaqədar ona məxsus olan müvafiq əmlakın satılması ilə bağlıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, protokol əsasında vergi ödəyicisinə məxsus əmlak vergi ödəyicisinin iştirakı ilə siyahıya alınmış və həmin əmlak siyahıya alındıqdan sonra saxlanılması üçün vergi ödəyicisinin məsul saxlancına verilərək, bu barədə “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” Akt tərtib edilmişdir. Həmin Protokolda və Aktda siyahıya alınmanın hüquqi nəticələri, siyahıya alınmış əmlakla əlaqədar davranış qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri vergi ödəyicisinin qanuni təmsilçisinə elan edilmiş və sonuncu həmin sənədləri imzalamışdır. Məhkəmə tədqiqatı nəticəsində müəyyən olunur ki, Dövlət Büdcəsinə olan 15500 manat məbləğində borc ödənilmədiyi üçün xx.xx.2023-cü il tarixli, **********1 nömrəli Protokol əsasında siyahıya alınmış Cavabdeh məxsus dəyəri 15500 manat məbləğində olan 1 (bir) ədəd **-DN-*** dövlət qeydiyyat nömrə nişanlı, 2010cu il istehsalı, “Hyundai İ30” markalı avtomobili ixtisaslaşdırılmış açıq hərracda satılması ilə əlaqədar verilmiş iddia tələbi əsaslıdır. Vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi üsulu kimi Vergi Məcəlləsinin 89 və 90-cı maddələrində əmlakın siyahıya alınması və siyahıya alınmış əmlakların satılmasına dair tənzimləmələr mövcuddur. Qeyd edilən tənzimləmələrin mənasına görə, yekun məqsədə xidmət edən, bir- biri ilə əlaqəli, lakin iki müstəqil təmin etmə üsulu mövcuddur - əmlakın siyahıya alınması və siyahıya alınmış əmlakın məhkəmə qaydasında qəbul edilən qərar əsasında satılması. Qanunvericiliyin tələblərinə görə yalnız vergi ödəyicisinə məxsus olan əmlak siyahıya alına bilər. Buna görə də, siyahıya alınma mərhələsində əmlakın vergi ödəyicisinə əmlak hüquqları əsasında məxsus olduğu mötəbər sübutlarla təsdiq olunmalıdır. Əmlaka daşınar və danışmaz əmlaklar, habelə qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) aiddir. Bundan başqa, siyahıya alınma əsaslandırılmış qərar çıxarılmaqla həyata keçirilməli, sözügedən qərarda əmlakın vergi ödəyicisinə məxsusluğuna dair mötəbər sübutlara və müvafiq hüquq müəyyənedici sənədlərə istinad olunmalıdır. Hüquqi şəxsin bütün əmlakı, fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı borcun məbləği nəzərə alınmaqla siyahıya alına bilər. Siyahıya alınmaya münasibətdə qanunvericinin riayət edilməsi məcburi olan şərt kimi müəyyən etdiyi hallardan biri də mütənasiblik və ardıcıllıqla bağlı tələblərə əməl olunmasıdır. Buna görə, yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Digər tərəfdən, əmlakın siyahıya alınması Vergi Məcəlləsinin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla və yenə Məcəllənin 89.6-cı maddəsində müəyyənləşdirilmiş ardıcıllığı riayət edilməklə həyata keçirilməlidir. Kollegiya qeyd edir ki, siyahıya alınma barədə qərarın qəbul edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulduğunu iddia edən maraqlı şəxslər siyahıya alınma barədə qərarı mübahisələndirməklə hüquqi müdafiə imkanlarından istifadə edə bilərlər. Çünki, həmin qərar vergi ödəyicisinin əmlakları barəsində hüquqlarının müəyyən dərəcədə məhdudlaşdırılması nəticəsini yaradır. Siyahıya alınmış əmlakın məhkəmə qaydasında qəbul edilən qərar əsasında satılması imkanı isə vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə ödənilməsinin siyahıya alınma mərhələsindən sonra gələn təminat üsulu kimi çıxış edir. Qanunvericilikdə bu hüquqi imkandan istifadə edilməsinin qayda və şərtləri dəqiq tənzimlənmişdir. Buna görə, əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, vergi orqanı tərəfindən belə iddia verilənədək siyahıya alınma barədə qərar qəbul edilməli, həmin qərarın qəbul edilməsindən 30 gün keçməsinə baxmayaraq büdcə qarşısında olan öhdəlik yenə də yerinə yetirilməmiş olmalıdır. Bundan başqa, yalnız siyahıya alınmış əmlakların satılması barədə qərar çıxarıla bilər, siyahıya alınmamış əmlaklar barəsində belə qərar verilə bilməz. Məhkəmə siyahıya alınmış bütün əmlakların deyil, qərar qəbul edilən ana mövcud borc nəzərə alınmaqla zəruri və kifayət olan həcmdə əmlakların satılması haqqında qərar verməlidir. Bunun üçün məhkəmə, ilk növbədə, məhz qərar çıxardığı ana mövcud olan dəqiq borc məbləğini müəyyən etməli, aradan keçən zaman ərzində borcun ödənilməsinə yönəlmiş hərəkətlərin edilib-edilmədiyini araşdırmalıdır. Məhkəmə üçün həlledici olan həmin anda mövcud olan borc məbləğinin dəqiq müəyyənləşdirilməsidir. Çünki məhz qərar çıxarıldığı anda mövcud olan borc məbləğini ödəmək üçün zəruri və kifayət olan həcmdə əmlakların satılması haqqında qərar verilməlidir. Hazırki iş üzrə iş materiallarından görünür ki, əmlakın siyahıya alınması barədə 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Cavabdeh əmlakı siyahıya alınmışdır. Əmlakın siyahıya alınması barədə xx.xx.2023-cü il protokoldan və ona əlavə edilmiş siyahıdan görünür ki, Cavabdeh əmlakı kimi 15500,0 manat dəyərində **-DN-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ İ30” markalı nəqliyyat vasitəsi siyahıya alınmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "HYUNDAİ İ30" markalı **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən Cavabdeh adında qeydiyyatdadır. Eyni zamanda apellyasiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 15500,0 manat məbləğində borcdan hal-hazıradək ödəniş edilib-edilməməsi və hazırkı borc barədə məlumat verilməsi və ödəniş edildiyi təqdirdə bununla əlaqədar sənədlərin ən qısa zaman ərzində məhkəməyə təqdim edilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinə sorğu ünvanlanmışdır. İdarənin 3-21- 2-10/2-25160/2025 nömrəli cavab məktubundan görünür ki, Cavabdeh (VÖEN **********) xx.xx.2022-ci il tarixli, **********1 nömrəli Qərar üzrə 15500,0 manat vergi borcu vardır. Həmçinin iş materiallarına əlavə olunmuş “Elektron məhkəmə informasiya sistemi”ndə cavabdehə məxsus avtomobil nəqliyyatı məlumatlarından görünür ki, "HYUNDAİ İ30" markalı **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən Cavabdeh adında qeydiyyatdadır. Göründüyü kimi məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, vergi öhdəliyinin yerinə yetirilməsi istiqamətində cavabdeh tərəfindən hər hansı addım atılmamış, dövlət büdcəsinə olan borc məbləği ödənilməmişdir. Nəzərə alınmalıdır ki, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin üzərinə vəzifə kimi qoyulmuş və vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda cavabdeh öhdəliklərini yerinə yetirməmiş, vergi borcu üzrə yaranmış borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməmişdir. Belə ki, qanunla müəyyən edilmiş qaydada vergiləri, həmçinin məcburi dövlət sosial sığorta haqlarını ödəmək hər bir ödəyicinin vəzifəsidir. Eyni zamanda borc ödənilmədiyi təqdirdə ona məxsus əmlakın siyahıya alınması və satılması barədə iddia ərizəsi ilə 30 gün müddətində məhkəməyə müraciət edilməsi isə bu sahədə nəzarəti həyata keçirən vergi orqanın vəzifəsidir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayəti versə də, ancaq birinci instansiya məhkəməsində iştirak etməməsini qeyd etmiş, iddianın əsassız olması ilə bağlı hər hansı bir əsas göstərməmişdir. Bu qeyd edilənlər isə apellyasiya şikayətinin əsassız olduğunu göstərir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 2-1(118)-435/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar