Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-348/2023 05.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, Hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(118)-1857/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. 22.07.1999-cu il tarixli alq-satqı müqaviləsi ilə X1 rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci döngə, yerləşən 440 kv m torpaq sahəsində yerləşən 21 saylı evi İddiaçı satmışdır.
2. X3 Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 14349 invertar nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 İddiaçı adına qeydə alınmışdır.
3. Həmin evə dair 1998-ci ilin fevral ayında tərtib edilmiş texniki pasportdan görünür ki, Abşeron rayonu, Quşçuluq yaşayış massivi 11-ci küçədə yerləşən 21 saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi 440 kv m təşkil edir.
4. "xxxx" ASC tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, qeyd olunan torpaq sahəsi Azərenerji ASC-nin balansında olan 110 kV-luq elelktrik xəttinin mühafizə zonasında yerləşir.
5. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçədə yerləşən, İddiaçı məxsus 21 saylı fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi “Azərenerji" ASC-yə məxsus 110 kV-luq “1-ci Binəqədi ” hava xəttinin mühafizə zonasına düşür.
6. İddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 11-ci küçə ünvanında 21 nömrəli fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərindəhüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətini yerinə yetirməkdən imtina etmiş, əsas kimi də aparılan araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 1-ci küçə ünvanında yerləşən 21 nömrəli fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin tam olaraq yüksək gərginlikli (110 KVT) elektrik xəttinin mühafizə zolağında yerləşdiyini qeyd etmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 440 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir ünvan 3 ünvanında yaşayır. Həmin ünvana dair 14349 saylı qeydiyyat vəsiqəsi mövcuddur. Həmin ev 0,05 ha yaxın həyətyanı torpaq sahəsi üzərində yerləşir. O, sözügedən torpaq sahəsinin dövlət qeydiyyatına alınması və onun adına çıxarış verilməsi bağlı cavabdeh idarəyə ərizə ilə müraciət etmişdir. Lakin müraciətinə cavabdeh qurumdan imtina verilmişdir. Bu səbəbdən də, mövcud tələblə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
10. İmtnanın dəlilləri ilə eynilik təşkil edən etirazda göstərilir ki, araşdırma zamanı Abşeron rayonu, Xırdalan səhəri, Quşçuluq v/m, 11-ci küçə ünvanında yerləşən 21 nömrəli fərdi vaşavıs evinin və yerləşdiyi torpaq sahəsinin tam olaraq yüksək gərginlikli (110 kVT) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
11. Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(118)-1857/2022 nömrəli qərarı ilə iddia təmin edilərək ünvan 3 ünvanında yerləşən 440 kv m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi qeydiyyat vəsiqəsi və texniki pasport 440 kv m həyətyanı torpaq sahəsinin qeydə alınması üçün əsasdır. Fərdi yaşayış evi artıq iddiaçının mülkiyyətindədir və müvahisə yalnız torpaq sahəsi ilə bağlıdır. Bu dəlillə bağlı məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan tikili (fərdi yaşayış evi) üzərində mülkiyyət hüququnu qeydə almışdırsa, həmin evin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların qeydə alınmasından imtinası əsassız və qanunazidd sayılmalıdır.
13. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayətinin dəlilləri cavabdehin imtinasının və iddia ərizəsinə etirazının dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən mühafizə zonası-elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəklində minimal məsafələrdir. Eləcə də “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən 110 kvt elektrik xəttlərinin mühafizə zonası hava elektrik ötürücü xəttləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 20 metr məsafədə müəyyənləşdirilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı:
1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” : ...2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda).
19. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydaları
1. Bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ...mühafizə zonası - elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələr. ...5. Elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir: a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində, aşağıdakı cədvəldə göstərilən məsafələrdə: Un, kV — xətlərin gərginliyi; L, m — məsafələrdir; Un, kV >l<20 35 110 150 220 330-500 L, m 10 15 20 25 25 30
6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər.
7. Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. ...12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 mdən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması.
21. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməli, iddia təmin olunmamalıdır.
24. Belə ki, hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 11-ci küçə ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyesterindən qeydiyyata alınmasından imtinası təşkil edir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 11-ci küçə ünvanında yerləşən 21 nömrəli fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinin tam olaraq yüksək gərginlikli (110 KVT) elektrik xəttinin mühafizə zolağında yerləşdiyinə istinad edilməklə imtina edilmişdir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə baxılması ilə əlaqədar olaraq birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır.
26. Belə ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin müvafiq dəlilləri ilə əlaqədar araşdırma aparılmış, müvafiq sorğu verilərək "xxxx" ASC-yə məxsus 110 kv-luq “1-ci Binəqədi” hava xəttinin nə vaxt çəkilməsi barədə dəqiqləşdirilmiş rəsmi məlumatın məhkəməyə təqdim olunması xahiş olunmuş, "xxxx" ASC Səhmdar Cəmiyyəti sorğuya cavab olaraq bildirmişdir ki, Abşeron rayonu, Quşçuluq yaşayış massivindən keçən "xxxx" ASC-nin balansında olan 110 KV-luq “1-ci Binəqədi” hava xətti 1954-cü ildə istismara verilmişdir.
27. Yuxarıda istinad edilən Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiqlənmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 1-ci bəndinə əsasən mühafizə zonası elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəklində minimal məsafələrdir. Qaydaların 5-ci bəndinin “a” yarımbəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonası hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində-110 kvtlıq xətt üzrə 20 metr müəyyən edilmişdir. Həmin Qaydaların 12-ci bəndinin “a” yarım bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağandır.
28. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanın 2-ci bəndində qeyd edilmişdir ki, Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak yüksək gərginlikli elektrik şəbəkələrinin mühafizə zonalarında olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
29. İşdə olan sənədlərə görə Abşeron rayonu, Quşçuluq y/m, 11-ci küçə ünvanında yerləşən 21 nömrəli fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi tam olaraq yüksək gərginlikli elektrik şəbəkələrinin (1954-cü ildə istismara verilmiş 110 KV-luq “1-ci Binəqədi” hava xətti) mühafizə zonalarında olan torpaq sahəsində yerləşdiyindən cavabdeh haqlı olaraq hüququn qeydə alınmasından imtina etmişdir.
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı da hazırda mülkiyyət hüququ ilə ona məxsus olan qeyd edilən fərdi yaşayış evində çoxsaylı ailə üzvləri ilə yaşadıqlarını, yüksək gərginlikli elektrik xəttinin evlərinin üzərindən keçdiyini, hazırda evin yerləşdiyi torpaq sahəsinə dair çıxarış almaqla həmin sahədə başqa fərdi yaşayış evi tikmək niyyətində olduğunu bildirmişdir.
31. Hazırkı mübahisənin İPM-nin 34-cü maddəsinə uyğun olaraq öhdəliyin icrası haqqında iddia olmasını nəzərə alaraq kollegiya qeyd edir ki, bu növ iddialar üzrə mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilmişdir.
32. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı istinad etdiyi hallar və gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınmasına əsaslar mövcud olmadığından cavabdeh inzibati orqan həmin qanunun 15-ci maddəsinə əsasən iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(118)-1857/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin olunmasın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.