Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-35/2021 02.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Rzayev Məhəmmədəli Əsəd oğlu, Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Abadlıq və Yaşıllıq MMC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Departamentinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2019-cu il tarixli 2-1(085)-72/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Apellyasiya Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 2 saylı Ərazi Vergilər Departamentinin 13.11.2017-ci il tarixli **********125331 saylı qərarına əsasən "xxxx" Abadlıq və Yaşıllıq MMC barəsində 4-cü rüb 2015 – 3-cü rüb 2017 dövrləri üzrə sadələşdirilmiş vergi, 2015-ci il – 2017-ci il üçün, yanvar 2017 – sentyabr 2017 dövrü üçün pul vəsaitlərinin çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi, 2015-ci il – 2016-cı il üçün müzdlü işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, oktyabr 2015 – sentyabr 2017 üçün əlavə dəyər vergisi, 4-cü rüb 2015 – 2-cü rüb 2017 üçün ödəmə mənbəyində tutulan vergi, 2015-ci il – 2016-cı il üçün mənfəət vergisi, oktyabr 2015 – sentyabr 2017 üçün aksiz vergisi, oktyabr 2015 – sentyabr 2017 üçün mədən vergisinin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama 14.11.2017-ci il tarixində başlamış, 27.02.2018-ci il tarixində başa çatmış, 27.02.2018-ci il tarixində **********101325 nömrəli akt tərtib olunmuş, yoxlamanın nəticələrinə görə Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrinə əsasən cavabdeh barəsində "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" 01.03.2018-ci il tarixli **********142269 saylı qərar qəbul edilmiş və həmin qərar əsasında azaldılmış vergilərə görə 9737,9 manat vergi borcu və 5148,98 manat maliyyə sanksiyası tətbiq edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 01.03.2018-ci il tarixli **********142269 saylı qərara əsasən müəyyən edilmişdir ki, yanvar 2016, avqust 2016, sentyabr 2016, oktyabr 2016, noyabr 2016, dekabr 2016 ayları üzrə hesabat təqdim etməməklə, həmçinin yoxlanılan dövrün 2015- 2016-2017-ci illər üzrə mədən vergisinin hesabatda göstərilən məbləğinin, hesabatda göstərilməli olan məbləğə nisbətən azaldılmasına və sadələşmiş verginin 2016-cı ilin 4-cü rübü üzrə hesabat təqdim etməməklə, həmçinin yoxlanılan dövrün 2015-2016-2017-ci illər üzrə hesabatda göstərilən məbləğinin, hesabatda göstərilməli olan məbləğə nisbətən azaldılmasına, 2016-cı ilin İİİ və İV rübləri üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin hesabatda göstərilən məbləğinin, hesabatda göstərilməli olan məbləğə nisbətən azaldılmasına yol verilmişdir. Həmçinin, yanvar 2016, avqust 2016, sentyabr 2016, oktyabr 2016, noyabr 2016, dekabr 2016 mədən vergisi bəyannamələrinin, İV rüb 2016-cı il dövrü üzrə sadələşdirilmiş vergi bəyannaməsinin əsas olmadan müəyyən edilənmüddətdə vergi orqanına təqdim edilməmişdir. Eyni zamanda, 1454.63 manat məbləğində qanunsuz gəlir əldə etdiyi müəyyən edilmişdir. Həmçinin göstərilmişdir ki, iddiaçı özünü müdafiə etmək üçün heç bir dəlil göstərməmişdir. Göstərilənlərlə razılaşmayan iddiaçı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 01.03.2018-ci il tarixli, **********142269 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən vergilər vaxtı-vaxtında ödənilmişdir, səyyar vergi yoxlaması zamanı səyyar vergi yoxlamasının səlahiyyətinə aid olmayan məsələlər araşdırılaraq qanunsuz sanksiya tərtib edilmişdir. Ticarət və Sənaye Platasının "Azərekspertiza" birliyindən mütəxəssis rəyi alınmış, həmin mütəxəssis rəyi səyyar vergi yoxlamasının əsasını təşkil etmişdir. Lakin, mütəxəssis rəyindəki əsaslar həqiqətə uyğun deyil. Həmçinin, ekspert rəyindəki elektrik enerjisinin sərfiyyatı ilə müəssisənin gəlirinin hesablanması qanunsuz və əsassızdır. Beləliklə, səyyar vergi yoxlaması Vergi Məcəlləsinin müddəaları ilə ziddiyət təşkil edir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, yoxlama ilə iddiaçının yoxlama dövründə ünvan 1i ünvanında yerləşən daş karxanasında xüsusi razılıq (lisenziya) olmadan mişar daşı hasilatı ilə məşğul olduğu müəyyən edilmişdir. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında 14.11.2017-cı il tarixli **********125849 nömrəli Tələbnamə iddiaçıya verilmiş, lakin sonuncu tərəfindən yoxlamaya əmək müqaviləsi bildirişlərindən və icarə müqaviləsinin surətindən başqa heç bir sənəd təqdim edilməmişdir. İddiaçı tərəfindən yoxlanılan dövrdə hesablanmış 3550.0 manat məbləğində mədən vergisi ilə yoxlama ilə müəyyən olunmuş 11815.2 manat məbləğində mədən vergisi arasında 8265.2 manat fərq yaranmış və nəticədə 8265.2 manat məbləğində mədən vergisinin azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış məbləğin 50 faizi miqdarında, yəni 4132,6 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 220.1-ci maddəsinə əsasən Abşeron rayonunda fəaliyyət göstərən şəxslər üçün sadələşdirilmiş verginin dərəcəsi ümumi hasilatın 2 faizi miqdarında müəyyən edilməsi nəzərə alınaraq yoxlamanın əhatə etdiyi dövrdə (hesabatla hesablanmış vergi məbləğləri nəzərə alınmaqla) 1425.7 manat məbləğində sadələşdirilmiş verginin azaldılması müəyyən edilərək Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğin 50 faizi miqdarında, yəni 712.85 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama ilə 2016-cı ilin 3-cü və 4-cü rüblərində iddiaçının fəaliyyət göstərdiyi daş karxanasında hər ay dörd işçinin aylıq əmək haqqı 150.0 manat olmaqla işlədiyi müəyyən edilmiş və Vergi Məcəlləsinin 101.1 və 102.1.6-cı maddələrinə əsasən ölkə üzrə müəyyən edilmiş 136.0 manat yaşayış minimumu nəzərə alınmaqla 47.0 manat məbləğində vergi hesablanmış və muzdlu işlə əlaqədar ödəmə mənbəyində verginin azaldılmasına görə azaldılmış məbləğin 50 faizi miqdarında, yəni 23.52 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama ilə əhatə edilən dövrdə iddiaçının fəaliyyəti xüsusi icazə (lisenziya) tələb olunan fəaliyyət növlərinə aid edilməsinə baxmayaraq, iddiaçı tərəfindən belə razılıq (lisenziya) alınmadan fəaliyyət göstərilmişdir. Həmin dövrdə iddiaçının ümumi gəliri 109097.5 manat olmuş, xərclərini təşkil edən sənədlər isə olmadığına görə Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli Qərarına uyğun olaraq şərti rentabellik səviyyəsi 20 faiz götürülməklə və həmin dövrdə hesablanmış 2181.95manat məbləğində sadələşdirilmiş verg məbləği nəzərə alınmaqla iddiaçının 1454.63 manat məbləğində sahibkarlıq fəaliyyətindən qanunsuz gəlir əldə etdiyi müəyyən edilmişdir. Məhkəmələrin mövqeyi: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsin 28.06.2019-cu il tarixli, 2-1(085)-72/2019 nömrəli qərarına əsasən, iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş 01.03.2018-ci il tarixli, **********142269 nömrəli qərarının qismən, mədən vergisi üzrə 6277,8 manat və maliyyə sanksiyası üzrə 3138,9 manat, sadələşdirilmiş vergi üzrə 1158,48 manat və maliyyə sanksiyası üzrə 579,24 manat məbləği hissələrində ləğv edilməsi, iddia qalan hissədə rədd edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 74,9 manat məbləğinin cavabdehdən, qalan 25,1 manat məbləğinin isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsin 28.06.2019-cu il tarixli, 2-1(085)-72/2019 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.12.2019-cu il tarixli, 2-1(105)-600/2019 nömrəli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsin 28.06.2019-cu il tarixli, 2-1(085)- 72/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, ekspert rəyi və işin materiallarında olan sənədlərlə cavabdeh tərəfindən səyyar vergi yoxlaması zamanı iddiaçıya hesablanmış əlavə vergi məbləğləri üzrə yalnız mədən və sadələşdirilmiş vergilərin düzgün hesablanmaması müəyyən olunmuş, cavabdeh tərəfindən iddiaçıya mədən vergisi üzrə 8265,2 manat, sadələşdirilmiş vergi üzrə isə 1425,7 manat əlavə vergilər hesablanmış, ekspert rəyi ilə iddiaçıya hesablanmalı olan əlavə vergi məbləği, mədən vergisi üzrə 1987,40 manat, sadələşdirilmiş vergi üzrə 267,22 manat müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə cavabdeh tərəfindən mədən və sadələşdirilmiş vergilər üzrə iddiaçıya hesablanmış əlavə vergi məbləğlərindən ekspert rəyi ilə müəyyən edilmiş məbləğlər çıxılmaqla həmin vergilər üzrə qalan 7436,28 manat vergi məbləği hissəsində mübahisələndirilən qərarın ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.12.2019-cu il tarixli, 2-1(105)-600/2019 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 964/20 saylı, 05 iyun 2020-ci il tarixli Qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.12.2019-cu il tarixli, 2-1(105)-600/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. (hakim N.İ.Rəsulbəyova) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə ekspert rəyinə əsaslanaraq daş karxanasında istehsal brakının 65,5 faiz olmasını əsas götürərkən heç bir normativ sənədə istinad etməmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.11,2015ci il tarixli 03.05.2019-cu il tarixli 30235/31006 nömrəli ekspert rəyindən görünür ki, ekspert daş karxanasında istehsal brakının miqdarının 65,5 faiz olmasını Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyinin Dövlət X2 12.05.2015-ci il tarixli, 23/151 saylı arayışı ilə əsaslandırmışdır ki, bu da normativ sənəd kimi qəbul edilə bilməz. Məhkəmə qərarında hesabatının müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə cavabdeh vergi orqanı tərəfindən məhkəməyə heç bir sübutun təqdim edilmədiyi göstərilmişdir. Vergi Məcəlləsinin 150.1.1-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Həmin Məcəllənin 150.3.3.2-ci maddəsinə əsasən bu Məcəllənin 150.1.1-ci və 150.1.2-ci maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergi tutan ƏDV ödəyiciləri və sadələşdirilmiş vergi ödəyiciləri hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq bəyannaməni vergi orqanına verməyə borcludurlar. Vergi Məcəlləsinin 217.3-cü maddəsinə əsasən mədən vergisinin ödəyiciləri hər ay hesabat ayından sonrakı ayın 20dən gec olmayaraq vergi orqanına, yerli büdcələrə daxil olan mədən vergisi üzrə isə bələdiyyələrə mədən vergisinin bəyannaməsini verirlər. Qeyd edilən vergi növləri üzrə bəyannamələrin vergi orqanına vaxtında təqdim edilmədiyi birinci növbədə səyyar vergi yoxlama aktı ilə əsaslandırıldığı, ikinci növbədə isə iddiaçı tərəfindən həmin məsələ mübahisələndirilmədiyi halda məhkəmə iddia tələbindən kənara çıxaraq düzgün olmayan nəticəyə gəlmişdir. İş materiallarında bir-biri ilə ziddiyyət təşkil edən iki ekspert rəyi olmasına baxmayaraq, şifahi məhkəmə iclasında həmin sübutlar araşdırılmamış, rəy vermiş ekspertlər dindirilməmiş, zəruri sənədlər tələb edilməmişdir. Azərbaycan Respublikası Ticarət və X1 Birliyi tərəfindən verilmiş 15.01.2018-ci il tarixli mütəxəssis və ekspert rəylərinə əsasən yoxlanılan dövr ərzində (01.10.2014-cü il tarixdən 01.10.2017tarixədək) iddiaçı tərəfindən istehsal edilmiş mişar daşının karxanadan satış qiyməti 0.23 manat, bir daş kəsən maşının məhsuldarlığı 4.5 m3/saat, istehsal sərfiyyatı 884 kvt, enerji itkisi 20%, istehsal itkisi 40 %, enerji sərfiyyatı 269549 kvt/saat, istehsal edilmiş əmtəəlik mişar daşının miqdarı isə 474337 ədəd müəyyən edilmişdir. Beləliklə, qeyd olunan ekspert və mütəxəssis rəylərinə əsasən iddiaçı tərəfindən yoxlanılan dövr ərzində cəmi 109097,51 manat (474337 ədəd*0.23 manat) məbləğində 474337 ədəd mişar daşının istehsal edilməsi müəyyən edilmişdir. Lakin məhkəmənin mühəndis-tikinti-texniki və məhkəməmühasibatlıq ekspertizalarının təyin edilməsi haqqında 02.05.2018-ci il tarixli qərardadına müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03.05.2019-cu il tarixli, 30235/31006 nömrəli rəyə əsasən yoxlanılan dövr üzrə iddiaçının faktiki enerji sərfiyyatı 336936 kvt/saat, enerji itkisi 67387,2 kvt/saat (20 %), istehsalat itkisi 65,5 % olmuş, beləliklə də iddiaçı tərəfindən 01.10.2014-cü il tarixdən 01.10.2017-ci il tarixədək 51173,62 manat məbləğində 222494 ədəd əmtəəlik mişar daşı istehsal edilmişdir. Cavabdeh 2 saylı Ərazi Vergilər Departamenti Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03.05.2019-cu il tarixli, 30235/31006 nömrəli rəy ilə razı deyil. Belə ki, Azərbaycan Respublikası Ticarət və X1 Birliyinin 01.06.2015-ci il tarixli ekspert və mütəxəssis rəylərində istehsalat itkisi 40 %, enerji itkisi isə 20 % müəyyən edildiyi halda, Məhkəmə Ekspertizası Mərkəzinin 06.11.2015-ci il tarixli 03.05.2019-cu il tarixli 30235/31006 nömrəli rəyində həmin göstəricilər əsassız olaraq və məntiqə sığmayacaq şəkildə şişirdilərək istehsalat itkisi 65,5 %, enerji itkisi isə 31835,6 kvt/saat (9,5 %) müəyyən edilməsinə baxmayaraq yenə 20 % göstərilmişdir. İş materiallarından aydın olur ki, Məhkəmə Ekspertizası Mərkəzi istehsalat itkisini müəyyənləşdirərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya-Arxiv Fondunun 14.09.2015-ci il tarixli, 23/284 nömrəli məktubuna istinad etmişdir ki, həmin məktuba əsasən 1975-ci ildə Güzdək əhəng daşı yatağında aparılmış geoloji kəşfiyyat işinin 8277 inventar nömrəli hesabat kitabında hasilat zamanı xammalın itkisi 53 % göstərilmişdir. Göründüyü kimi, Məhkəmə Ekspertizası Mərkəzi 03.05.2019-cu il tarixli 30235/31006 nömrəli rəyin verərkən əhəng daşının istehsalı ilə bağlı 40 il öncəki arxiv məlumatına istinad etmişdir. Halbuki, ötən 40 il ərzində təbii daş yataqlarının səmərəli istifadəsi, tikinti daşlarının istehsalı ilə bağlı çoxsaylı yeniliklərə imza atılmış, enerji itkisinin qarşısının alınması, keyfiyyətli mişar daşı istehsalının təmin edilməsi, tullantıların azaldılması məqsədilə təbii daş yataqlarında daş istehsalı prosesinə müasir maşın və avadanlıqlar cəlb edilmişdir. Lakin Məhkəmə Ekspertizası Mərkəzi aparılmış texnoloji irəliləyişləri, müasir maşın və avadanlıqların iş prosesinə cəlb edilməsini nəzərə almadan, əsassız olaraq 40 il öncəki statistikanı rəhbər tutaraq rəy vermişdir. Bundan əlavə olaraq, Məhkəmə Ekspertizası Mərkəzinin 03.05.2019-cu il tarixli, 30235/31006 nömrəli rəyində yoxlanılan dövr ərzində enerji sərfiyyatının 336936 kvt/saat, enerji itkisinin isə 31835,56 kvt/saat (9,5 %) olması qeyd edilmişdir. Ancaq buna baxmayaraq 15.01.2018-ci il tarixli nömrəli mütəxəssis rəyində olan 20 % enerji itkisininə əsaslanmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İlk növbədə qeyd olunmalıdır ki, hazırkı iş üzrə iddiaçı 01.03.2018-ci il tarixli, **********142269 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı bütövlükdə mübahisələndirsə də, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə (01.03.2018-ci il tarixli, **********142269 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının qismən, mədən vergisi üzrə 6277,8 manat, maliyyə sanksiyası üzrə 3138,9 manat, sadələşdirilmiş vergi üzrə1158,48 manat və maliyyə sanksiyası üzrə 579,24 manat məbləği hissəsində ləğv edilməsi və iddianın qalan hissədə təmin edilməməsi) qərarından cavabdeh apellyasiya şikayəti verdiyindən, iddiaçı isə həmin qərarı mübahisələndirmədiyindən, iddia tələbinin rədd edilmiş hissəsi iddiaçıya münasibətdə qüvvəyə minmişdir. Məhkəmə kollegiyası hazırkı işə şikayət həddində baxaraq, tərəflərin dinlənilmə hüququnu təmin edib, Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh vergi orqanının 13.11.2017-ci il tarixli **********125331 nömrəli qərarına əsasən oktyabr 2015 – sentyabr 2017 vergi dövrü əhatə edilməklə iddiaçıda növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və həmin qərar, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış iddiaçı tərəfindən imzalanaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında 14.11.2017-ci il tarixli **********125849 nömrəli Tələbnamə iddiaçıya verilmiş, lakin sonuncu tərəfindən yoxlamaya əmək müqaviləsi bildirişlərindən və icarə müqaviləsinin surətindən başqa heç bir sənəd təqdim edilməmişdir. Sənədlərin yoxlamaya təqdim edilməsindən imtina barədə 28.11.2017-ci il tarixli akt tərtib edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, iddiaçı icarə müqaviləsi əsasında ünvan 2i ünvanda yerləşən daş karxanasında xüsusi razılıq olmadan mişar daşı hasilatı ilə məşğul olmuş, sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, müəssisənin 24 aylıq dövrdə (oktyabr 2015 – sentyabr 2017) ümumi hasilatı 33162,5 manat (orta aylıq – 1381,77 manat) və ya 165600,0 mişar daşı olmuşdur. Buna baxmayaraq, müəssisə eyni dövrdə 24130,0 manat dəyərində 339936,0 kvt/s elektrik enerjisi sərf etmişdir. İddiaçı tərəfindən yoxlamaya sənədlər təqdim edilmədiyindən, yoxlanılan dövr ərzində istehsal edilmiş məhsulların həcminin və real bazar qiymətinin müəyyənləşdirilməsi məqsədilə yoxlamaya Azərbaycan Respublikası Ticarət və X1 Birliyindən ekspert və mütəxəssis dəvət edilmişdir. Azərekspertiza Birliyinin mütəxəssis və ekspert rəylərinə əsasən real istehsal həcmi aşağıdakı şərtlər əsasında müəyyən edilmişdir: 1) Metod – elektrik enerjisi sərfiyyatı; 2) Sahənin vəziyyəti – baxış anında (24.11.2017) faktiki istehsal davam etdirilir; 3) İstehsal avadanlıqları – 1 ədəd SM/89 DKM və 1 ədəd NKM-2U pilləüstü şırımaçan maşın; 4) İstehsal sahəsinin ölçüləri – 60,0 m × 40,0 m; 5) Ümumi enerji sərfiyyatı – 339936,0 kvt/saat; 6) Enerji itkisi – 20% və ya 67387,0 kvt/saat; 7) İtki nisbəti – 40%; 8) Daşkəsən maşının 1 saatlıq məhsuldarlığı – 4,5 m3 /saat; 9) 1 ədəd mişar daşının qiyməti: 2015-2017-ci illərdə - 0,23 manat; 10) Hasil edilmiş (oktyabr 2015 – sentyabr 2017) mişar daşının sayı – 474212,0 ədəd; 11) Aylar üzrə nisbət – elektrik enerjisinin sərfiyyatına əsasən. Mütəxəssis rəyinə əsasən iddiaçı tərəfindən oktyabr 2015 – dekabr 2015 dövrü üzrə 907,2 kub/metr, yanvar 2016 – sentyabr 2017 dövrü üzrə 5680,8 kub/metr mişar daşının istehsal edildiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 216.2-ci maddəsinə əsasən 1 kub/metr mişar daşına görə mədən vergisinin dərəcəsi 2015-ci ildə 0,5 manat, 2016-2017-ci illərdə isə 2.0 manat olduğu nəzərə alınaraq yoxlama dövründə 11815,2 manat (907,2 kub/metr × 0,5 manat+5680,8 kub/metr × 2.0 manat) mədən vergisi hesablanmışdır. İddiaçı tərəfindən yoxlanılan dövrdə hesablanmış 3550,0 manat məbləğində mədən vergisi ilə yoxlama ilə müəyyən olunmuş 11815,2 manat məbləğində mədən vergisi arasında 8265,2 manat (11815,2 – 3550,0) fərq yaranmış və nəticədə 8265,2 manat məbləğində mədən vergisinin azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış məbləğin 50 faizi miqdarında, yəni 4132,6 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama ilə əhatə edilən dövrdə sadələşdirilmiş vergi məqsədləri üçün təqdim edilmiş malların dəyəri 2015-ci ilin 4-cü rübü üzrə 15023,2 manat, 2016-cı ilin 1-ci rübü üzrə 15309,4 manat, 2-ci rübü üzrə 21748,0 manat, 3-cü rübü üzrə 12877,1 manat, 4-cü rübü üzrə 15166,3 manat, 2017-ci ilin 1-ci rübü üzrə 0,0 manat, 2-ci rübü üzrə 16096,3 manat, 3-cü rübü üzrə 12877,1 manat olmaqla, 109097,5 manat olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 220.1-ci maddəsinə əsasən Abşeron rayonunda fəaliyyət göstərən şəxslər üçün sadələşdirilmiş verginin dərəcəsi ümumi hasilatın 2 faizi miqdarında müəyyən edilməsi nəzərə alınaraq yoxlamanın əhatə etdiyi dövrdə (hesabatla hesablanmış vergi məbləğləri nəzərə alınmaqla) 1425,7 manat məbləğində sadələşdirilmiş verginin azaldılması müəyyən edilərək Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğin 50 faizi miqdarında, yəni 712,85 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən təyin edilmiş mühəndis tikinti-texniki və məhkəmə-mühasibatlıq ekspertizalarının 03 may 2019-cu il tarixli 30235/31006 saylı rəyindən müəyyən olunur ki, Enerji sərfiyatına əsasən nəzəri hesablama yolu ilə, Abşeron rayonu, Güzdək ŞTK, Güzdək kəndində yerləşən, "xxxx" Abadlıq və Yaşıllıq məhdud məculiyyətli cəmiyyətinin təsərrüfat subyekti olan daş karxanasında 01.10.2014-cü il tarixdən 01.10.2017-ci il tarixədək olan dövrdə istehsal edilməsi ehtimal olunan əmtəəlik mişar daşının miqdarı (həcmi) təxminən 222494 ədəd, orta bazar qiymətilə ümumi dəyəri 51173,62 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyinin Dövlət X2 Mərkəzə ünvanlanmış 14.09.2015-ci il tarixli 23/284 saylı arayışında Qaradağ rayonu, Güzdək Əhəng daşı yatağında yerləşən daş karxanasında istehsal itkisinin miqdarının 53% olması qeyd edilmişdir. Digər tərəfdən, bir qayda olaraq istehsal sahəsinin hazırlanması, kəşfiyyatı, hamarlanması və təmizlənməsi zamanı itgilər təxminən 12,5% təşkil edir ki, bu xüsusat nəzərə alınmaqla, istehsal itki və təbii tullantılara görə çıxdaşların miqdarı orta hesabla 65,5% (53%+12,5%) müəyyən edilir. QEYD: Mərkəzdə olan məlumatlara, yəni Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit və Təbii Sərvətlər üzrə İnformasiya-Arxiv Fondunun 14.09.2015-ci il tarixli 23/284 saylı arayış məlumatına əsasən Qaradağ rayonu, Güzdək Əhəng daşı yatağında yerləşən daş karxanasında istehsal itkisinin miqdarının 53% nəzərdə tutulduğu və eləcə də açılı üçün 12,5%, bərk tullantı və açılış itkisi 65,5% götürülmüşdür. Bundan əlavə karxanada tərtib edilmiş xronometraj aktına əsasən karxanada istifadə edilən DKM-SM-89 markalı daşkəsən maşının saatlıq məhsuldarlığının faktiki olaraq 15.01.2018-ci il tarixli mütəxəssis rəyində göstərilən 4,5 m3 deyil, 3,67 m3 saat olması müəyyən edilmişdir. Hazırkı ekspertizanın müəyyən etdiyi həcm (222494 ədəd standart daş) ilə mütəxəssisin müəyyən etdiyi həcm (474337 ədəd standart daş) arasındakı fərqə səbəb yuxarıda qeyd edilən xüsusat olmuşdur. Hazırki ekspertiza tədqiqatı nəticələrinə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 2301,66 manat məbləğində vergilərin, o cümlədən mədən vergisi üzrə 1987,40 manat, sadələşdirilmiş vergi üzrə 267,22 manat, MÖMV üzrə 47,04 manat dövlət büdcəsinə az hesablanması müəyyən edilmişdir. Müəssisənin fəaliyyəti xüsusi icazə (Lisenziya) tələb olunan fəaliyyət növünə aid edilməsinə baxmayaraq, müəssisə belə razılıq olmadan fəaliyyət göstərmişdr. Həmin dövrdə müəssisənin gəliri 51173,62 manat olmuşdur.Xərcləri təşkil edən sənədlər olmadığına görə, Vergi Məcəlləsinin 89.9-cu maddəsinə, Azərbaycan Respublikası NazirlərKabinetinin 01.03.2001-ci il tarixli 55 saylı Qərarına uyğun olaraq şərti rentabellik səviyyəsi 20% götürülməklə 1705,79 manat (51173,62 x 20 : 120 x 20%) təşkil edir.Həmin dövrdə hesablanmış 1023,47 manat sadələşdirilmiş vergi məbləği nəzərə alınmaqla, sahibkarlıq fəaliyyətindən qanunsuz əldə edilmiş gəlir 682,32 manat (1705,79manat - 1023,47manat) müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi də göstərilən ekspert rəyi ilə razılaşaraq qeyd etmişdir ki, rəyin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspert gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Bununla bağlı Ali Məhkəmənin qərarında cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd etmişdir ki, “məhkəmə ekspert rəyinə əsaslanaraq daş karxanasında istehsal itkisinin 65,5% olmasını əsas götürərək heç bir normativ sənədə istinad etməmişdir. Ekspert, daş karxanasında istehsal itkisinin miqdarının 65,5 faiz olmasını Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyinin Dövlət X2 14.09.2015-ci il tarixli 23/283 saylı məktubu ilə əsaslandırmışdır ki, bu da normativ sənəd kimi qəbul edilə bilməz. Həmçinin, məktubda 1975-ci ildə Güzdək əhəng daşı yatağında aparılmış geoloji kəşfiyyat işinin 8277 inventar nömrəli hesabat kitabında hasilat zamanı xammal itkisinin 53 faiz göstərildiyi qeyd edilmişdir. Göründüyü kimi, Məhkəmə Ekspertiza Mərkəzi rəy verərkən əhəng daşının istehsalı ilə bağlı 40 il öncəki arxiv məlumatlarına istinad etmişdir. Halbuki, ötən 40 il ərzində təbii daş yataqlarının səmərəli istifadəsi, tikinti daşlarının istehsalı ilə bağlı çoxsaylı yeniliklərə imza atılmış, enerji itkisinin qarşısının alınması, keyfiyyətli mişar daşı istehsalının təmin edilməsi, tullantıların azaldılması məqsədilə təbii daş yataqlarında daş istehsalı prosesinə müasir maşın və avadanlıqlar cəlb edilmişdir. Lakin, Məhkəmə Ekspertiza Mərkəzi aparılmış texnoloji irəliləyişləri, müasir maşın və avadanlıqların iş prosesinə cəlb edilməsini nəzərə almadan, əsassız olaraq 40 il öncəki statistikanı rəhbər tutaraq rəy vermiş, istehsal itkisinin müəyyən edilməsi üçün heç bir əlavə tədbir həyata keçirməmiş, real eksperiment aparmamışdır. Göstərilənlərə əsasən Ali Məhkəmə Kollegiyası hesab etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzi tədqiqatı natamam apardığı üçün, onun nəticəsində qəbul edilmiş rəy məhkəmənin əsaslı nəticəyə gəlməsinə əsas vermir. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi vergi məbləğinin həcminə təsir göstərən istehsal itkisinin miqdarının müəyyən edilməsi üçün ekspertlər tərəfindən real eksperiment keçirilməsini təmin etməli və nəticədən aslı olaraq əsaslı qərar qəbul etməlidir.” Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Qeyd edilən göstərişə uyğun olaraq, işə təkrar apellyasiya qaydasında baxılarkən 28 oktyabr 2020-ci il tarixli qərardada əsasən, iş üzrə əlavə məhkəmə tikinti-texniki və məhkəmə-mühasibatlıq ekspertizalarının təyin edilməsi barədə qərardad qəbul edilmiş, və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1 ) "xxxx" MMC-nin istifadəsində olan ünvan 1ində yerləşən daş karxanasında 01 oktyabr 2015-ci il tarixdən 01 oktyabr 2017-ci il tarixədək olan (yoxlama dövrü) ərzində, ekspert tərəfindən daş karxanasında real eksperiment keçirilməklə ümumi istehsal (mişar daşının) həcmi (hasilat) müəyyən edilsin. 2) İstehsal həcminə münasibətdə istehsal brakı və təbii tullantılara görə çıxdaşlar(faiz) müəyyən edilsin. 3) İstehsal həcmi üzrə hər şərti 1000 ədəd istehsal kütləsi olan mişar daşına çəkilən xərc müəyyən edilsin. 4) saylı Ərazi Vergilər Baş İdarəsinin 13.11.2017-ci il tarixli **********125331 nömrəli qərarına əsasən "xxxx" MMC üzrə aparılmış səyyar vergi yoxlamasının əhatə etdiyi oktyabr 2015-sentyabr 2017-ci illər (yoxlama dövrü) üzrə vergilər (mədən, sadələşdirilmiş və MÖMV) düzgün hesablanmışdırmı? 5) saylı Ərazi Vergilər Baş İdarəsinin 13.11.2017-ci il tarixli **********125331 nömrəli qərarına əsasən "xxxx" MMC üzrə aparılmış səyyar vergi yoxlamasının əhatə etdiyi oktyabr 2015-sentyabr 2017-ci illər üzrə vergidən yayınma halları mövcud olmuşdurmu? Əgər vergidən yayınma halları mövcud olmuşdursa, həmin verginin növü və məbləği müəyyən edilsin. Məhkəmə Ekspertiza Mərkəzinin 1-3-cü suallara cavab verilməsinə dair 14 aprel 2021-ci il tarixli, 10/4298 saylı rəyinin nəticə hissəsində qeyd edilmişdir ki: - 16.03.2021-ci il tarixli baxış eksperimenti ilə müəyyən edilən 1 saat ərzində kəsilmiş mişar daşının sayını (68 ədəd), iş günlərinin saatını (8 saat), ayın iş günlərini (22 gün) və daş karxanasının yoxlama ilə əhatə olan dövrdə fəliyyət göstərdiyi ayları (21 ay) nəzərə aldıqda, cəmiyyətə məxsus daş karxasında yoxlanılan dövr ərzində 251328 ədəd mişar daşı, yaxud 3490,67 m³ əhəngdaşı kütləsi istehsal edilə bilər. - Həmin istehsal edilə bilən mişar daşının sayında və həcmində daş kəsən maşının daş kəsmə yerinin dəyişdirilməsi, reislərin keçirilməsi, mişarların bağlanması, təmir işlərinin aparılması, hava şəraiti, daşların daşınması və nəqliyyat vasitəsinə yüklənməsi zamanı əmələ gələn itkilər nəzərə alınmamışdır. - “Güzdək” əhəngdaşı yatağında fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus daş karxanasının 2015-ci il üçün dağ-mədən işlərinin inkişaf planının 3.2 saylı “Mişar daşı istehsalının gözlənilən həcmi və yataq kütləsinin normativ” başlığında göstərildiyi kimi, daş karxanasında cari il üçün gözlənilən istehsalat tapşırığında dağ kütləsinin 60 % istismat itkiləri kimi nəzərdə tutulmuşdur. Bununla yanaşı inkişaf planının 1.6 saylı “Sənaye ehtiyatları” başlığında layihə (sənayə) itkiləri kimi layın tavanında və dabanda qalan itkiləri, bortlarda qalan layihə itkiləri (5%), frontal və cinah xəndəklərin keçirilməsində alınan itkiləri (4%) də nəzərə alınmalıdır. - İstehsal həcmi üzrə şərti 1000 ədəd mişar daşına mövcud olmuş faktiki məsrəflər xərci təxminən 171.8 manat müəyyən edilir. - Məhkəmə Ekspertiza Mərkəzinin 4-5-ci suallara cavab verilməsinə dair 06 may 2021-ci il tarixli, 9/75 saylı rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq aparılmış hesablamaların (vergilər və xüsusi icazə (lisezniya) olmadan əldə etdiyi gəlir) düzgünlüyü müəyyən olunmur və tədqiqi hisssədə göstərilən səbəbərdən hazırkı ekspertiza zamanı hesablama aparmaq mümkün olmadı. Rəyin tədqiqi hissəsində isə qeyd edilmişdir ki, Azəreksperliza“ Birliyinin 15.01.2018ci il tarixli mütəxəssis rəyində hər hansı bir mənbə göstərilmədən istehsal brakına və açılış işlərinə görə 40 % itgi tətbiq edilmişdir.Yəni istehsal edilə bilən mişar daşın sayı və həcmində daş kəsən maşının (kombaynın) daş kəsmə yerinin dəyişdirilməsi, relslərin keçrrilməsi, mişarların bağlanması, təmir işlərinin aparılması, hava şəraiti, daşların daşınması və nəqliyyat vasitələrə yüklənməsi zamanı əmələ gələn itkilər nəzərə alınıbalınmaması ilə bağlı məlumat mövcud deyildir. Bundan başqa qeyd edilir ki, mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: - Xammal və materiallar; - Qaytarılmış tullantılar; - Texniki məqsədlər üçün yanacaq enerji və su; - İstehsal fəhlələrinin əsas əmək haqqı; - İstehsal fəhlələrinin əlavə əmək haqqı; - Sosial sığortaya ayırmalar; - Avadanlığın saxlanması və istismarı xərcləri.o cümlədən amortizasiya; - Ümumi sex xərcləri; - Ümumi zavod xərcləri; - Zay məhsul və itkilər; - Sair istiehsalat xərcləri; - Əmtəəlik məhsulun tam maya dəyəri. İstehsal olunmuş məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir. Lakin buna baxmayaraq, mütəxəssis rəyində müəssisə üzrə faktiki istehsal edilmiş mişar daşının faktiki maya dəyəri yalnız sərf edilmiş elektrik enerjisindən ibarət olduğu müəyyən edilmişdir. Mühasibat uçotunda isə istehsal həcminin mütəxəssis rəyində göstərilən qaydada müəyyən olunması nəzərdə tutulmamışdır. Yəni müəssisə üzrə faktiki istehsal edilmiş məhsulların faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən məhsulların istehsal həcminin hesablanması məhsulun maya dəyərinin kalkulyasiyasının tərtib olunma prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Göstərilənlərdən başqa qeyd edilmişdir ki, hazırkı ekspertiza təyini haqqında qəraqrdadın birinci-üçüncü sualları üzrə verilmiş 14.04.2021-ci il tarixli, 10/4298 saylı ekspert rəyində də mişar daşı həcminin konkret müəyyən edilmədiyi göstərilmişdir. Belə ki, həmin rəydə istehsal edilə bilən mişar daşın sayında və həcmində daş kəsən maşının (kombaynın) daş kəsmə yerinin dəyişdirilməsi, relslərin keçirilməsi, mişarların bağlanması, təmir işlərinin aparılması, hava şəraiti, daşların daşınması və nəqliyyat vasitələrinə yüklənməsi zamanı əmələ gələn itkilərin nəzərə alınmaması və s. qeyd edilmişdir. Beləliklə bütün yuxanda göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq aparılmış hesablamaların (vergilər və xüsusi icazə (lisenziya) olmadan əldə etdiyi gəlir) düzgünlüyü müəyyən olunmur.Həmçinin yuxarıda göstərilən səbəblərdən hazırkı ekspertiza zamanı hesablama aparmaq mümkün olmamışdır. Məhkəmə kollegiyası təkrar apelyasiya baxışı zamanı alınmış ekspert rəylərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, yuxarıda göstərildiyi kimi, vergilərin hesablanmasına əsas dövriyyəyə, hasilata və mişar daşının qiymətinə dair ekspert və mütəxsəssis rəyləri olmuşdur. Belə olan halda, hesablanmış vergilərin qanuniliyinə qiymət verilməsi üçün verginin hesablanmasına əsas olan ekspert və mütəxəssis rəylərinin mötəbərliliyinə qiymət verilməlidir. İş materiallarında olan “Azərekspertiza” Birliyinə məxsus mütəxəssis rəyində qeyd edilmişdir ki, müəssisədə 1 ədəd SM-89 daş ləsən maşın və 1 ədəd NKM – 2U pilləüstü şırımaçan istehsal avadanlığı olmuş, iş qrafiki gündə 8 saat, həftədə 5 gün, ildə 255 gün olmuş, karxana isə 1 sahədən ibarət olmuşdur. Mütəxəssis rəyində DKM-nin məhsuldarlığı A.S.Cirkovun “Tikinti materiallarının açıq üsulla çıxarılması və emalı” kitabından götürülmüş düstura istinadla 4.5 m3 /saat götürülmüşdür. Mütəxəssis rəyində müəssisənin elektrik enerji sərfiyyatı əsasında (20% istehsal itkisi nəzərə alınmaqla) hər il üzrə 1 növbə üçün istehsal sərfiyyatı müəyyən edilmiş, həmin 1 növbə üçün istehsal sərfiyyatı istehsal olunan aktiv enerjiyə bölünməklə (40% istehsal itkisi nəzərə alınmaqla) sərfiyyat tutumu (əmsal) müəyyən edilmiş, həmin əmsal DKM-nin məhsuldarlığına (yəni, 4.5 m³/saat) və həmin il üzrə istehsal avadanlığının sayına (müvafiq olaraq 2015-2017-ci ildə 1 ədəd) vurulmaqla istehsal həcmi (m3 -lə ) müəyyən edilmiş, 1 m3 -də mişar daşının sayı 72 götürülməklə hər il üzrə mişar daşının sayı müəyyən edilmişdir (25% itki nəzərə alınmaqla). Göründüyü kimi, mütəxəssis rəyində elektrik enerjisi sərfiyyatı əsasında mişar daşının sayı müəyyən edilərkən 1 növbə üçün istehsal sərfiyyatı, DKM-nin məhsuldarlıq əmsalı və istehsal avadanlığının sayı əsas götürülmüşdür. Lakin mütəxəssis rəyində 1 növbə üçün istehsal sərfiyyatının necə müəyyən edildiyi göstərilməmişdir. Bundan əlavə, DKM-nin məhsuldarlıq əmsalı A.S.Cirkovun “Tikinti materiallarının açıq üsulla çıxarılması və emalı” kitabındakı düstura istinadla müəyyən edilmiş, lakin həmin düsturun iddiaçıya məxsus karxanadakı məhsuldarlığı müəyyən etmək üçün mötəbər olması, niyə məhz həmin kitabdakı düstura istinad olunması ekspert tərəfindən əsaslandırılmamışdır. Bundan əlavə, mütəxəssis rəyindəki cədvəllərdən görünür ki, hər il üzrə müəssisəyə məxsus olan bütün avadanlıqların sayı nəzərə alınmışdır. Bu isə o deməkdir ki, iddiaçı müəssisə tərəfindən həmin avadanlıqlar eyni anda gündə 8 saat, həftədə 5 gün, ildə 255 gün istifadə edilmişdir. Lakin avadanlıqların eyni anda gündə 8 saat, həftədə 5 gün, ildə 255 gün istifadə edilməsi ilə bağlı ekspertin mövqeyi aydın olmamış, bu qənaətə necə gəlindiyi əsaslandırılmamışdır. Həmçinin, mütəxəssis rəyində 20% istehlak olunan elektrik enerjisinin itkisi, 40% mişar daşının itkisi nəzərə alınsa da, bu rəqəmlərin nəyə əsasən müəyyən edildiyi qeyd edilməmişdir ki, bu da itkinin nəzərə alınandan daha çox olmasını istisna etmir. Qeyd olunmalıdır ki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Hazırkı iş üzrə vergi yoxlaması keçirilərkən vergi orqanı inzibati orqan kimi obyektiv həqiqətin əldə edilməsi məqsədi ilə yoxlama zamanı iddiaçıya məxsus daş karxanasında neçə avadanlığın eyni anda işləyə bilməsini, avadanlıqları işə qoşmaqla 8 saat ərzində bir istehsal avadanlığı tərəfindən istifadə olunan elektrik enerjisini, istehsal olunan mişar daşının neçə faizinin itki olduğunu əyani şəkildə müəyyən edə bilərdi. Bundan əlavə, vergi orqanı daş karxanalarının məhsuldarlığı və istehsal itkisi ilə bağlı müvafiq orqanlara (Ekologiya Nazirliyi, FHN və s.) sorğu ünvanlamaqla məlumat əldə edə bilərdi. Vergi orqanı inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda vergi orqanı mütəxəssis rəyinin mötəbərliliyinə qiymət vermədən, iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün əlavə sübutlar toplamağa çalışmadan bu rəyi birbaşa mötəbər sübut kimi qəbul etməklə verginin hesablanmasında əsas götürmüş, bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmişdir. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçı müəssisəyə xeyli miqdarda əlavə vergilərin hesablanması zamanı istinad etdiyi mütəxəssis rəyinin mötəbərliliyini və obyektiv həqiqəti əks etdirdiyini, o cümlədən vergilərin hesablanması zamanı vergi ödəyicisinin xeyrinə olan halların nəzərə alındığını sübuta yetirməmiş, bununla da qanunsuz inzibati akt qəbul etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri ilə bağlı isə aşağıdakıları qeyd edir: Cavabdehin “məhkəmənin keçirdiyi ekspertiza üzrə ekspert rəyinin mötəbər olmaması” ilə bağlı dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hesablanan vergilərin qanuniliyini sübut etmək ilk növbədə inzibati orqanın vəzifəsidir. Məhkəmə isə mübahisələndirilən inzibati aktın qanuniliyinə qiymət verir. Hazırkı iş üzrə isə yuxarıda qeyd edildiyi kimi, inzibati orqan hesablanan əlavə vergilərin qanuniliyini, düzgünlüyünü sübuta yetirə bilməmişdir, məhkəmə isə inzibati aktın əsaslandığı ekspert rəyini mötəbər hesab etmədiyindən qəbul edilmiş inzibati aktı da qanuni hesab etmir. Sonuncu olaraq, əlavə vergilər mütəxəssis rəyinə (dövriyyənin müəyyən edilməsi ilə bağlı) istinad edilməklə hesablandığından, mütəxəssis rəyinin mötəbərliliyi, başqa sözlə, iddiaçının dövriyyəsinin mütəxəssis rəyində göstərildiyi kimi olması sübuta yetirilmədiyindən, məhkəmə kollegiyası mədən və sadələşdirilmiş verginin hesablanma qaydası, o cümlədən mişar daşının dəyəri ilə bağlı bazar qiymətinin tətbiqinə dair məhkəmə qiymətləndirməsinə əsas görmür və bu hissədə cavabdehin dəlilləri öz əhəmiyyətini itirir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-72/2019 saylı 28 iyun 2019-cu il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-35/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-35/2021
02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver