Məhkəmə qərarları › İş №2-1(105)-348/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-348/2024

15.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-348/2024 15.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının yenidən hesablanması, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2, Cavabdehin mütəxəssisi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona təyin edilmiş pensiyanın yenidən hesablanması və istifadə edilməmiş sığorta kapitalının olmasını nəzərə alaraq, AR Prezidentinin sərəncamı əsasında əmək pensiyasının sığortaolunanın fərdi uçot məlumatları bazasında xx.xx.2017-ci ildən hazırki vaxta qədər toplanan sığorta kapitalı (istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla və ümumi kapitalın 90 faizi götürülməklə 23904.35 manat) əsasında pensiyanın yenidən hesablanaraq, təyin edilmiş pensiyaya əlavələrin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-413/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AZE seryalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1953-cü il təvəllüdlüdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 17 iyul 2021-ci il tarixli məktubundan görünür ki, eyni məzmunlu müraciətləriniz tərəfimizdən 7 sentyabr 2020-ci il tarixli, **********5 nömrəli, 21 yanvar 2.021-ci il tarixli, **********42 nömrəli və 12 aprel 2021-ci tarixli, **********9 nömrəli məktublarla cavablandırılmışdır. Əlavə olaraq bildiririk ki, "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü madddəsinə əsasən vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda müraciət baxılmamış saxlanılır. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi iiə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə, iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının sığortaolunanın fərdi uçot məlumatları bazasında hazırki vaxta toplanan sığorta kapitalı (istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla və ümumi kapitalın 90 faizi götürülməklə) əsasında pensiyasının yenidən hesablanaraq iddiaçıya təyin edilmiş pensiyaya əlavələrin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “ona təyin edilmiş pensiyanın yenidən hesablanması və istifadə edilməmiş sığorta kapitalının olmasını nəzərə alaraq, AR Prezidentinin sərəncamı əsasında əmək pensiyasının sığortaolunanın fərdi uçot məlumatları bazasında xx.xx.2017-ci ildən hazırki vaxta qədər toplanan sığorta kapitalı (istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla və ümumi kapitalın 90 faizi götürülməklə 23904.35 manat) əsasında pensiyanın yenidən hesablanaraq, təyin edilmiş pensiyaya əlavələrin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1953-cü ildə Qazax rayonunun Gəncə kəndində anadan olmuşdur. Ona əmək stajı və xidmətləri nəzərə alınmaqla 11 avqust 1999-cu ildə əlilliyə görə əmək pensiyası təyin edilmişdir, sonradan isə o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmışdır. O, pensiya aldığı dövrdə peşəkar işçi kimi “AZİNKO” deyilən idarəyə dəvət olunmuş və xx.xx.2006-cı ildən xx.xx.2015-ci ilədək (9 il) həmin şirkətdə çalışmış və öz xahişi ilə işdən çıxmışdır. İşlədiyi 9 il ərzində də onun aylıq əmək haqqının 25 faizi həcmində sosial sığorta haqqı tutulmuş və nəticədə həmin illər üzrə DSMF tərəfindən ona verilən «sığortaolunanın fərdi uçot məlumatları»nda sosial sığorta stajı və pensiya kapitalı barədə arayışda o, pensiyaya çıxdıqdan sonrakı sığorta stajı (9 il) sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sığorta haqqının 90 faizi və xx.xx.2017-ci il tarixədək hesablanan istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 17129 manat 29 qəpik təşkil etmişdir. O, bu arayışı almaqla cavabdeh təşkilata təqdim etmiş, lakin ona təyin edilmiş pensiyanın bu göstəricilərə uyğun olaraq yenidən hesablanması aparılmamışdır. Cavabdeh tərəfindən göstərilmiş hərəkətsizlik onun sosial təminat hüquqlarının pozulmasına əsas olmuşdur və cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə, ona təyin edilmiş yaşa görə əmək pensiyasının sığortaolunanın fərdi uçot məlumatları bazasında hazırki vaxta toplanan sığorta kapitalı (istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla və ümumi kapitalın 90 faizi götürülməklə) əsasında pensiyasının yenidən hesablanaraq ona təyin edilmiş pensiyaya əlavələrin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2021-ci il tarixdə müraciət edərək, təqdim etdiyi sənədlər əsasında 17129,29 manat pensiya kapitalının 72-yə bölünməklə əmək pensiyasının üzərinə əlavə edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya verilmiş xx.xx.2021ci il tarixli **********7 nömrəli cavab məktubu ilə müraciətin müsbət həlli mümkün olmamışdır. Belə ki, xx.xx.1953-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) qanunvericiliyin tələblərinə əsasən xx.xx.1999-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1- ci maddəsinə əsasən, Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006- cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Həmin Qanununun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 377 nömrəli Fərmanının 2.9-cu bəndinə əsasən məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda 27.1-ci maddəyə yeni məzmunda üçüncü cümlə xx.xx.2017-ci il tarixdə əlavə edilmiş, həmin dövrədək 377 nömrəli Fərmana əsasən 50%-ə hesablanmışdır. İddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra xx.xx.2015-ci il tarixdə Fondun Sumqayıt şəhər şöbəsinə ərizə ilə müraciət etmiş, əmək pensiyası yenidən hesablanmışdır. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizlə hesablanması nəzərdə tutulurdu. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, pensiya kapitalı 80% artırılmaqla yenidən hesablanması 2017- ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalına aid edilir. Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən aparılmış araşdırmalar zamanı yenidən hesablamanın düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 8140,32 manat sığorta kapitalı 72 aya bölünməklə (8140,32/72=113,06 manat) əmək pensiyasının (162,99 manat) üzərinə əlavə edilərək (162,99+113,06=276,05 manat (indeksləşdirilərək xx.xx.2020-ci il tarixinədək 400,88 manat)) ödənilməli olduğu halda, səhvən 8417,25 manat müəyyən edilmiş sığorta kapitalı 75 aya bölünərək (8417,25/75=112,23 manat) əmək pensiyasının üzərinə əlavə edilməklə (162,99+112,23=275,22 manat (indeksləşdirilərək xx.xx.2020-ci il tarixinədək 399,64 manat)) ödənilmişdir. Qeyd olunanlara əsasən ümumilikdə 165,56 manat əksik pul vəsaitinin ödənildiyi Mərkəzi Filial tərəfindən müəyyən edilmiş, həmin əksik ödənilmiş 165,56 manat pul vəsaiti xx.xx.2021-ci il tarixdə əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, iddiaçının ümumi kapitalın 90%-i götürülməklə pensiya kapitalının yenidən hesablanması tələbi qanunvericiliyə uyğun deyildir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-413/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. Bu cümlə əvvəllər “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsində olmamış, xx.xx.2017-ci ildən qüvvəyə minməklə sonradan əlavə edilmişdir. Qanunun tələbinə görə bu norma sığortaolunanlara və işləyən əmək pensiyaçılarına şamil oluna bilər. Yəni mümkündür ki, 01.01. 2006-cı ildən xx.xx.2017-ci ilə qədər (təbii ki, həm də 01 iyul 2017-ci ildən sonra) olan dövr ərzində şəxsin pensiya hüququ yaranmış olsun, lakin şəxsə ya pensiya təyin edilməsin, ya da pensiya təyin edilsin, lakin şəxs həm də işləməyə davam etsin. Bu iki vəziyyətdə olan vətəndaşlara pensiya təyin edilən zaman 27.1-ci maddənin üçüncü cümləsi tətbiq oluna bilər. Çünki bu kateqoriyaya aid şəxslər işlərini davam etdirmiş şəxslər olurlar və onların əmək haqlarından məcburi dövlət sosial sığorta yığımı davam edir, onların fərdi hesabında toplanır və istifadə olunmur. Bu halda x xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilədək olan dövr ərzində hər iki kateqoriyaya aid şəxslərin fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış, bu müddətdə pensiya təyin edilən və işləməyə davam edən şəxslərin isə pensiya təyin olunduqdan sonra xx.xx.2017-ci ilə qədər işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı 80 