Məhkəmə qərarları › İş №2-1(105)-351/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-351/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-351/2021 23.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu, Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, Üçüncü şəxsin vəkili və nümayəndəsi X11 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X13) 25 noyabr 2013-cü il tarixli sərəncamın etibarsız hesab edilməsi və həmin sərəncam əsasında verilmiş bütün hüquqi nəticələrin ləğv olunması tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2-1(085)-84/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 25 noyabr 2013-cü il tarixli sərəncamının etibarsız hesab edilməsi, həmin sərəncam əsasında bağlanmış 2013-cü il tarixli “Topaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə”nin və həmin sərəncamın əsasında verilmiş bütün hüquqi nəticələrin ləğv olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X16 X4”nin 26.03.2004-cü il tarixli 01 nömrəli protokolu ilə 1.6 ha torpaq sahəsi üzərində yerləşən “Binə KTM”-nin balansında olan və xeyli vaxtdır istifadə edilməyən 1 və 3 nömrəli donuz doğum sexləri və 3 ədəd köməkçi bina onun mülkiyyətinə satılmışdır. Bununla bağlı müvafiq olaraq, 02.04.2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmçinin satılmış sözügedən əmlakların ona təhvil-təslim edilməsi barədə eyni tarixli akt da tərtib edilmiş və ona təqdim edilmişdir. Sözügedən daşınmaz əmlak ona satıldığı 02.04.2004-cü il tarixdən həmin ərazini hasarlayaraq tövlələri restavrasiya edərək quşçuluq təsərrüfatına uyğunlaşdırmış, yarımçıq köməkçi binaları bərpa etmiş və həmin ildən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Hər il orta hesabla 150-200 min broyler toyuqları yetişdirir. Bunun üçün xüsusi olaraq 50 min yumurtalıq inqubator aparatı, 30 tonluq soyuducu kamera quraşdırmışdır. Quşların bəslənməsi üçün xüsusi avadanlıqlar almışdır. Bütün bunları öz vəsaiti və banklardan aldığı kredit hesabına yaratmışdır. Lakin üstündən 10 il keçdikdən sonra 1,6 ha torpaq sahəsinə dair 2013-cü ildə günü bəlli olmayan tarixdə Abşeron İcra Hakimiyyəti ilə X13 arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” üzərində heç bir tikili olmayan X18 fondundan 99 illiyə “icarə müqaviləsi” bağlanmış və əraziyə heç bir baxış keçirmədən Cavabdeh başçısının 2013-cü il 25 noyabr tarixli Sərəncamı ilə həmin müqavilə təsdiq edilmişdir. Bununla yanaşı olaraq Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi də əraziyə baxış keçirmədən rəy vermişdir. Bu sənədlərin əsasında isə AR ƏMDK yanında DƏDRXnin 4 saylı Ərazi idarəsi tərəfindən 20.02.2014-cü ildə reyestrdən çıxarış verilmişdir. Torpaq üzərindəki daşınmaz əmlaklar 1954, 1956, 1979-cu illərin tikililəridir. Sual olunur, əgər torpaq sahəsi üzərindəki daşınmaz əmlak iddiaçı olaraq onun adına artıq 02.04.2004-cü ildə yüklü olduğu halda üstündən 10 il keçdikdən sonra necə olur ki,başqa adamın adına rəsmiləşdirilə bilir? Necə olur ki, torpağın üstündəki əmlak birinə məxsus ola-ola, torpaq özü bir başqasının adına keçir. Hətta belə bir hal olmuş olsa belə, bütün hallarda o torpağın satılması və ya icarəyə verilməsi zamanı l-ci olaraq ona məlumat verilməli və həmin torpaq 1-ci ona təklif olunmalı idi. Çünki həmin torpaq sahəsi üzərindəki daşınmaz əmlaklar 10 ildən yuxarı bir müddətdə ona məxsus olduğu üçün, sözü gedən torpaq sahəsi üzərində hüquqlarının rəsmiləşdirilməsi zamanı üstünlük hüququ da birbaşa olaraq ona məxsus olmuşdur. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, Abşeron rayonu Donuzkökəltmə sovxozu yerli aqrar islahat komissiyasının 12 iyul 2000-ci il tarixli qərarı ilə sözügedən daşınmaz əmlak ( 2 ədəd donuz damı, 2 ədəd doğum sexi və 3 ədəd yardımçı hissələr) sovxozdan əmlak payı almaq hüququna malik olan X3 verilmişdir. Həsənəli Mirzəyev də öz növbəsində həmin əmlak payını 21 noyabr 2007-ci il tarixli etibarnamə əsasında X12 vermişdir. Sonradan A.Əhmədovun müraciəti əsasında rayon İcra Hakimiyyəti tərəfindən həmin tikililərin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla 1,6 ha torpaq sahəsi qanuni əsaslarla A.Əhmədovun icarəsinə verilmiş, onunla RİH arasında icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsi Ağacan Əhmədov tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmışdır. İddiaçının əsaslandığı “X16 X5”sinin 26.03.2004-cü il tarixli 01 saylı protokolunun isə onun özünün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə ittiham aktında əsassız və saxta olduğu sübuta yetirilmişdir. Cavabdeh 25 noyabr 2013-cü il tarixli sərəncamı, həmin sərəncam əsasında bağlanmış icarə müqaviləsinə əsasən X9 icarəsinə verilmiş 1,6 ha torpaq sahəsi və onun üzərində yerləşən və vaxtilə Abşeron rayonu Donuzkökəltmə sovxozu yerli aqrar islahat komissiyasının 12 iyul 2000-ci il tarixli qərarı ilə (2 ədəd donuz damı, 2 ədəd doğum sexi və 3 ədəd yardımçı hissələr) sovxozdan əmlak payı almaq hüququna malik olan X3 verilmiş daşınmaz əmlak İddiaçı tərəfindən qanunsuz olaraq istifadə edilir. Torpaq sahəsi X17 məxsusdur və icarə qaydasında Ağacan Əhmədova verilmiş sonradan RİH-nin razılığı əsasında torpaq sahəsi üzərindəki icarə hüququ A.Əhmədov tərəfindən X1. İddiaçı Abşeron RİH-nin 25 noyabr 2013-cü il tarixli sərəncamı və həmin sərəncam əsasında bağlanmış icarə müqaviləsinə əsasən X9 icarəsinə verilmiş 1,6 ha torpaq sahəsinə heç bir hüququ yoxdur, torpaq sahəsində yerləşən tikililər iddiaçıya aid deyildir. Əksinə iddiaçı həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qərardadı ilə iddia sərəncam əsasında bağlanmış 2013-cü il tarixli “Topaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə”nin ləğv olunmasına dair hissədə mümkün sayılmamış, qalan hissədə isə iddia tələbi Sumqayıt İnzibati Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2-1(085)- 84/2019 saylı qərarı ilə rədd edilmişdir. (hakim İ.Quliyev) Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhəmə baxışı zamanı prosesdə iştirakı təmin edilməmişdir. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli, 1(102)-640/2020 saylı qərarı ilə məhkəmənin istinad etdiyi Xəzər Rayon Məhkəməsinin hökmünün qüvvədə saxlanmasına dair Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2019-cu il tarixli qərarı mülki iddianın təmin olunmasına aid hissədə ləğv edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 aprel 2021-ci il tarixli, 1(103)-255/2020 saylı qərarı ilə Xəzər Rayon Məhkəməsinin hökmü dəyişdirilərək, həmin iş üzrə mülki iddia baxılmamış saxlanılmışdır. Hazırda hökmün saxta sənədlərlə bağlı hissəsindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət verilmişdir. Göründüyü kimi, məhkəmənin preyudisiya kimi istinad etdiyi hal aradan qalxmışdır. Məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin edilməsi ilə bağlı prosessual hüquq normalarının tələbləri də pozulmuşdur. İddiaçının və üçüncü şəxsin mübahisələndirdiyi torpaq sahələrinin dəqiq korrdinatlarının müəyyən olunması və üst-üstə düşüb-düşmədiyinin müəyyən olunması üçün GPS cihazı vasitəsilə ölçmə işləri aparılmalıdır. Bu hissədə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilməli olduğu halda edilməmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X9 vəkili və nümayəndəsi X15 apelyasiya şikayətinə etiraz təqdim edərək izahatında bildirdi ki, iddiaçının qeyd olunan torpaq sahəsinə heç bir hüququ yoxdur. Belə ki, inzibati işin materiallarında olan Xəzər rayon Prokurorluğu tərəfindən tərtib edilmiş ittiham aktına, Xəzər rayon Məhkəməsinin 01.10.2018-ci il tarixli hökmünə, Bakı Apellyasiya Məhkəməsinin 29.03.2019-cu il tarixli qərarına, Ali Məhkəmənin Cinayət Kollegiyasının qərarına əsasən müəyyən edilir ki, iddiaçının iddia ərizəsində sənəd kimi istinad etdiyi “X16 X2” ilə onun arasında bağlanmış 02.04.2004-cü il tarixli alqı-satqı müqaviləsi və həmin müqaviləyə əsasən əmlakların təhvil-təslim edilməsi barədə eyni tarixli aktı saxta sənəd hesab olunduğundan, həmin sənədləri saxtalaşdırdığına görə iddiaçı Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinmiş, lakin həmin cinayətə görə cəlb etmə müddəti keçdiyindən barəsində cəza təyin edilməmişdir. Deməli, sözü gedən qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçının istinad etdiyi heç bir yerdə qeydə alınmayan alqı-satqı müqaviləsinin və əmlakın təhvil verilməsi barədə aktın saxta sənədlər olması tam sübuta yetirilmişdir və onların yenidən sübut edilməsinə ehtiyac yoxdur. İddiaçı apellyasiya şikayətində məhkəməni səhv istiqamətə yönəldərək, inzibati orqanın sərəncam verdiyi torpaq sahəsinin üst- üstə düşmədiyi barədə irəli sürdüyü uydurma ilə bağlı qeyd edir ki, inzibati işə əlavə olunmuş qanuni qüvvədə olan Xəzər rayon Məhkəməsinin 01.10.2018-ci il tarixli hökmünə əsasən (hökmün 8-ci səhifənin ikinci abzası) müəyyən edilir ki, mübahisəli torpaq sahəsi üçüncü şəxs X12 verilmiş və sonradan icarə hüququ satılmış X6 adma verilmiş 20.12.2016-cı il tarixli çıxarışda qeyd olunan torpaq sahəsi sözügedən 1,60 ha torpaq sahəsinə aiddir və həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Bundan başqa cinayət təqibi qaydasında qəbul olunan və qanuni qüvvəyə minmiş bütün məhkəmə qərarlarından görünür ki, iddiaçı həmin torpaq sahəsinin məhz Cavabdeh 25 noyabr 2013-cü il tarixli sərəncamı ilə üçüncü şəxs X12 verilmiş 1,6 ha torpaq sahəsi olduğunu bütün ifadə və izahatlarında bildirmişdir. Eyni zamanda hazırki inzibati işdə iddiaçının Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə verdiyi iddia ərizəsində də Xəzər rayonu Binə qəsəbəsində yerləşən 1,6 ha torpaq sahəsinin məhz Cavabdeh tərəfindən üçüncü şəxs Ağacan Əhmədova verildiyini birbaşa təsdiq edir, yəni inzibati orqan Cavabdeh 25.11.2013-cü il tarixli sərəncamı üçüncü şəxs Ağacan Əhmədova verilən torpaq sahəsinə aiddir və burada başqa torpaq sahəsindən bəhs oluna bilməz. İddiaçı Cavabdeh sərəncam verdiyi Aberon rayonu Donuz kökəltmə sovxozunun torpaq sahəsinə heç bir hüququ və aidiyyatı yoxdur, həmin torpaq sahəsi hələ 2000-ci ildən üçüncü şəxs Ağacan Əhmədovun istifadəsinə verilmişdir və 2013-cü ildə də torpaq Cavabdeh tərəfindən Ağacan Əhmədova 99 il müddətinə icarəyə verilmiş və bu barədə sərəncam qəbul olunmuşdur. İddiaçı sadəcə olaraq həmin torpaqda üçüncü şəxs tərəfindən torpağın gözətçisi (qarovulçusu) təyin olunmuş, lakin sonradan həmin torpaq sahəsindən çıxmamışdır. İddiaçı həmin torpaq sahəsində heç bir quşçuluq yaratmamış, sahibkarlıqla məşğul olmamışdır, başqa şəxslərə məxsus fermaların rəngli fotoşəkillərini çəkərək həmin ərazinin adından məhkəməyə təqdim etmişdir, üçüncü şəxsin şəxsi vəsaiti ilə əwəlİər quşçuluq yaradılsa da, sonradan baş tutmamışdır. Hesab edir ki, 25 noyabr 2013-cü il tarixli sərəncamının etibarsız hesab edilməsinə əsaslar yoxdur. İddiaçının məhkəməyə təqdim etdiyi 02.04.2004-cü il tarixli alqı-satqı müqaviləsi və eyni tarixli aktı, eləcə də “Binə kənd təsərüfatı X2”nin qərarı saxta sənədlərdir, həmin sənədlər həqiqətdə mövcud olmamış və sözü gedən “Binə kənd təsərüfatı X2” ilə iddiaçı ilə belə bir müqavilə və akt imzalanmamışdır və imzalanması da mümkün deyildir ki, çünki mübahisəli torpaq üzərində olan tikililər “Binə kənd təsərüfatı X2”nin yox, Abşeron rayon Donuzkökəltmə sovxozunun balansında olmuşdur, torpaq isə dövlətə məxsusdur. Qeyd edilənlərə əsasən, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd eidlənlərə əsasən, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2-1(085)-84/2019 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apelyasiya şikayəti isə təmin edilməməlidir. Hər şeydən öncə kollegiya qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilib ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Azərbaycan Respublikası İPM-nin: - 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 36.1-ci maddəsinə əsasən, 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların sadalanması onunla bağlıdır ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Hazırkı halda müəyyən etmə və ya tanınma haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması və müddətlərə riayət edilibedilməməsi yoxlanılmalıdır. Qaldırılmış iddianın mahiyyətindən görünür ki, iddiaçı, inzibati orqan olan İcra Hakimiyyətinin sərəncamını mübahisələndirərək onun etibarsız hesab edilməsini xahiş edir. Həmin sərəncam isə torpaq sahəsinin hazırki iş üzrə üçüncü şəxsə icarəyə verilməsi barədədir. Kollegiya hesab edir ki, iddiaçının üçüncü şəxsə icarəyə verilmiş torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla qərarı mübahisələndirmək tələbi o halda yaranmış hesab oluna bilər ki, əgər həmin torpaq sahəsi ilə bağlı iddiaçının hüququ publik hüquqdan irəli gəlmiş olsun. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Hazırkı işin hallarından görünür ki, iddiaçı “X16 X4”nin 26.03.2004-cü il tarixli 01 nömrəli protokolu ilə 1.6 ha torpaq sahəsi üzərində yerləşən “Binə KTM”-nin balansında olan və xeyli vaxtdır istifadə edilməyən 1 və 3 nömrəli donuz doğum sexləri və 3 ədəd köməkçi binanın onun mülkiyyətinə satıldığını iddia edərək, Cavabdeh 25.11.2013-cü il tarixli sərəncamının etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh başçısının 741 saylı, 25 noyabr 2013-cü il tarixli sərəncamı ilə Abşeron rayonuna təhkim edilmiş X18 Fondunda saxlanılmış torpaqlardan Donuzkökəltmə sovxozu ərazisində kənd təsərrüfatı məqsədilə 1,6 hektar 99 il müddətinə icarə qaydasında hazırkı iş üzrə üçüncü şəxs X12 torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədlərinin təsdiq edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, İddiaçı hüquq verən sənədlərin saxta olmasını biləbilə saxta sənədlərdən istifadə etməklə, kənd təsərrüfatı təyinatlı torpaqları özbaşına tutması faktı üzrə Azərbaycan Respublikası CM-nin 320.2 və 188.3-cü maddələri ilə cinayət işi başlanılmış, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 1(003)-136/2018 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona bəraət verilmiş və CM-nin 320.2ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin edilməmişdir. İş üzrə mülki iddia təmin edilərək İddiaçı Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 1,6 ha torpaq sahəsindən çıxarılması hökm edilmişdir. Məhkəmənin hökmünə əsasən İddiaçı ona görə ittiham edilmişdir ki, bilə-bilə saxta sənədi qanunsuz hazırlayıb istifadə etməklə kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına hasarlayaraq tutmuşdur. Belə ki, məhkum heç bir hüquqi əsası olmayan 02.04.2004-cü il tarixli “Binə” kənd təssərrüfatı məhsulları müəssisəsi ilə onun arasında bağlanmış alqı-satqı müqaviləsi və 02.04.2004-cü il tarixli “Binə” kənd təsərrüfatı məhsulları müəssisəsinə məxsus 2 ədəd tövlələrin və 3 ədəd müəssisənin balansında olan köməkçi tikililərin ona təhvil verilməsi barədə saxta sənəd hesab edilən aktı qanunsuz hazırlayaraq, bilə-bilə saxta sənədlərdən istifadə etməklə, Cavabdeh idarəçiliyində və balansında olan 1,6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2004-cü ildən hasarlayaraq, həmin kənd təsərrüfatı təyinatlı 1,6 ha torpaq sahəsini Cavabdeh torpaq sahəsinə mülkiyyət və idarəçilik səlahiyyətlərinin həyata keçirilməsinə, həmçinin qanunla müəyyən edilmiş qaydada torpaq sahəsinə dair zərərçəkmiş şəxs X9 20.02.2014-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********93 reyestr nömrəli çıxarış əsasında icarə hüquqlarını və X6 20.12.2016-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********93 reyestr nömrəli çıxarış əsasında olan icarə hüquqlarını həyata keçirilməsinə mane olaraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuşdur. Hökmdən verilmiş apellyasiya şikayətlərinə və apelyasiya protestinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 20.10.2020-ci il tarixli 1(102)-640/2020 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2019-cu il tarixli qərarı mülki iddianın təmin olunmasına aid hissədə ləğv edilmiş və həmin hissədə cinayət işi yeni apelyasiya baxışına təyin edilmiş, qalan hissədə kassasiya şikayəti təmin edilməmiş, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 aprel 2021-ci il tarixli qərarı ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 1(003)-136/2018 saylı hökmü mülki iddia hissəsində dəyişdirilməklə, mülki iddiaçılar X13, X8 və Cavabdeh mülki iddiası baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hazırkı halda qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir ki, iddiaçı bilə-bilə saxta sənədlərdən -02.04.2004-cü il tarixli “Binə” kənd təssərrüfatı məhsulları müəssisəsi ilə onun arasında bağlanmış alqı-satqı müqaviləsi və 02.04.2004cü il tarixli “Binə” kənd təsərrüfatı məhsulları müəssisəsinə məxsus 2 ədəd tövlələrin və 3 ədəd müəssisənin balansında olan köməkçi tikililərin ona təhvil verilməsi barədə saxta sənəd hesab edilən aktdan istifadə etməklə, Cavabdeh idarəçiliyində və balansında olan 1,6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2004-cü ildən hasarlayaraq mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuşdur. Beləliklə də mübahisəli torpaq sahəsi üzərində iddiaçının hər hansı hüququnun olduğu müəyyən olunmur. Belə olduğu təqdirdə kollegiya qeyd edir ki, 1.6 ha torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsi barədə Cavabdeh 25 noyabr 2013-cü il tarixli, 741 saylı sərəncamının qəbul edilməsi və onun hazırda mövcudluğu iddiaçının hər hansı hüquqununa toxunmadığından, onun həmin sərəncamın etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsinə dair iddia ilə məhkəməyə müraciət etmək hüququ da müəyyən olunmur. Bu isə o deməkdir ki, İddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. İşə baxan birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd edilən xüsusatlarını nəzərə almadan iddia tələbinə mahiyyəti üzrə baxmışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2-1(085)-84/2019 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2-1(085)- 84/2019 saylı qərarı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X13) 25 noyabr 2013-cü il tarixli sərəncamın etibarsız hesab edilməsi və həmin sərəncam əsasında verilmiş bütün hüquqi nəticələrin ləğv olunması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar