Məhkəmə qərarları › İş №2-1(105)-350/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-350/2024

27.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-350/2024 27.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X11 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “arvadının Qubadlı şəhərinə qeydiyyata alınması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2-1(118)- 5868/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Sumqayıt “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 425879 nömrəli “Nikah haqqında şəhadətnamə” yə əsasən İddiaçı ilə X3 arasında 10 mart 2021-ci il tarixdə nikah bağlanmışdır. “Elektron məhkəmə” informasiya sisteminin “şəxsi məlumatlar” bölməsinə əsasən iddiaçı Xəlilov X5 rayonunda, 07 yanvar 1976-cı il təvəllüdlü X4 isə Cəlilabad rayonu, Ləkin Ərazi Dairəsi, Buravar kəndində qeydiyyatdadır. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ərizə ilə müraciət edərək arvadı X2 Qubadlı rayonu Qubadlı şəhərinə qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 18 sentyabr 2023-cü il tarixli, 18/2-X-28721 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, xidməti zərurətlə əlaqədar olaraq Azərbaycan Respublikası vətəndaşlarının işğaldan azad edilmiş şəhər və rayonlara qeydiyyata alınması müvəqqəti məhdudlaşdırılmışdır. Qeyd olunan məhdudiyyət aradan qaldırıldıqda vəsatət təmin ediləcəkdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə, 07 yanvar 1976-cı il təvəllüdlü arvadı X2 Qubadlı rayonu Qubadlı şəhərinə qeydiyyata alınmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, o, X4 ilə nikaha daxil olmuş və onların bu nikahdan iki uşaqları doğulmuşdur. 2007-ci il təvəllüdlü qızı X7 və oğlu 2011-ci il təvəllüdlü X8 da məcburi köçkün statusuna malikdir və hər ikisi Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatdadır. O, arvadı X2 da Qubadlı rayonu Qubadlı şəhərinə qeydiyyata alınması ilə bağlı cavabdehə müxtəlif vaxtlarda üç dəfə müraciət etmiş, lakin cavabdeh müraciətlərinin icrasından imtina etmişdir. Cavabdehin imtinası ilə razılaşmayaraq bildirir ki, onların birgə nikahına dair şəhadətnamə mövcuddur, bu səbəbdən hesab edir ki, arvadı onunla eyni ünvanda qeydiyyatda olmalıdır. Onun qeydiyyatda olduğu ünvana arvadının da qeydiyyata alınması sonuncunun müstəsna hüququdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2-1(118)-5868/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Könül Həbibova). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı onun və uşaqlarının Qubadlı rayonuna qeydiyyatının olduğunu əsas gətirərək, arvadı X2 da Qubadlı rayonuna qeydiyyata alınmasını xahiş etmişdir. Lakin mümkünlük şərtlərinin yoxlanılması baxımından məhkəmə tərəfindən iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün həmin yerin daxili işlər orqanına müraciət etməlidir. Hazırkı iş üzrə iddiaçı konkret yaşayış yeri üzrə deyil, arvadının Qubadlı rayonuna qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etməklə cavabdeh seçimində səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən iddiaçının müraciətinin cavablandırılması hazırkı iddia üzrə cavabdeh qismində iştirakına əsas vermir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, şəxsiyyət vəsiqələrinin verilməsi, dəyişdirilməsi, vətəndaşların qeydiyyatı məsələlərini yerli (polis) daxili işlər orqanları deyil, “ASAN Xidmət” (Azərbaycan Respublikası Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi) həyata keçirir. İlkin olaraq, onun tərəfindən ASAN Xidmətə iki dəfə ərizə ilə müraciət edilmiş, ASAN Xidmət 30 mart 2021-ci il tarixli və 08 avqust 2023-cü il tarixli cavab məktublarını iddiaçıya və baxılması üçün birbaşa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə qərardadı qanunsuz və əsassızdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli, 493 nömrəli Fərmanı: 2.2-1-ci bənd. Həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsinin birinci abzasında (birinci halda) .................. nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə: 3-cü bənd. Yaşayış yerini dəyişdirmiş vətəndaş və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün həmin yerin müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli, 244 nömrəli Fərmanı: 2.2-ci bənd. həmin Əsasnamənin 3-cü maddəsinin birinci abzasında, .............................. nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı” nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. ... Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmaması və cavabdehin hazırkı iddiaya cavab verməli olan orqan olmaması əsası ilə iddianı mümkün hesab etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkün hesab etməməklə, iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ali Məhkəmənin Plenumunun sözügedən qərarının 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır. İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. İşin hallarından görünür ki, iddiaçı öz adından iddia ərizəsi ilə məhkəməyə müraciət edərək arvadı 07 yanvar 1976-cı il təvəllüdlü X2 yaşayış yeri üzrə Qubadlı şəhərinə rayonuna qeydiyyata alınmasını tələb edir. Halbuki, Y.M.Xəlilova yetkinlik yaşına çatmış şəxs olmaqla, prosessual fəaliyyət qabiliyyətli şəxsdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 26.1-ci və 26.1.1-ci maddəsinə əsasən mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər inzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna malikdirlər. Mülki Məcəllənin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2-ci maddəsində qeyd edilir ki, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Qeyd olunan hüquq normalarının qarşılıqlı təhlilindən müəyyən edilir ki, yetkinlik yaşına çatmış şəxs tam fəaliyyət qabiliyyətli sayılmaqla, belə şəxsin inzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququ vardır. Hazırkı işdən də görünür ki, iddiaçının arvadı Y.M.Xəlilova tam fəaliyyət qabiliyyətli şəxsdir və bununla da, inzibati məhkəmə icraatında prosessual fəaliyyət qabiliyyətinə, yəni müstəqil olaraq öz adından iddia qaldırmaq imkanına malikdir. Bu isə o deməkdir ki, İddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. Digər tərəfdən, qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərindən göründüyü kimi yaşayış yeri üzrə qeydiyyata alınmanı həyata keçirən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyidir. Hazırkı iş üzrə cavabdeh Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi isə Azərbaycan Respublikası vətəndaşlarına şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsini, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı, həmçinin bu məsələlərə dair mərkəzləşmiş uçot işini, qanunsuz miqrasiyanın profilaktikasını təşkil edən struktur qurumdur. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli, 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturu” na əsasən Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi həmin normativ hüquqi aktın 2-ci bölməsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Aparatına, digər ərazi və ixtisaslaşdırılmış polis orqanları və qurumlar isə həmin aktın 3-cü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sisteminə daxil olan qurumlara aid edilmişdir. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı təşkil edən qurum olsa da, müvafiq orqanların inzibati praktikasından məlumdur ki, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınmasını faktiki olaraq müvafiq ərazi üzrə polis orqanları həyata keçirdiyindən qeydiyyata alınma tələbinə dair iddialar da cavabdeh qismində həmin orqanlara qarşı qaldırılır. Göründüyü kimi hazırkı iddia tələbi iddiaya cavab verməli olan inzibati orqana qarşı qaldırılmamışdır. Qeyd olunanlara əsasən, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2-1(118)-5868/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar