Məhkəmə qərarları › İş №2-1(105)-348/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-348/2021

09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-348/2021 09.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2- 1(118)-725/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı məhkəmədə iddia qaldıraraq, dəymiş maddi ziyanın əvəzi olaraq 50.000 manat, mənəvi ziyan 50.000 manatın, cəmi 100.000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Sumqayıt şəhər İcra Hakimiyyətinin Tağıyev qəsəbə icra nümayəndəsi Bəyi Əliverdiyev tərəfindən 20 kv.metr torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhəri H.Zeynalabdin Bələdiyyəsinin R-1 saylı 26 iyul 2004-cü il tarixli müraciətinə əsasən iddiaçıya, H.Zeynalabdin qəsəbəsi ərazisində mövcud ticarət obyektinin genişləndirilməsi və yenidən qurulması üçün torpaq sahəsi ayrılması məsələsinə Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsində baxılmış və 253 saylı 13 avqust 2004-cü il tarixli rəy verilmişdir. Həmin rəyi aldıqdan sonra ona ayrılmış 20 kv.metr torpaq sahəsində bir mərtəbəli, bir otaqlı, iki daşdan hörülmüş ərzaq mağazası inşa etmişdir. Vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. 10 ilə yaxın ticarət fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 2012-ci ildə Sumqayıt Şəhər İcra Başçısının müavini Sahib Quliyevin göstərişi ilə gəldiklərini bildirən icra orqanı əməkdaşları Bakı-Quba yolunun təmizlənməsi ilə bağlı, mağazası yolun 35 metrlik məsafəsində yerləşdiyindən iddiaçının onlara 10.000 (on min) manat ödəməli olduğuna dair tələb irəli sürmüşlər, əks halda mağazanın uçurulacağını bildirmişlər. İddiaçı isə tələb olunan pulu ödəməkdən imtina etmişdir. Ona görə iddiaçı İran İslam Respublikasında müalicədə olduğu vaxt, icra orqanı əməkdaşları polis işçilərinin iştirakı ilə məhkəmənin heç bir qərarı olmadan və ona kompensasiya məbləği ödənilmədən içərisində 10.000 manat dəyərində əmlakı (2 ədəd soyuducu, 2 marojna aparatı, 1 ədəd vitrin, 1 ədəd şkaf soyuducu, kassa aparatı və sair ərzaq məhsulları) olan mağazanı ekskavatorla uçuraraq ona külli miqdarda ziyan vurmuşlar. Dəfələrlə pozulmuş hüquqları ilə bağlı yuxarı instansiya orqanlarına, Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etsə də, ona vurulmuş ziyanla bağlı tədbir görülməmişdir. Hazırda mübahisənin başqa yolla həlli mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2-1(118)-725/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İ.Quliyev) Qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsi, iddianın mümkün sayılması və işin yenidən məhkəmə baxışına qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İşə baxan məhkəmə, dəfələrlə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edərək ona vurulmuş ziyanın ödənilməsini tələb etməyinə və Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən ona ünvanlanmış müxtəlif cavablara baxmayaraq, iddiaçının ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməməsi əsası ilə iddia mümkün sayılmamışdır. Halbuki, Sumqayıt şəhər İcra Hakimiyyəti sənədlərinin olub-olmaması barədə heç bir araşdırma aparmadan, ona rəsmi xəbərdarlıq etmədən ona məxsus 20 kv.metr obyektin sökülməsinə dair heç bir inzibati akt qəbul etmədən mağazanı içərisində olan əmlakı ilə birgə qərəzli olaraq sökmüşdür. Ona görə də o, dəfələrlə ona vurulmuş maddi ziyanın ödənilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etsə də, müraciəti təmin olunmamış, əksinə Sumqayıt şəhər İcra Hakimiyyəti çoxsaylı məktubları ilə ona ünvanladığı məktublarda müxtəlif cavablar ünvanlamış, açıq-aşkar göstərmişdir ki, qeyriqanuni tikilmiş obyekt Bakı-Quba yolunun Rusiya Federasiyasının sərhəddinə qədər genişləndirilərək yenidən qurulmuş yolun mühafizə zolağına düşdüyü üçün ərazi ilkin vəziyyətə qaytarılmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayətini müdafiə edib, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddianın mümkün sayılması və işin yenidən məhkəmə baxışına qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2-1(118)- 725/2021 saylı qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarından görünür ki, iddiaçı, Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsində ona məxsus ticarət obyektinin sökülməsi ilə əlaqədar vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.2-ci bəndinə görə işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Qərarın 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndinə görə məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia kompensasiyanın ödənilməsi haqqında iddia olduğundan Ali Məhkəmə Plenumunun qərarına əsasən iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi məhkəmə tərəfindən yoxlanılmalıdır İşə baxan birinci instansiya məhkəməsi isə bu halla bağlı ətraflı araşdırma aparmadan iddianı mümkün saymamışdır. Bununla bağlı apelyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş materiallarına əlavə edilmiş məhkəmə iclasının protokolundan görünür ki, məhkəmə tərəfindən ilkin müraciət ilə bağlı cavabdehin fikri dinlənilsə də, iddiaçıdan qeyd edilən məsələ ilə bağlı izahatı alınmamış, onun dəlilləri qiymətləndirilməmişdir. Halbuki, İnzibati-Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 13-cü maddəsində əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Sadalanan göstərilən normaların tələbinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Hazırkı işə baxan birinci instansiya məhkəməsi iddiaçının cavabdeh orqana ilkin müraciətinin olmamasına istinad etsə də, bu nəticəyə yalnız cavabdehin izahatı əsasında gəlmiş, göstərilən hallarla bağlı tam və hərtərəfəli araşdırma aparmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsinin bu hərəkətləri həm işin araşdırılması ilə bağlı İPM-in normalarının, həm də iddianın mümkünlük şərtlərinin qiymətləndirilməsi ilə bağlı Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə ziddir. Halbuki, iş materiallarından görünür ki, iddiaçı ona məxsus ticarət obyektinin sökülməsi nəticəsində ona dəymiş ziyanın ödənilməsi ilə bağlı dəfələrlə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmiş və ona müxtəlif tarixlərdə Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən aşağıdakı məzmunda cavablar verilmişdir: - 02 noyabr 2015-ci il tarixli məktubda iddiaçıya bildirilmişdir ki, ayrılması nəzərdə tutulan torpaq sahəsinin sənədləşdirilməsi başa çatdırılmaması və onun tərəfindən qeyriqanuni tikilmiş obyektin Bakı-Quba yolunun Rusiya Federasiyasının sərhəddinə qədər genişləndirilərək yenidən qurulmuş yolun mühafizə zolağına düşməsi səbəbindən sökülmüşdür. - 16 noyabr 2015-ci il tarixli, R-19/3 saylı məktubda iddiaçıya deyilir ki, qeyri-qanuni tikilmiş obyekt Bakı-Quba yolunun Rusiya Federasiyasının sərhəddinə qədər genişləndirilərək yenidən qurulmuş yolun mühafizə zolağına düşdüyü üçün ərazi ilkin vəziyyətə qaytarılmışdır. - 30 noyabr 2015-ci il tarixli məktubda iddiaçıya cavab olaraq bildirilir ki, şəhər ərazisində memarlıq və şəhərsalma prinsiplərinə, inşaat normalarına uyğun olaraq abadlıq və quruculuq sahəsində sosial obyektlərin. Küçələrin, yolların. Parkların və meydanların başdan-başa əsaslı təmiri və yenidən qurulması, evlərarası ərazilərin, məhəllələrin, keçidlərin, yaşıllıq zolaqlarının bərpa olunması, sanitar norma və qaydalara riayət edilməsi istiqamətində aparılmış genişmiqyaslı işlər çərçivəsində, baş planda nəzərdə tutulmayan, müasir tələblərə cavab verməyən, sənədləşməsi düzgün aparılmayan və ya başa çatdırılmayan, zövqsüz obyektlər və müvəqqəti köşklər yerləşmiş sahələr, o cümlədən vaxtilə istifadəsində olmuş bu tipli quraşdırmaların mövcud olduğu ərazi ilkin vəziyyətinə qaytarılmışdır. - 14 sentyabr 2017-ci il tarixli məktubda iddiaçıya cavab olaraq bildirilir ki, Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən iddiaçıya məxsus obyektlərin sökülməsinə dair heç bir inzibati akt qəbul edilməmişdir. - 10 noyabr 2020-ci il tarixli məktubda bildirilir ki, qeyri-qanuni tikilmiş obyekt Bakı- Quba yolunun Rusiya Federasiyasının sərhəddinə qədər genişləndirilərək yenidən qurulmuş yolun mühafizə zolağına düşdüyü üçün ərazi ilkin vəziyyətə qaytarılmışdır. - 21 may 2021-ci il tarixli məktubda da cavabdeh Sumqayıt şəhər İcra hakimiyyəti tərəfindən ona aid obyektin sökülməsinə dair heç bir inzibati akt qəbul edilmədiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı həm 2013-2015, həmçinin iddia qaldırmazdan bilavasitə əvvəl cavabdeh inzibati orqana müraciətlər etmiş, cavabdeh verilən cavablarda iddiaçıya məxsus ticarət obyektinin sökülməsi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı inzibati akt qəbul edilməsiyini bildərərək, vurulmuş zərərin ödənilməsindən imtina etmişlər. Belə olan təqdirdə kollegiya hesab edir ki, verilmiş iddia xüsusi mümkünlük şərtinə cavab verir. Odur ki, iddiaçının apelyasiya şikayəti əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinin tələbinə görə inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2-1(118)-725/2021 saylı qərardadı ləğv edilsin. İş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar