Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-349/2023 03.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X2 ibarət tərkibdə, X15 qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndələri X7 və X4, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2-1(118)-2053/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Abşeron rayonu, Xırdalan bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X8 arasında bağlanmış 25 aprel 2008-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasən bələdiyyə tərəfindən 3200 kv.m torpaq sahəsi tikinti məqsədilə 99 il müddətinə MMC-nin icarəsinə verilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 21 oktyabr 2008-ci il tarixli, 1178 nömrəli sərəncamına əsasən X5 Xırdalan bələdiyyəsinin 25 aprel 2008-ci il tarixli qərarı ilə ayrılmış Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında yerləşən 0,32 ha torpaq sahəsində 3 bloklu, 12 mərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Həmin torpaq sahəsində "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının eskiz layihəsi xx.xx.2009-cu il tarixdə Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmışdır. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 30 oktyabr 2019-cu il tarixli, 021 nömrəli “Çoxmənzilli yaşayış binası kompleksinin istismarına icazə” sənədinə əsasən AR Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən yükdaşıyan konstruksiyaların dayanıqlıq, möhkəmlilik baxımından istismara yararlılığı, yanğın töhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kummunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq 30 oktyabr 2019-cu il tarixdən 3 girişli, zirzəmili, 12 mərtəbəli yaşayış binasının istismarına icazə verilmişdir. İddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 27 aprel və 13 may 2022-ci il tarixli, **********5 nömrəli və **********02 nömrəli məktubları ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin arxiv əsaslarında saxlanılan müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilmiş eskiz layihədə yaşayış sahəsi kimi qeyd olunduğu müəyyən edilmişdir. Təqdim edilmiş sənədlərdə qeyri-yaşayış sahəsi kimi qeyd olunsa da, faktiki vəziyyətdə ümumi istifadədə olan sahə olduğu müəyyən edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən “Viləşçay-İnşaat" Mənzil Tikinti Kooperativi tərəfindən tikilmiş binanın 3-cü blokunun 1-ci mərtəbəsində 24.03 kv.m və 2-ci mərtəbəsində yerləşən 172.03 kv.m qeyri-yaşayış sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı təxminən 7-8 il bundan əvvəl Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilən binadan qeyri-yaşayış sahəsi almışdır. Həmin qeyri-yaşayış sahəsini aldıqdan sonra sahənin layihəsi hazırlanmış və Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin baş memarı tərəfindən təsdiq edilmiş və razılaşdırılmışdır. Həmin qeyri-yaşayış sahəsinə dair 02 iyun 2017-ci il tarixdə onunla "xxxx" MTK arasında qeyriyaşayış tələbatçıları arasında notarial qaydada təsdiq edilmiş müqavilə imzalanmışdır. Həmin müqavilədən də görünür ki, qeyri-yaşayış sahəsi binanın İ və İİ mərtəbəsində və zirzəmisində yerləşir. Qeyri-yaşayış sahəsinin İ mərtəbədə yerləşən hissəsinin sahəsi 24.03 kv.m, İİ mərtəbədə yerləşən hissəsinin sahəsi 172.03 kv. metr təşkil edir. Müqavilənin qeyd hissədə göstərilir ki, İİ mərtəbədə yerləşən 172.03 kv metr sahəsi ümumi mənzil sahəsindən azalaraq qeyri-yaşayış sahəsinə çevrilmişdir, (maddə 144, 145, 146). İddiaçıya məxsus olan həmin qeyri- yaşayış sahələri biri-digəri ilə əlaqəli olmaqla, digər sahələrdən divarla ayrılmış və üçüncü şəxslərin istifadəsi (ümumi istifadə) üçün nəzərdə tutulmamışdır. MTK tərəfindən təqdim edilmiş maliyyə arayışından da görünür ki, qeyri-yaşayış sahələrinin dəyəri iddiaçı tərəfindən tam olaraq ödənilmişdir. İddiaçı həmin qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin, cavabdeh müraciətin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, o, "xxxx" MMC-dən həmin sahələri ilkin vəziyyətdə alarkən qeyri-yaşayış sahəsi kimi əldə etmişdir. Bununla bağlı ilkin hüquqmüəyyənedici sənədlər də bu faktı təsdiqləyir. Həmçinin, imtina cavabında qeyd edilən İ mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin ümumi istifadədə olması da həqiqəti əks etdirmir və bunu həmin sahəyə yerində baxış keçirməklə müəyyən etmək mümkündür. Bundan başqa, imtinada digər əsas kimi göstərilən qeyri-yaşayış sahəsinin arxiv əsaslarında saxlanılan müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilmiş eskiz layihədə yaşayış sahəsi kimi qeyd olunduğu da əsassızdır. Çünki, məhz Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi tərəfindən sahənin layihəsi təsdiq edilmiş və müvafiq imza və ştampla “Razılaşdırılmışdır” qeydi aparılmışdır. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmışdır. Sahə təqdim edilmiş sənədlərdə qeyri-yaşayış sahəsi kimi qeyd olunsa da, faktiki vəziyyətdə ümumi istifadədə olan sahə olduğu müəyyən edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2053/2022 nömrəli qərardadı ilə "xxxx" Mənzil Tikinti Kooperativi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2-1(118)-2053/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında yerləşən "xxxx" MTK tərəfindən tikilmiş binanın İİİ blokunun İ mərtəbəsində 24.03 kv.m və İİ mərtəbəsində yerləşən 172.03 kv.m qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim İ.Quliyev) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən mübahisə predmeti olan daşınmaz əmlaka yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, əmlak faktiki olaraq qeyri-yaşayış sahəsi kimi (diş kilinikası) istifadə edilir, ayrıca girişi vardır, mərtəbələr arasında olan pilləkən ümumi istifadədə deyildir və iddiaçıya məxsus əmlakın tərkib hissəsidir. Cavabdeh inzibati orqan həmin əmlakın ümumi istifadədə olması ilə bağlı hər hansı bir dəlil göstərə bilməmişdir. İddiaçı mübahisə predmeti olan qeyri-yaşayış sahəsi üzərində mükiyyət hüququnun qeydə alınması ilə bağlı zəruri sənədləri təqdim etsə də, cavabdeh müraciətin icrasından əsassız olaraq imtina etmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri "xxxx" MMC tərəfindən iddiaçıya satılan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən cəmi sahəsi 172.03 kv.m olan sahə arxiv bazasında saxlanılan binanın ilkin layihəsində 3 ədəd ayrı-ayrı mənzildən ibarət yaşayış sahəsi kimi göstərilmişdir. Daha sonra binanın iddiaçıya mənzillərin satıldığı 3-cü blokunun 2-ci mərtəbəsi ilə bağlı ilkin layihəsinə dəyişiklik edilərək həmin yaşayış sahəsi qeyri-yaşayış sahəsi kimi göstərilmiş, lakin dəyişiklik olunan layihə cavabdeh orqana təqdim edilməmişdir. Bundan əlavə, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı binanın həmin mərtəbəsinin layihəsində dəyişiklik edilərkən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən müvafiq icazə alınmamışdır. Həmçinin, iddiaçının sözügedən ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair təqdim edilmiş maliyyə arayışı və mənzil tikinti kooperativinin üzvlərinin ümumi iclasının protokolundan çıxarışda daşınmaz əmlakın ümumi sahəsinə pozulmaqla təsdiqlənməmiş düzəliş edildiyi müəyyən edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili şikayətin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçı "xxxx" MMC tərəfindən inşa edilən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında yerləşən binadan qeyri-yaşayış sahəsi və mənzil almaq üçün 2009-cu ildə müraciət etmiş və müraciəti ilə əlaqədar ona binanın 3-cü blokunun 1-ci mərtəbəsindən qeyri-yaşayış sahəsi, 2-ci mərtəbəsindən isə mənzillər satılmışdır. 2016-cı ildə iddiaçıya satılmış binanın 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən yaşayış sahəsi ilə binanın ilkin layihəsinə dəyişiklik edilərək həmin sahə qeyri-yaşayış sahəsinə keçirilmiş və həmin dəyişiklik Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmışdır. 2019-cu ildə bina istismara qəbul edilmiş və bina üzərində MTK-nın mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İlkin layihədə binanın 3-cü blokunun 1-ci mərtəbəsi və zirzəmilər, həmçinin, 2-ci mərtəbənin baş tərəfi qeyri-yaşayış sahəsi kimi, qalan hissələr o cümlədən, iddiaçıya satılan 2-ci mərtəbədə yerləşən sahə yaşayış sahəsi kimi göstərilmişdir. Üçüncü şəxsin nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi (29 iyul 2016-cı il tarixdə layihəyə dəyişiklik edilən zaman qüvvədə olan redaksiya): Maddə 74. Tikintisinə icazə tələb olunan tikinti obyektləri 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Maddə. 87. Ekspertizanın məqsədi Ekspertizanın məqsədi tikinti layihələrinin etibarlılıq və təhlükəsizlik baxımından şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Maddə 88. Ekspertizadan keçirilməsi tələb olunan tikinti layihələri 88.1. Bu Məcəllənin 89-cu maddəsində nəzərdə tutulmuş obyektlərin layihələri istisna olmaqla, aşağıdakı tikinti layihələrinin ekspertizadan keçirilməsi məcburidir: 88.1.1. tikintisinə icazə tələb olunan obyektlərin tikinti layihələri - həmin layihələrin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması baxımından; (-). 88.2. Ekspertizadan keçirilmiş tikinti layihələrinə konstruktiv və dayanıqlığa təsir edə biləcək dəyişikliklər edildikdə, həmin layihələr bu Məcəllənin 88.1.1 və 88.1.2-ci maddələrində nəzərdə tutulmuş mənada təkrar ekspertizadan keçirilir. Maddə 90. Tikinti layihələrinin ekspertizadan keçirilməsi 90.1. Təqdim olunmuş tikinti layihələrinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğu ilə bağlı siyahısı tikinti layihələrinin ekspertizadan keçirilməsi qaydalarında müəyyən edilən çatışmazlıqlara dair iradlar olduqda, ekspertiza müəssisəsi həmin çatışmazlıqların aradan qaldırılması üçün birbaşa sifarişçiyə müraciət edir. Birbaşa müraciətdə göstərilən çatışmazlıqlar 10 gün müddətində aradan qaldırılmadıqda, habelə bu maddənin birinci cümləsində nəzərdə tutulan siyahıda müəyyən edilməyən çatışmazlıqlar aşkar edildikdə, ekspertiza müəssisəsi tərəfindən əsaslandırılmaqla rəy verilir və həmin rəy rəsmi qaydada tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanına göndərilir. 90.2. Tikinti layihələri ekspertiza müəssisəsi tərəfindən 20 gün müddətində ekspertizadan keçirilir. 90.3. Ekspertizanın nəticəsinə dair ekspert rəyi bu Məcəllənin 90.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq müddət ərzində tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. 90.4. Tikinti layihələrinin ekspertizadan keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli, 695 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 90.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları, 90.4-cü maddədə nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 348 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti layihələrinin ekspertizadan keçirilməsi” Qaydaları: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 90.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin (bundan sonra – Agentlik) nəzdində fəaliyyət göstərən X1 Baş İdarəsi (bundan sonra – ekspertiza müəssisəsi) tərəfindən müəyyən obyektin tikintisi (inşası, əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əsasən hazırlanmış tikinti layihəsinin ekspertizadan keçirilməsi mexanizmini müəyyən edir. 1.2. Tikinti layihələrinin ekspertizadan keçirilməsində məqsəd həmin layihələrin etibarlılıq və təhlükəsizlik baxımından şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılmasından, dövlət vəsaitləri hesabına maliyyələşdirilən obyektlərə ayrılmış vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsindən ibarətdir. 2.1. Məcəllənin 88.1-ci maddəsinə əsasən bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulmuş obyektlərin tikinti layihələri istisna olmaqla, mülkiyyət formasından və təyinatından asılı olmayaraq aşağıdakı tikinti layihələrinin ekspertizadan keçirilməsi məcburidir: 2.1.1. tikintisinə icazə tələb olunan obyektlərin tikinti layihələri – şəhərsalma və tikintiyə dair normativ sənədlərin, o cümlədən yanğın təhlükəsizliyi tələblərinə uyğunluğunun yoxlanılması baxımından; (-). 2.3. Ekspertizadan keçirilmiş tikinti layihələrində konstruktiv və dayanıqlığa təsir edə biləcək dəyişikliklər edildikdə, həmin layihələr bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulmuş mənada təkrar ekspertizadan keçirilməlidir. 4.6. Tikinti layihələri ekspertiza müəssisəsi ilə sifarişçi arasında bağlanmış müqavilə əsasında ekspertizadan keçirilir. 5.1. Tikinti layihəsinin ekspertizadan keçirilməsinin nəticəsinə dair ekspert rəyi hazırlanır. 5.2. Ekspertiza müəssisəsinin rəyinin iki nüsxəsi tikintiyə icazə verən müvafiq orqana (quruma), tikinti layihəsi bu Qaydaların 2.4-cü bəndinə uyğun olaraq təqdim edildiyi hallarda isə sifarişçiyə göndərilir. Rəyin üçüncü nüsxəsi isə ekspertiza müəssisəsində saxlanılır. 5.3. Ekspertiza müəssisəsinin rəyində tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğu (uyğunsuzluğu) əsaslandırılmalıdır. 5.4. Bu Qaydalara uyğun olaraq ekspertizadan keçirilmiş tikinti layihələrinin bir nüsxəsi ekspertiza müəssisəsində saxlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 20. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Maddə 21. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli, 272 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 21.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı” nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - binanın 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən 172.03 kv.m qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması dair iddianın təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən “Viləşçay-İnşaat" MMC tərəfindən inşa edilmiş binanın 3-cü blokunun 1-ci mərtəbəsində 24.03 kv.m və 2-ci mərtəbəsində yerləşən 172.03 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Cavabdeh mübahisəli qeyri-yaşayış sahəsinin binanın ilkin layihəsində üç ədəd birotaqlı mənzil, yəni yaşayış sahəsi kimi göstərildiyini və faktiki vəziyyətdə ümumi istifadədə olan sahə olduğunu bildirərək iddiaçının müraciətinə imtina cavabı vermiş və hazırda da apelyasiya şikayətində həmin dəlilə istinad etmişdir. İddiaçı cavabdehin həmin dəlilini qəbul etməyərək iddia ərizəsinin dəlillərində sözügedən sahələri üçüncü şəxs “Viləşçay-İnşaat" MMC-dən məhz qeyri-yaşayış sahəsi kimi əldə etdiyini bildirmişdir. İşdən görünür ki, iddiaçının tələbi iki hissədən ibarətdir: 1) Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən binanın 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən 24.03 kv.m qeyri-yaşayış sahəsi; 2) Və həmin blokun 2-ci mərtəbəsində yerləşən 172.03 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması. 1-ci tələbə münasibətdə cavabdehin imtina məktubu, etiraz və şikayətinin əsas dəlili qeyri-yaşayış sahəsinin faktiki vəziyyətdə ümumi istifadədə olan sahə olmasıdır. Kollegiya cavabdehin həmin dəlili ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, "xxxx" MMC ilə qeyri-yaşayış tələbatçıları arasında bağlanmış 26 may 2015-ci il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında yerləşən cəmiyyət tərəfindən tikilməkdə olan binanın 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 24.03 kv.m olan qeyri-yaşayış sahəsi iddiaçıya satılmışdır. "xxxx" MMC tərəfindən verilmiş 26 may 2015-ci il tarixli, həmçinin, sonradan "xxxx" MTK tərəfindən verilmiş 28 mart 2022-ci il tarixli maliyyə arayışlarına əsasən həmin qeyriyaşayış sahəsinin dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir. Həmçinin, "xxxx" MTK-nın üzlərinin 28 mart 2022-ci il tarixli ümumi yığıncağının 01 nömrəli protokolundan çıxarışa əsasən həmin sahə iddiaçıya satılmışdır. İşin tərəflər arasında mübahisələndirilməyən hallarından görünür ki, sözügedən yaşayış binasının 2008-ci il tarixli eskiz layihəsinə əsasən binanın 1-ci mərtəbəsi zirzəmi və qeyri-yaşayış sahələrindən ibarət olmaqla, üçüncü şəxs tərəfindən iddiaçıya satılmış 24.03 kv.m-lik sahə də qeyri-yaşayış sahəsi olmuşdur və hal-hazırda da qeyri-yaşayış sahəsidir. Həmçinin, cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən aprel 2022-ci il tarixli müayinə (baxış) aktında "xxxx" MMC tərəfindən iddiaçıya satılmış qeyri-yaşayış sahəsinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki sahəsinin 24.03 kv.m olduğu göstərilmişdir. Aktdan görünür ki, qeyri-yaşayış sahəsi 12 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Həmin sahədən 2-ci mərtəbəyə qalxmaq üçün dəhliz və pilləkən sahəsi kimi istifadə olunur. Cavabdeh müayinə aktına istinadən, imtina məktubunda 24.03 kv m qeyri-yaşayış sahəsinin ümumi istifadədə olan sahə olduğunu qeyd etsə də, məhkəmə araşdırması zamanı qeyd edilən hal öz təsdiqini tapmadı. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli sahə yerində müayinə edilmiş və müayinə nəticəsində müəyyən edilmişdir ki, mübahisəli sahə faktiki olaraq qeyri-yaşayış sahəsi kimi (diş kilinikası) istifadə edilir, sahənin 1-ci mərtəbəsindən pilləkən vasitəsilə ikinci mərtəbəyə çıxış vardır, yaşayış binasına giriş-çıxışın qeyri-yaşayış sahəsinin giriş-çıxışına heç bir aidiyyatı və maneçiliyi yoxdur. Mərtəbələr arasında olan həmin pilləkən isə ümumi istifadədə deyil, iddiaçıya məxsus əmlakın tərkib hissəsidir. İşin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10-cu və 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair- tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə həmin tikililər üzərində hüquqların qeydə alınması üçün əsas hesab edilir. İstinad edilən normanı hazırki mübahisəyə tətbiq etdikdə, mübahisələndirilən qeyriyaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün aşağıdakı hüquqmüəyyənedici sənədlər mövcud olmalıdır: -torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, -müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, -müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, -istismara qəbul aktı. İşin yuxarıda sadalanan sübutların tədqiqi nəticəsində müəyyən olunan mübahisəsiz hallarından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının altındakı 3200 kv.m torpaq sahəsi Xırdalan bələdiyyəsi ilə "xxxx" MMC arasında bağlanmış 25 aprel 2008-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasən sonuncunun icarəsinə verilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 21 oktyabr 2008-ci il tarixli, 1178 nömrəli sərəncamı ilə həmin torpaq sahəsində cəmiyyət tərəfindən 3 bloklu, 12 mərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilmiş, yaşayış binasının layihəsi Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış, daha sonra yaşayış binası inşa edilmiş, nəhayət binanın inşası başa çatdırıldıqdan sonra binanın müvafiq normativ tələblərə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü təsdiq edilərək Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən 30 oktyabr 2019-cu il tarixdən yaşayış binasının istismarına icazə verilmişdir. Daha sonra həmin yaşayış binasının 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən 24.03 kv.m qeyri-yaşayış sahəsi 2015-ci ildə iddiaçıya satılmış və sahənin dəyəri onun tərəfindən tam olaraq ödənilmişdir. Göründüyü kimi hazırda iş materiallarında "xxxx" MMC-nin torpaq sahəsi üzərində icarə hüququnu təsdiq edən sənəd, yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, tikintiyə icazə qərarı və istismara icazə sənədi mövcuddur. Odur ki, qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün qanunvericilikdən irəli gələn hüquqmüəyyənedici sənədlərin mövcudluğu müəyyən edilir. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən qeyri-yaşayış sahəsi üzərində hüququ həm də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - "xxxx" MTK-nın üzlərinin ümumi yığıncağının qərarına və sahənin dəyərinin iddiaçı tərəfindən tam ödənilməsinə dair maliyyə arayışına əsaslanır. İstinad olunan həmin normada mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.6-cı maddəsində də nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mahiyyətinə görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən, 1-ci tələb üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, binanın 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən 24.03 kv.m qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində dövlət qeydiyyatına alınmasından cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməklə haqlı olmuşdur. Kollegiya, ikinci, yəni yaşayış binasının 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən 172.03 kv.m qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbinə münasibətdə aşağıdakıları qeyd edir: Həmin hissədə cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, yaşayış binasının ilkin layihəsində sözügedən sahə 3 ədəd ayrı-ayrı mənzillərdən ibarət yaşayış sahəsi kimi qeyd olunmuş, sonradan layihəyə dəyişiklik edilsə də, həmin dəyişiklik Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmamış və cavabdeh orqana təqdim edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: "xxxx" MMC ilə mənzil tələbatçıları arasında bağlanmış 20 dekabr 2009-cu il tarixli və 27 fevral 2012-ci il tarixli müqavilələrə əsasən tikilməkdə olan yaşayış binasının 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 49.47 kv.m olan birotaqlı 144 nömrəli, sahəsi 50.84 kv.m olan birotaqlı 145 nömrəli, həmçinin, sahəsi 60.03 kv.m olan birotaqlı 146 nömrəli mənzillər iddiaçıya satılmışdır. 2009-2012-ci il tarixli maliyyə arayışlarına əsasən həmin mənzillərin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Göründüyü kimi 2009-2012-ci illərdə iddiaçı tərəfindən binanın 3-cü blokunun 2-ci mərtəbəsindən 3 ədəd birotaqlı mənzil alınmışdır. İşdən görünür ki, yaşayış binasının eskiz layihəsi 2008-ci ildə tərtib edilərək xx.xx.2009-cu il tarixdə Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə yanaşı, qanunvericiliyin tələbinə müvafiq qaydada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə də razılaşdırılmış, daha sonra yaşayış binasının yalnız iddiaçıya mənzillərin satıldığı 3-cü blokunun, 2-ci mərtəbəsi ilə bağlı ilkin layihəyə 29 iyul 2016-cı il tarixdə dəyişiklik edilərək, əvvəl 3 ədəd bir otaqlı mənzil kimi göstərilmiş yaşayış sahələri qeyri-yaşayış sahəsi kimi qeyd edilmiş və sözügedən dəyişiklik qanunvericiliyin tələbinə zidd olaraq yalnız Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmışdir. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-i maddəsinin tələbləri baxımından çoxmənzilli yaşayış binası əvvəla tikintisinə icazə tələb olunan obyektlərə aiddir. Həmin Məcəllənin 88.1 və 88.1.1-ci maddəsinə görə bu Məcəllənin 89-cu maddəsində nəzərdə tutulmuş obyektlərin layihələri istisna olmaqla, tikintisinə icazə tələb olunan obyektlərin tikinti layihələrinin - həmin layihələrin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması baxımından ekspertizadan keçirilməsi məcburidir. Məcəllənin 88.2-ci maddəsinə görə ekspertizadan keçirilmiş tikinti layihələrinə konstruktiv və dayanıqlığa təsir edə biləcək dəyişikliklər edildikdə, həmin layihələr bu Məcəllənin 88.1.1 və 88.1.2-ci maddələrində nəzərdə tutulmuş mənada təkrar ekspertizadan keçirilir. 90.4-cü maddəsinə görə tikinti layihələrinin ekspertizadan keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məcəllənin 90.4-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 348 nömrəli Fərmanı ilə “Tikinti layihələrinin ekspertizadan keçirilməsi” Qaydaları təsdiq edilmişdir. Həmin Qaydaların 1-ci bəndinə əsasən Bu Qaydalar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin (bundan sonra – Agentlik) nəzdində fəaliyyət göstərən X1 Baş İdarəsi (bundan sonra – ekspertiza müəssisəsi) tərəfindən müəyyən obyektin tikintisi (inşası, əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əsasən hazırlanmış tikinti layihəsinin ekspertizadan keçirilməsi mexanizmini müəyyən edir. Qaydaların 2.3-cü bəndinə görə ekspertizadan keçirilmiş tikinti layihələrində konstruktiv və dayanıqlığa təsir edə biləcək dəyişikliklər edildikdə, həmin layihələr bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulmuş mənada təkrar ekspertizadan keçirilməlidir. 4.6 və 5.1-ci bəndlərinə görə tikinti layihələri ekspertiza müəssisəsi ilə sifarişçi arasında bağlanmış müqavilə əsasında ekspertizadan keçirilir. Tikinti layihəsinin ekspertizadan keçirilməsinin nəticəsinə dair ekspert rəyi hazırlanır. Göründüyü kimi qanunverici çoxmənzilli yaşayış binası da daxil olmaqla, ekspertizadan keçirilmiş tikinti layihələrinə konstruktiv və dayanıqlığa təsir edə biləcək dəyişikliklər edildikdə həmin layihələrin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması baxımından Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin nəzdində fəaliyyət göstərən X1 Baş İdarəsi tərəfindən təkrar ekspertizadan keçirilməli olmasını müəyyən etmişdir. Qanunvericiliyin qeyd olunan tələbi baxımından hazırkı halda yaşayış binasının layihəsinə 2016-cı ildə edilmiş dəyişikliyin konstruktiv və dayanıqlığa təsir edə biləcək dəyişiklik olub-olmaması, eləcə də dəyişiklikdən sonra tikinti layihəsinin təkrar ekspertizadan keçirilib-keçirilməməsi ilə bağlı məhkəmə kollegiyası tərəfindən FHN Tikintidə X6 Agentliyinin nəzdində fəaliyyət göstərən X1 Baş İdarəsinə sorğu ilə müraciət edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq həmin idarədən verilmiş 25 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, yaşayış binasının layihəsinə edilmiş dəyişik binanın ümumi konstruktiv sxeminə və dayanıqlığına təsir edir və həmin dəyişikliklə əlaqədar ekspertizaya heç bir sənəd daxil olmamış və təkrar eskpertizadan keçirilməmişdir. Həmçinin, sorğuya cavaba əlavə edilən sənəddən görünür ki, yaşayış binasının yalnız ilkin layihəsi X1 Baş İdarəsində ekspertizadan keçirilmiş və həmin idarə tərəfindən işçi layihəyə müvafiq şərtlər daxilində iradların olmaması ilə bağlı 09 aprel 2009-cu il tarixli, 10888 nömrəli rəy verilmişdir. Habelə, cavabdeh inzibati orqan da kollegiyanın sorğusuna cavab olaraq 31 iyul 2023-cü il tarixli məktubu ilə layihəyə edilmiş dəyişikliklə bağlı arxiv əsaslarında məlumat aşkar edilmədiyini bildirmişdir. Göründüyü kimi, binanın 3-cü blokunun 2-ci mərtəbəsi ilə bağlı layihəyə edilmiş dəyişiklik konstruktiv və dayanıqlığa təsir edə biləcək dəyişiklik olmuş, belə olan halda qanunvericilik layihəyə edilmiş dəyişikliyin təkrar eskpertizadan keçirilməli olmasını imperativ olaraq müəyyən etsə də, dəyişiklik təkrar eskpertizadan keçirilməmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172.03 kv.m olan sahə iddiaçıya satılan zaman yaşayış sahəsi olmuş, bu sahə sonradan binanın ilkin layihəsinə yuxarıda sadalanan qanunvericilik normalarına əsasən dəyişiklik edilmədən qeyri-yaşayış sahəsinə keçirilmişdir. Belə olan halda isə kollegiya hesab edir ki, ilkin olaraq iddiaçıya 3 ədəd mənzil kimi satılmış sahələrin cavadeh tərəfindən qeyri-yaşayış sahəsi kimi reyestrdə qeydə almaqdan imtinası qanuni olmuşdur. Eyni zamanda kollegiya hesab edir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı hüquq münasibətləri isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin İİİ Fəsli ilə tənzimlənir. Belə ki, Mənzil Məcəllənin yuxarıda qeyd edilən 20ci və 21-ci maddələrinin qarşılıqlı təhlilindən müəyyən edilir ki, çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə yol verildiyi hallarda belə keçirilmə yerli icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Sahənin mülkiyyətçisi keçirilməni həyata keçirən orqana bununla bağlı müvafiq sənədləri təqdim edir, bundan sonra həmin orqan müəyyən edilmiş müddət ərzində sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar qəbul edir. Keçirilmə haqqında qəbul edilmiş müsbət qərar sahənin keçirilməsini təsdiq edir və yalnız həmin sənəd sahənin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsas hesab edilir. Bu baxımdan, hazırda iddiaçının ona satılmış çoxmənzilli yaşayış binasının 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən 3 ədəd birotaqlı mənzillərin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı yuxarıda qeyd edilən prosedur qaydada aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanına müraciət etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda sadalanan xüsusatlarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən – iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında “Viləşçay-İnşaat" MTK tərəfindən tikilmiş binanın 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən 172.03 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddianın təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2-1(118)-2053/2022 nömrəli qərarı qismən – iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında “Viləşçay-İnşaat" MTK tərəfindən tikilmiş binanın 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən 172.03 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddianın təmin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.