Məhkəmə qərarları › İş №2-1(105)-347/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-347/2023

30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-347/2023 30.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: fərdi yaşayış evinin elektik enerji təchizatı şəbəkəsinə qoşulması öhdəliyinin qoyulması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin elektik enerji təchizatı şəbəkəsinə qoşulması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2-1(118)-864/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.2022-ci il tarixli müraciətə cavab məktubunda qeyd olunmuşdur ki, ünvana baxış keçirilən zaman Sumqayıt şəhəri, Yeni Yaşayış massivi, məhəllə 1 ünvanında yerləşən fərdi yaşayış evinin 110/35/10 kv-luq “xırdalan” HEVX xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Qaydaların 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər.12-ci bəndinə əsasən mühafizə zonasında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağandır. Bu səbəbdən də ünvanda göstərilən fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması mümkün deyil. Əlavə olaraq bildirilmişdir ki, 29 iyun 2001-ci il tarixli “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” azərbaycan Respublikası Qanunun 6.4-cü bəndinə əsasən elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariyamühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin elektik enerji təchizatı şəbəkəsinə qoşulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməs barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o ailəsi ilə birlikdə Sumqayıtda məskunlaşmış, həyat yoldaşı Zəngilan rayonundan məcburi köçkündür. Bir müddət başqalarının evində məskunlaşdıqdan sonra həyat yoldaşının valideynləri torpaq əldə edib özlərinə ev tikdilmiş və orda yaşamağa başlamışdır. Ailə olduğu və uşaqlar olduğu üçün həmin evin yanındakı torpaqda o da bir ev tikmiş, həmin evə dövlət tərəfindən qaz və su xətti çəkilmiş, sayğac qoyulmuş, lakin işıq çəkmək problemə çevrilmişdir. Bu məqsədlə həyat yoldaşı xx.xx.2019-cu il tarixdə 3-cü şəxs təşkilata ərizə ilə müraciət edərək evə ayrıca işıq xətti çəkilməsini xahiş etmiş, ona bu barədə imtina edilmiş və bildirilmiş ki, “ev yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir və buna görə də biz elektik şəbəkəsinə qoşula bilməzlər”. Ona görə də məcbur olaraq qaynatasının evindən ümumi sayğacla evə işıq çəkmişdir.Lakin son vaxtlar iki evin işıq pulusu ümumi limiti aşdığı üçün qaynatası ilə arasında narazılıqlar yaranır.Bu məqsədlə bu dəfə o yenidən 3- cü şəxs təşkilata müraciət etmiş, həmin müraciətinə xx.xx.2022-ci il tarixli cavab olaraq bildirilmiş ki, onun evinə işıq çəkilməsi üçün cavabdeh Azərişıq ASCyə müraciət edilmiş və bundan imtina edilmişdir. Ona görə də ona bu mübahisənin həlli üçün məhkəməyə və ya "xxxx" ASC-yə müraciət etmək məsləhət edildi. O da "xxxx"ASCyə müraciət etmiş, cavabdeh təşkilat xx.xx.2022 müraciətinə cavab olaraq bildirmiş ki, ev yüksəkgərginlikli xəttin zonasında yerləşdiyi üçün işıq xəttinə qoşulması mümkün deyil. Ona görə də o, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya qarşı etirazında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsi, 110/35/10 KV-luq 1”-ci Xırdalan Y/S-dan qidalanan 110 kv-luq HEVX-nin mühafizə zonasında yerləşir. Həmin xəttin mühafizə zonası isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 Vdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları” ilə tənzimlənir. Həmin qaydaların 6-cı maddəsinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmçinin həmin qaydaların 12-ci maddəsinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri yenidən qurulması və sökülməsi qadağandır. Bu səbəbdən də yuxarda qeyd edilən fərdi yaşayış evinin enerji təchizatçı şəbəkəsinə qoşulması mümükün deyil. İddiaçının "xxxx" ASC-yə müraciəti daxil olmuş və baxılmışdır. Onun müraciətinə “ASAN Xidmət” lə iş və Elektron İdarəetmə Departamenti tərəfindən baxılmış və yuxarıda qeyd olunan məzmunda cavab verilmişdir. Fərdi yaşayış evi "xxxx" ASC-yə məxsus 110 KV-luq 1-ci və 2-ci “Sənayə Qovşağı” hava elektrik veri iş xəttinin 9 saylı aralıq dayağının mühafizə zonasında yerləşdiyi üçün “ASAN Xidmət” Mərkəzi tərəfindən imtina verilmişdir. Əlavə olaraq bildirilir ki, 160-Q nömrəli 29 iyun 2001-ci il tarixli “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 6.4-bəndinin tələblərinə uyğun olaraq elektrik xətlərinin mühafizə zonaları altındakı bələdiyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədi ilə zəruri tikillərin inşası üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Qeyd olunanalara əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2-1(118)-864/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin elektik enerji təchizatı şəbəkəsinə qoşulması öhdəliyinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh təşkilat arasında elektrik enerjisinin alqı satqısı ilə bağlı hər hansı bir müqavilə olmadığı tədqirdə, yəni tərəflər arasında yaranmış münasibətlərin kökündə mülki hüquq münasibətlər olmadığı tədqirdə hazırkı, iddia tələbinə inzibati icraat qaydasında baxılması mümkün hesab edilməlidir. Çünki hazırkı iddia tələbi üzrə "xxxx" ASC dövlət inhisarçılığını həyata keçirən qurumdur və onun hərəkətsizliyindən verilən iddialara İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən baxılmalıdır. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış sahəsi iddiaçı, onun ailə üzvlərinin istifadəsindədir və xeyli müddətdir ki, həmin yaşayış sahəsində məskunlaşmışdırlar. O da nəzərə alınmalıdır ki, həmin yaşayış sahəsinə dövlət qurumları olan “Azəriqaz” İB və "xxxx" ASC tərəfindən sayğaclar quraşdırılaraq vətəndaşın istifadəsinə verilmiş və onun həyat şəraiti yaxşılaşdırılmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsi AR Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli Qərarının 1-ci bəndində nəzərdə tutulmuş mühafizə zonasının anlayışına aydınlıq gətirmədiyi üçün İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış sahəsinin yüksək gərginlik xəttin zonasında yerləşdiyini nəzərdən qaçırmışdır. Sumqayıt İnzibati Məhkəməsidaxili inama əsaslnaraq iddiaçının “həyat şəraitini yaxşılaşdırmaq” məqsədilə onun iddiasını təmin etsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10iyun 2005-ci il tarixli 103 nömrəli qərarının 2-ci bəndinə görə bu Qaydalarınməqsədi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, həmçinin elektrik şəbəkələrinin layihələşdirilməsini, tikintisini, istismarını, şəbəkənin mühafizə zonasındaişlərin aparılmasınımüəyyən etməkdən ibarət olduğunu və tətbiqinin imperativ xarakter daşıdığını nəzərdən qaçırmışdır. Sumqayıt İnzibati Məhkəməsisübutlardanbiri kimi təqdimetdiyimiz AR NK 10 iyun 2005-ci il tarixli 103 nömrəli Qərarının 12-ci bəndini əsassız hesab etmişdir. Halbuki həmin qaydaların 12-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri yenidən qurulması vəsökülməsi qadağandır. Bu normaya istinad etmə səbəbimiz İddiaçıMehman oğluna məxsus Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivi, 3-cü məhəllə,ev 202a ünvanda yerləşən fərdi yaşayış sahəsinin mühafizə zonasında yerləşməsidir. Elektrik xətlərinin mühafizə zonalarında fərdi yaşayış sahəsinin tikilməsinin qadağan edilməsi həmçinin 160- İİQ nömrəli 29 iyun 2001-ci il tarixli “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 6.4-cü bəndində də qeyd edilmişdi. Həmin maddənin tələblərinə uyğun olaraq elektrik xətlərinin mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyətiməqsədi iləzəruri tikililərin inşası üçün xüsusimülkiyyətə, istifadəyə vəicarəyə verilməsinə yol verilmir. Qeyd olunan fərdi yaşayış sahəsi110/35/10 KV-luq 1-ci Xırdalan Y/S-dan qidalan 110 KV-luq HEVX-nin mühafizə zonasında yerləşir. AzərbaycanRespublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarının1-ci bəndinə görə mühafizə zonası dedikdə, elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi iləelektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələr başa düşülür. Həmçinin 160- İİQ nömrəli 29 iyun 2001-ci il tarixli “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında ”Azərbaycan Respublikasının Qanunun 6.4-cü bəndinin tələblərinə uyğun olaraq elektrik xətlərinin mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədiilə zəruri tikililərin inşası üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. İddiaçıya məxsus fərdi yaşayış evi "xxxx" ASC-yə məxsus 110 KV-luq 1-ci və 2-ci “Sənaye Qovşağı” hava elektrik veriliş xəttinin 9 saylı aralıq dayağının mühafizə zonasında yerləşdiyi üçün “ASAN Xidmət”Mərkəzi tərəfindən imtina verilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 oktyabr 2012-ci il tarixli Plenum qərarı Təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci bəndinə əsasən 1-20 kv-luq gərginliyə qədər olan elektrik şəbəkəsinin mühafizə zolağı 10 metr təyin edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(105)-333/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı mübahisənin predmetini elektrik enerji təchizatı şəbəkəsinə qoşulma ilə bağlı cavabdehin imtinası təşkil edir. İddiaçı ətrafında olan yaşayış evlərində olduğu kimi onun da abonent qismində elektrik enerjisi ilə təmin olunmaq istəyini əsas götürərək, yaşadığı fərdi yaşayış evinin elektrik enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı qeyd olunan iddia tələbini irəli sürmüşdür. Cavabdehin imtinasının əsası isə iddiaçının yaşadığı fərdi yaşayış evinin müvafiq Qaydalarla müəyyən edilmiş mühafizə zonasında yerləşməsi halı təşkil etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qedy olunmalıdır ki, indiki halda cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən verilmiş müvafq məktub əsasında iddiaçının yaşadığı müvafiq fərdi yaşayış evinin ətrafında yerləşən digər yaşayış evləri elektrik təchizatı ilə təmin edilməklə, elektrik şəbəkəsinə qoşulmasının təmin edilməsi və müvafiq sayğacların quraşdırılması müəyyən edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdehə bununla bağlı müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi tələb edilsə də, həmin halın təkzib edilməsinə dair heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, eyni faktiki halların mövcudluğu şəraitində fərqli yanaşmanın tətbiq edilməsi inzibati hüququn təməl prinsiplərindən biri olan etimadın qorunması və bərabərlik prinsipinin mahiyyətinə ziddidir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası konstitusiya məhkəməsi plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki,etimadın qorunması prinsipi mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.“İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Həmçinin, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə” Qaydalarının 1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi - xüsusi icazə əsasında əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatına təminat verən hüquqi şəxsdir, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Göründüyü kimi, təbii inhisar subyekti kimi elektrik enerjisi təchizat müəssisəsinin istehlakçıları elektrik enerjisi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada təmin etmək onun vəzifəsi, məişət məqsədləri üçün elektrik enerjisindən istifadə etmək isə istehlakçının hüququdur. Qeyd olunan hallar əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə cavabdehin imtinası əsassız olmaqla, inzibati hüququn prinsiplərinin, habelə iddiaçının istehlak hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına səbəb olmuşdur. Həmçinin, qeyd olunan hallar özlüyündə cavabdehin aepllyasiya şikayətinin dəlillərini təkzib edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verildiyindən, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2-1(118)-864/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar