Məhkəmə qərarları › İş №2-1(105)-350/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-350/2020

11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-350/2020 11.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və X2 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-774/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 10-xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsalandırılmışdır ki, xx xxxx 1963-cü il tarixdə Quba rayonunun Zərdabi kəndində anadan olmuşdur. 1981-1983–cü illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, 1988–ci ildə Azərbaycan Neft Kimya institunu və institun nəzdində Hərbi kafedranı bitirmiş, 1987-ci ildə ona, zabit–leytenant hərbi rütbəsi verilib. 1990-cı ildə isə baş leytenant hərbi rütbəsi verilmişdir. xx xxxxxxx 1993-cü il tarixdə Xaçmaz Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə bağlı hərbi xidmətə çağırılmış və Xaçmaz batalyonunun tərkibində, Milli Ordunun N saylı hərbi hissəsinin tərkibində Qarabağ uğrunda gedən qanlı döyüşlərdə iştirak etmişdir. Həmin vaxtı N saylı hərbi hissənin komandiri Mehdiyev, qərargah rəisi isə Əliyev olublar. Həmin vaxtı Xaçmaz Batalyonunun komandiri Yaşar Muradov olub.Onunla birlikdə Xaçmaz Batalyonunun tərkibində döyüş yoldaşları Xaçmaz rayonunun Bay–oba kəndindən olan, hal–hazırda həmin kənddə Məktəb direktoru işləyən X3, Xaçmaz şəhərində yaşayan və Xaçmaz rayonu Təhsil şöbəsində inspektor işləyən, hərbi rütbəsi kapitan olan Əkbərov Mövlan Babaş oğlu, Xaçmaz Meliorasiya və su təsərrüfatı idarəsində mühəndis işləyən Xaləddin, Xaçmaz şəhərində yaşayan, çavuş Ələddin və başqalarını qeyd edə bilər. 1986–cı ildə onun oğlu talassemiya xəstəliyindən əməliyyat olunması ilə bağlı komandirlərin rəsmi razılığı ilə bağlı icazə ilə evə qayıtmış və uşağın müalicəsi ilə məşğul olmuşdur. Əməliyyat və etdiyi müalicələrə baxmayaraq uşağı 2001-ci ildə vəfat etdi və o bununla bağlı cəbhə bölgəsinə qayıda bilməmiş, bu barədə komandirləri də məlumatlı olmuş, onların da razılıqları olub. Onu da qeyd edir ki, həmin ildə ona məxsus hərbi bileti naməlum şəraitdə itib. Həmin hərbi biletində Qarabağ uğrunda döyüşlərində iştirak etməyi barədə qeyd də var idi və üstündə möhürü də var idi. Həmin qeyd rus dilində olub “Uçastvoval v boyax protiv armyanskix formirovaniy.” İtmiş hərbi biletin əvəzinə ona verilmiş “dublikat” hərbi biletində isə bu qeyd olunmamışdır. Müharibə veteranı statusunun alınması ilə bağlı o aidiyyəti orqanlara da ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxiv idarəsindən aldığı cavab məktubunda göstərilir ki, N saylı hərbi hissənin əmrlər kitabında xx.xx.1993-cü il tarixdə 339 N-li əmrdə Xaçmaz RHK–dan çağırılmış şəxsi həyətin ümumi sayı göstərilmişdir. Əmrə əlavə edilmiş adlı siyahıda 1963– cü il təvəllüdlü, Xaçmaz hərbi komissarlığından çağırılmış leytenant İddiaçı adı 24–cü Xaçmaz batalyonunda qeyd edilmişdir. Qeyd edilmişdir ki, N N-li hərbi hissənin şəxsi həyətinin əlifba qeydiyyat kitabında İddiaçı sonrakı xidməti barədə məlumat aşkar edilməmişdir. Həmçinin bildirilmişdir ki, Mərkəzi Arxivə iddiaçını ünvanladığı ərizədə xidmət dövr 1995-ci il tarixi (aylarla) göstərilmədiyi üçün xidməti barədə araşdırma aparılmamışdır. Bütün yuxarıda qeyd etdikləri rəsmi sənədlərlə təsdiq olunur. Komandirləri, döyüş yoldaşları da dediklərini təsdiq edə bilərlər. Onu da qeyd edir ki, o, Azərbaycan Mübariz Müharibə Veteranları Birliyinin də üzvüdür və üzvlük bileti də var. Onunla birlikdə döyüşlərdə iştirak etmiş cəbhə yoldaşlarının demək olar ki, hamısı müharibə veteranı vəsiqəsi almış və veteran kimi imtiyazlardan istifadə edir. O isə kiminsə səhvinə görə, Müdafiə Nazirliyinin arxivinə məlumat verilməməsinə görə veteran vəsiqəsi ala bilmir. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia təmin edilməlidir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci bəndinin 11-ci yarımbəndinə əsasən “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi AR Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.1991 -ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. İddiaçı ərizəsində milli orduda xidmət keçməsinə dair dəqiq məlumatları göstərməklə Müdafiə Nazirliyinin Arxivinə müraciət etmiş və Arxiv idarəsindən verilən xx.xx.2017-ci il tarixli 9/2-12469 nömrəli məktubda cavab olaraq bildirilmişdir ki, N nömrəli hərbi hissənin xx.xx.1993-cü il tarixli 339 nömrəli əmrdə (adlı siyahısı sıra-185) Xaçmaz RHK-dan çağırılmış şəxsi heyətin ümumi sayı göstərilmişdir, əmrə əlavə edilmiş adlı siyahıda 1963-cü il təvəllüdlü, Xaçmaz hərbi komissarlığından çağırılmış leytenant İddiaçı adı 24-cü Xaçmaz batalyonunda qeyd edilmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətin əlifba kitablarında İddiaçı sonrakı xidməti barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2018-ci il tarixli 422 saylı Qərara əsasən - “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri olan (hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, döyüşlərdə iştirakı sübut edən) sənədlər təqdim olunmalıdır. Yuxarıda qeyd olunmuş Qərara dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 №-li Qərarına əsasən “Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmətkeçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçının N nömrəli hərbi hissənin tərkibində xidmət keçməsi, döyüş əməliyyatlarda iştirak etməsi və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə heç bir təsdiqedici sənəd yoxdur. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibai-İqtisadi kolleqiyasının xx xxxx 2018-ci il tarixli 2-1(102)-1224/18 nömrəli iş üzrə Qərarında göstərilmişdir ki, “Normanın məzmununda aşkar olaraq göstərilir ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) halhazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqan tərəfindən verilir. İddiaçının hal hazırda hərbi xidmət keçdiyinə (qulluq etdiyinə) və ya hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata və istefaya buraxıldığına dair sübut yoxdur.” Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati-İqtisadi kolleqiyasının xx xxxx 2017-ci il tarixli 2-1(102)-1161/2017 nömrəli iş üzrə Qərarındada göstərilmişdir ki, "hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. Qeyd olunanlara əsasən cavabdeh inzibati orqan iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-774/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim C.Məmmədov). Qərardan narazı qalan İddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-774/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsinin elan olunması xx xxxxxx 2020-ci il il tarixə, saat 12:05-ə təxirə salınmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx xxxx 1963-cü il tarixdə Quba rayonunun Zərdabi kəndində anadan olmuşdur. 1981-1983–cü illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, 1988–ci ildə Azərbaycan Neft Kimya institunu və institutun nəzdində Hərbi kafedranı bitirmiş, 1987-ci ildə ona zabit–leytenant hərbi rütbəsi verilmişdir. 1990-cı ildə isə baş leytenant hərbi rütbəsi verilmişdir. xx xxxxxxx 1993-cü il tarixdə Xaçmaz Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə bağlı hərbi xidmətə çağırılmış və Xaçmaz batalyonunun tərkibində, Milli Ordunun N saylı hərbi hissəsinin tərkibində Qarabağ uğrunda gedən qanlı döyüşlərdə iştirak etmişdir. Həmin vaxtı N saylı hərbi hissənin komandiri Mehdiyev, qərargah rəisi isə Əliyev olmuşlar. Həmin vaxtı Xaçmaz Batalyonunun komandiri Yaşar Muradov olub. Onunla birlikdə Xaçmaz Batalyonunun tərkibində döyüş yoldaşlarım Xaçmaz rayonunun Bay–oba kəndindən olan, hal–hazırda həmin kənddə məktəb direktoru işləyən X1 şəhərində yaşayan və Xaçmaz rayonu Təhsil şöbəsində inspektor işləyən, hərbi rütbəsi kapitan olan Əkbərov Mövlan Babaş oğlu, Xaçmaz Melorasiya və su təsərrüfatı idarəsində mühəndis işləyən Xaləddin, Xaçmaz şəhərində yaşayan, çavuş Ələddin və başqalarını qeyd edə bilər. 1986–cı ildə oğlu talassemiya xəstəliyindən əməliyyat olunması ilə bağlı komandirlərin rəsmi razılığı ilə bağlı, icazə ilə evə qayıtmış və uşağın müalicəsi ilə məşğul olmuşdur. Əməliyyat və etdiyi müalicələrə baxmayaraq uşağı 2001-ci ildə vəfat etmiş və bununla bağlı cəbhə bölgəsinə qayıda bilməmiş, bu barədə komandirləri də məlumatlı olmuşlar, onların da razılıqları olub. Onu da qeyd edir ki, həmin ildə hərbi bileti naməlum şəraitdə itirmişdir. Həmin hərbi biletində Qarabağ uğrunda döyüşlərində iştirak etməyi barədə qeyd də var idi və üstündə möhürü də var idi. Həmin qeyd rus dilində olub “Uçastvoval v boyax protiv armyanskix formirovaniy.” İtmiş hərbi biletin əvəzinə verilmiş “dublikat” hərbi biletində isə bu qeyd olunmamışdır. Müharibə veteranı statusunun alınması ilə bağlı aidiyyəti orqanlara da ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxiv idarəsindən aldığı cavab məktubunda göstərilir ki, N saylı hərbi hissənin əmrlər kitabında xx.xx.1993-cü il tarixdə 339 N-li əmrdə Xaçmaz RHK–dan çağırılmış şəxsi heyətin ümumi sayı göstərilmişdir. Əmrə əlavə edilmiş adlı siyahıda 1963–cü il təvəllüdlü, Xaçmaz hərbi komissarlığından çağırılmış leytenant İddiaçı adı 24–cü Xaçmaz batalyonunda qeyd edilmişdir. Qeyd edilmişdir ki, N N-li hərbi hissənin şəxsi həyətinin əlifba qeydiyyat kitabında İddiaçı sonrakı xidməti barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Mübariz Müharibə Veteranları Birliyinin də üzvüdür və üzvlük bileti də var. Qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia təmin olunmalıdır. TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya baxışı zamanı iddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçını dinləyərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 774/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfındən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin 8ci abzasında deyilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Hərbi Əks-kəşfiyyat Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı” adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və ona əsaslanmışdır ki, iddiaçının N nömrəli hərbi hissənin tərkibində döyüş bölgəsində olması öz əksini tapsa da, onun tərəfindən hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş və məhkəmə araşdırması zamanı iddiaçının tərxis olunması ilə bağlı dəlil əldə edilə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərar üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin müddəalarına görə, Müdafiə Nazirliyinin onunla xidməti münasibətdə olmuş o kateqoriya şəxslərə müharibə veteranı adı və vəsiqəsi vermə öhdəliyi mövcuddur ki, həmin şəxslər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçısı olmaqla yanaşı cəlb olunduqları hərbi xidmətdən əvvəllər ehtiyata və istefaya buraxılmış olsunlar. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin məlumatlarında İddiaçı N saylı hərbi hissənin əmrlər kitabında xx.xx.1993-cü il tarixdə 339 N-li əmrdə Xaçmaz RHK–dan çağırılmış şəxsi həyətin ümumi sayı göstərilmişdir. Əmrə əlavə edilmiş adlı siyahıda 1963–cü il təvəllüdlü, Xaçmaz hərbi komissarlığından çağırılmış leytenant İddiaçı adı 24–cü Xaçmaz batalyonunda qeyd edilmişdir. Lakin N N-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyat kitabında İddiaçı sonrakı xidməti barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə heç bir təsdiqedici sənədin olmamasına əsaslanmaqla onun müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-774/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da İddiaçı apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-774/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar