Məhkəmə qərarları › İş №2-1(105)-349/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-349/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-349/2022 05.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2- 1(118)-576/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı xx.xx.1975-ci ildə Dəvəçi rayonunda anadan olmuşdur. İddiaçıya məxsus ******* nömrəli hərbi biletdə olan qeydə əsasən o, 12.10.1993-cü ildə Dəvəçi rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış, 06.01.1994-cü ildən 28.01.1994-cü ilə qədər N nömrəli hərbi hissədə atıcı, 28.01.1994-cü ildən isə N nömrəli hərbi hissədə hərbi xidmətdə olmuşdur.

2. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan 10 noyabr 2021-ci il tarixli məktubla müraciəti təmin etməkdən imtina edərək bildirmişdir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 29.10.2021-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Belə ki, Mərkəzi Arxivin 08.10.2021-ci il tarixli 4/2-114N nömrəli arayışına və təqdim olunmuş sənədlərə əsasən 16.04.1994-cü il tarixdən sonrakı dövrdə hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı 02.11.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 12 oktyabr 1993-cü ildə Dəvəçi rayonu Hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, ilk olaraq 2 aydan çox H.Z.Tağıyev qəsəbəsində yerləşən N saylı hərbi hissədə karantin təlim keçərək Bərdə korpusuna 703-N saylı hərbi hissələrə göndərilərək oradan birbaşa hərbi əməliyyatların qızğın getdiyi döyüş bölgələrinə göndərilmişdir. İlk öncə Ağdamın Güllücə, Mərzili, Qərvənd, Baş Qərvənd, Orta Qərvənd, Əhmədağalı, Marquşavan, Sərsəng su anbarı istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü il yanvar ayının 24-ü gecə saatlarında təxminən 150 nəfər şəxsi heyətlə 3 maşın (2 Qaz 66 və 1 Zil) Güllücədən Ağdərə istiqamətində hərəkət edərkən, onun olduğu Qaz 66 maşını tank əleyhinə minaya düşmüşdür. Həmin vaxt o və 7-8 nəfər əsgər həmin maşında sağ qalmışlar. İddiaçı güclü kontuziya keçirərək, o cümlədən başından, belindən yaralanaraq yaxınlıqdakı fermaya oxşar yerə aparılmışlar. Orada ona 3-4 gün tibbi yardım göstərilmişdir. Başında və belində olan qəlpələrə baxmayaraq, yenidən Marquşavanda gedən qızğın döyüşlərə qatılmış, 1994-cü ilin fevral ayında Marquşavanda qolundan güllə yarası almış, 3-4 gün Tərtər hospitalında saxlanılaraq daha sonra helikopterlə Bakı şəhərinə təxliyə edilmiş, müalicəni 1994-cü ilin aprel ayının 16-na kimi Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən 3 nömrəli Şəhər Klinik Xəstəxanasında davam etdirmişdir. Uzun illər nevroloji xəstəliklərdən (sudurqa, kontuziya) əziyyət çəkdiyindən, başında, bədənində olan qəlpələr səbəbindən veteran vəsiqəsi əldə etmək üçün müraciət edə bilməmişdir. Hal-hazaırda müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinə müraciət etsə də, cavabdeh qurum tərəfindən ona 10 noyabr 2021-ci il tarixli cavab məktubu göndərilərək göstərilmişdir ki, “Mərkəzi Arxivin 08.10.2021-ci il tarixli 4/2-114N nömrəli arayışına və təqdim olunmuş sənədlərə əsasən 16.04.1994-cü il tarixdən sonrakı dövrdə hərbi xidmətiniz və qanuni əsaslarla ehtiyata buraxılmağınız barədə məlumat olmadığına görə Sizə “Müharibə Veteran” adının və vəsiqəsinin verilməsindən imtina olunur”. Qeyd edir ki, cavabdeh qurumun cavab məktubunda göstərdiyi qaydada müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsi əsassızdır, qanunvericiliyin tələblərinə ziddir. Qeyd etdiyi kimi o Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, iş üzrə kifayət qədər sübutları vardır. 3 nömrəli Şəhər Klinik Xəstəxanası publik hüquqi şəxsinin verdiyi 03.03.2020-ci il tarixli arayışda qeyd olunur ki, İddiaçı 10.02.1994 tarixdən 16.04.1994-cü il tarixə kimi 3 nömrəli Şəhər Klinik Xəstəxanasının 19-cu cərrahiyyə şöbəsində “Sol budun dəlib keçən güllə yarası və bazu sümüyünün sınığı” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Müdafiə Nazirliyi Mərkəzi hərbi həkim komissiyasının 31.12.2020-ci il tarixli, 461 nömrəli qərarında qeyd olunur ki, “İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və 10.02.1994-cü ildən 16.04.1994cü ilə kimi Bakı şəhər 3 nömrəli Şəhər Klinik Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma və travma-diaqnoz: “Sol bazunun dəlib keçən güllə yarası və bazu sümüyünün sınığı” “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İddiaçıya məxsus hərbi biletdə qeyd olunur ki, İddiaçı 12.10.1993-cü il tarixdə 226 nömrəli əmrlə N saylı hərbi hissənin siyahısına daxil edilmiş və 06.01.1994-cü il tarixli N nömrəli əmrlə hərbi hissənin siyahısından çıxarılmış, 06.01.1994-cü il tarixdə N saylı hərbi hissənin siyahısına daxil edilmiş və 28.01.1994-cü il tarixdə hərbi hissənin siyahısından çıxarılmış, 28.01.1994-cü il tarixdə 10 nömrəli əmrlə N saylı hərbi hissənin siyahısına daxil edilmişdir. Tərtər Hərbi Prokurorluğunun 03.03.2016-cı il tarixli 19HP/978 nömrəli məktubunda N nömrəli hərbi hissənin hərbi qulluçusu İddiaçı barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd olunmuşdur.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri:

5. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə yə istinad edilərək göstərilir ki, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edər qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstəriş şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əkj edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyir ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Mərkəzi Arxivin 08.10.2021-ci il tarixli 4/2-114N nömrəli arxiv arayışında qeyd dedilmişdir ki, Dəvəçi RHK-dan çağırılmış, 1975-ci il təvəllüdlü İddiaçı Əlhüseyn oğlu N nömrəli hərbi hissə komandirinin 12.10.1993cü il tarixli 226 nömrəli əmrilə 13.10.1993-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlara təmin edilərək “sıravi” hərbi rütbəsi verilməklə kursant vəzifəsinə təyin olunduğu, N nömrəli hərbi hissə komandirinin 06.01.1994-cü il tarixli N nömrəli əmrində G.A.İsayevin şəxsi heyətin ümumi siyahısından çıxarıdılaraq hərbi tapşırığı yerinə yetirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilməsi, N nömrəli hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında 1975-ci il təvəllüdlü İddiaçı Əlhüseyn oğlunun Dəvəçi RHK-dan çağırılmı komandirin 13.10.1993-cü il tarixli 226 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil olması, komandirin 06.01.1994cü il tarixli N nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxardılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərildiyi, N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş, sıravi Musayev (soy adı Musayev yazılmış) Gülhüseyn Əlhüseyn oğlunun N nömrəli hərbi hissə komandirinin 31.01.1994-cü il tarixli 10 nömrəli əmrində 28.01.1994-cü il tarixdən siyahıya və bütün növ təminatlara qoyulması barədə məlumat olsa da N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin fevral-dekabr 1994- cü il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı Əlhüseyn oğlunun xidməti barədə məlumat aşkar edilməmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının(təkrar) müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Belə ki, hərbi hissəni özbaşına tərk etməsi, həmçinin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılma barədə arxiv sənədlərində məlumatlar aşkarlanmamışdır.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(118)-576/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması 1996-cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər. İddiaçı qanuni əsaslarla hərbi xidmətdən təxris olunması təsdiq edilmədiyi üçün cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur.

8. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilərək və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

9. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, o, xəstəxanadan çıxandan sonra hərbi xidmətini davam etdirmək üçün yenidən Dəvəçi rayonu Hərbi Komissarlığına müraciət etmişdir. Komissarlıqdan həmin vaxt ona bildirmişlər ki, müalicələrini davam etdirsin, onlar ona tam sağalana kimi hərbi xidmətini davam etdirməyinə icazə verə bilməzlər, onlar xəbər edəndə hərbi komissarlığa yaxınlaşar. Daha sonra isə hərbi komissarlıqdan hərbi biletinin itirildiyi ona bildirilmişdir. Göründüyü kimi o, hərbi xidmətdən yayınmamışdır, əgər hərbi xidmətdən yayınsaydı, barəsində cinayət işi başlanılardı. Hərbi xidmətdən buraxılmağı və hərbi hissənin siyahısından çıxarılmağı barədə müvafiq qeydlərin aparılmamasının günahkarı o deyildir, cav abdeh qurumdur. Tərtər Hərbi Prokurorluğunun 03.03.2016-cı il tarixli 19HP/978 nömrəli məktubunda N nömrəli hərbi hissənin hərbi qulluqçusu İddiaçı barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd olunmuşdur. Sonra isə uzun illər nevroloji xəstəliklərdən əziyyət çəkdiyindən, başında, bədənində olan qəlpələr səbəbindən veteran vəsiqəsi əldə etmək üçün müraciət edə bilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdilər.

11. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. “Hərbi qulluqçuların statusu haqqında” 25.12.1991-ci il tarixli Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

13. “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 8-ci yarımbənd Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

15. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyyata buraxılması haqqında” 433 saylı Fərmanı, 23 yanvar 1996cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı 23 iyun 1996-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 saylı Fərmanı 29 sentyabr 1996-cı il tarixində qəbul edilmişdir.

16. İnzibati Prosessual Məcəllə Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.03.2022-ci il tarixli, 2-1(105)-349/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.

18. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, hazırkı mübahisənin predmetini iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası təşkil edir.

21. İddiaçı ******* nömrəli hərbi biletdə qeyd edilən hərbi hissələrin siyahısına daxil edilməsi barədə qeydlərə, habelə 3 nömrəli Şəhər Klinik Xəstəxanası publik hüquqi şəxsinin verdiyi 03.03.2020-ci il tarixli arayışda qeyd olunduğu 10.02.1994-cü il tarixdən 16.04.1994-cü il tarixə kimi 3 nömrəli Şəhər Klinik Xəstəxanasının 19-cu cərrahiyyə şöbəsində stasionar müalicədə olmasına istinad edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini tələb edir.

22. Mudafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 10.11.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı göndərdiyi sənədlərə Mudafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üçün komissiyanın 29.10.2021-ci il tarixli iclasında iddiaçının müraciətinə baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir.

23. Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən verilən 08.10.2021-ci il tarixli 4/2-1144 №-li arayışda N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr 1994-cü il tarixli nizami-hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin fevral-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində şəxsi heyətinin əlifba qeydiyyatı kitabında İddiaçı xidməti barədə məlumatın aşkar olunmadığı göstərilmişdir.

24. İşin yuxarıda qeyd edilən hallarına uyğun olaraq iddiaçının apellyasiya şikayətinin müvafiq dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 14-cü bəndində istinad edilən 22.09.1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş və müvafiq münasibətləri tənzimləyən “Əsasnamə”nin tələblərinə əsasən hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilmədiyi halda hərbi biletlər əsasında döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adı verilə bilməz. Belə ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Bununla bağlı, döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməni təsdiq edən sənəd kimi yalnız hərbi biletə və oradakı qeydlərə istinad edilə bilməz. Belə ki, qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarından göründüyü kimi yalnız hərbi biletdəki qeydlər özüözlüyündə yetərli deyildir, onunla yanaşı, həm də hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları da təqdim olunmalıdır.

25. Beləliklə, iş materiallarında olan sənədlərlə iddiaçının N və N hərbi hissənin tərkibində döyüş bölgəsində olarkən yaralanması öz təsdiqini tapsa da, onun tərəfindən hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.

26. Hərbi xidmət zamanı iddiaçının yaralanması ilə bağlı apellyasiya şikayətində göstərdiyi dəlil ilə bağlı kollegiya qeyd edir ki, həqiqətən də, iş materiallarından görünür ki, iddiaçı hərhi hissədə olarkən 10.02.1994-16.04.1994-cü ildə müalicə almış, Bakı şəhəri, 3 nömrəli Şəhər Klinik Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma və travma diaqnoz: “Sol bazunun dəlib keçən güllə yarası və bazu sümüyünün sınığı” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinmin 06.03.2020-ci il tarixli 240 nömrəli göndərişi, 06.03.2020-ci il tarixli 129 nömrəli arayışı, Bakı şəhəri 3 nömrəli Şəhər Klinik Xəstənasından verilmiş 16.04.1994-cü il tarixli çıxarış epikrizi, Bakı şəhəri, 3 nömrəli Şəhər Klinik Xəstəxanasının baş həkiminin imzası və gerbli möhürü ilə təsdiq edilmiş 03.03.2020-ci il tarixli 34N nömrəli məktubu, MN MHHK-nın həkim mütəxəssisisinin rəyi ilə təsdiq edilir) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.

27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində xəstəxanadan çıxandan sonra hərbi xidmətini davam etdirmək üçün yenidən Dəvəçi rayonu Hərbi Komissarlığına müraciət etdiyini bildirsə də, onun sonrakı xidməti barədə rəsmi mənbələrdə hər-hansı məlumat aşkar edilməmişdir. Halbuki, hərbi qulluqçunun xidmət keçmənin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. İddiaçı döyüş zamanı yaralansa da, onun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri olmamış, şəxsi heyət siyahısından qanunla müəyyən edilmiş qaydada çıxarılmamışdır.

28. Odur ki, kollegiya qeyd edir ki, iddiaçının qanuni əsaslarla ordudan tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Belə ki, yuxarıda istinad olunan normalara əsasən iddiaçının qanunla müəyyən edilmiş qaydada təxris olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur.

29. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(118)-576/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar