Məhkəmə qərarları › İş №2-1(105)-349/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-349/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-349/2024 15.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, Qarayeva Firuzə Müşfiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “diplomun tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2- 1(118)-6018/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı 2009 – 2014-cü illərdə Rusiya Federasiyasının "xxxx" Ali Təhsil üzrə X5 Təhsil Müəssisəsində “Hüquqşünaslıq” ixtisası üzrə qiyabi təhsil almış və ona Dövlət İmtahan Komissiyasının 20 iyun 2014-cü il tarixli, 20-B saylı iclas qərarı ilə 14 iyul 2014-cü il tarixdə tarixli, 107724 ******* nömrəli magistr bakalavr diplomu verilmiş, həmin diplom Rusiya Federasiyasının səlahiyyətli qurumu tərəfindən apostil olunmuşdur. İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə ərizə ilə müraciət edərək xx.xx.2014-cü il tarixli, ******* ******* nömrəli diplomun tanınması və ekvivalentiyi haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh 02 noyabr 2023-cü il tarixli, NA00019116 nömrəli qərarı ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, ali təhsilin magistratura səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Qaydaların 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifiksiyalar çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Qeyd olunanlara əsasən ərizəçinin xarici ali təhsilə dair ixtisasının kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Rusiya Federasiyasının "xxxx" tərəfindən verilmiş “Hüquqşünaslıq” ixtisasına dair 14 iyul 2014-cü il tarixli, 107724 ******* nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyasının "xxxx" tərəfindən verilmiş 14 iyul 2014-cü il tarixli, 107724 ******* nömrəli diploma əlavədən də görünür ki, onun təhsil aldığı illər ərzində əldə etdiyi qiymətlər qənaətbəxş olmaqla yanaşı, tələb olunan akademik saatlar ərzində təhsilini başa vurmuşdur. Rusiya Dövlət Sosial Universitetinə müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli, U-6355 nömrəli cavab məktubunda onun həqiqətən də həmin universitetin “Hüquqşünaslıq” ixtisası üzrə ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında müqavilə əsasında xx.xx.2008-xx.xx.2014-cü illər ərzində Universitetin Ali Peşə Təhsili İnstitutunun distant-qiyabi formasında təhsil aldığı təsdiq olunur. Diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından onun ali təhsil üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması səbəbindən imtina etmişdir. Hesab edir ki, həmin cavabdehin imtinası əsassızdır. Belə ki, təhsil aldığı müddət ərzində təhsilinin distant olmasına baxmayaraq, dəfələrlə həmin universitetə gedərək həm dərslərdə, həm də imtahanlarda iştirak etmişdir ki, təqdim etdiyi diploma əlavədə mövcud olan akademik saat göstəricilərində də həmin halı müəyyən etmək olur. Cavabdeh iddia tələbinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının müraciəti üzrə tərəflərindən aparılmış inzibati icraat zamanı onun təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğu müəyyən edilmişdir: 2009/2010-cu tədris ili üzrə - getməyib, 2010/2011-ci tədris ili üzrə getməyib, 2011 /2012-ci tədris ili üzrə - getməyib, 2012/2013-cü tədris ili üzrə - getməyib, 2013/2014-cü tədris ili üzrə -13 gün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili“ Qaydalarının 2.8-ci bəndinə əsasən qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər səməstrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” ın əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (bundan sonra - DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. İnzibati Prosessual Məcəllənin 73.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. NK-nın 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları" nın 3-cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2-1(118)-6018/2023 nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçının adına Rusiya Federasiyasının "xxxx" verilmiş “Hüquqşünaslıq” ixtisasına dair 14 iyul 2014-cü il tarixli, 107724 ******* nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim L.Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı pandemiya dövrü ilə əlaqədar olaraq, təhsilini distant texnologiyaların tətbiqi ilə qiyabi formada almışdır. “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterlə aktlarda distant təhsilalma forması bilavasitə təsbit edilmişdir. Həm də nəzərə alınmalıdır ki, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramınının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcədə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın, buradan, hazırkı məzmunda iddianın rədd edilməsinin qeyd-şərtsiz (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərdə nəzərdə tutulan hallar istisna edilməklə) əsası kimi çıxış edə bilməz. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı qiyabi formada təhsil almışdır və onun təhsil aldığı tədris prosesinin ümumi intensivlik müddəti 312 (üç yüz on iki) həftədən ibarət olmaqla, təhsilverənlə birlikdə təhsil proqramının həcmi 960 (doqquz yüz altmış) saat olaraq müəyyən edilmişdir. Ənənəvi təlim metodlarına əsaslanan təhsil formasının dedikdə yalnız “əyani” və qiyabi”, tibb və səhiyyə ixtisaslar üzrə isə yalnız “əyani” təhsilalma formaları aid edilir. Birinci instansiya məhkəməsi qərarında həm inzibati icraat zamanı, həm də məhkəmə icraatı aparılan dövrdə qüvvədə olmayan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi” Qaydalarına istinad etmişdir. İddiaçının Rusiya Dövlət Sosial Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə təhsil proqramını distant təhsilalma istiqaməti üzrə həmin ölkədə, ümumiyyətlə, olmadan bitirməsi, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən magistr pilləsi üzrə təhsilinin məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər baxımından əhəmiyyətli fərq yaradır və tanınması mümkün hesab edilmir. Birinci instansiya məhkəməsi Universitet tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışa mötəbər sübut kimi əsaslanaraq yekun nəticədə hesab etmişdir ki, qiyabi təhsilalma forması zamanı paralel eyni zamanda distant texnologiyaların tətbiqindən istifadə olunması daxili qanunvericiliklə qadağan olunmadığından, iddiaçının tədris müddəti ərzində heç bir illər üzrə Rusiya Federasiyasının ərazisində olmaması yolveriləndir və təhsilin məzmununa uyğundur. Distant təhsilalma forması zamanı dərs yükünün həcminin qiyabi təhsilalma forması ilə müqayisədə kəskin fərqləndiyini və daha çox olmasını iddiaçının diplom əlavəsinə əsasən müəyyən etməli olduğu halda, işə baxan məhkəmə bu halları nəzərə almamışdır. Məhkəmə qərarında qeyd edilməli və nəzərə alınmalı olan digər məsələ, iddiaçının təhsilverəni qismində çıxış etdiyi Rusiya Dövlət Sosial Universitetinin failəsiz olaraq 6 (altı) il ərzində iddiaçıya müntəzəm olaraq distant texnologiyaların tətbiqini mümkün edən yetərli proqram təminatına malik olması və həmin proqram təminatının Rusiya Federasiyasının təhsil sahəsində qüvvədə olan qanunvericiliyə əsasən tələb olunan sertifikasiyadan keçməsi, ümumiyyətlə, distant texnologiyaların hansı növündən istifadə olunması ilə bağlı məlumatlar göstərilməli idi. Belə ki, distant forma ilə alınan təhsil bir neçə növə bölünür ki, onlardan ən çoxu interaktiv və videokonfrans şəkildə təşkil olunanlardır. Belə olan halda, iddiaçının birmənalı olaraq ənənəvi təlim metodlarında olduğu kimi müəyyən müddətlərdə universitetdə keçirilən auditoriya dərslərində iştirakı tələb edilir. Həmçinin, məhkəmə qərar qəbul edərkən xaricdə əldə olunmuş təhsillə ölkə ərazisində ona ekvivalent hesab edilən magistr ixtisas dərəcəsinə qoyulan təhsil standartları arasında mövcud olan fərqləri nəzərə almamışdır. Qeyd olunanlar iddiaçının aldığı təhsilin məzmununun Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistr ixtisas dərəcələri haqqında verdiyi diplomlara uyğun gəlmədiyini deməyə əsas verir. Məhkəmə qərarında Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli, 455-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti Rusiya Federasiyası Höküməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” Sazişin müvafiq maddələrinə istinad etmişdir ki, həmin Sazişin 6-cı və 11-ci bəndlərində qeyd edilir ki, Azərbaycan tərəfi Rusiya Federasiyasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis” “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Belə ki, Sazişin müddəalarından da göründüyü kimi təhsilin müddəti və məzmunu uyğun gəldiyi təqdirdə Azərbaycan tərəfi Rusiya Federasiyasında verilmiş diplomları tanıyır. Lakin iddiaçının isə təhsil aldığı ölkədə ümumiyyətlə olmaması təhsil müddəti və təhsilin məzmununa görə uyğun gəlmədiyindən, Sazişin müddəaları iddiaçıya münasibətdə tətbiq edilməsi düzgün olmamışdır. Qeyd olunanlar iddiaçının aldığı təhsilin həm məzmununun, həm də müddətinin Azərbaycan Respublikası ali təhsil müəssisələrininin magistr ixtisas dərəcələri haqqında verdiyi diplomlara uyğun gəlmədiyini deməyə əsas verir. Odur ki, birinci instansiya məhkəməsinin iddia tələbini təmin etməklə qeyd edilən öhdəliyinin cavabdehin üzərinə qoymasına dair gəldiyi nəticə əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur və iddiaçının tələbində heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirmişdir ki, o, təhsil müddəti ərzində “skype” proqramı vasitəsilə dərslərə qoşulmuş, imtahanlar zamanı ona xüsusi disklər göndərilmiş, testlərin cavablarını həmin disklərdə qeyd etmiş və sonda diskləri Universitetə geri göndərmiş, hansı ki, onlar əsasında imtahan qiymətləndirilməsi aparılmışdır. İddiaçı şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0.9. distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma forması; 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; Maddə 27. Təhsil haqqında dövlət sənədi (-) 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri (-) 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; (-) Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ (-) 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları: 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: (-) 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya məxsus 14 iyul 2014-cü il tarixli, 107724 ******* saylı bakalavr diplomunun tanınması və ekvivalentiyi haqqında şəhadətnamə verilməsindən imtinası təşkil edir. Cavabdehin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının Rusiya Federasiyasında qısa müddət ərzində olması, həmin müddətin isə tədris proqramının mənimsənilməsi üçün kifayət hesab olunmaması əsası ilə ali təhsil ixtisasının ölkə ərazisində tanınmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsi distant təhsilin dövlət standartlarının müəyyən edilməməsinin xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramınının uğurla bitirilməsini təsdiq edən diplomun tanınmasından imtinanın əsası kimi çıxış edə bilməyəcəyini qeyd edərək iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iddiaçı iddia ərizəsinin dəlillərin və məhkəmə iclasında izahatında distantqiyabi formasında təhsil aldığını, təhsil müddəti ərzində dərslərə online qoşulduğunu, test imtahanları zamanı cavabları xüsusi disklərdə qeyd edərək diskləri Universitetə göndərdiyini, onlar əsasında imtahan qiymətləndirilməsinin aparıldığını, mütəmadi olaraq Rusiya Federasiyasına gedib-gəlməyə zərurət olmadığını bildirmişdir. Rusiya Federasiyası "xxxx" Ali Təhsil üzrə X5 Təhsil Müəssisəsi tərəfindən iddiaçıya ünvanlanmış 09 noyabr 2023-cü il tarixli arayışda onun “Hüquqşünaslıq” ixtisası üzrə pullu təhsil xidmətlərinin göstərilməsi haqqında müqavilə əsasında qiyabi təhsil üzrə şöbənin distant təhsil fakültəsinin tələbəsi olduğu qeyd edilmişdir. İşin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər. Hazırki işin xüsusi halları baxımından, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda, onun tərəfindən tədris yükünün yerinə yetirmədiyi və buradan hərəkətlə Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğu müəyyən olunmur. Belə ki, iddiaçı İ, İİ, İİİ və İV tədris ili üzrə təhsil aldığı ölkəyə ümumiyyətlə getməmiş, V tədris ili üzrə yalnız 13 gün müddətində həmin ölkədə olmuşdur. Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. Hazırkı işdən görünür ki, iddiaçı İ, İİ, İİİ və İV tədris ili üzrə təhsil aldığı ölkəyə, ümumiyyətlə, getməmişdir. Deməli, o, İ-İV kurslarda tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak etməmişdir. İddiaçının dəlili ondan ibarətdir ki, həmin dövrlərdə tədrisdə iştirakı distant formada baş tutmuşdur. Kollegiya, iddiaçının halında xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin, burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır. Kollegiya, həmçinin nəzərə alır ki, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübutlar da təqdim olunmamışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatlarını nəzərə almadan iddia tələbini təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2-1(118)-6018/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar