Məhkəmə qərarları › İş №2-1(105)-348/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-348/2025

21.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-348/2025 21.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehn nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-49/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) xx.xx.2024-cü il tarixli 2-1(118)- 49/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Forma 088 nömrəli göndərişin tarixindən, yəni xx.xx.2021-ci il tarixdən etibarən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında «Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi» X2 üzərinə vəzifə olaraq qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini, iddianın mümkünsuz hesab edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının cavabdeh təşkilatlar tərəfindən səhiyyə müəssisəsinin 88 nömrəli göndəriş sənədində qeyd olunan xəstəliyin vəziyyəti barədə, yəni Azərbaycan Respublikasının müdafiəsi zamanı ağır dərəcəli güllə yarası və kontuziya alıb ağır xəstəlik əsasında əlil olmağının müəyyən edilməsi və xx.xx.1994-cü il tarixdən əlillik təyin olunmasına dair qərar qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2021-ci il tarixdən etibarən İddiaçı əlillik təyin edilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəlilləri onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1975-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. O, 28 aprel 1993-cü ildən 28 may 1993-cü ilədək N saylı hərbi hissədə qulluq etmişdir. 1993-cü ilin iyun ayından Qubadlı briqadasının 5-ci batalyonunda N saylı hərbi hissədə qulluq etməyə başlamışdır. 16 mart 1994-cü ildə döyüş əməliyyatları zamanı yaralanmış və 28 iyun 1994-cü ilədək N saylı hərbi hissənin hospitalında müalicə olunmuşdur. Bundan başqa Füzuli rayonunda 1993-cü ildə erməni gülləsindən sağ ayaq bud hissəsindən yaralanmış və Sabunçu rayon xəstəxanasında müalicə almışdır. 1993-cü ildə Qubadlı rayonu Muradxanlı kəndində ermənilərin atdığı minamyotun partlaması nəticəsində kontuziya alıb yaralanaraq Qubadlı rayonu Xanlıq hospitalında, sonradan isə Qaradağ rayonu Ələt hospitalında müalicə almışdır. Yuxarıda göstərilənləri Siyəzən rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi də bir daha sübut edir. İddiaçı müharibə əlilliyinin müəyyən edilməsi və pensiya təyini barədə cavabdehə dəfələrlə müraciət etsə də, cavabdeh ona əllillik təyin edilməsindən əsassız olaraq imtina etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, iddianın mümkünsüz hesab olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianın növünü və mümkünlük məsələsini düzgün tövsif etməmiş və iddianın növünü səhv müəyyən edərək ötürülmüş müddət məsələsinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, bu iddia növü məhkəmənin bildirdiyi kimi öhdəliyin icrası haqqında iddia deyil, məcburetmə barədə iddiadır. İnzibati Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Birinci instansiya məhkəməsi müddətin ötürülmə məsələsinə düzgün hüquqi qiymət verməmişdir. İddiaçının inzibati orqan tərəfindən verilmiş imtinadan xəbəri xx.xx.2021-ci il tarixdə ********** nömrəsinə sms göndərilməklə xəbərdar edilmiş və iddiaçı bu imtinadan 7 ay sonra məhkəməyə müraciət etdiyindən iddia mümkünsüz hesab olunmalıdır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-in 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. “İnzibati icraat Haqqında” Qanunun 62.1-ci maddəsinə əsasən, İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. “İnzibati icraat Haqqında” Qanunun 73.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar. Hazırkı işdə iddiaçının iddiası, fikrimizcə, mümkünsüz hesab edilməlidir. Bundan əlavə birinci instansiya məhkəməsi işə baxarkən sırf ekspert rəyinə əsaslanaraq öz mülahizəsinə uyğun şəkildə və işi lazımi qaydada araşdırmayaraq, əyani müayinə barədə qərardad qəbul etməyərək vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Odur ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini, iddianın mümkünsuz hesab edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə etdi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın mümkünsuz hesab edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək, ona xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2025-ci il tarixli ərizəsini, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verdiyinə görə, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair qərarı dəyişdirilməli, dəqiqləşdirilmiş iddia tələbi təmin edilməli, cavabdehin apellyasiya şikayəti rədd edilməlidir. Belə ki, iddiaçı xx.xx.1975-ci ildə doğulmuşdur, iddiaçı ona əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh inzibati orqan isə “diaqnoz əlillik təyin etmir” əsası ilə xx.xx.2021-ci il tarixdə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh inzibati orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 140 nömrəli qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra - şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbisosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. Həmin Qanunun 1.6-cı bəndinə əsasən Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Qanunun 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Qanunun 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Qanunun 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qanunun 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Qanunun 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qanunun 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qanunun 29-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qanunun 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(059)-332/2017 nömrəli qətnaməsi ilə İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilmiş, ərizəçi İddiaçı xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək N saylı hərbi hissədə qulluq etməsi, 1993-cü ilin iyun ayından Qubadlı briqadasının 5-ci batalyonunda - N saylı hərbi hissədə qulluq etməyə başlaması, xx.xx.1994-cü ildə döyüş əməliyyatları zamanı yaralanması və xx.xx.1994-cü ilədək N saylı hərbi hissənin hospitalında müalicə olunması faktı təsdiq olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017ci il tarixli 169 nömrəli qərarından müəyyən edilir ki, Sumqayıt ŞHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası hərbi prokurorluğunun xx.xx.2006-cı il tarixli HP01/36 nömrəli və Füzuli hərbi prokurorluğunun xx.xx.2015-ci il tarixli 17/5079 nömrəli məktublarına əsasən qeydiyyata götürülmüş, vətəndaş İddiaçı Sulfiddin oğlunun döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travma - diaqnoz: “Zəif kliniki əlamətlərlə təzahür edən baş beyinin silkələnməsi” və xx.xx.1994-cü ildə aldığı, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Bakı şəhəri 3 nömrəli klinik xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma və travma diaqnoz: “Sağ budun aşağı 1/3-nin arxa səthindən dəlib keçən güllə yarası, baş beyinin kontuziyasından sonrakı asteno-nevrotik sindrom” və xx.xx.1994-cü ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş yaralanmanın və travmanın nəticələri - diaqnoz: “Qapalı kəllə beyin travmasından (baş beyinin əzilməsi xx.xx.1994) sonrakı astenik sindrom. Sağ budun aşağı 1/3-nin dəlib keçən güllə yarası, oturaq sinirinin və sağ ayağın aşağı hissəsinin zədələnməsi” (Azərbaycan Respublikası SHXÇDXnin Sumqayıt şəhər idarəsinin xx.xx.2017-ci il tarixli 41 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 517 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, Bakı şəhəri 3 nömrəli klinik xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli 7771 nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın və nevropatoloqun rəyləri ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin 7.2. bəndinin a) yarımbəndi MN MHHKnin 143 nömrəli xx.xx.2017-ci il tarixli protokolu). Sumqayıt 1 nömrəli xəstəxanın poliklinika şöbəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0531003AAKZE nömrəli göndəriş əsasında ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyi olan şəxs statusunun verilməsi üçün zəruri sənədlər xx.xx.2021-ci il tarixdə imzalanaraq cavabdehə göndərmişdir. Lakin cavabdeh tərəfindən diaqnozun əlillik əlamətləri təyin etməməsi barədə xx.xx.2021-ci il tarixdə qərar qəbul edilmişdir. Azərbaycan Respubltikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin PTTİ-nin prokuroru Musa Hacıyevin xx.xx.2021-ci tarixli qərarı əsasında verilmiş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X2 xx.xx.2021-ci il tarixli 242/MEŞ nömrəli canlı şəxsin ekspertizası rəyinə əsasən 1975-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə Respublikası Klinik Xəstəxanasıda stasionar şəraitdə aparılmış kliniki, laborator və instrumental (EEQ, kranial KT, audioqramma) profil üzrə həkim mütəxəssislərin (psxiator, lor, travmatoloq) müayinələrinə əsasən ona “keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı ensefalopatiya; posttravmatik mənşəli psixoorqanik sindrom, depressiv vəziyyət; sağ budun orta 1/3-ni dəlib keçən güllə yarasından sonrakı çapıqları”, o cümlədən “eşitmə - sol qulaqda İİİ, sağda İİİ-İV dərəcəli neyrosensor tibb enib” diaqnozu obyektiv elmi əsaslı təyin edilmişdir. İddiaçı “eşitmə - sol qulaqda İİİ, sağda İİİ-İV dərəcəli neyrosensor tibb enib” diaqnozu xx.xx.2021-ci il tarixdə Respublika Klinik Xəstəxanasında audiodioqramma və yüksək ixtisaslı otolorinqoloqun müayinəsi əsasında təyin edilmişdir və əlavə müayinələrin, o cümlədən BERA testinin aparılması məhkəmə-tibbi meyarlarla məqsədə müvafiq hesab edilmir. Ekspertizanın keçirilməsi xx.xx.2021-ci il tarixdə başlamış və xx.xx.2021-ci il tarixdə başa çatmışdır. (iş v. 104-113) Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-134/2023 nömrəli qərardadı əsasında verilmiş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X2 xx.xx.2024-ci il tarixli T501/2023 nömrəli ekspert rəyində qeyd edilir: 1975-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0531003AAKZE saylı Forma 088 göndərişində qeyd edilmiş “T90.5 - Kəllədaxili travmalann nəticələri, keçirilmiş kəllə-beyin travmasından sonrakı qalıq əlamətləri; baş beyinin travmatik xəstəliyi, ensefalopatiyası, hipertenzion sindromla; F48 - Nevrasteniya, qabarıq ANS; H91 - Eşitmənin digər növlü itirilməsi, İkitərəfli neyrosensor ağır eşitmə, koxlear nevrit; Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ budun orta 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət; H52.0 - Hipermetropiya OU-Zəif dərəcəli hipermetropiya; İ10 - Essensial (birincili) hipertenziya, arterial hipertoniya xəstəliyi İİ mərhələ.” diaqnozu ona stasionarda müayinə və müalicəsi zamanı anamnestik, klinik, laborator instrumental müayinələri əsasında qoyulmuşdur. Həmin xəstəliklər fəsadlaşaraq xroniki hala keçdiyindən onun hazırda həmin xəstəliklərdən əziyyət çəkməsini inkar etmək olmaz. İddiaçı müşahidə edilən xəstəliklərin müalicə alınmaqla tam reablitasiyası mümkün deyildir. Lakin xəstəliklər kəskinləşdikdə əlavə müalicəyə zərurət yaranır. Ekspertizanın keçirilməsi xx.xx.2024-cü il tarixdə başlamış və xx.xx.2024-cü il tarixdə başa çatmışdır. (iş v.171-174) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər (İ10-İ15); Görmənin və eşitmənin kombinə olunmuş tam itirilməsi (H00- H95) müşahidə olunan şəxsə əlillik təyin edilir. (XBT-10): F48.0 kodu: Nevrasteniya. Bu pozğunluqda həddən artıq dərəcədə mədəniyyətlə əlaqədar variabellik müşahidə olunur. Aşkar dərəcədə bir-birini əhatə edən iki əsas tip pozğunluq ayırd edilir. Birinci tipin əsas xarakter əlaməti əqli gərginlikdən sonra artıq dərəcədə yorğunluq şikayətləridir ki, bunlarla da istehsalat göstəricilərinin və ya gündəlik işlərdə produktivliyin müəyyən qədər azalması əlaqədardır. Əqli yorğunluq xəstələr tərəfindən xoşagəlməz unutqanlığın yaranması, yaddaşın azalması, diqqətin cəmlənməsinin mümkünsüzlüyü və əqli fəaliyyətin qeyrieffektivliyi kimi təsvir edilir. Digər tip pozğunluqda hətta minimal gərginlikdən sonra belə, əzələ ağrısı hissiyatı və fiziki rahatlığın qeyri-mümkünlüyü ilə müşaiyət olunan fiziki yorğunluq və əldən düşmə hissiyatına əsas diqqət yönəlir. Hər iki tip pozğunluq bir sıra ümumi xoşagəlməz fiziki duyğulara belə ki, baş gicəllənmə ilə, gərgin baş ağrısı və ümumi qeyri-stabilliyin hissedilməsi ilə xarakterizə olunur. Ümumi əlamətlər həmçinin öz əqli və fiziki qabiliyyətinin azalmasına görə narahatçılıq, qıcıqlanma, sevinmə qabiliyətinin itirilməsi və zəif ifadə olunmuş depressiya və həyəcan kimi şikayətlərdir. Yuxu adətən başlanğıç və orta fazalarda pozulmuş olur, amma həmçinin yuxululuq artmış dərəcədə də ola bilər. Yorğunluq sindromu Bu pozğunluqdan əvvəl yaranmış somatik xəstəliyi müəyyənləşdirməyə ehtiyac olarsa, əlavə koddan istifadə olunur. F91 kodu: Eşitmənin digər növlü itirilməsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.9-cu bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9) hallarında təyin edilir. Həmin Əsasnamənin 5.1.4-cü bəndinə əsasən texniki reabilitasiya vasitələrinin (ətrafların və ya duyğu orqanlarının pozulmuş funksiyalarını əvəz etmək üçün tətbiq olunan xüsusi avadanlıq, cihazlar və tərtibatlar) verilməsi karlıq (H83.3, H83.8-H83.9, H90-H90.8, H91-H91.9; hallarında tövsiyə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1-ci bəndinə əsasən başın travmalarının nəticələri (T90) əlilliyin təyin edilməsi üçün əsaslardır. “Əlilliyin müəyyən olunması meyarları”nın 11.1.2.5-ci bəndinə əsasən psixi funksiyaların (davamlı koqnitiv və affektiv-iradi pozuntularla astenik və asteno-nevrotik sindrom) mülayim pozuntusu ilə olduqda orqanizmin funksiyalarının pozulması faizi 40-60 faiz olmaqla 2 il müddətinə müəyyən edilir. Verilmiş ekspert rəyindən göründüyü kimi iddiaçıda hazırda da xx.xx.2021-ci il tarixli göndərişdə qeyd edilən xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan xəstəliklər şəxsin əlilliyinin müəyyən edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqan tərəfindən əlilliyin müəyyən edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əlilliyin müəyyən olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin müəyyən olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin araşdırması zamanı iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 məhkəmə ərizə təqdim edərək, İddiaçı səhhəti ilə bağlı yaranmış və hal-hazırda da davam edən üzrlü halın nəzərə alınaraq ötürülmüş iddia müddətin üzürlü hesab edilərək, ötürülməmiş hesab edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının səhhəti, davranışları və faktiki psixoloji vəziyyəti (məhkəmə tərəfindən iş üzrə dəfələrlə ekspertiza təyin edilsə də iddiaçı səhhəti ilə əlaqədar iştirak etməmiş, yalnız sonuncu ekspert müayinəsində iştirak etmişdir) nəzərə alınmaqla iş üzrə iddia müddəti ötürülməmiş hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «... qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. xx.xx.2021-ci il tarixdə TSEK-ə göndəriş verilmiş, cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaçıya əlillik təyin edilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçının əlilliyinin müəyyən edilməsi xx.xx.2021-ci il tarixdən aparılmalıdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2025-ci il tarixli ərizəsi təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilməli, İddiaçı xx.xx.2021-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar” olaraq üçüncü dərəcə əlilliyin müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-49/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar” olaraq üçüncü dərəcə əlilliyin müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar