Məhkəmə qərarları › İş №2-1(105)-350/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-350/2021

05.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-350/2021 05.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və Hökümə Çingiz qızı Babayevadan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinə qarşı “AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “16.03.2020-ci il tarixli müraciətə baxılması haqqında” imtina məktubunun əsassız hesab edilməsi, iddiaçı barəsində “düzəliş (daxil olma)” əməliyyat növündə hesablanılaraq iddiaçının şəxsi hesab vərəqəsində 06.11.2019-cu il tarixdə qeyd alınmış 5000 manat və 8000 manat və 07.11.2019-cu il tarixdə qeydə alınmış 10000 manat, 9000 manat və 6000 manat olmaqla, ümumilikdə, 38000 manat vergi borcunun və onun üzərinə hesablanmış 9090,52 manat faiz üzrə qalıq borcunun İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə həvalə edilməsi, iddiaçı tərəfindən 18.11.2019-cu il tarixdə 3000 manat, 20.11.2019-cu il tarixdə 7500 manat, 21.11.2019-cu il tarixdə 5000 manat, 26.11.2019-cu il tarixdə 4450 manat, 03.02.2020-ci il tarixdə 2995,51 manat və 07.02.2020-ci il tarixdə 3000 manat edilmiş və vergi ödəyicisi barəsində əsassız olaraq hesablanmış 38000 manat qalıq vergi borcunun və onun üzərinə hesablanmış 9090,52 manat faiz üzrə qalıq borcu ilə əlaqədar olaraq silinmiş 25945,51 manat ödənişin iddiaçıya geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-196/2021 saylı 15 fevral 2021-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddia tələbi onunla əsalandırılmışdır ki, İddiaçı MMC 19.09.2016-cı il tarixdə 10.000 manat (********** nömrəli ödəmə tapşırığı), 20.10.2016-cı il tarixdə 9.000 manat (********** nömrəli ödəmə tapşırığı), 20.10.2016-cı il tarixdə 6.000 manat (********** nömrəli ödəmə tapşırığı), 16.10.2017-ci il tarixdə 5.000 manat (********** nömrəli ödəmə tapşırığı) və 17.11.2017-ci il tarixdə 8.000 manat (********** nömrəli ödəmə tapşırığı) vergi ödənişi etmişdir. Həmin ödənişlərin edilməsi barədə vergi ödəyicisinin şəxsi hesab vərəqəsində qeydiyyat aparılmışdır. Lakin sonradan bu məbləğlər yenidən hesablanmış və 06.11.2019 və 07.11.2019-cu il tarixlərdə vergi ödəyicisinin şəxsi hesab vərəqəsində “düzəliş (daxilolma)” əməliyyatı edilərək həmin məbləğlər vergi borcu kimi qeydə alınmışdır. Nəticədə iddiaçının əsassız yerə 38.000 manat əsas vergi borcu və 9.090,52 manat faiz borcu yaranmışdır. Əsassız və qanunsuz hesablanmış bu məbləğin şəxsi hesab vərəqəsindən silinməsi vergi orqanından tələb olunmuş, lakin cavabdeh bu müraciətin icrasından imtina etmişdir. Ona görə İddiaçı MMC bu barədə məhkəməyə müraciət etmişdir. 12.08.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi mübahisələndirilən vergi borcunun yaranma səbəblərini izah edərkən bildirmişdir ki, “... idarədə aparılan araşdırmalar zamanı şəxsi hesab vərəqəsində ödənildiyi qeyd olunan həmin məbləğlərin əslində ödənilmədiyi müəyyən edilmiş və buna görə də həmin məbləğlər yenidən vergi borcu kimi hesablanmış və vergi ödəyicisinin şəxsi hesab vərəqəsində “düzəliş (daxilolma)” əməliyyatı aparılmışdır. Hesab olunur ki, İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində 06.11.2019 və 07.11.2019-cu il tarixlərdə “düzəliş (daxilolma)” formasında aparılan əməliyyatlar qanunsuz olmuş, iddiaçının həmin tarixlər üzrə hesablanmış 38.000 manat əsas vergi borcu və onun üzərinə hesablanmış 9.090,52 manat faiz borcu şəxsi hesab vərəqəsindən silinməlidir. Belə ki, İddiaçı MMC-nin ödənilməmiş vergi borcu olmamışdır. İddiaçı ödənilmədiyi iddia olunan mübahisələndirilən vergiləri vaxtında ödəmiş və bu barədə şəxsi hesab vərəqəsində 02.10.2016-cı il, 31.10.2016-cı il, 31.10.2017-ci il və 29.11.2017-cı il tarixlərdə müvafiq qeydlər aparılmışdır. Mübahisələndirilən vergi borclarının ödənilməsini təsdiq edən yeganə və mötəbər sübut elə şəxsi hesab vərəqəsində aparılan həmin qeydlərdir. Məlum olduğu kimi, şəxsi hesab vərəqəsi vergi ödəyicisi ilə aparılan hesablaşma vəziyyətini əks etdirən mötəbər sənəddir. Belə ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə vergi ödəyicisi və ya digər üçüncü şəxs tərəfindən hər hansı müdaxilənin edilməsi mümkünsüzdür və şəxsi hesab vərəqəsi üzərində bütün əməliyyatlar yalnız vergi orqanı tərəfindən həyata keçirilir. Bu deyilənlər məhz Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ N°-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair 13.08.2020-ci il tarixli Qərardadında ifadə olunan hüquqi mövqelərdə öz əksini tapmışdır. Belə ki, həmin Qərardadın 43-cü bəndində qeyd edilmişdir ki, Vergi Məcəlləsində şəxsi hesab vərəqəsinin anlayışı verilməsə də, “şəxsi vərəqə” ifadəsinə Məcəllənin mətnində - 87.2-ci maddədə rast gəlinir. Bununla yanaşı, qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 83.1-ci maddəsində həm də “vergi orqanının uçot sənədləri’’ ifadəsi işlənilir. Qeyd olunan normanın mənasına görə, vergi ödəyicisinin ödəməli olduğu vergi məbləği barədə vergi orqanının uçot sənədlərində qeydiyyat aparılmalıdır. Həmin Qərardadın 44-cü bəndində göstərilmişdir ki, kollegiya qeyd edir ki, bu qəbildən olan məlumatların vergi orqanı tərəfindən uçotunun aparılması vergi orqanının əsas vəzifələrinin icrasının lazımi qaydada təmin edilməsi zərurətindən irəli gəlir. Belə ki, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək (maddə 24.0.1), o cümlədən hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmaq və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək (maddə 24.0.4) Vergi Məcəlləsində vergi orqanının əsas vəzifələri sırasında göstərilmişdir. Belə olan halda, şəxsi hesab vərəqəsini vergi orqanının vergilər və digər məcburi ödənişlərin hesablaşma vəziyyətini əks etdirən uçot sənədlərinə aid etmək olar. Vergi orqanının şəxsi hesab vərəqəsində 06.11.2019 və 07.11.2019-cu il tarixlərdə apardığı “düzəliş (daxilolma)” əməliyyatları qanunsuz olmuşdur. Qanunvericiliyin tələblərindən bəllidir ki, inzibati orqanların fiziki və hüquqi şəxslərlə münasibətləri inzibati akt və ya faktiki xarakterli hərəkətlər formasında təzahür edir. İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində 06.11.2019 və 07.11.2019- cu il tarixlərdə “düzəliş (daxilolma)” formasında aparılan əməliyyatlar vergi orqanının faktiki xarakterli hərəkətləridir. Həmin hərəkətlərin qanuniliyinin müəyyən edilməsi üçün isə bu əməliyyatların mahiyyəti təhlil olunmalıdır. Sözügedən əməliyyatların (06.11.2019 və 07.11.2019-cu il tarixli düzəliş(daxilolma)) hansı səbəbdən aparılması ilə bağlı cavabdehin nümayəndəsinin gətirdiyi açıqlamadan göründüyü kimi, vergi orqanı mübahisələndirilən məbləğlərin ödənilməsinə dair sənədlərin olmadığını nəzərə alaraq vergi borcunu yenidən hesablamış və ona yeni faizlər əlavə edərək, beləliklə dürüstləşmə əməliyyatı apararaq 06.11.2019 və 07.11.2019-cu il tarixlərdə şəxsi hesab vərəqəsində düzəliş etmişdir. Göründüyü kimi, vergi orqanı vergi ödəyicisi üçün vergilərin yenidən hesablanmasını aparmış, hətta ödəyici barəsində faiz borcu da hesablamışdır. Yəni bu əməliyyatlar nəticəsində vergi ödəyicisi üçün yeni vergi öhdəliyi yaranmışdır. Vergi qanunvericiliyi bu kimi hallarda qanunla müəyyən olunmuş müddət ərzində kameral vergi yoxlaması keçirməklə bu tip nöqsanların aradan qaldırılması imkanını nəzərdə tutmuşdur. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Odur ki, həqiqətən də mübahisələndirilən məbləğlər ödənilməmiş olsa idi, vergi orqanı yalnız kameral vergi yoxlamasının keçirilməsi barədə müvafiq inzibati akt qəbul etməklə və vergi ödəyicisi barəsində kameral vergi yoxlaması keçirməklə sözügedən vergi məbləğlərinin hesablanması və ödənilməsi barədə sənədlər və digər məlumatlar əsasında həmin halı müəyyən etməli və aradan qaldırmalı idi. Halbuki, bu məbləğlərlə bağlı bu günədək hər hansı vergi yoxlaması keçirilməmişdir. Əksinə vergi orqanı keçən müddət ərzində sözügedən məbləğləri ödənilmiş məbləğ kimi qəbul edərək onları mübahisələndirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ N°-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair 13.08.2020-ci il tarixli Qərardadında bu barədə müfəssəl hüquqi əsaslandırma edilmişdir. Bununla yanaşı, vergi orqanının apardığı bu əməliyyatlar proqram təminatındakı hər hansı texniki xətanın aradan qaldırılması kimi də qəbul edilə bilməz. Belə ki, inzibati iş üzrə bu günədək dəfələrlə məhkəmə iclası keçirilsə də, vergi orqanı bu düzəlişləri texniki xəta ilə əlaqələndirməmiş, bu barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Həmçinin vergi orqanı nəyə görə şəxsi hesab vərəqəsində ödənildiyi qeyd edilən digər ödənişləri deyil, məhz mübahisələndirilən ödənişləri qəbul etməməsini ağlabatan şəkildə əsaslandırmamışdır. Eləcə də, vergi orqanı qanunvericiliklə müəyyən edilmiş müddətləri də ötürmüşdür. Belə ki, Vergi Məcəlləsinin 83.1-ci maddəsinə görə bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Həmin Məcəllənin 83.4cü maddəsinə əsasən vergi orqanı bu Məcəllənin 85-ci maddəsində göstərilən müddət başa çatanadək vergi məbləğini qanunvericiliklə müəyyən edilmiş qaydada hesablaya və ya əvvələr hesablanmış vergi məbləğinə düzəliş edə bilər. Həmin Məcəllənin 85.4-cü maddəsinə görə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyıcisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Şəxsi hesab vərəqəsindən göründüyü kimi, vergi orqanı verginin yenidən hesablanması üçün qanunvericiliklə müəyyən edilmiş 3 illik müddəti də ötürmüşdür. Bundan əlavə, şəxsi hesab vərəqəsindən görünür ki, İddiaçı MMC 18.11.2019-cu il tarixdə 3.000 manat, 20.11.2019-cu il tarixdə 7.500 manat, 21.11.2019-cu il tarixdə 5.000 manat, 26.11.2019-cu il tarixdə 4.450 manat, 03.02.2020-ci il tarixdə 2.995,51 manat və 07.02.2020-ci il tarixdə 3.000 manat vergi orqanına ödəniş etmişdir. Lakin bu ödəmələr İddiaçı MMC barəsində əsassız hesablanmış 38.000 manat qalıq vergi borcu və onun üzərinə hesablanmış 9.090,52 manat faiz borcu ilə əlaqədar silinmişdir. Hesab olunur ki, cavabdehin imtinası əsassız hesab edildiyi və iddiaçı barəsində əsassız olaraq hesablanmış vergi borcu silindiyi təqdirdə onun tərəfindən edilmiş ödənişlər İddiaçı MMC-yə geri qaytarılmalıdır. Vergi Məcəlləsinin 15.1.4ci maddəsinə görə artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. Həmin Məcəllənin 24.0.10-cu maddəsinə görə vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə vergi orqanı borcludur. Beləliklə, vergi orqanı vergi ödəyicisi barəsində daha əvvəl hesablanmış və hətta ödənilmiş vergi borcunu yenidən hesablamışdır. İddiaçı hazırki vəziyyətdə ödədiyi vergini yenidən ödəməyə məcbur edilir ki, bu Azərbaycan Respublikasının Konstitusiyası ilə yolverilməzdir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət Və Sosial İnnovasiyalar X4 (VÖEN: **********) tərəfindən 2016-2017-ci illər üzrə ödənilmiş dövlət rüsumlarının araşdırılması zamanı müəyyən edilmişdir ki, 19.09.2016-cı il tarixli ********** nömrəli ödəniş tapşırığı üzrə 10000 manat, 20.10.2016-cı il tarixli ********** nömrəli ödəniş tapşırığı üzrə 9000 manat, 20.10.2016-cı il tarixli ********** nömrəli ödəniş tapşırığı üzrə 6000 manat, 16.10.2017-ci il tarixli ********** nömrəli ödəniş tapşırığı üzrə 5000 manat və 17.11.2017-ci il tarixli ********** nömrəli ödəniş tapşırığı üzrə 8000 manat olmaqla ümumilikdə 38000 manat dövlət rüsumu düzgün olmayaraq vergi kimi İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə işlənilmişdir. Bu səbəbdən də 06.11.2019-cu il tarixdə ********** nömrəli ödəniş tapşırığı üzrə 5000, 0 manat, ********** nömrəli ödəniş tapşırığı üzrə 8000,0 manat, 07.11,2019-cu il tarixdə ********** nömrəli ödəniş tapşırığı üzrə 10000,0 manat, ********** nömrəli ödəniş tapşırığı üzrə 9000,0 manat, ********** nömrəli ödəniş tapşırığı üzrə 6000,0 manat, cəmisi 38000 manat olmaqla daxilolmaya düzəliş edilərək İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə işlənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən həmin Qanunun 20.1 -20.11-ci maddələri üzrə dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarət Azərbaycan Respublikası Prezidentinin 26.12.2001-ci il tarixli Fərmanına əsasən vergi orqanları tərəfindən həyata keçirilir. Ödənilmiş dövlət rüsumunun vergi kimi iddiaçının şəxsi hesab vərəqəsinə işlənilməsi vergi qanunvericiliyinin tələblərinə zidd olduğundan vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 85.4-cü maddəsi əsas tutularaq yenidən hesablama aparılmışdır. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. İddiaçının silinmiş 25945.51 manat ödənişin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə münasibətdə bildirilir ki, iddiaçı tərəfindən 18.11.2019-cu il tarixdə ödənilmiş 3000 manat, 20.11.2019-cu il tarixdə ödənilmiş 7500 manat, 21.11.2019-cu il tarixdə ödənilmiş 5000 manat, 26.11.2019-cu il tarixdə ödənilmiş 4450 manat, 03.02.2020- ci il tarixdə ödənilmiş 2995,51 manat və 07.02.2020-ci il tarixdə ödənilmiş 3000 manat, cəmisi 25945,51 manat məbləğində ödənişlər iddiaçının mənfəət verfisi, ƏDV və sair öhdəlikləri ilə bağlıdır. Həmin ödənişlərin geri qaytarılması yalnız artıq ödəmə mövcud olduqda Vergi Məcəlləsinin 87-ci maddəsinin tələblərinə müvafiq olaraq həyata keçirilir. İddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçının sonuncu ödənişlər edilməmişdən əvvəl 39996.89 manat məbləğində borcu olmuş, ödənişlərdən sonra isə hazırda 23242.02 manat vergi borcu vardır. Vergi Məcəlləsinin 88.1-ci maddəsinə əsasən vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir: yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; hesablanmış faizlərin məbləği; tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. Qanunun tələbindən göründüyü kimi, vergi öhdəliyi mövcud olduqda sonrakı ödənişlər əvvəlki öhdəliklər üzrə sıra ardıcıllığı ilə həyata keçirilir. İddiaçının 16.03.2020-ci il tarixli müraciətinə baxılması haqqında 02.04.2020-ci il tarixli **********309200 nömrəli məktubun əsassız hesab edilməsi tələbinə gəldikdə isə bildirilir ki, iddiaçı tərəfindən vergi orqanına müraciət edilərək hesablanmış 38000 manat vergi borcunun və 9090.52 manat faiz borcunun ödənilməsi bildirilsə də, ödənişləri təsdiq edən hər hansı bir sənəd vergi orqanına təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçıya ödəniş sənədlərinin təqdim edilməməsi səbəbindən müraciətə baxılmasının mümkün olmaması barədə məlumat verilmişdir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə görə vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vergi ödəyicisinin vəzifəsidir. İddiaçı vergi orqanına müraciət edərkən ödəmələr barədə sübutlar təqdim etməməklə qanunun göstərilən tələbinə əməl etməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-196/2021 saylı 15 fevral 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim C.Məmmədov). Qərardan narazı qalan iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: şəxsi hesab vərəqəsi vergi orqanının vergilər və digər məcburi ödənişlərin hesablaşma vəziyyətini əks etdirən uçot sənədidir. Bu sənəddə əks olunan məlumatların mötəbərliyi ancaq güclü dəlillərə istinad edilməklə şübhə altına alına və təkzib oluna bilər. Və hətta belə bir vəziyyətdə bu hal vergi ödəyicisinin deyil, qeyri-mötəbər məlumatları şəxsi hesab vərəqəsinə daxil edən vergi orqanının əleyhinə şərh olunmalıdır. Şəxsi hesab vərəqəsi hər bir vergi ödəyicisi üçün proqram təminatı vasitəsi ilə avtomatik yaradılsa da (3.3-cü bənd), şəxsi hesab vərəqəsində əməliyyatlar, o cümlədən dövlət vergiləri üzrə daxilolmalar barədə məlumatlar vergi orqanının aidiyyəti şöbəsi tərəfindən X1 sisteminin “bəyannamə” altmodulu vasitəsi ilə vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə daxil edilir (3.3 və 5.1-ci bəndlər). Hətta şəxsi hesab vərəqəsində əməliyyatların aparılması üçün vergi orqanının vəzifəli şəxslərinin məxfiliyinə görə məsuliyyət daşıdıqları xüsusi parolları var ki, bu parollar həmin şəxslərin imzaları hesab edilir (3.9.1 -ci bənd). Başqa sözlə, şəxsi hesab vərəqələrinə bu şəxslərdən kənar digər şəxslərin müdaxiləsi mümkün deyil. Həmçinin vergi orqanının aidiyyəti şöbəsi ödənilmiş vəsaitin büdcəyə daxil olması barədə xəzinədarlıq orqanından ödəniş sənədlərinin surətlərini əldə etdikdən sonra və həmin sənədlər əsasında şəxsi hesab vərəqəsinə ödənişlərlə bağlı məlumatları daxil edir (5.1, 6.1.1 və 6.1.4-cü bəndlər). Qaydalara əsasən yalnız ödəniş tapşırıqları deyil, sərəncam, qəbz, bankın memorial orderi və ya elektron formatda alınan məlumat da ödəniş sənədləri hesab olunur (2.6-cı bənd). İddiaçı MMC mübahisələndirdiyi vergi ödənişlərini 2016 və 2017-ci illərdə icra etmiş və bu ödənişlər barədə məlumatlar şəxsi hesab vərəqəsinə daxil edilmişdir. Həmin məlumatlar şəxsi hesab vərəqəsinə İddiaçı MMC-nin verdiyi məlumat və ya sənədlər əsasında deyil, Qaydalarda qeyd edildiyi kimi, xəzinədarlıq orqanından vergi orqanının əldə etdiyi ödəniş sənədlərinin surətləri əsasında vergi orqanının aidiyyəti şöbəsinin vəzifəli şəxsləri tərəfindən daxil edilmişdir. Vergi orqanının aidiyyəti şöbəsinin vəzifəli şəxsinin ödəniş sənədlərinin surəti olmadan şəxsi hesab vərəqəsinə hər hansı məlumat daxil etməsi mümkün deyil. Həmin ödəniş sənədlərinin nə olmasına gəldikdə isə (ödəniş tapşırığı, qəbz, sərəncam, bankın memorial orderi və digər) bu qeyri-müəyyəndir. Şəxsi hesab vərəqəsində bu məlumatların **********, **********, **********, ********** və ********** nömrəli ödəniş tapşırıqları əsasında daxil edildiyi görünsə də, məhkəmə cavabdeh tərəfindən təqdim edilən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar X4nin Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanlanmış 30.10.2019-cu il tarixli, **********14 saylı məktub və ona əlavə edilmiş sənədlərə əsasən hesab etmişdir ki, həmin ödəniş tapşırıqları dövlət rüsumları ilə əlaqədar olmuşdur. Sübutların mümkünlüyü və mötəbərliyi tələblərinə cavab verməyən bu sənədlər məhkəmə tərəfindən sübut kimi qəbul edilməməli idi. Ona görə ki, həmin məbləğlərin vergi ödənişi, yoxsa rüsum olması Agentliyin verdiyi məlumat əsasında müəyyən edilə bilməzdi. Bu ödənişlərin hansı təyinatla edilməsi barədə məlumatlar yalnız Azərbaycan Respublikası Maliyyə Nazirliyindən əldə edilən məlumatlar əsasında müəyyən edilə bilər. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar X4nin vergi ödəyicisi İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində olan vəziyyət barədə verdiyi məlumatın mənbəyi bəlli deyil. Agentliyin verdiyi bu məlumat mötəbər hesab oluna bilməz. Ona görə ki, şəxsi hesab vərəqəsi vergi ödəyicisi və vergi orqanının istifadəsində olan bir sənəddir, Agentliyin vergi ödəyicisinin şəxsi hesab vərəqəsindəki vəziyyət barədə məlumat verməsi absurd bir şeydir. Bununla yanaşı əgər həqiqətən də **********, **********, **********, ********** və ********** nömrəli ödəniş tapşırıqlarının dövlət rüsumlarına aid olduğu fərz edilsə belə, bu hal yenə də vergi ödəyicisinin əleyhinə şərh edilə bilməz. Ona görə ki, ödənişlərin edilməsini təsdiq edən sənədlərin şəxsi hesab vərəqəsində səhv göstərilməsinə görə məsuliyyəti İddiaçı MMC daşımamalıdır. Bununla əlaqədar o da qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində məhkəmə araşdırmaları zamanı vergi orqanının nümayəndəsi iddiaçının şəxsi hesab vərəqəsinə həmin məlumatların daxil edilməsində məsul olan vəzifəli şəxsin səhvə yol verdiyini bildirmişdir. İddiaçı MMC üçün vergi öhdəliyinin həcmini dəyişdirən bu əməliyyatlar bu barədə qəbul edilmiş qərara (inzibati akta) əsaslanmalı idi. Belə bir akt olmadığına görə isə hüquqi əsasa söykənməyən həmin əməliyyatların aparılması qanunsuz sayılmalıdır. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, cavabdehin nümayəndəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-196/2021 saylı 15 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs kimi vergi orqanında qeydiyyatdan keçərək fəaliyyət göstərir. 17.02.2020-ci ildə vergi ödəyicisinin şəxsi kabinetinə “tələbin icraaya yönəldilməsi” haqqında qərar göndərilmişdir. Vergi borcunun yaranma mənbəyinin müəyyənləşdirilməsi məqsədi ilə vergi orqanına müraciət olunmuşdur. Müraciətə cavab olaraq bildirilmişdir ki, qeyd olunan borclar 2016-cı ilin sentyabr, oktyabr, 2017-ci ilin oktyabr, noyabr ayları üzrə yaranmış və bu məqsəd ilə hesab vərəqəsinə düzəliş edərək onun tərəfindən ödənilməli olan vergi borcu tələb edilmişdir. İddiaçı MMC həmin borcun vergi orqanına ödənildiyini bildirmiş və müvafiq düzəliş edilənə qədər şəxsi hesab vərəqəsində onun borcunun sıfır olmasını bildirmişdir. Vergi orqanı isə İddiaçı MMC tərəfindən həmin borcların ödənilmədiyini, yəni səhvən şəxsi hesab vərəqəsində İddiaçı MMC-nin borcunun olmaması kimi göstərildiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar X4 tərəfindən 2016-2017-ci illər üzrə ödənilmiş dövlət rüsumlarının araşdırılması zamanı müəyyən edilmişdir ki ümumilikdə 38.000 manat dövlət rüsumu düzgün olmayaraq vergi kimi İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə işlənmişdir. Buna görə də vergi orqanı tərəfindən şəxsi hesab vərəqəsinə düzəliş edilərək, İddiaçı MMC-nin şəxs hesab vərəqəsinə 38.000 manat vergi borcu yenidən işlənmişdir. İddiaçı isə həmin borcun artıq ödənildiyini, lakin ödəniş qəbzlərinin itirilməsi səbəbindən məhkəməyə təqdim edilə bilməməsini bildirmişdir. Bundan başqa, İddiaçı MMC-nin nümayəndəsi bildirmişdir ki, vergi orqanı tərəfindən onun şəxsi hesab vərəqəsinə daxil edilmiş 38.000 manat vergi borcu ona yeni öhdəlik yaratdığına görə həmin borcun siyahıya daxil edilməsi üçün inzibati akta zərurət var. Lakin vergi orqanı hər hansı bir inzibati akt qəbul etmədən ona yeni vergi öhdəliyi yaratmışdır. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və həmin məbləği mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və ona əsaslanmışdır ki, vergi ödəyicisinin vergi öhdəliyindən azad olunması üçün vergi ödəyicisi vergi borclarını bilavasitə və ya bank əməliyyatları vasitəsi ilə dövlət büdcəsinə ödəməlidir. Şəxsi hesab vərəqəsinə qeyd olunmuş 38.000 manat vergi borcunun İddiaçı MMC tərəfindən dövlət büdcəsinə ödənilməsi ilə bağlı hər hansı bir dəlil iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərar üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 61.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqa zidd hərəkətləri (qərarları) və ya hərəkətsizliyi, habelə vergi orqanlarının vəzifəli şəxslərinin və digər işçilərinin öz vəzifələrini icra etdikdə, onların hüquqa zidd hərəkətləri (qərarları) və ya hərəkətsizliyinə, həmçinin bunların nəticəsində vergi ödəyicilərinə dəymiş zərərə görə vergi orqanları və vergi orqanlarının vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən vergi ödəyicilərinə bu Məcəllənin 61.1-ci maddəsində göstərilən hərəkətlər (qərarlar) və ya hərəkətsizlik nəticəsində dəymiş zərər məhkəmənin qərarına əsasən ödənilir. Vergi orqanları tərəfindən düzgün tutulmayan vergi, maliyyə sanksiyaları, faizlər və inzibati cərimələrin məbləğləri, vergilər üzrə borclar olmadıqda, bu Məcəllədə başqa hallar nəzərdə tutulmadıqda vergi ödəyicisinin müraciətinə əsasən 45 gün müddətində geri qaytarılmalıdır və ya gələcək ödənişlərin hesabına aid edilə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 77.4-cü maddəsinə əsasən vergi öhdəliyinə aşağıdakı hallarda xitam verilmiş hesab olunur: 1) verginin ödənilməsi; 2) verginin ödənilməsi öhdəliyinin xitam verilməsi vergilər haqqında qanunvericiliyə müvafiq olaraq ortaya çıxan hallarda, habelə qanun əsasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar silindikdə; 3) vergi ödəyicisi vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə. Vəfat etmiş və ya ölmüş hesab edilmiş şəxsin əmlak vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir; 4) bu Məcəlləyə müvafiq olaraq ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) tərəfindən büdcə ilə (büdcədənkənar fondlarla) bütün hesablaşmalar aparıldıqdan sonra vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə; 5). Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müflis olması nəticəsində ləğv edilmiş borclu vergi ödəyicisinin məhkəmənin qərarı ilə ödənilməsindən imtina edilmiş tələblər ləğv edilmiş sayıldıqda. Həmin Məcəllənin 483.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Həmin Məcəllənin 83.4-cu maddəsinə əsasən bu Məcəlləyə müvafiq olaraq verginin vergi bəyannaməsini vermək şərti ilə ödənilməsində, yaxud əvvəllər verginin hesablanmasında səhv olunduğunu müəyyən edildiyi hallarda, vergi orqanı qanunvericiliyə uyğun vergiləri hesablayır və sonra bu Məcəllənin 84-cü maddəsinə uyğun olaraq verginin hesablanmasına dair bildirişi 5 iş günü müddətində vergi ödəyicisinə göndərir. Vergi orqanı bu Məcəllənin 85-ci maddəsində göstərilən müddət başa çatanadək vergi məbləğini qanunvericiliklə müəyyən edilmiş qaydada hesablaya və ya əvvələr hesablanmış vergi məbləğinə düzəliş edə bilər. Həmin Məcəllənin 94-cü maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda:1) vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 2) vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçının bir dəlili ondan ibarətdir ki, şəxsi hesab vərəqəsinə düzəliş edilənə qədər İddiaçı MMC-nin vergi borcu olmamış, yəni borcların ödənilməsinin yeganə sübutu şəxsi hesab vərəqəsində aparılan qeydlər olmuşdur. Belə ki, şəxsi hesab vərəqəsinə vergi orqanından başqa heç kəs müdaxilə edə bilməz. Dürüsləşmə əməliyyatı istisna olmaqla sonradan şəxsi hesab vərəqəsinə edilmiş əməliyyatlar inzibati aktın əsasında həyata keçirilməlidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Vergilər nazirinin 28 dekabr 2018-ci il tarixli **********501600 nömrəli Əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun aparılması Qaydaları”nın 2.1-ci bəndinə əsasən şəxsi hesab vərəqəsi - vergilər, fаizlər, maliyyə sanksiyaları və inzibati cərimələr, habelə vergi olmayan digər vəsaitlər (dövlət rüsumu, sığorta haqları və s.) üzrə iki tarix aralığına və yaxud çap olunduğu tarixə büdcə ilə qarşılıqlı hesablaşmaların vəziyyətini əks etdirən vahid vərəqədir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən ödənilmiş vəsait - bilavasitə vergi ödəyicisi tərəfindən ödənilməklə və ya qanunvericiliyə uyğun olaraq vergi ödəyicisinin bank hesabından və əlavə dəyər vergisinin depozit hesabından silinməklə, büdcəyə mədaxil edilmiş vergi, sığorta haqları, digər ödənişlər, maliyyə sanksiyaları, inzibati cərimələr və faizlərdir. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən şəxsi hesab vərəqəsindən çıxarış - vergi orqanında olan şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən vergilər, faizlər, maliyyə sanksiyası, inzibati cərimə və digər ödənişlər üzrə vergi ödəyicisi ilə büdcə arasında iki tarix aralığına və ya çıxarışın çap olunduğu tarixə qarşılıqlı münasibətləri özündə əks etdirən vərəqədir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən vergi uçotuna alınan hər bir vergi ödəyicisinə şəxsi hesab vərəqəsi proqram təminatı vasitəsi ilə yaradılır. Şəxsi hesab vərəqəsində olan məlumatlar X1 Sisteminin müxtəlif altsistemləri vasitəsi ilə əks olunur. Həmin Qaydaların 3.1-ci bəndinə görə vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotu hər bir vergi ödəyicisi üzrə vergilər, faizlər, sığorta haqları, maliyyə sanksiyaları və inzibati cərimələr, habelə digər ödənişlər üzrə şəxsi hesab vərəqəsində (bu Qaydaların əlavəsinə uyğun olaraq) proqram təminatı vasitəsi ilə aparılır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən hesabat ayı üzrə daxilolmalar barədə məlumatlar həm ay, həm də artan yekunla hər bir büdcə təsnifat kodu üzrə Maliyyə Nazirliyi ilə üzləşdirilməklə müvafiq üzləşmə aktı ilə təsdiq olunur. Qaydalara görə vergi uçotuna alınan hər bir vergi ödəyicisinə şəxsi hesab vərəqəsi proqram təminatı vasitəsi ilə yaradılır və həmin vərəqədə vergi ödəyicisi barədə olan məlumatlar X1 Sisteminin müxtəlif altsistemləri vasitəsi ilə əks olunur. Qeyd olunan məlumatlar sırasına vergi ödəyicisin vergi borcları, onun tərəfindən həyata kerilimiş ödənişlər, vergi ödəyicisinə yenidən hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları öz əksini tapır. Qaydaların 2.4-cü bəndinə əsasən vergi öhdəlikləri vergi ödəyicisi tərəfindən bilavəsitə vergi orqanına, bank hesabı vasitəsi ilə və əlavə dəyər vergisinin depozit hesabından silinməklə həyata keçirilə bilər. Göründüyü kimi, şəxsi hesab vərəqəsi məlumat xarakterli bir vərəqədir və həmin vərəqədə vergi ödəyicisi ilə vergi orqanı arasında aparılmış hərəkətlər öz əksini tapır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.4.1-ci maddəsinə əsasən verginin ödənilməsi vergi öhdəliyinə xitam verilməsi hesab olunur. Başqa sözlə, vergi ödəyicisi tərəfindən vergi öhdəliyinin yerinə yetirilməməsinə baxmayaraq şəxsi hesab vərəqəsində vergi ödəyicisinin vergi borcunun olmaması kimi qeyd olunması düzgün deyil. Belə ki, məlumat xarakterli vərəqəyə vergi ödəyicisinin vergi borclarının silinməsi, vergi ödəyicisinə yeni vergi borclarının hesablanması kimi hərəkətlərin daxil edilməsi yol veriləndir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, şəxsi hesab vərəqəsində İddiaçı MMC-nin vergi borcunun sıfır manat kimi qeyd olunması onun hələ vergi öhdəliyinə xitam verilməsi kimi qəbul olunmamalıdır. Belə ki, vergi ödəyicisinin vergi öhdəliyindən azad olunması üçün vergi ödəyicisi vergi borclarını bilavasitə və ya bank əməliyyatları vasitəsi ilə dövlət büdcəsinə ödəməlidir. Şəxsi hesab vərəqəsinə qeyd olunmuş 38.000 manat vergi borcunun İddiaçı MMC tərəfindən dövlət büdcəsinə ödənilməsi ilə bağlı hər hansı bir dəlil iddiaçı tərəfindən məhkəməyə təqdim etməmişdir. Əksinə vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş və Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar X4nin Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanlanmış 30.10.2019-cu il tarilxi **********14 saylı məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 19.09.2016cı il tarixli ********** saylı ödəniş tapşırığı üzrə 10.000 manat, 20.10.2016-cı il tarixli ********** saylı ödəniş tapşırığı üzrə 9.000 manat, 20.10.2016-cı il tarixli ********** saylı ödəniş tapşırığı üzrə 6.000 manat, 16.10.2017-ci il tarixli ********** saylı ödəniş tapşırığı üzrə 5.000 manat və 17.11.2017-ci il tarixli ********** saylı ödəniş tapşırığı üzrə 8.000 manat olmaqla ümumilikdə 38.000 manat dövlət rüsumu düzgün olmayaraq vergi kimi İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə işlənmişdir. Beləliklə, məhkəmə kollegiyası iddiaçı tərəfindən apelyasiya şikayətinin təmin edilməsi üçün gətirdiyi həmin dəlili əsassız hesab edir. Məhkəmə iddiaçı tərəfindən irəli sürülən digər dəlili araşdıraraq, hesab edir ki, qeyd olunan dəlil də şikayətin təmin edilməsi üçün əsas ola bilməz. İlk öncə nəzərə alınmalıdır ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.08.2020-ci il tarixli Qərardadının qəbul edilməsinə əsas vergi orqanı tərəfindən “Dürüsləşmə” adı altında şəxsi hesab vərəqəsinə düzəlişlərin edilməsi zamanı inzibati aktın qəbul edilib edilməməsi ilə əlaqədar kassasiya icraatı zamanı Ali Məhkəmənin məhkəmə tərkibləri arasında fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən olması səbəbindən məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə qəbul edilmişdir. Həmin Qərardadın 55-ci bəndində də qeyd olunduğu kimi, “Dürüsləşmə” əməliyyatı adda əməliyyat vergi qanunvericiliyində birbaşa tənzimlənməmişdir. Qərardadın 55-ci bəndində kollegiyanın mövgeyi ondan ibarət olmuşdur ki, “dürüsləşmə” əməliyyatı adı altında vergi ödəyicisi üçün əlavə (yeni) vergi öhdəliyi yaratmadan, uçot sənədlərindəki dürüstlüyü təmin etmək məqsədi ilə, əslində həmin məqamadək yaranmış və faktiki mövcud olan (hər hansı hüquqi əsasa görə aradan qalxmayan, xitam verilməyən) vergi öhdəliyinə dair məlumatı şəxsi hesab vərəqəsində əks etdirməkdə ifadə edilən faktiki xarakterli hərəkəti verginin hesablanması (yeni, əlavə vergi öhdəliyinin yaranması) kimi qiymətləndirilməli deyil. Göründüyü kimi, vergi orqanı məhz “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı “Dürüşləşmə” adlandırdığı əməliyyat ilə kompüter proqramı təminatındakı xətadan irəli gələn səhvin düzəldilməsi üçün nəzərdə tutulub. Başqa sözlə, vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının Qanuna görə silinməsinə baxmayaraq, kompüter proqramı həmin borcları yenidən silməsi məqsədi ilə vergi ödəyicilərinin digər mübahisə olunmayan borclarını silir. Buna görə də, vergi məmuru “Dürüsləşmə” adlandırdığı əməliyyat vasitəsi ilə silinməli olmayan vergi borclarını şəxsi hesab vərəqəsinə yenidən işləyir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.08.2020-ci il tarixli Qərardadına əsasən həmin borcların yenidən şəxsi hesab vərəqəsinə işlənməsi üçün yeni inzibati aktın qəbul edilməsinə zərurət yoxdur. Lakin hazırki iddia tələbinin Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı məsələ ilə heç bir əlaqəsi yoxdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən şikayətin təmin edilməsi üçün gətirdiyi həmin dəlilin də hüquqi əsası yoxdur. İddiaçı tərəfindən irəli sürülən növbəti dəlil vergi orqanı tərəfindən verginin yenidən hesablanması üçün iddia müddətinin ötürülməsindən ibarətdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 85.4-cü maddəsinə görə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Qeyd olunan maddənin tələbləri baxımından məlum olur ki, vergi orqanı hesabat dövrü qurtardıqan sonra 3 il ərzində vergi ödəyicisinin vergi öhdəliklərini hesablaya və ya yenidən hesablaya billər və həmin vergi borclarının tutulması üçün vergi orqanının hüquqları 5 illik müddət ilə məhdudlaşdırılır. Məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən İddiaçı MMC-nin ödənilməmiş vergi borclarının şəxsi hesab vərəqəsinə daxil edilməsi ona yenidən vergi borcların hesablanması anlamına gəlinməməlidir. Belə ki, vergi borclarının yenidən hesablanması əvvəllər hesablanmış vergi borcundan fərqli vergi borcunun hesablanması deməkdir. Lakin hazırki iddia tələbinin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC 2016 və 2017-ci illər ərzində hesablanmış vergi borcuna hər hansı bir dəyişiklik edilməyib. İddiaçının 3 illik iddia müddətinə əsaslanması da düzgün deyildir. Nəzərə alınmalıdır ki, vergi orqanının İddiaçı MMC-ən vergi borcunun tələb edilməsi ilə bağlı 5 illik, yəni hazırki iddia tələbi üzrə 02.10.2021-ci ilə kimi müddəti var. Bu səbəbdən həmin dəlili də məhkəmə kollegiyası əsassız hesab edir. İddiaçının son dəlili ilə bağlı isə kollegiya qeyd edir ki, İddiaçı MMC iddia tələbində birldirmişdir ki, 18.11.2019-cu ildə 3.000 manat, 20.11.2019-cu ildə 7.500 manat, 21.11.2019-cu ildə 5.000 manat, 26.11.2019-cu ildə 4.450 manat, 03.02.2020-ci ildə 2.995,51 manat, 07.02.2020-ci ildə 3.000 manat vergi orqanına ödəniş etmişdir və həmin ödənişlər ona əsassız hesablanmış 38.000 manat vergi borcuna çıxılmışdır. Qeyd olunan məbləği vergi orqanına ödəyərkən şəxsi hesab vərəqəsinə daxil edilmiş 38.000 manat vergi borcundan məlumatsız olmuş və hesab edir ki, əsassız hesablanmış 38.000 manat vergi borcuna görə ödənilmiş 25.945,51 manat pul vergi orqanı tərəfindən ona geri qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanına hər hansı artıq ödəmə həyata keçirilməyib və İddiaçı MMC tərəfindən ödənilmiş 25.945,51 manat pulun onun borclu olduğu 38.000 manat vergi borcuna aid edilməsində vergi orqanı haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin tələblərinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə qeyd edilənləri və işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər isə əsassız olduğu üçün qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-196/2021 saylı 15 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2zibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar