Məhkəmə qərarları › İş №2-1(105)-35/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-35/2022

24.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-35/2022 24.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba şəhəri ərazisində yerləşən xx.xx.2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN:1215, kod********) əsasında mülkiyyətində olan 0,0275 ha torpaq sahəsinin mövcud ölçüdə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsi vəzifəsinin ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edlməsi” tələbinə dair iş üzrə Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan ölçü sənədi tələbi. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba şəhəri ərazisində yerləşən xx.xx.2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN:1215, kod********) əsasında mülkiyyətində olan 0,0275 ha torpaq sahəsinin mövcud ölçüdə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsi vəzifəsinin ƏMDKnin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edlməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2-1(118)-279/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Quba şəhəri ərazisində yerləşən, 18 may 2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN:1215, kod ********) əsasında mülkiyyətində olan 0,0275 ha torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və plan ölçü sənədinin verilməsi vəzifəsinin ƏMDX-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair qərar çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Quba şəhəri ərazisində yerləşən, 18 may 2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN:1215, kod ********) əsasında mülkiyyətində olan 0,0275 ha torpaq sahəsinin mövcüd ölçüdə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan ölçü sənədinin verilməsi vəzifəsinin ƏMDX-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

İddiaçının əsaslandırması:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayon Dövlət notariat kontorunda təsdiq edilmiş 07 sentyabr 2005-ci il tarixli 4-Ə-828 saylı alqı-satqı müqaviləsi əsasında Quba şəhəri ərazisində yerləşən 0,0275 ha torpaq sahəsini əldə etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən onun adına 18 may 2006-cı il tarixdə torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin torpaq sahəsindən bu günədək fasiləsiz istifadə edir. Dövlət aktı əsasında mülkiyyətində olan torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və buna müvafiq “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi ilə bağlı ərizə ilə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respubilkası Əmlak Məsələlələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin, bu günə kimi müraciətinə heç bir cavab verilməmişdir. Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Cavabdehin etirazları:

4. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, İddiaçı ərizəsinə əlavə olunmuş JN-1215 KOD 30301004 Torpağa mülkiyyət hüququna dair dövlət aktı araşdırılmışdır. Ləğv edilmiş DTXK-nin Quba rayon şöbəsindən təhvil alınmış Dövlət Aktlarının qeydiyyatı kitablarında JN-1215 Dövlət Aktı barədə qeydlər aparılmamış və ərazi idarəsinin elektron kadastr məlumat bazasında məlumatlar aşkar edilməmişdir. Qeyd olunan səbəbdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.

Birinci instansiya məhkəməsindəki icraat

5. Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2-1(118)-279/2021 saylı qərarı (hakim V.E.Əzizova) ilə iddia təmin edilərək Quba şəhəri ərazisində yerləşən 18 may 2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN:1215, kod ********) əsasında İddiaçı mülkiyyətində olan 0,0275 ha torpaq sahəsinin mövcüd ölçüdə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin ƏMDX-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

6. Qərardan narazı qalan cavabdeh İdarə apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2-1(118)-279/2021 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apellyasiya şikayətinin dəlilləri:

7. Cavabdeh İdarənin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı torpaq sahəsinə dair çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2020ci il tarixli ərizə ərizə ilə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən İddiaçı müraciətinə xx.xx.2020-ci il tarixli **********65 saylı məktubla cavab olaraq bildirilmişdir ki, “Ərizəyə əlavə olunmuş JN-1215 KOD 30301004 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ərazi İdarəsi tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, ləğv edilmiş DTXK-nin Quba rayon şöbəsindən təhvil alınmış Dövlət Aktlarının qeydiyyatı kitablarında JN-1215 Dövlət Aktı barədə qeydlər aparılmamış və ərazi idarəsinin elektron kadastr məlumat bazasında məlumatlar aşkar edilməmişdir. Qeyd olunan səbəbdən ərizənin icrası Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır”. Göründüyü kimi, iddia ərizəsində göstərildiyinin əksinə İddiaçı ərizəsi vaxtında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən cavablandırılmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçirilməmiş və ərizəyə dair texniki hissə ilə heç bir münasibət bidirilməmişdir. Eyni zamanda bildirirlər ki, məhkəmə tərəfindən mülkiyyət hüququ müəyyən edilmiş 0,0275 ha olan torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxemə istinad edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb- düşməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Qeyd olunduğu kimi mübahisələndirilən JN-1215 KOD 30301004 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, məlumat bazasında öz əksini tapmamışdır.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz təqdim edilməmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək əlavə olaraq qeyd etdi ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə dair Dövlət Aktı mövcud olsa da, həmin sənəd arxiv materiallarında və müvafiq qeydiyyat kitablarında qeydiyyatı ilə bağlı fakt aşkarlanmadığından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş edirlər.

10. Məhkəmə kollegiyasının iclasında iddiaçıının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərilə razı olmadığını vurğulamaqla onu da əlavə etdi ki, məhkəmə kollegiyasının göstərişinə əsasən mübahisələndirilən torpaq sahəsinə yerində baxış keçirilməklə tərtib edilmiş mütəxəssis rəyindən və sxemdən göründüyü kimi mübahisələndirilən sahə iddiaçı və həyat yoldaşının mülkiyyətində olan torpaq sahələrinin arasında yerləşməklə digər şəxslərin hüquqları ilə yüklü deyildir. Birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verdiyindən iddianın təmin olunması ilə bağlı gəldiyi nəticə qanunauyğun və əsaslıdır. Apellyasiya şikayəti formal mülahizələrə əsaslandığından qərarın ləğvinə əsas ola bilməz. Əlavə olaraq bildirir ki, iddiaçı torpaqdan istifadə edir və onun torpaq sahəsi üzərində mülkiyyət hüququ da Dövlət Aktına əsasən qeydiyyata alınmışdır. Onların müraciəti əsasında da cavabdeh özünün xx.xx.2022-ci il tarixli məktubu ilə bildirmişdir ki, sözügedən torpaq sahəsi ilə bağlı məlumatlar arxiv materiallarında və kompleks yerquruluşu layihəsində aşkarlanmasa da, ölkə rəhbərinin fərmanına əsasən aparılmış torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapmışdır. Hesab edirlər ki, kimsə vəzifə səlahiyyətlərini yerində icra etməyərək müvafiq sənədləşmə aparmamışdırsa, bu vətəndaşın günahı deyildir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.

Tədbiq edilən hüquq

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

12. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

13. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

14. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

15. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

16. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

17. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

18. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

19. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

20. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

21. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

22. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

23. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

24. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

25. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

26. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

27. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

28. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (-). Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik. 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ hüquqi aktlardan ibarətdir. (-). Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-); 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-); 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. (-). Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-).

31. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. (-); Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.

32. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hazırkı qərarın 11-23-cu bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq, tərəflərin izahatlarında göstərilən halları apellyasiya şikayətinin dəlilləri və işdəki sənədlərlə əlaqəli şəkildə araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, iddiaçının məhkəməyə müraciət etməsinin əsası hazırki qərarın 1-3-cü bəndlərində istinad edilən hallarla bağlı olmuş və birinci instansiya məhkəməsi zamanı işə baxılarkən hazırki qərarın 5-ci bəndində şərh edilən nəticəyə gəlinmişdir.

35. Məhkəmə kollegiyası cavabdehin hazırki qərarın 7-ci bəndində qeyd edilən apellyasiya şikayətinin dəlillərilə əlaqədar qeyd edir ki, hazırki qərarın 29-31-ci bəndlərində istinad edilən maddi hüquq normalarının tələbləri baxımından iddiaçının alqı-satqı müqaviləsi əsasında əldə etdiyi torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsində dövlət aktı qeydiyyat kitabında 1773 nömrə ilə qeydiyyata alınmış 0,0275 ha torpaq sahəsinə dair sənəd cavabdeh İdarəyə təqdim edilmiş olsa da, iddiaçının müraciətilə bağlı xx.xx.2020-ci il tarixində imtina məktubu verilmiş və imtinanın əsası kimi ləğv edilmiş DTXK-nın Quba rayon şöbəsindən təhvil alınmış Dövlət Aktlarının qeydiyyat kitablarında JN-1215 Dövlət Aktı barədə qeydlərin aparılmaması və ərazi idarəsinin elektron kadastr məlumat bazasında məlumatların aşkar edilməməsi göstərilmişdir.

36. Apellyasiya şikayətinin dəlili kimi “vətəndaş tərəfindən qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsinin keçirilməyərək ərizəyə dair texniki hissə ilə heç bir münasibət bidirilmədiyindən, eyni zamanda məhkəmə tərəfindən mülkiyyət hüququ müəyyən edilmiş 0,0275 ha olan torpaq sahəsinin yerləşdiyi yerin məlum olmaması və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxemə istinad edilməməsi, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üstüstə düşüb-düşməməsi məhkəmə tərəfindən müəyyən edilməməsinə” istinad edilməklə iddia tələbinin rədd edilməsini xahiş edilsə də, cavabdeh İdarə hazırkı qərarın 32-ci bəndində istinad edilən qanunun müvafiq maddələrinin tələblərinə riayət etməyərək üzərinə düşən vəzifələri belə aydınlaşdırmamışdır.

37. Halbuki, məhkəmə kollegiyasının dəfələrlə rəsmi sorğu və müraciətləri nəticəsində mübahisələndirilən torpaq sahəsinə baxış keçirilməklə müayinə edilməsi, torpaq sahəsinin hüdudları, digər şəxslərin hüquqları ilə yüklü olub-olmaması barədə, eləcə də torpaq sahəsinin sxematik planının tərtib edilərək məhkəmə kollegiyasına təqdim edilməsi tələb edildikdən 5 ay sonra təqdim edilən mütəxəssis rəyindən aşağıdakılar müəyyən edilmişdir:

1. İddiaçı Quba şəhəri ərazisində yerləşən xx.xx.2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN:1215, kod ********) əsasında mülkiyyətində olan 0,0275 ha torpaq sahəsi şərq tərəfdən **********1624 (RX 0199650) nömrəli çıxarışla, qərb tərəfdən **********94 (RX 0327572) nömrəli çıxarışla qonşuluqda yerləşir və həmin torpaq sahəsi yüklü deyildir. Qeyd: İddiaçı Quba şəhəri ərazisində yerləşən xx.xx.2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN:1215, kod ********) “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 5 saylı Xaçmaz Ərazi İdarəsində arxiv nüsxəsi tapılmamış, ləğv edilmiş DT və XK-nin DWJ xəritələrində öz əksini tapmamışdır. Lakin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il 818 № Fərmanı ilə təsdiqlənmiş “torpaqların elektron kadastrı uçotu informasiya sistemi”nin yaradılması məqsədilə torpaqların elektron kadastr uçotu xəritəsində qeydiyyata alınmışdır.

38. İstinad edilən mütəxəssis rəyindən məlum olduğu kimi İddiaçı çıxarış verilməsini tələb etdiyi 0,0275 ha torpaq sahəsi nəinki başqa şəxslərin hüququ ilə yüklü deyil, əksinə həmin torpaq sahəsi İddiaçı mülkiyyətində olan 0,033 ha torpaq sahəsi və sonuncunun həyat yoldaşı Gülnar Musayevanın mülkiyyətində olan 0,0168 ha torpaq sahəsinin arasında yerləşir ki, bu da cavabdehin təqdim etdiyi rəyə əlavə olunmuş torpaq sahəsinin yerquruluşu planı ilə də təsdiq edilir(i.v.171-176).

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin və imtinasının dəlilləri eyni olmaqla işin hallarından göründüyü kimi Torpağa mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli Dövlət Aktına (JN:1215, kod ********) əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair çıxarışın verilməsindən imtina əsassız olmuş həm də ona görə ki, hazırkı qərarın 32-ci bəndində istinad edilən qanun normalarına müvafiq olaraq fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunması, fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunmasının qadağan olması, həmçinin təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməli olduğundan bu tədbirləri görmədən, digər tərəfdən hazırkı qərarın 29-cu bəndində istinad edilən Qanunun 8.0.5-ci maddəsinin tələblərinə riayət etməyərək iddiaçı tərəfindən təqdim edilmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktı qəbul etməkdən imtina etmişdir.

40. Kollegiya onu da qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarında vurğulanır ki, “.....“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 15-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra – Mülki Məcəllə) və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir. Mülki Məcəllənin 139-cu maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Qanunun həmin maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur....”.

41. Məhkəmə kollegiyası onu da vurğulayır ki, hazırki qərarın 29-32-ci bəndlərində istinad edilən qanun normalarının tələbləri baxımından inzibati orqanın inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki şəxs və ya hüquqi şəxs tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh İdarə iddiaçının alqı-satqı müqaviləsi əsasında əldə etdiyi və xx.xx.2006-cı il tarixində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsində dövlət aktı qeydiyyat kitabında 1773 nömrə ilə qeydiyyata alınmış 0,0275 ha torpaq sahəsinə dair torpağın qeydə alınmasına imtinasını ləğv edilmiş DTXK-nın Quba rayon şöbəsindən təhvil alınmış Dövlət Aktlarının qeydiyyat kitablarında JN-1215 Dövlət Aktı barədə qeydlərin aparılmaması və ərazi idarəsinin elektron kadastr məlumat bazasında məlumatların aşkar edilməməsilə şərtləndirməsi özü-özlüyündə hazırki iş üzrə müvafiq icra orqanları tərəfindən tərtib edilən rəsmi sənədləri şübhə altına alır ki, bu da qeyd edildiyi kimi qanunla qadağandır.

42. Beləliklə, məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, iddia tələbi əsaslı olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Bu baxımdan apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2-1(118)-279/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2-1(118)-279/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar