Məhkəmə qərarları › İş №2-1(105)-346/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-346/2023

29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-346/2023 29.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X6 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2-1(118)-452/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Abşeron rayon Göradil bələdiyyəsinin 20 noyabr 2001-ci il tarixli, 10 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı verilmiş 0,06 ha torpaq sahəsinə dair DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən sonuncunun adına 08 fevral 2001-ci il tarixli, JN-001H nömrəli, 30803028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. İddiaçı 18 fevral 2020-ci il tarixdə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək yerləşən Abşeron rayonu Göradil kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi 11 mart 2020-ci il tarixli, **********26 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı, baxış keçirilmiş ərazidə yerləşən fərdi yaşayış evinin yerləşdiyi, ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən 0,06 ha torpaq sahəsinə tərtib edilmiş JN-001H nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinin sənəd üzrə yerləşdiyi ver ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, torpaq sahəsininin natura quruluşunun və yerinin dəyişdirildiyi aşkar edilmişdir. Qeyd edilən səbəblərdən, Abşeron rayon Göradil Bələdiyyəsinə 11 mart 2020-ci il tarixdə **********22 nömrəli sorğu göndərilərək ərizənin icrası 1 (bir) ay müddətinə dayandırılmışdır. Lakin, sorğu məktubuna bələdiyyə tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində cavab verilməmişdir. Əlavə olaraq bildirir ki, ərizəyə əlavə edilmiş sənədlərdə olan məlumatların dövlət reyestrində saxlanılan məlumatlara uyğunluğunun yoxlanılması məqsədi ilə əlavə araşdırma aparılması üçün Abşeron rayon İcra Hakimiyyətinə də 16 mart 2020-ci il tarixdə **********23 nömrəli sorğu göndərilmiş, lakin məktuba İcra Hakimiyyəti tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində cavab verilməmişdir. Sözügedən çatışmazlıq aradan qaldırılacağı təqdirdə müraciətə yenidən qanunamüvafiq qaydada baxılacaqdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ləğv edilmiş DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN-001H nömrəli, 30803028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 521-T saylı məktubuna əsasən Abşeron rayon Göradil bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 10 saylı sərəncamı ilə iddiaçıya ayrılmış 0.06 ha torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evinin inşasına icazə verilmişdir. Fərdi yaşayış evinin tikintisi başa çatdırıldıqdan sonra xx.xx.2020-ci il tarixdə DƏDRX-nin 4 saylı Abşeron Ərazi darəsinə fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə müraciət edilmişdir. Lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh orqan iddia ərizəsinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, İnzibati Prosessual Məcəllənin 38-ci maddəsinə müvafiq olaraq, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Belə ki, iddiaçının daşınmaz əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 18 fevral 2020-ci il tarixli müraciətinə imtina xx.xx.2020-ci il tarixində verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 9-cu maddəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı, ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2-1(118)-452/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, ləğv edilmiş DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN-001H nömrəli 30803028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçıya məxsus 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim V.Əzizova) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə torpaq sahəsinin 2001-ci ildən iddiaçının istifadəsində və sahibliyində olmasını, torpaq sahəsinin satılmasına dair bələdiyyə qərarının hazıradək qüvvədə olmasını və ləğv edilmədiyini və ya etibarsız hesab edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia torpaq sahəsinə münasibətdə təmin edilməli, yaşayış evinə dair hissədə təmin edilməməlidir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmiş, iddiaçıya məxsus 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, lakin üzərində mülkiyyət hüququ qeydiyyata alınmalı olan torpaq sahəsinin faktiki istifadədə olan yer, yaxud da sənəd üzrə yerləşdiyi yer olmasına aydınlıq gətirilməmişdir. Hesab edir ki, məhkəmə tərəfindən işin halları tam və ətraflı araşdırılmamışdır. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili), həmçinin, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Abşeron rayon Göradil bələdiyyəsi tərəfindən tərtib edilmiş “Yerquruluşu planından çıxarış” sənədində göstərilən 0,06 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8 . Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanı. “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Hazırda apellyasiya baxışının hədlərini iddianın qismən təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, hazırki iş üzrə iddia qismən təmin olunsa da, iddiaçı qərardan apellyasiya şikayəti verməmiş, iddianın təmin edilməyən hissələrini mübahisələndirməmişdir. Qərardan yalnız cavabdeh apellyasiya şikayəti verdiyi üçün məhkəmə kollegiyası qərarın əsaslılığını onun barəsində mübahisə edilən, yəni iddianın təmin edilən hissəsi üzrə yoxlamışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etdiyindən həmin ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının Abşeron rayon Göradil bələdiyyəsinin 20 noyabr 2001-ci il tarixli, 10 nömrəli sərəncamı ilə ona ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Cavabdeh imtina məktubu, iddia ərizəsinə etiraz və şikayətinin yeganə əsası iddiaçının adına “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olması, torpaq sahəsinin natura quruluşu və yerinin dəyişdirilməsidir. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Abşeron rayon Göradil bələdiyyəsi sədrinin 20 noyabr 2001-ci il tarixli, 10 nömrəli sərəncamı ilə bələdiyyə torpaqlarından 0,06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmışdır. Eləcə də, torpaq alqısı müqabilində iddiaçı tərəfindən 2001-ci ilin oktyabr ayında Göradil bələdiyyəsinin hesabına 600,000 manat pul ödənilmişdir. Həmçinin, bələdiyyə sədrinin 20 noyabr 2001-ci il tarixli, 10 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 0,06 ha torpaq sahəsinə dair DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən sonuncunun adına 08 fevral 2001-ci il tarixli, JN-001H nömrəli, 30803028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Həmçinin, işdən görünür ki, iddiaçının müraciəti ilə əlaqədar DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən JN-001H nömrəli, 30803028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ilkin torpaqayırma sənədlərinin və torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisinin təqdim edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli məktubla Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə müraciət edilmişdir. Sözügedən orqan DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin müraciətinə cavab olaraq xx.xx.2020-ci il tarixli məktubla iddiaçının adına sözügedən “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin tərtib edilməsinə əsas olmuş sənədləri, Abşeron rayon Göradil bələdiyyəsi sədrinin yuxarıda qeyd edilən 20 noyabr 2001-ci il tarixli, 10 nömrəli sərəncamını, bələdiyyənin nümayəndəsi ilə iddiaçı arasında bağlanmış torpaqların alqı-satqısına dair aktı, ödəniş qəbzini, habelə, torpaq sahəsinin təhvil-təslim aktını həmin orqana təqdim etmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli məktubla verilmiş mütəxəssis rəyindən görünür ki, JN-001H nömrəli 30803028 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” də torpaq sahəsinin döngə nöqtələrinin koordinatları göstərilmədiyindən və elektron kadastr məlumat bazasında şəhadətnamənin yerləşməsi ilə torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqların olması səbəbindən iddiaçının mülkiyyətinə verilmiş və hazırda istifadəsində olan torpaq sahəsinin şəhadətnamədə göstərilən koordinatlarla uyğunluq təşkil edib-etməməsi ilə bağlı sualın cavablandırılması mümkün olmamış, şəhadətnamədə göstərilən və iddiaçının faktiki istifadəsində olan 0,0834 ha torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqlarına aid olduğu göstərilmişdir. Həmçinin, mütəxəssis rəyinə əlavə edilən mübahisələndirilən torpaq sahəsinin yerləşdiyi ərazinin orto-foto xəritəsindən çıxarışdan görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0,0834 ha olmaqla, həmin torpaq sahəsi “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən torpaq sahəsindən kifayət qədər aralı məsafədə yerləşir. İşə baxan məhkəmənin araşdırmasından göründüyü kimi “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasında uyğunsuzluqlar təsbit edilmişdir. Bu uyğunsuzluqların yaranması səbəbi ilə bağlı apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin konfiqurasiya və yerləşmə mövqeyi ilə 2001-ci il tarixli təhvil-təslim aktında qeyd edilən torpaq sahəsinin konfiqurasiya və yerləşmə mövqeyinin üst-üstə düşüb-düşməməsi barədə məhkəməyə məlumat verilməsi barədə Abşeron rayon Göradil bələdiyyəsinə sorğu ilə müraciət edilmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Göradil bələdiyyəsi bildirmişdir ki, Abşeron rayon Göradil bələdiyyəsinin 20 noyabr 2001-ci il tarixli, 10 saylı sərəncamına əsasən İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinin üzərində vətəndaş tərəfindən fərdi yaşayış evi inşa edilmiş və hal-hazırda faktiki olaraq həmin evdə yaşayır. X5 və Xəritəçəkmə Komitəsi tərəfindən texniki səhvə yol verilərək bələdiyyə tərəfindən vətəndaşa ayrılmış torpaq sahəsinə kadastr planı hazırlanarkən bir çox vətəndaşlarda olduğu kimi Şəhadətnamədə göstərilən koordinatlar düzgün tərtib edilməmişdir. İddiaçının adına tərtib edilmiş Şəhadətnamədə yalnışlıqla başqa şəxsin istifadəsində olan torpaq sahəsinin koordinatları göstərilmişdir. Bələdiyyənin mütəxəssisləri tərəfindən araşdırma zamanı iddiaçıya ayrılmış torpaq sahəsinin dəqiq koordinatları göstərilərək “Yerquruluşu planından çıxarış” tərtib edilmişdir. Həmçinin, sorğuya cavaba Göradil bələdiyyəsi tərəfindən tərtib edilmiş iddiaçının faktiki istifadəsində olan 0,08 ha torpaq sahəsinə dair yerquruluşu planından çıxarış əlavə edilmişdir. Bundan başqa, işdə olan cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2020-ci il tarixli müayinə (baxış) aktından görünür ki, JN-001H nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin faktiki sahəsi 0,06 hektar, hüquqmüəyyənedici sənəd üzrə isə 0,0844 hektardır, torpaq sahəsində icazəsiz tikililər yoxdur, 0,0844 ha torpaq sahəsi istifadəsindədir, sahə kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmir. Beləliklə, mübahisələndirilən torpaq sahəsinin faktiki və sənəd üzrə koordinatları arasında uyğunsuzluq olsa da, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, belə uyğunsuzluq bələdiyyə qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının onun adına tərtib edilmiş JN-001H nömrəli, 30803028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə yanlış olaraq qeyd edilməsi nəticəsində yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən uyğunsuzluq iddiaçının iradəsindən asılı olmayaraq yarandığından, torpaq sahəsinin yeri iddiaçı tərəfindən dəyişdirilmədiyindən bu hal iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz. Belə ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilsin. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 43-cü maddəsinin 1-ci bəndində deyilir ki, yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir. Həmin maddənin 3-cü bəndində qeyd olunmuşdur ki, yerquruluşu işləri dedikdə, həmçinin torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi nəzərdə tutulur. - 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. İşin müəyyən edilmiş hallarına yuxarıda sadalanan qanunvericilik normalarını tətbiq edərək kollegiya hesab edir ki, iddiaçının istifadə etdiyi torpaq sahəsinin yerləşməsi ilə sənəd üzrə yerləşməsi arasında müəyyən uyğunsuzluqların mövcud olması hüquqları qeydə almaqdan imtinaya əsas deyildir. Həmçinin, araşdırma ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin faktiki 0,0834 ha, sənəd üzrə isə 0,06 ha təşkil etdiyi müəyyən edilmişdir. Bununla bağlı, bələdiyyə tərəfindən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0,06 ha hissəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilməklə həmin torpaq sahəsinə dair yenidən yerquruluşu planından çıxarış tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Bundan sonra iddiaçı tələbini dəqiqləşdirərək, Abşeron rayon Göradil bələdiyyəsi tərəfindən tərtib edilmiş “Yerquruluşu planından çıxarış” sənədində göstərilən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - JN-001H nömrəli 30803028 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” – yə əsaslanır. İstinad olunan həmin normada 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim etdiyindən, həmin ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilməli, Abşeron rayon Göradil bələdiyyəsi tərəfindən tərtib edilmiş “Yerquruluşu planından çıxarış” sənədində göstərilən 0,06 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2-1(118)-452/2022 nömrəli qərarı mübahisələndirilən, yəni iddianın təmin edilməsi hissəsində dəyişdirilsin. Abşeron rayon Göradil bələdiyyəsi tərəfindən tərtib edilmiş “Yerquruluşu planından çıxarış” sənədində göstərilən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar