Məhkəmə qərarları › İş №2-1(105)-345/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-345/2022

01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-345/2022 01.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsin 1 saylı Regional Ərazi Filialına qarşı “ yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-733/2021 nömrəli qərarından cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı 17 sentyabr 2020-ci il tarixdə cavabdeh inzibati orqana ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair ərizə ilə müraciət etmiş, müraciətə baxılmış və cavabdehin 06 yanvar 2021-ci il tarixli **********1 nömrəli məktubu ilə iddiaçının müraciətiə cavab olaraq bildirilmişdir ki, əmək kitabçasında qeyd olunan xx.xx.1993-xx.xx.1995-ci illərə dair sosial sığorta stajının yoxlanılması mümkün olmamışdır. Bu səbəbdən həmin dövrlərin pensiya hesablanmasında nəzərə alınması qanunvericiliklə mümkün deyildir. Cavabdeh 25 il sığorta stajı və ya 28800 manat pensiya kapitalı toplanılmadığından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsini qanunazidd hesab edərək onun müraciətinin icrasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdeh inzibati orqana qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “sağlamlıq imkanları məhdud olan xx.xx.1997-ci il təvəllüdlü qızı X3 qulluq etdiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. xx.xx.1979-cu ildən Bakı Trikotaj Fabrikində əmək fəaliyyətinə başlamış, xx.xx.1982-ci il tarixədək bu idarədə toxucu peşəsində, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə kimi Bakı Təkər zavodunda, xx.xx.1984-cü ildən xx.xx.1993-cü ilədək Bakı Qab Emalı zavodunda emalçı, xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək Azərbaycan Korlar Cəmiyyətinin 3 nömrəli İxtisaslaşmış Təmir Tikinti İdarəsində İİİ dərəcəli rəngsaz, xx.xx.2000-ci ildən xx.xx.2020-ci il tarixədək müxtəlif idarə və müəssisələrdə əmək kitabçasına qeyd edilməklə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bundan başqa iddiaçının qızı 1997-ci il təvəllüdlü X7 anadangəlmə sağlamlıq imkanları məhdud olmuş, bununla bağlı iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh orqan ona imtina cavabı vermişdir. Cavabdeh iddia tələbinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1993-xx.xx.1995-ci illərdə “Korlar Cəmiyyətinin” İxtisaslaşmış Təmir Tikinti İdarəsində işləməsi faktını yoxlamaq mümkün olmamışdır. İdarə tərəfindən əmr kitabları təqdim edilmədiyindən işə qəbul və çıxma əmrlərinin düzgünlüyünün yoxlanılması, həmçinin əmək haqqı cədvəlləri müəssisə tərəfindən təqdim olunmadığı üçün hansı illərədək əmək haqqı almağını aydınlaşdırmaq mümkün olmamışdır. Cavabdeh qeyd olunanlara əsasən həmin illərin pensiya hüququ verən sosial sığorta stajına daxil edilməsini qanuna zidd hesab edir. İddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun həm 7-ci , həm də 8.2-ci maddələrinin şərtləri ödənməlidir. İddiaçının sağlamlıq imkanları məhdud uşağı X3 qulluq etməsi ilə əlaqədar pensiya yaşı 5 il azaldılmışdır. Lakin, qeyd olunan Qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq iddiaçının 23 il 9 ay 19 gün sosial sığorta stajı olduğu üçün ona pensiya təyin edilməsi qanunazaiddir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-733/2021 nömrəli qərarı ilə iddia təmin edilərək iddiaçının sağlamlıq imkanları məhdud olan xx.xx.1997-ci il təvəllüdlü qızı X3 qulluq etdiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmuşdur (hakim V.Əzizova) Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının işlədiyini iddia etdiyi illərə və müəssisələrin mövcudluğuna dair məlumatları dəqiqləşdirmək üçün cavabdeh orqan tərəfindən “Milli Arxiv İdarəsi”nə və “Gözdən Əlillər Cəmiyyəti” nə sorğular göndərilmişdir. Sorğulara gələn cavab məktubunda “Korlar Cəmiyyəti” ilə bağlı məlumatlar və iddiaçının həmin cəmiyyətdə işləməsinə dair heç bir sənəd aşkar edilməmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qayadalarının 3.9cu maddəsinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Qanunvericilik aktlarının əlaqəli təhlilindən göründüyü kimi, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş analara yaşa görə pensiya təyin edilməsi üçün 1) ana qanunla tələb olunan yaş həddinə çatmalı; 2) ananın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya 25 il sığorta malik olmalı; 3) ana həmin uşağını 8 yaşına qədər tərbiyə etməli; 4) həmin uşağın sağlamlıq imkanlarının məhdudluğu məhz 8 yaşına qədər yaranmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən göründüyü kimi həmin akt müvafiq səlahiyyətli orqanlar (o cümlədən DSMF-nin nümayəndələri) tərəfindən rəsmiləşdirilməmiş, onun tərtib edilməsində yalnız 3 şahid çıxış etmişdir. Bu isə həmin aktın doğruluğunu, mötəbərliyini birbaşa şübhə altına almışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etdi. İddiaçı, həmçinin, məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixədək “Korlar Cəmiyyəti” nin ixtisaslaşdırılmış Təmir Tikinti İdarəsində əmək fəaliyyəti dövrlərinin nəzərə alınaraq pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 8.2. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67.1-2. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddianın dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək “Korlar Cəmiyyəti”nin ixtisaslaşdırılmış Təmir Tikinti İdarəsində əmək fəaliyyəti dövrlərinin sosial sığorta stajına daxil edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Azərbaycan Respublikası, Ağdam rayonunda anadan olmuşdur. Qubadlı rayonu, Dəmirçilər kəndində qeydiyyatdadır. (AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsi) Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyası təyin edə bilmək üçün qanunun qeyd edilən müddəasında təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur: 1) şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İşdə olan 6 nömrəli Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışlardan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü X3 əlillik dərəcəsi xx.xx.2012-ci ildə təyin edilmiş, sonrakı illərdə müddəti uzadılmış, xx.xx.2016-cı ildə isə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan iddiaçının qonşuluğunda yaşayan X2, X4 və X6 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı övladı X5 1997-ci ildən himayəsində böyüdüb boya-başa çatdırmışdır. Beləliklə, iddiaçının sağlamlıq imkanları məhdud xx.xx.1997-ci il təvəllüdlü qızı X5 8 yaşınadək tərtbiyə etməsi işin mübahisəsiz halıdır. İddiaçı cavabdeh inzibati orqana 17 sentyabr 2020-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmiş, həmin dövrdə qadınlara yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddi 62 yaş olmuşdur. İddiaçı xx.xx.1963– cü il təvəllüdlü olduğu üçün və ona “Əmək pensiyaları haqqında” qanunun 8.2-ci maddəsində qeyd olunan güzəşt şamil olunduğundan 57 yaşında yaşa görə əmək pensiyası hüququ qazanmışdır. Hazırda iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya yaşına çatması ilə bağlı birinci şərt ödənilir. İkinci şərtlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının “Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 25 il sığorta stajı olmalıdır. İddiaçıya məxsus əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək 2 il 9 ay 24 gün Bakı Trikotaj Fabrikində toxucu, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək 1 il 10 ay 9 gün Bakı Təkər zavodunda, xx.xx.1984-cü il tarixdən xx.xx.1993-cü il tarixədək 9 il 2 gün Bakı Qab Emalı zavodunda emalçı, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək 2 il 18 gün Azərbaycan Korlar Cəmiyyətinin 3 nömrəli İxtisaslaşmış Təmir Tikinti İdarəsində İİİ dərəcəli rəngsaz, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək 1 il 9 ay 28 gün Nəsimi rayon 77 nömrəli MKİS-də süpürgəçi, xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək 4 il 2 ay 21 gün Laçın rayon Biləcəri orta məktəbində xadimə, xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 1 il 9 ay 12 gün Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyində süpürgəçi və xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 2 il 2 ay 13 gün "xxxx" MMC-də xadimə işlədiyi müddət nəzərə alındıqda iddiaçının ümumilikdə (26 il 9 ay 7 gün) 25 ildən artıq sığorta stajına malik olduğu təsdiq olunur. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlili iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Korlar Cəmiyyətinin 3 nömrəli İxtisaslaşmış Təmir Tikinti İdarəsində işləməsi faktının yoxlanılmasının mümkün olmadığı və bu səbəbdən həmin dövrlərin sosial sığorta stajına daxil edilmədiyidir. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsassız hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi iddiaçının işlədiyi dövrdə və hazırda qüvvədə olan qanunvericiliyin normalarına görə əmək kitabçası işçinin iş stajını təsdiq edən sübut kimi qəbul edilir. İddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Korlar Cəmiyyətinin 3 nömrəli İxtisaslaşmış Təmir Tikinti İdarəsində işləməsi isə işdə olan əmək kitabçasındakı qeydlə təsdiq edilir. Bundan əlavə işdən görünür ki, cavabdeh inzibati orqanın sorğusuna Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İB tərəfindən xx.xx.2021-ci il tarixli 03/024 saylı məktubla cavab verilərək bildirilmişdir ki, Gözdən Əlillər Cəmiyyətinin Mərkəzi Arxivi su sızması nəticəsində məhv olduğu üçün bütün işçilərin sənədləri yararsız vəziyyətə düşmüşdür. Bu səbəbdən iddiaçının 3 nömrəli İxtisaslaşmış Təmir Tikinti İdarəsində işləyib-işləmədiyinə dair sorğuya cavab verilməsi imkan xaricindədir. Həmçinin, işdən görünür ki, Azərbaycan Korlar Cəmiyyətinin 3 nömrəli İxtisaslaşmış Təmir Tikinti İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə mühafizə üçün təhvil verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1995ci il tarixədək Azərbaycan Korlar Cəmiyyətinin 3 nömrəli İxtisaslaşmış Təmir Tikinti İdarəsində işləməsi onun əmək kitabçasında əks olunduğundan, sənədlərin yerində qarşılıqlı yoxlanmasının mümkün olmaması iddiaçının təqsiri üzündən baş verən hal deyildir. Odur ki, qeyd edilən dövr iddiaçının ümumi iş stajına daxil edilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 25 ildən artıq sığorta stajına malikdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıya pensiya təyin olunmasından imtina etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, qanuni məhkəmə qərarının ləğvinə səbəb ola bilməz. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim etdiyindən, həmin ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Korlar Cəmiyyətinin 3 nömrəli İxtisaslaşmış Təmir Tikinti İdarəsində işlədiyi illər sosial sığorta stajına daxil edilməklə , ona hüququnun yarandığı tarixdən, yəni 06 iyul 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-733/2021 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Korlar Cəmiyyətinin 3 nömrəli İxtisaslaşmış Təmir Tikinti İdarəsində işlədiyi illər sosial sığorta stajına daxil edilməklə, ona hüququnun yarandığı 06 iyul 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin 1 saylı Regional Ərazi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar