Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-345/2023 27.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi və s. tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2-1(118)-523/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Cavabdeh xx.xx.2021-ci il tarixli, 102 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının Cavabdehnə əvvəlki vəzifəsinə işə bərpa olunması və əmək müqaviləsinə xitam verildiyi xx.xx.2021-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh başçısı Novruz Novruzovun xx.xx.2009-cu il tarixli, 41/1 nömrəli sərəncamına əsasən iddiaçı Cavabdeh başçısı aparatında Ərazi İdarəetmə orqanları ilə iş şöbəsinə böyük məsləhətçi vəzifəsinə, xx.xx.2012-ci il tarixli, 60 nömrəli sərəncamına əsasən Cavabdeh başçısının Mülki Müdafiə Qərargahının rəisi vəzifəsinə, xx.xx.2012-ci il tarixli, 157/1 nömrəli sərəncamına əsasən Cavabdeh başçısı aparatının İnformasiya Təminatı və Təhlili Sektorunun müdiri vəzifəsinə xx.xx.2015-ci il tarixli, 120 nömrəli əmrinə əsasən Cavabdeh başçısı aparatının İctimai Siyasi və X2 müdir müavini-dini qurumlarla işin təşkilatçısı vəzifəsinə təyin edilmişdir. İddiaçı Cavabdehndə müxtəlif vəzifələrdə işləyərkən işinin öhdəsindən daim müvəffəqiyyətlə gəlmiş və öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. Lakin heç bir əsas olmadan Cavabdeh başçısı Asif Hüseynovun xx.xx.2021-ci il tarixli, 102 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi əsas gətirilərək tutduğu vəzifədən azad edilmişdir. İddiaçı xx.xx.2021ci il tarixdən məzuniyyətdə olmuşdur. Kart hesabından çıxarış da iddia ərizəsinə əlavə edilmişdir. Belə ki, həmin çıxarışdan da görünür ki, iddiaçının kart hesabına xx.xx.2021-ci il tarixində məzuniyyət pulu da daxil olmaqla 2322.36 manat məbləğində pul köçürülmüşdür. Lakin, iddiaçı məzuniyyətdə ola-ola qeyri qanuni olaraq işdən azad olunmuşdur. Cavabdeh başçısı Asif Hüseynovun xx.xx.2021-ci il tarixli, 102 nömrəli əmrində guya iddiaçının öz təşəbbüsü ilə vəzifədən azad edildiyi göstərilir. Belə ki, Cavabdeh başçısı Asif Hüseynov Cavabdeh başçısı təyin olunandan sonra iddiçıdan 2019-cu ilin aprel ayında iradəsinə zidd olaraq işdən azad olunma barədə ərizə almış, həmin vaxt ərizə verməyəcəyi təqdirdə işdən azad olunacağı ona bildirilmişdir. İddiaçı da məcbur olub belə bir ərizə vermişdir. Göründüyü kimi həmin ərizə öz-özlüyündə etibarsız ərizədir. Üstəlik həmin ərizənin üzərindən 2 il yarım keçəndən sonra həmin etibarsız ərizə əsas götürülməklə iddiaçı işdən azad olunmuşdur. Əmək müqaviləsinə xitam veriləndən sonra iddiaçıya bu barədə heç bir əmr verilməmiş, əmək müqaviləsinə xitam veriləndən xeyli müddət keçəndən sonra o, Cavabdehndən özü şəxsən gedib əmək kitabçasını götürmüşdür. Bundan dərhal sonra iddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə Cavabdehnə müraciət edərək tutduğu vəzifədən azad olunması barədə xx.xx.2021-ci il tarixli, 102 nömrəli əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının və ona dəymiş digər zərərlərin hesablanaraq ödənilməsini xahiş etmişdir. Cavabdehndən ünvanlanmış 28 iyul 2022-ci il tarixli 828 nömrəli cavab məktubunda sadəcə olaraq qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbinə uyğun olaraq Cavabdeh başçısının müvafiq əmri ilə tutduğunuz vəzifədən azad edilmisiniz. Göründüyü kimi, Cavabdeh xx.xx.2021-ci il tarixli, 102 nömrəli əmri əsassız və qanunsuzdur. Həmin qanunsuz və əsassız əmr əsasında iddiaçı işindən məhrum olmuşdur. Ona görə Cavabdeh xx.xx.2021ci il tarixli, 102 nömrəli əmri ləğv edilməli, iddiaçı Cavabdehndə əvvəlki vəzifəsinə işə bərpa olunmalı və xx.xx.2021-ci il tarixindən etibarən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq cavabdeh tərəfindən iddiçıya ödənilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı 2009-cu ilin aprel ayında Cavabdeh başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsinə işə qəbul edilmişdir. O, 02 aprel 2012-ci il tarixdə Cavabdeh başçısının Mülki Müdafiə Qərargahının rəisi vəzifəsinə və 06 avqust 2012-ci il tarixdə Cavabdeh başçısı Aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsinə təyin edilmişdir. Cavabdeh başçısının 18 dekabr 2015-ci il tarixli əmri ilə aparatın informasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsindən azad olunaraq, elə həmin tarixdə də Cavabdeh başçısı Aparatının İctimaisiyasi və X2 müdir müavini - dini qurumlar üzrə işin təşkilatçısı vəsifəsinə təyin edilmişdir. Belə ki, İcra Hakimiyyəti başçısının 16 sentyabr 2021-ci il tarixli əmrinə əsasən o, 01 oktyabr 2021-ci il tarixdən 04 noyabr 2021-ci il tarixədək əmək məzuniyyətinə buraxılmışdır. Qeyd edək ki, İddiaçı məzuniyyətdə olduğu müddət ərzində “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini kobud surətdə pozmaqla, dövlət qulluqçusunun adına yaraşmayan və onun nüfuzuna xələl gətirə biləcək qeyri-etik hərəkətlərə yol vermiş və naməlum qadın tərəfindən onun bu hərəkətlərini əks etdirən videoçarx iddiaçının “facebook” sosial şəbəkəsindəki dostlarının şəxsi profillərində paylaşılmışdır. İddiaçı tərəfindən etik davranış qaydalarının kobud surətdə pozulması halı nəzərə alınaraq o, Cavabdeh başçısının müvafiq əmri ilə əmək məzuniyyətindən geri çağırılmış və rayon İcra Hakimiyyəti başçısının 08 oktyabr 2021-ci il tarixli əmri ilə (öz ərizəsinə əsasən) tutduğu vəzifəsindən azad olunmuşdur. Birinci instansiya məhkəməsində icraat Sumqayıt İnzibati Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2-1(118)-523/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmiş, mübahisələndirilən əmr iddiaçıya təqdim edilməsə də iddiaçı həmin əmrdən xəbərdar olmuş və qeyd olunan əmrlə onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da Cavabdeh başçısının 102 nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi üçün məhkəmədə iddia qaldırmaq müddətini üzürlü səbəb olmadan ötürmüşdür. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını, işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində göstərilir ki, qərardadı qanunsuz və əsassız hesab edir və gəldiyi nəticəni aşağıdakı hallarla əsaslandırır. Məhkəmə iddia ərizəsi ilə müraciət etmə müddətinin ötürülməsini əsas gətirərək iddianı qeyri-mümkün hesab etmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddia müddətinin axımının başlanılması iddiaçının akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Əmək Məcəlləsinin 296-cı maddəsində qeyd olunur: bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın) əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Qanunun tələbindən də göründüyü kimi iddiaçının hüququnun pozulmasının aşkar edildiyi gün onun bu pozuntunu bildiyi gün deyil, müvafiq sənədlərin (əmrin, sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gündür. İddiaçı işdən müvafiq videogörüntülərin yayılması əsası ilə çıxarılmış, lakin o, bilməmişdir ki, işdən azad edilib, yoxsa müvəqqəti olaraq işdən uzaqlaşdırılıb. Belə ki, iddiaçıya onun işdən azad edilməsi ilə bağlı məlumat verilməmiş, sonradan iddiaçı bunun işdən uzaqlaşdırma olmadığını dərk edərək Cavabdehnə müraciət edərək sənədlərin ona təqdim edilməsini tələb etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə iddiaçı yalnız əmək kitabçasını götürməyə müvəffəq olmuşdur. Bundan sonra da xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı müddəti ötürməmişdir. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək iddiaçının xx.xx.2021-ci il tarixdə rayon icra hakimiyyətindən əmək kitabçasını, əmrinin surətini təhvil almış və onun xx.xx.2021-ci il tarixdən işdən azad olunması barədə məlumatı olmuşdur. Bu barədə Cavabdeh “Sənədlərin təhvil-təsliminin qeydiyyatı” kitabında qeydiyyatı və imzası vardır. Etriazda şikayətin təmin olunmaması xahiş olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İPM-də iddia növlərindən asılı olaraq müxtəlif iddia müddətləri müəyyən olunmuşdur. Hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və bu növ iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM 32.1, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. Bu növ iddialar İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Kollegiya qeyd edir ki, iddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Bununla belə iddia müddətinin tətbiqi üçün ilk növbədə məhkəmə iddiaçının hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu anı müəyyən etməlidir. Hazırkı işdə birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddia müddəti ötürüldüyünə görə iddianı mümkün saymayaraq gəldiyi nəticəni yuxarıda qeyd edilən qaydada əsaslandırmışdır. İddiaçı isə məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmamış, apellyasiya şikayətində mövqeyini onunla əsaslandırmışdır ki, vəzifədən azad olunma barədə mübahisələndirilən əmr ona ümumiyyətlə verilməmiş, “...xx.xx.2022-ci il tarixdə yalnız əmək kitabçasını götürməyə müvəffəq olmuşdur”. İddiaçı idda ərizəsində göstərir ki, “...əmək müqaviləmə xitam veriləndən xeyli müddət keçəndən sonra mən Cavabdehndən özüm şəxsən gedib əmək kitabçamı götürmüşəm”. İddiaçının müvafiq dəlilləri – yəni əmək kitabçasının nə vaxt əldə etməsini müəyyən edilməsi məqsədi ilə sədrlik edən tərəfindən iş üzrə birinci instansiya məhkəməsinin iclas protokolu elan edilmiş, tərəflərin iştirkı ilə məhkəmə iclaslarının videoyazısına və cavabdehin təqdim etdiyi “Sənədlərin təhvil-təsliminin qeydiyyatı” kitabının əslinə baxış keçirilmişdir. Bundan sonra iddiaçı vəsatət təqdim edərək bildirmişdir ki, o, iddia ərizəsi vermək üçün prosessual müddəti üzürlü səbəbdən ötürmüşdür. Vəsatətdə üzürlü səbəb kimi onu qeyd etmişdir ki, işdən çıxdıqdan sonra cavabdeh orqanın nümayəndələri tərəfindən ona bildirilmişdir ki, işə bərpa olunacaqdır, işdən çıxmağı müvəqqətidir, heç bir yerə şikayət etməsin, gözləsin. Konflikt yaratmamaq üçün o da məhkəməyə müraciət etməmişdir. Sonradan ona məlum olmuşdur ki, o, işə bərpa olunmayacaqdır. Buna görə də həmin müddəti ötürmüşdür. Buna dair sübut təqdim edə bilməməyinin səbəbi bu sözü ona deyən şəxslərin cavabdehin nümayəndələri olması, onların işə cavabdehin əleyhinə ifadə verə bilməməsidir. Odur ki, vəsatətin təmin olunmasını, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Beləliklə iddiaçı özü müddətin ötürülməsini təqdim etdiyi vəsatətində etiraf etmiş və müddətin buraxılmasının üzrlü səbəblərlə bağlı olduğunu qeyd etmişdir. İddiaçının müddətin bərpasına dair ərizədə (vəsatətdə) göstərdiyi dəlillərə gəldikdə isə, qeyd olunmalıdır ki, formalaşmış məhkəmə təcrübəsinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kanara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyətlər yaratsın. Kollegiya qeyd edir ki, iddiaçı müvafiq dəlilləri ilə bağlı hər-hansı sübut təqdim etməmiş, eyni zamanda bunun mümkünsüzlüyü ilə bağlı ağlabatan dəlillər irəli sürməmişdir. Müddətin bərpasına dair ərizədə göstərilən dəlillər öz-özlüyündə əsaslı hesab oluna bilməz. Buna görə də iddiaçının buraxılmış müddətin bərpası barədə ərizəsi təmin edilməməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərdən aydın olur ki, hazırkı iddia, qanunvericilikdə nəzərdə tutulmuş iddia verilməsi müddəti ötürülməklə verildiyindən birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı müddətin bərpasına dair ərizəsi təmin edilməsin. Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2-1(118)-523/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-345/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-345/2023
27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver