Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-348/2022 08.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi və ona xx.xx.2021-ci il tarixindən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2-1(118)-463/2022 nömrəli qərarından cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müracət edərək onun barəsində xx.xx.2021-ci ildə keçirilmiş müayinə nəticəsində verilmiş imtinanın əsassız hesab edilməsi və ona İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, “Tibbi Sosial Ekspert Komissiyasına göndərişlərin reyestrinə daxil edilmiş 0529003AAHXJ nömrəli göndərişə TSERAS-n elektron məlumatına görə “Əlavə müalicəyə ehtiyacın olması barədə” xx.xx.2021-ci il tarixli qərarı qəbul edilmiş, stasionar müalicə müddəti yetərli olmadığından əlillik təyinatının aparılmasının mümkün olmadığı və tibb müəssisəsi tərəfindən müayinə və yenidən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə əlillik vəziyyətinin qiymətləndiriləcəyi bildirilmişdir. Bundan sonra tibb müəssisəsinin göndərişi əsasında Sumqayıt Tibb Mərkəzi 2 nömrəli dövlət xəstəxanasında stasionar ixtisaslaşmış müalicə aldıqdan və müayinə olunduqdan sonra xx.xx.2021-ci il tarixli 3262 nömrəli Epikriz verilmişdir. Yenidən tibb müəssisəsi tərəfindən müayinə və yenidən (0531003AALG8 nömrəli) göndəriş rəsmiləşdirilsə də, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli imtina qərarı qəbul edilmişdir. Cavabdehin həmin qərarının ləğv edilməsini tələb edir. TQS №88 formalarından görünür ki, xx.xx.2020-xx.xx.2020-ci il, xx.xx.2021xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində dövlət xəstəxanasının allerqologiya şöbəsində stasionar qaydada müalicə almış, kliniki diaqnoz J45,0 qeyd olunmuş, əsas xəstəlik bronxial astma infeksion-allerqik forma ağır gedişli, kəskinləşmələrlə əsas xəstəliyin ağırlaşması (J96.1), tənəffüs çatmamazlığı 2-ci mərhələ diaqnozu qoyulmuşdur. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.2.4-cü bəndinə əsasən ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı müşaiyət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri olduğu halda ikinci dərəcə əlillik təyin edilir. Həmin Əsasnamənin 2.2.12-ci bəndinə görə hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ-İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə müşayiət olunan xəstəlikləri olduğu halda ikinci dərəcə əlillik təyin edilir. Tibbi Sosial Ekspert Komissiyasına xx.xx.2021-ci il tarixdə elektron qaydada göndərilmiş TQS №88 Formasına əsasən yanaşı xəstəlik diaqnozları göstərilmişdir: aşağı ətraf venaların xora və iltihabi proseslə birgə müşahidə olunan varikoz genəlməsi, səthi venaların varikoz genəlməsi, xroniki (periferik) venoz çatışmazlıq, xroniki venoz çatışmazlıq İİ dərəcə, onikibarmaq bağırsağın xorası, xora xəstəliyi, aşağı ətrafların digər dərin damarların flebit və tromboflebiti, postflebektomok sindrom, prostat vəzi hiperplaziyası, prostat vəzinin adenoması, xroniki sidik ləngiməsi, ürəyin hipertenziv xəstəliyi, arterial hipertenziya İİ dərəcə, əlavə risk İİ (orta), vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, asteno-nevrotik sindrom, xroniki faringit, presbiopiya OUpresbiopiya. TSEK-in xx.xx.2003-cü il tarixli qərarına əsasən ona ikinci dərəcə əlillik təyin edilmişdir və 01 iyul 2021-ci il tarixinədək infeksion-allergik formada tənəffüs çatışmazlığı xəstəliyinə görə əlillik davam etmişdir, o vaxtdan bəri, (on səkkiz) il əlillik təyin edilmiş infeksion-allerqik formada astmadan başqa yaşlandıqca yanaşı xəstəlikləri də artmışdır. Lakin cavabdeh 63 yaşın içərisində olmasına baxmayaraq, əlavə müalicəyə ehtiyacı olması əsası ilə imtina cavabı vermişdir. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 3 saylı Şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma .Diaqnozun mətni: Bronxial astma İnfeksion allergik forma . Orta ağır gedişli. TÇ -İ. xr. Hipertonik faringit. ANS. Xora xəstəliyi. 12 b/b xorası. A/ə venalarının varikoz genişlənməsi.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2015-ci il tarixli 0531003AACG5 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma ; Diaqnozun mətni: Bronxial astma İnfeksion allergik forma. Orta ağır gedişli. TÇ -İ. xr. Hipertonik faringit. ANS. Xora xəstəliyi. 12 b/b xorası. A/ə venalarının varikoz genişlənməsi.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Bronxial astma İnfeksion allergik forma. Orta ağır gedişli. TÇ -İ. xr. Hipertonik faringit. ANS. Xora xəstəliyi. 12 b/b xorası. A/ə venalarının varikoz genişlənməsi.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0529003AAHXJ saylı göndərişi əsasında baxılmış və“X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Aldığı müalicə yetərincə deyil. İxtisaslaşmış müayinə və müalicə davam etdirilsin” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0531003AALG8 saylı göndərişi əsasında baxılmış və “X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, Bronxial astma, infeksion allergik forma; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstə ETACXİ-nin rəyi və müayinə olması məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2-1(118)-463/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, TSEK tərəfindən İddiaçı barəsində xx.xx.2021-ci ildə keçirilmiş müayinənin nəticəsində verilmiş imtina əsassız hesab edilmiş və iddiaçıya İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim C.Məmmədov). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının diaqnozunun dəqiqləşdirilməsi üçün ona X11 X5 rəyi lazımdır. Belə ki, iddiaçının əsas diaqnozu Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma xəstəliyidir, o xəstəliyin müayinə edilməsi üçün ixtisaslaşmış xəstəxana sözügedən tibb müəssisəsidir. Lakin, iddiaçı müayinədən keçməkdən yayınmış və yeni Forma 88 təqdim etməmişdir. Məhkəmə qərarında “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.3-cü maddəsinə istinad etmiş və iddiaçıya qoyulmuş diaqnozlarıağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9, J96-J96.9) əsas gətirərək ikinci dərəcə əlillik təyin edilməli olduğunu qeyd etmişdir. Məhkəmə Forma 88-də qeyd edilmiş J45 kodunun əlillik təyin etməyə əsas verdiyini qeyd etmiş və bu kodlu xəstəliyin iddiaçıda olub-olmadığını araşdırmamışdır. Belə ki, məhkəmədə Agentliyin nümayəndəsi tərəfindən ekspertiza keçirilməsi barədə vəsatət verilsə də, məhkəmə vəsatəti təmin etməmişdir. Hesab edir ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə ekspertiza təyin etməli idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin xx.xx.2016-cı il tarixli, xxxxxxx0003 nömrəli müayinə aktında diaqnozun mətni qrafasında “Orta ağır gedişli TÇ xr” yazılmışdır. Lakin, tibb müəssisəsindən Forma 88 0531003AALG8 nömrəli göndərişdəki diaqnozu tam yazılmamış, cavabdehin xx.xx.2021-ci il tarixli, xxxxxxx0006 nömrəli müayinə aktında diaqnozun mətnində Tənəffüs çatmamazlığı yazılmamışdır. Hesab edir ki, rəsmi məlumat cavabdeh tərəfindən təhrif edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi və apelyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. İddiaçı, həmçinin, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun barəsində xx.xx.2021-ci il tarixində keçirilmiş müayinə nəticəsində verilmiş cavabdehin imtinasının əsassız hesab edilməsi və ona xx.xx.2021-ci il tarixindən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli Qanun qüvvəyə minənə qədər qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanun: Maddə 3. Tibbi-sosial ekspertiza Tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı: Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1-ci bənd.“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnaməsi: 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; (-) 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; (-). 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddianın dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddia tələbi araşdırılarkən müəyyən edilmişdir ki, Sumqayıt şəhər 1 saylı xəstəxanasının poliklinika şöbəsi tərəfindən iddiaçı müayinə olunmuş və onda infeksion allergik formada bronxial astma, İİ-ci dərəcəli tənəffüs çatışmamazlığı, xroniki faringit, İİ dərəcəli arterial hipertenziya, xora xəstəliyi, və sair xəstəliklər müəyyən olunmuşdur. Lakin, Sumqayıt şəhər 1 saylı xəstəxanasının poliklinika şöbəsi iddiaçı barəsində olan epikriz məlumatlarını “Sumqayıt Tibb Mərkəzi” X8 göndərərkən onun xəstəliyinin əsas diaqnozu kimi J45 kodu altında göstərilmiş astma xəstəliyi, həmin xəstəliyin ağırlaşma formasını isə J96 kodu altında İİ dərəcəli tənəffüs çatışmamazlığı göstərmişdir. Qeyd olunan məlumatlar əsasında “Sumqayıt Tibb Mərkəzi” X9 tərəfindən Forma 88 saylı arayış tərtib edilərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilmişdir. Göndərilmiş reyestr məlumatları əsasında TSEK tərəfindən iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtina edilmiş, imtinanın əsas səbəbi kimi xəstə barəsində Respublika Elmi Təhqiqat X3 rəyinin alınmalı olduğunu göstərilmişdir. Məhkəmə sorğusu ilə müəyyən edilmişdir ki, astma xəstəliyini Spirometriya müayinəsi nəticəsində əldə etmək olar və İddiaçı barəsində həmin müayinə Sumqayıt şəhər 1 nömrəli xəstəxanada həyata keçirilərək müvafiq rəy verilmişdir. Lakin, Tibbi Sosial Ekspert Komisiyasının rəyinə əsasən İddiaçı məhz Respublika Elmi Təhqiqat X4 müayinə olunması və oradan rəyin alınması tövsiyyə edilmişdir. Məhkəmə hesab edir ki, inzibati orqan olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaçının məhz Respublika Elmi Təhqiqat X4 müayinə olunmalı olduğunu əsaslandıra bilməmişdir. Belə ki, həmin İnstitutda da astma xəstəliyi məhz Spirometriya müayinəsi nəticəsində müəyyən edilir və həmin İnsitutun verdiyi rəyin Sumqayıt şəhər 1 nömrəli xəstəxanası tərəfindən verilən rəydən üstünlüyü yoxdur. Ona görə də məhkəmə inzibati orqanının dəlilini əsassız hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.1.2-ci bəndinə əsasən “Sumqayıt Tibb Mərkəzi” X10 tərəfindən reyestrə daxil edilmiş göndərişdə əlillik səbəbinin yanlış qeyd olunmasına baxmayaraq, əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilməli olduğu tədqirdə əsassız yerə iddiaçıya əlilliyin təyin edilməsindən imtina cavabı verilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına” dair Əsasnamənin 2.2.3-cü bəndinə əsasən ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9, J96-J96.9) şəxsə ikinci dərəcə əlillik təyin edilir. Nəzərə alınmalıdır ki, həmin Əsasnamənin 2.3-cu bəndinə əsasən J45 kodu altında olan xəstəliyin olması iddiaçıya üçüncü dərəcə əlilliyin təyin edilməsi üçün əsas sayılmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən iddiaçı barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli 0529003AAHXJ saylı göndərişdən (Forma 88 ) görünür ki, iddiaçı xx.xx.1996-cı il tarixdən göndəriş verən müəssisədə qeydiyyatdadır və TSEK-ə göndəriş zamanı əsas diaqnozu – XBT 10 kodu J45.0 “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, bronxial astma, infeksion allergik forma, ağır gedişli kəskinləşmələrlə”; ağırlaşmaları J96 “Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, tənəffüs çatmamazlığı İİ dərəcə”; yanaşı xəstəliklər: J31.2 “Xroniki faringit”; N40 “Prostat vəzinin hiperplaziyası, xroniki sidik ləngiməsi”; İ87.2 “(xroniki) periferik venoz çatmamazlıq, xroniki venoz çatmamazlıq İİ dərəcə”; H52.4 “Presbiopiya” İ11 ”Ürəyin hipertenziv xəstəliyi, arterial hipertenziya İİ dərəcə, əlavə risk İİ (orta)”, K26 “Onikibarmaq bağırsağın xorası, xora xəstəliyi, 12 barmaq bağırsaq xorası, remissiya mərhələsi”; İ83.2 “Aşağı ətraf venalarının xora və iltihabı proseslə birgə müşahidə olunan varikoz genəlməsi, səthi venaların varikoz genəlməsi”; G 90.8 “vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, Asteno-nevrotik sindrom”; İ80.2 “Aşağı ətrafların digər dərin damarlarının flebit və tromboflebiti, hər iki aşağı ətrafın dərin venaların xroniki tromboflebiti, postflebektomik sindrom”, N 40 “Prostat vəzinin hiperplaziyası, prostat vəzinin adenoması, xroniki sidik ləngiməsi” qeyd edilmişdir. İddiaçı həmin göndəriş əsasında əlillik vəziyyətinin qiymətləndirilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan xx.xx.2021-ci il tarixli, **********4 nömrəli məktubu lə iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq sonuncu dəfə əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 0529003AAHXJ nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Belə ki, iddiaçıya aid Sumqayıt 1 nömrəli şəhər poliklinikası tərəfindən rəsmiləşdirilmiş 0529003AAHXJ nömrəli göndərişdə (Forma-88) qeyd edilmiş diaqnozu və ağırlaşmaları təsdiq edən ixtisaslaşmış stasionar müalicə müddəti yetərli olmadığından əlillik təyinatının aparılması mümkün olmamışdır. Tibb müəssisəsi tərəfindən müayinə olunacağı və yenidən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə əlillik vəziyyətinin qiymətləndiriləcəyi bildirilmişdir. Həmçinin, TSEK-in xx.xx.2021-ci il tarixli, xxxxxxx0004 nömrəli müayinə aktının elektron sistemdən çıxarışından görünür ki, Forma 88 0529003AAHXJ saylı göndəriş əsasında əlilliyin qiymətləndirilməsinə imtina verilmiş, imtinanın səbəbi əlavə müalicəyə ehtiyacın olması, səbəb: “aldığı müalicə yetərli deyil, ixtisaslaşmış müayinə və müalicə davam etdirilsin” qeyd edilmişdir. İşin hallarından görünür ki, bundan sonra iddiaçı stasionar qaydada əlavə müalicə almış və onun barəsində yenidən göndəriş tərtib edilmişdir. Belə ki, Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən iddiaçı barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli 0531003AALG8 saylı göndərişə (Forma 88) əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – XBT 10 kodu J45.0 “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, bronxial astma, infeksion allergik forma, ağır gedişli kəskinləşmələrlə”; ağırlaşmaları J96 “Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, tənəffüs çatmamazlığı İİ dərəcə”; yanaşı xəstəliklər: J31.2 “Xroniki faringit”; N40 “Prostat vəzinin hiperplaziyası, xroniki sidik ləngiməsi”; İ87.2 “(xroniki) periferik venoz çatmamazlıq, xroniki venoz çatmamazlıq İİ dərəcə”; H52.4 “Presbiopiya” İ11 ”Ürəyin hipertenziv xəstəliyi, arterial hipertenziya İİ dərəcə, əlavə risk İİ (orta)”, K26 “Onikibarmaq bağırsağın xorası, xora xəstəliyi, 12 barmaq bağırsaq xorası, remissiya mərhələsi”; İ83.2 “Aşağı ətraf venalarının xora və iltihabı proseslə birgə müşahidə olunan varikoz genəlməsi, səthi venaların varikoz genəlməsi”; G 90.8 “vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, Asteno-nevrotik sindrom”; İ80.2 “Aşağı ətrafların digər dərin damarlarının flebit və tromboflebiti, hər iki aşağı ətrafın dərin venaların xroniki tromboflebiti, postflebektomik sindrom” qeyd edilmişdir. Məhkəməyə təqdim edilən TSEK-in xx.xx.2021-ci il tarixli, xxxxxxx0006 nömrəli müayinə aktının elektron sistemdən çıxarışından görünür ki, Forma 88 0531003AALG8 saylı göndəriş əsasında əlilliyin qiymətləndirilməsinə imtina verilmiş, imtinanın səbəbi əlavə göndərişin natamam doldurulması, səbəb: “xəstəyə ETACXİ-nin rəyi və müayinə olunması məsləhət görülür” qeyd edilmişdir. Cavabdehin etiraz və apellyasiya şikayətinin əsas dəlili də Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0531003AALG8 saylı göndərişi ilə diaqnoz qoyularkən (Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, Bronxial astma, infeksion allergik forma) ETACXİ-nin rəyinin alınmaması və müayinə olunmamasıdır. Cavabdehin dəlilini əsassız hesab edən məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” və AR Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi və əlilliyin qiymətləndirilməsi qaydalarını tənzimləyir. Həmin qanunvericilik normalarında əlilliyin qiymətləndirilməsi məqsədilə Respublika Elmi Təhqiqat X3 rəyinin alınması və ya həmin müəssisədə müayinə olunma ilə bağlı hər hansı göstəriş nəzərdə tutulmamışdır. Həmçinin, bununla əlaqədar birinci instansiya məhkəməsi tərəfindən “Sumqayıt Tibb Mərkəzi” X8 edilmiş sorğu əsnasında müəyyən edilmişdir ki, Sumqayıt şəhər 2 nömrəli xəstəxanada da Spirometriya müayinəsi olduğu üçün astma xəstəliyinin müəyyən olunması mümkündür. İddiaçı barəsində həmin müayinə Sumqayıt şəhər 1 nömrəli xəstəxanasında həyata keçirilərək müvafiq göndəriş verilmişdir. Lakin, Tibbi Sosial Ekspert Komisiyasının imtina cavabına əsasən iddiaçının məhz Respublika Elmi Təhqiqat X4 müayinə olunması və oradan rəyin alınması tövsiyyə edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Respublika Elmi Təhqiqat X4 da astma xəstəliyi məhz Spirometriya müayinəsi nəticəsində müəyyən edilir və həmin insitutun verdiyi rəyin Sumqayıt şəhər 1 nömrəli xəstəxanası tərəfindən verilən rəydən üstünlüyü yoxdur. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin qeyd edilən dəlilini əsassız hesab edir. İş materiallarında olan TSEK-in müayinə aktlarından çıxarışlardan görünür ki: - iddiaçı ilk dəfə xx.xx.2003-cü il tarixində TSEK-də müayinədən keçmiş və ona bir il müddətinə “bronxial astma infeksion-allergiya mənşəli orta gedişli tez-tez boğulma tutmaları, ağ ciyərin emf., tənəffüs çatmamazlığı 2-ci dərəcə, xr.diffuziya bronxit, dəmir anemiya” diaqnozu ilə ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra əlillik hər dəfə 1 il müddətinə olmaqla 2014-cü il tarixədək uzadılmışdır. xx.xx.2014-cü il tarixli, xxxxxxx0001 nömrəli müayinə aktına əsasən iddiaçıya “bronxial astma İnfeksion allergik forma, orta ağır gedişli. TÇ -İ. xr. Hipertonik faringit. ANS. Xora xəstəliyi. 12 b/b xorası. A/ə venalarının varikoz genişlənməsi” diaqnozu ilə 1 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmiş, daha sonra əlillik 2015-ci il tarixində 1 il, 2016-cı il tarixində 5 il müddətinə uzadılmışdır. Beləliklə, iddiaçıya ilk dəfə 2003-cü ildən 2014-cü ilədək ikinci dərəcəli, 2014-cü ildən 2015-ci ilə qədər üçüncü dərəcəli, 2016-cı ildən 2021-ci ilədək üçüncü dərəcəli əlillik təyin edilmiş, 2021-ci ildə isə yuxarıda qeyd edilən əsasla əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən iddiaçı barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli 0531003AALG8 saylı göndərişdə (Forma 88) qeyd edilən əsas diaqnoz, onun ağırlaşması, həmçinin yanaşı xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: (-) 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9, J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); (-) 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); (-) 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9). Beləliklə, müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli 0531003AALG8 saylı Forma 88 göndərişdəki həm əsas diaqnoz: XBT 10 kodu J45.0, ağırlaşmaları J96, həmçinin yanaşı xəstəliklər: J31.2, K26, H52.4, İ83.2, İ80.2 kodlu xəstəliklər Əsasnaməyə əsasən, iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edilmişdir. Həmçinin, sözügedən xəstəliklər X1 da daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi qaydasının 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Beləliklə işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya xx.xx.2021-ci il tarixindən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2-1(118)-463/2022 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Cavabdehin imtinası əsassız hesab edilsin və İddiaçı xx.xx.2021-ci il tarixindən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.