faiz artırılmaqla xx.xx.2017-ci il tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınacaqdır. İddiaçıya pensiya təyin edilənədək yığdığı pensiya kapitalı nəzərə alınmaqla 2014-cü ildə ona pensiya təyin edilmiş, bu zaman istifadə etmədiyi pensiya kapitalı mövcud olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin üçüncü cümləsi pensiya təyin edilənə qədər toplanmış və pensiya təyin edilən zaman istifadə edilmiş pensiya kapitalının fərdi hesabın sığorta hissəsində 80 faiz artırılmasını nəzərdə tutmamışdır. İddiaçının pensiya təyin edilənə qədər topladığı pensiya kapitalından istifadə edilərək ona pensiya təyin edilmiş, bu zaman fərdi hesabının sığorta hissəsində istifadə edilməmiş pensiya kapitalı mövcud olmamışdır. Odur ki, iddiaçının müraciətini təmin etməməklə cavabdeh inzibati orqan haqlı olmuşdur. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçının müraciətindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı müraciətinin əsaslılığını sübut edə bilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun adına olan fərdi hesabda sığorta kapitalının məbləği göstərilmiş və “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsində fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 80 faiz miqdarında artırılması qaydası ona münasibətdə də tətbiq olunmalı idi. Onun 2006-2015-ci ilədək olan dövr üzrə toplanan pensiya kapitalının 20003 manat təşkil etdiyi halda ona həmin məbləğin 50 faizinin (10001,50 manat) nəzərə alınmaqla hesablanan pensiya hansı məbləğdə müəyyən edilməlidir? Belə ki, ona həmin kapital əsasında pensiya hesablanarkən həmin dövrdə kapitalı 20003 manat olduğu halda onun 50 faizi 10001,50 manat təşkil etdiyi halda 8403,82 qəpik müəyyən edilməsi barədə arayış verilmişdir, həmin arayış nə dərəcədə doğrudur? Yaranmış bu fərq nə ilə izah olunur, belə ki, həmin dövr üçün pensiya kapitalının 50 faizi 803,82 manat olmamışdır. 2015-ci ildə ona yenidən pensiya hesablanması aparılarkən pensiya kapitalının 50 faizi kimi 10003 manat əvəzinə, 8403,82 manat vəsait əsas götürülərək həmin məbləğə görə (bu məbləğ 72 aya bölünmüş) vəsait pensiyasına əlavə olunmuşdur. Halbuki bu hesablama 10003 manat məbləğ üzərində aparılmalı idi (10003 manat 72 aya bölünərək həmin əldə olunmuş məbləğ 138,93 manat təşkil edir), lakin göründüyü kimi burada 22 manat fərq yaranır, belə ki, həmin dövrdə pensiyaya hesablanan aylıq əlavə 116 manat təşkil etmişdir, bu ziddiyyət nə ilə bağlıdır, xahiş edirə bu məsələyə də aydınlıq gətirilsin. AR Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş Əmək pensiyaları haqqında Qanuna dəyişikliklərlə bağlı həmin qanunun 26-cı maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə almır. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümıımi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin qanunun 27-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək qazanmış, olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablanırda nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 90% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərd hesabın sığorta hissəsində qeydə alınır. Onun sığorta hesabında xx.xx.2017ci il tarixədək toplanan pensiya kapitalı dövlət sosial sığorta haqqının 90 faizi də nəzərə alınmaqla 17129,29 manat təşkil etmişdir. Lakin həmin dövrdə bu məbləğ əsasında pensiyasının yenidən hesablanması Sumqayıt şəhər DSMF əməkdaşlarının səhlənkarlığı üzündən aparılmadı və xx.xx.2021-ci il tarixdə onun sığorta kapitalının ümumi məbləği artaraq 21314,77 manat təşkil etmişdir. Artıq həmin müddətdən də 2 il keçmiş və hesabında olan pensiya kapitalının hazırki məbləği məlum deyildir, yalnız qarşı tərəfin nümayəndəsinin məhkəmənin sualına verdiyi cavab əsasında bilmiş ki, bu məbləğ təxminən 23000 manat təşkil edir. Fərdi hesabında toplanan pensiya kapitalının 23000 manat olduğunu qəbul etdikdə həmin məbləğin 90 faizi əsasında ona hesablanmalı olan pensiya əlavəsi nə qədər məbləğ təşkil edər? Bundan başqa bu sualların cavablandırılması məqsədi ilə mütəxəssisə pensiya kapitalı barədə arayışı (3 vərəqdə), müraciətə cavab verilməsi barədə xx.xx.2021-ci il tarixli məktubun surətini (həmin məktubdan da göründüyü kimi DSMF idarə heyətinin sədr müavini Z.Mirzəyev ərizəmi baxılması üçün Xüsusi Şərtlərlə Təyinat filialına göndərmiş, lakin baxılmamışdır) təqdim etmişdir. Lakin mütəxəssis tərəfindən bu suallara cavab verilməmiş və məhkəmə qarşı tərəfin hesablamasını və dəlillərini əsaslı hesab etməklə onun iddia tələbini rədd etmişdir. Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı iddia ərizəsinə qarşı etiraza uyğun eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanun: Maddə 1.0.1.əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; ... Maddə 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; ... Maddə 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; ... Maddə 1.0.12. əmək pensiyasının sığorta hissəsi - əmək pensiyalarının ikinci pilləsi olmaqla, fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; Maddə 1.0.13. əmək pensiyasının yığım hissəsi - əmək pensiyalarının üçüncü pilləsi olmaqla, fərdi şəxsi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; Maddə 1.0.14. gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir; Maddə 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; ... Maddə 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: Maddə 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçıya yaşa görə əmək pensiyasının təyin edildiyi xx.xx.2009-cu il tarixdə qüvvədə olan redaksiyada) Maddə 27. Qanunun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 17. Yaşa görə pensiyaların məbləği Yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. ... Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. ... Maddə 71. Pensiyaların əmək haqqına görə hesablanması Pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanı

2. Müəyyən edilsin ki: 2.9. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır (1 may 2017-ci il tarixli, 1352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ləğv edilmişdir). 1 may 2017-ci il tarixli, 1352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2.9-cu bənd ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki inzibati iş üzrə iddiaçının iddia tələbi fərdi hesabının sığorta hissəsində indiyədək qeydə alınmış pensiya kapitalı məbləği əsasında əmək pensiyası məbləğinin yenidən hesablanmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməməsini onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.1999-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, iddiaçı xx.xx.2015-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra əmək pensiyası məbləğinin yenidən hesablanması ilə bağlı müraciət etmiş, toplanmış pensiya kapitalı əsasında əmək pensiya məbləği yenidən hesablanmış, həmin dövrdə qüvvədə olan qnaunvericiliyin tələbinə əsasən məcburi dövlət sosial sığorta haqqının 50 faizi əsas götürülməklə, hesablandığından, o qaydada hesablanmış, 80 faiz artırılmaqla, hesablanma qaydası məhz 2017-ci ilin 1 iyul tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınan və istifadə olunmamış pensiya kapitalıa aid edilir,bu əsasla iddiaçının ümumi kapitalının 90 faiz əsas götürülməklə, yenidən hesablanması qanunvericiliyin tələbinə ziddir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində xx.xx.1999-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 2006-2015-ci illərdə işləyən əmək pensiyaçısı olmaqla, xx.xx.2015-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmişdir. xx.xx.2015-ci il tarixli Arayışın məzmunundan görünür ki, iddiaçı barəsində fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı ildən xx.xx.2015-ci il tarixədək qeydə alınan pensiya kapitalının məbləği 8403,82 manat olmuşdur. İddiaçı xx.xx.2015-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, toplanmış pensiya kapitalı nəzərə alınmaqla, əmək pensiyası məbləğinin yenidən hesablanmasını xahiş etmiş, cavabdeh inzibati orqan tərəfindən həmin pensiya kapitalı istifadə olunaraq, onun əsasında həmin dövrdə qüvvədə olan qanunvericilik normasının tələbinə əsasən 50 faiz məbləği əsas götürülməklə, iddiaçıya təyin edilmiş əmək pensiya məbləği yenidən hesablanmışdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı 2006-2015-ci illərdə işləməsi ilə bağlı onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının məbləğinin 20003 manat olduğunu, onun 50 faiz məbləğinin 10001,50 manat olduğu halda, cavabdeh tərəfindən pensiya kapitalının 8403,82 manat əsas götürülməklə hesablanmasının yalnış olduğunu, məhz 10001,50 manat əsasında hesablanmalı olduğunu, habelə qanunvericilikdə 2017-ci ilin iyul 1 tarixinə olan pensiya kapitalının məbləğinin 90 faiz artırılmaqla qeydə alındığından, həmin əsasla hesablanmalı olduğunu əsas gətirərək, qeyd edilən iddia tələbini irəli sürmüşdür. Məhkəmə kollegiyası işin mübahisəli haları ilə bağlı onu qeyd edir ki, cavabdeh inzibati orqan 2006-2015-ci illərə aid dövr üzrə iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının məbləğinin müəyyən edilməsinə dair sənədləri (arayış, çıxarış və s.) məhkəməyə təqdim etmiş, həmin sənədlərin tədqiqi nəticəsində 2006-2015-ci ilə aid pensiya kapitalı məbləğinin düzgün müəyyən edilməməsi halı aşkar edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası iddiaçının istinad etdiyi dəlillərlə bağlı qeyd edir ki, iş materiallarında qeydə alınan pensiya kapitalı məbləğinin xx.xx.2017-ci il arayışı əsasında 17129,29 manat və digər illər üzrə fərqli məbləğlər göstərilməsi halına istinad edərək, həmin məbləğlərin nəzərə alınmaqla, əmək pensiya məbləğinin yenidən hesablanmasının zəruriliyini bildirmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı qeyd edilən hallara aydınlıq gətirilməsi məqsədilə mütəxəssis dinlənilmiş, mütəxəssis tərəfindən öz izahatında iddiaçının 2015-ci ildə işdən çıxdığından, həmin tarixdə müraciət etdiyidən, həmin dövrdə olan qanunvericiliyə əsasən 50 faiz tətbiq edilməklə hesablandığını, 2017-ci ilin iyulun 1 tarixinə isə istifadə olunmamış pensiya kapitalı olmadığından, yeni əsasla hesablanmanın tətbiq edilməsinin mümkün olmadığını, pensiya kapitalının sistemdə qeydə alındığını və həmin məbləğin əsas götürüldüyünü, məcburi sığorta haqqının işəgötürən tərəfindən düzgün ödənilməməsi ilə bağlı hallar isə onların səlahiyyətinə aid olmadığını, sistemdə fərqli məbləğlərin illər üzrə göstərilməsinin səbəbi isə qanuna dəyişiklik edildikdən sonra sistemin özü istifadə olunmayan kapital kimi həmin məlumatı avtomatik olaraq hesablamaqla, qeyd etdiyindən, yazıldığını bildirmişdir. İddiaçı tərəfindən qeyd edilən halları təkzib edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Nəticə etibarilə məhkəmə araşdırması zamanı iddiaçıya münasibətdə fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı məbləğinin cavabdeh tərəfindən düzgün müəyyən edilməməsi halı aşkar edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası iddiaçının istinad etdiyi digər hallarla bağlı qeyd edir ki, iddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına 2015-ci il tarixdə keçdiyindən, həmin tarixdə ərizə ilə müraciət edərək, 2006-2015-ci illər üzrə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının hesablanmasını xahiş etmiş, həmin dövrdə qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən pensiya kapitalının məbləği məhz ödənilmiş sığorta haqqlarının 50 faizi əsas götürülməklə, əmək pensiya məbləği yenidən hesablandığından, cavabdeh inzibati orqanın həmin hissədə də hərəkətləri qanunauyğun olmuşdur. Bundan əlavə qeyd edilməlidir ki, 1 iyul 2017-ci il tarixdən qüvvədə olan qanunvericilik normasının dispozitiv şərtlərindən görünür ki, fərdi hesabın sığorta hissədində qeydə alınmış və istifadə olunmamış pensiya kapitalı mövcud olmalıdır. İndiki halda iddiaçıya münasibətdə həmin tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış və istifadə olunmamış pensiya kapitalı mövcud olmadığından, həmin normanın dispozitiv şərtləri hazırki iddia tələbi ilə uzlaşmır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həmin hissədə də əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-413/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar