Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-345/2021 20.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona 01 iyul 1992-ci il tarixdən 01 oktyabr 1992-ci ilədək N saylı hərbi hissənin tərkibində Laçın rayonu ərazisində gedən döyüşlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı və veteran vəsiqəsinin verilməsini cavabdehə həvalə olunması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-1(118)- 405/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 01 iyul 1992-ci il tarixdən 01 oktyabr 1992-ci ilədək N saylı hərbi hissənin tərkibində Laçın rayonu ərazisində gedən döyüşlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı və veteran vəsiqəsinin verilməsini cavabdehə həvalə olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4789/2020 saylı, 07.09.2020-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-1(118)-405/2021 saylı qərarı ilə iddia təmin olunmamışdır. (hakim İ.Quliyev) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apelyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında bildirdi ki, Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2-1(118)-405/2021 saylı qərarı məcburi köçkün kimi məskunlaşdığı Sumqayıt şəhəri, Texniki kollecin yataqxanasına göndərilsə də, onun tərəfindən qəbul edilməmişdir. Belə ki, o, həmin ünvanda yaşamadığından, qərar ilk olaraq bacısı tərəfindən qəbul edilmiş və sonradan ona verilmişdir. Bu səbəbdən də hesab edir ki, həmin qərardan şikayət verilməsi müddəti ötürülməmişdir. Sonda iddiaçı apelyasiya şikayətinin mümkün sayılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apelyasiya şikayətinin mümkünlüyü məsələsinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apelyasiya şikayətinin vaxtında verilməsi, apelyasiya şikayəti verən şəxs və ya onun nümayəndəsinin belə şikayəti verməkdə səlahiyyətli olma məsələsi apelyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Həmin Məcəllənin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İş materiallarından görünür ki, mübahisələndirilən qərarın surəti 25 fevral 2021-ci il tarixli müşayiətedici məktubla sifarişli-xəbərnaməli poçt vasitəsi ilə tərəflərə göndərilmiş və iddiaçının ünvanına göndərilmiş məhkəmə bildirişi 01.03.2021-ci il tarixdə “şəxsən” qrafasına imza edilərək qəbul edilmişdir. İnzibati Prosessual Məcəllənin 85-ci maddəsində qeyd olunub ki, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İstinad olunan inzibati prosessual normanın tələbinə əsasən, iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərardadından şikayət verilmənin son müddəti 31.03.2021-ci il tarixdə bitmişdir. (iş materiallarının 78-ci vərəqi) İş materiallarına əlavə edilmiş poçt göndərişlərinin izlənməsi barədə məlumatdan görünür ki, iddiaçı tərəfindən göndərilən məktub 19.04.2021-ci il tarixdə poçt məntəqəsi tərəfindən qəbul edilmiş və 21.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Lakin iş materiallarından göründüyü kimi, hazırki iş üzrə iddiaçı tərəfindən məhkəmə qərarından apelyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair hər hansı ərizə məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası xidməti vəzifəsindən istifadə etməklə məhkəmə iclasında apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürüldüyünü qeyd etmiş və ötürülmüş prosessual müddətin bərpasına dair müvafiq ərizənin verilməsini təklif etmişdir. İddiaçı tərəfindən ötürülmüş müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edilməmiş, əksinə, iddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında mübahisələndirilən qərarın onun tərəfindən qəbul edilmədiyini və bu səbəbdən də müddətin ötürülmədiyini bildirmişdir. İddiaçının bu dəlili ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. Əvvəla iddiaçının bu dəlili iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi mübahisələndirilən qərarın surəti iddiaçının ünvanına göndərilmiş və “şəxsən” qrafasına imza edilərək qəbul edilmişdir. Məlumdur ki, poçt göndərişinin verilməsi haqqında sifarişli xəbərnamələrdə “şəxsən” qrafası ilə yanaşı, həmçinin “etibarnamə ilə”, eləcə də “digər qaydada” qrafaları da mövcuddur və adından göründüyü kimi bu qrafalar ünvan sahibinin özü deyil, səlahiyyətli nümayəndəsi və ya yaxın qohumlarının imza edilməsi üçün nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, mübahisələndirilən qərardad iddiaçının şəxsən özü tərəfindən qəbul edilməmişdirsə, onda “şəxsən” qrafası deyil, digər qrafalar doldurulmalı və iddiaçıya münasibəti qeyd edilməli idi. Bundan əlavə, AR İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.5-ci maddəsinə görə məhkəmə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinin tələbinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Həmin Məcəllənin 135.3-cü maddəsinin məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Həmin Məcəllənin 135.5-cü maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İstinad olunan normalardan göründüyü kimi iş üzrə tərəflərin rəsmi qeydiyyatda olduğu və yaşadığı ünvana məhkəmə aktının və ya bildirişinin göndərilməsi həmin sənədin rəsmi qaydada verilməsi hesab olunur. Hazırki halda da işdən görünür ki, iddiaçı iddia ərizəsində yaşadığı ünvan kimi Sumqayıt şəhəri, Texniki kollecin yataqxanasını qeyd etmiş, məhkəmə də həmin ünvana mübahisələndirilən qərarın surətini göndərmişdir. Bu isə o deməkdir ki, hətta iddiaçının hazırki iş üzrə dəlili şərti olaraq qəbul edilsə belə, yəni məlum qərar iddiaçı tərəfindən deyil, iddiaçının yaşadığı ünvanda onunla birlikdə yaşayan ailə üzvləri tərəfindən qəbul edilmiş olsa belə, bu hal yenə də iddiaçını müddətin ötürülməsi üzrə məsuliyyətdən azad etmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən 16 fevral 2021-ci il tarixli, 2-1(118)-405/2021 saylı qərardan apelyasiya şikayəti onun verilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük prosessual müddət ötürülməklə verildiyindən, məhkəmə tərəfindən təklif edilməsinə baxmayaraq bu müddətin bərpası ilə bağlı hər hansı ərizə məhkəməyə təqdim olunmadığından, başqa sözlə, ötürülmüş müddətin üzrlü səbəblərdən buraxılması xahiş edilmədiyindən, verilmiş apelyasiya şikayətinin mümkün sayılması üçün hər hansı əsas mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-1(118)-405/2021 saylı qərarından apelyasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1ci maddəsində nəzərdə tutulmuş prosessual müddət iddiaçı tərəfindən ötürüldüyündən və bu müddətin bərpası ilə bağlı ərizə təqdim edilmədiyindən iddiaçının apelyasiya şikayəti mümkün sayılmamalı və bununla da аpelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2-1(118)-405/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmasın. Apelyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Telman Quliyev Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(105)-345/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-345/2021
20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver