Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-350/2022 07.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı 10.05.2020-ci il tarixdə vəfat etmiş əri X1 ölüm faktının müəyyən edilməsi və bu əsasla ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2-1(118)-546/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.05.2020ci il tarixdə vəfat etmiş əri X1 ölüm faktının müəyyən edilməsi və bu əsasla ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 may 2020-ci il tarixdə saat 08.30 radələrində Bakı-Şamaxı yolunun 15-ci km-də avtobus dayanacağında iddiaçının əri X1 halı qəflətən pisləşmiş və elə orada vəfat etmişdir. Həmin vaxt yoldan keşən insanlar onun köməyinə çatmış və Yol Patrul Xİdmətinin əməkdaşları oraya gələrək G.Məmmədova avtomobilə qoyub aparmışlar. Abşeron rayon Prokurorliği tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanası mərhumun ölüm səbəbi məlum olmadığından və hər hansı xəstəliklə bağlı Abşeron rayon Poliklinikasına müraciət etmədiyindən ona ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ölüm barədə tibb müəssisəsi tərəfindən şəhadətnamə verilmədiyindən Cavabdeh də imtina cavabı verərək məhkəməyə müraciət edilməsini tövsiyyə etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2-1(118)-546/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətdə iddia ərizəsinin və birinci instansiya məhkəməsinin qərarının məzmununa istinad etməklə göstərir ki, qeyd edilən məsələ ilə bağlı ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etsə də məhkəmənin qərardadı ilə onun ərizəsində iddianın yolverilməzliyinə görə imtina edilmişdir. İddiaçı göstərir ki, o süründürməçiliyə məruz qalmışdır və artıq bir ilə yaxındır ki, vəfat etmiş ərinə ölüm haqqında şəhadətnamə ala bilmir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri lazımi qaydada xəbərdar olunsa da, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddia predmet və mahiyyəti baxımından açıq-aşkar inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir. Belə ki, iddiaçı mərhum ərinin ölüm faktının müəyyən edilməsini və bunun əsasında da ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8-ci bəndində ölümün qeydə alınması qaydaları göstərilmişdir. Həmin Qaydalara əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır (8.1). Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır (8.2).Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır (8.3). Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir(8.5). Ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir(8.6).Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümünün, ölüm haqqında məlumatın verilməli olduğu müddət keçdikdən sonra ölümün qeydiyyatı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində ölüm haqqında aktların qeydiyyat kitabında ümumi qaydalarla ilk qeydiyyat kimi həyata keçirilir, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir (8.7). Ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir(8.14). Ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur(8.15). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31.01.2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın tələblərinə əsasən “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X2 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni tibb müəssisələrinə təqdim etmək üçün doldurur. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. İş materiallarında olan Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçıya ünvanlanmış 17.08.2021-ci il tarixli 1137 saylı məktubdan görünür ki, iddiaçının əri G.Məmmədovun ölümünün baş vermə səbəbi müəyyən olunmadığından və Abşeron Rayon Poliklinikasına hər-hansı bir xəstəliklə bağlı müraciət etmədiyinə görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməsi mümkün olmamışdır. Bundan əlavə, iş materiallarında olan Abşeron Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19.05.2020-ci il tarixli qərarından görünür ki, iddiaçının əri G.Məmmədovun ölməsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39,1.1-ci (cinayət hadisəsinin olmaması əsası ilə) maddəsinə əsasən rədd edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, mərhum G.Məmmədovun yaxın qohumları, o cümlədən qardaşı Baba Məmmədov və oğlu Əkrəm Məmmədov mərhumun ölümündə heç kimin təqsiri olmadığı üçün heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər və onun meyitinin məhkəmə-tibbi ekspertizasından keçirilməsinə qəti etiraz etmişlər. Cavabdeh də öz növbəsində məhz yuxarıda istinad edilən "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə istinad etməklə ölüm haqqında tibbi şəhadətnamə təqdim edilə bilmədiyi üçün mərhumun ölümünün qeydə alınmasının imkan xaricində olduğunu bildrimiş və iddiaçıya aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Göründüyü kimi, hazırkı işdə iddiaçı yuxarıda qeyd edilən səbəblərdən (mərhum ərinin ölümünün baş vermə səbəbi müəyyən edilmədiyindən) tibbi şəhadətnamə əladə edə bilmədiyindən qanunvericiliyin tələblərinə əsasən ölümün qeydiyyatı yalnız məhkəmə qətnaməsi əsasında həyata keçirilə bilər ki, qeyd edilən işə də mülki məhkəmə icraatı qaydasında rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. Beləliklə, qanunvericiliyin tələbindən və yuxarıda istinad edilən Plenum qərarının 9cu (9.1-9.5) bəndinin məzmununda göründüyü kimi ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir ki, bu halda qeyd edilən faktın müəyyən olunmasına dair mübahisələr üzrə işlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən xüsusi icraat qaydasında ümumi məhkəmələr tərəfindən baxılır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla mülki mübahisədir və bu mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Birinci instansiyası məhkəməsi də məhz bu əsasla iddianın mümkün sayılmayarkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2-1(118)-546/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 4 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-350/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-350/2022
07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver