Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-351/2023 31.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə Səfərli Fidan Nuru qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesabanması barədə qərarın ləğv edilməsi və pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək işləməyən pensiyaçı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə qeydə alınan sığorta kapitalı əsaında pensiyanın yenidən hesablanaraq qulluq stajına görə əlavələrin azaldılmamaqla aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə iddiaçı tərəfindən verilmiş ərizəyə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək işləməyən pensiyaçı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə qeydə alınan sığorta kapitalı əsaında pensiyanın yenidən hesablanaraq qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən aparılmış yenidən hesablanma barədə qəbul edilmiş qərarın ləğv edilməsi və pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək işləməyən pensiyaçı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə qeydə alınan sığorta kapitalı əsaında pensiyanın yenidən hesablanaraq qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(118)- 2765/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının qəbul etdiyi qərarın ləğv edilməsi və iddiaçıya pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2019-cu il tarixədək olan dövr üzrə qeydə alınmış sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-351/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(118)-2765/2022 nömrəli qərarı nəticə hissəsində xx.xx.2022-ci il tarixli qərar ləğv edilməklə qeyd olunmaqla, dəyişdirilmədən saxlanılmışdır. İddiaçı məhkəməyə yazılı ərizə ilə müraciət edərək, iddia tələbindən imtina etdiyini bildirmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 izahat verərək, öz izahatında iddiadan imtina edilməsinə razı olmadıqlarını, buna səbəb isə artıq kassasiya şikayəti vermələri olduğunu bildirdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə işdə iştirak edən şəxsin fikrini dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, birinci və apellyasiya instansiya məhkəməsinin qəraları ləğv edilməli, iddiadan imtina qəbul edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən müvafiq məhkəmə qərarı qanuni qüvvəyə minənədək iddiaçının iddiadan imtina etmək hüququ vardır. Həmçinin, qnaunvericiliyin qeyd olunan normalarının təhlilindən aydın olur ki, tərəflərin çıxışından sonra iddiaçının iddiadan imtina etmək hüququnun realizə edilməsi üçün cavabdehin razılığı olmalıdır. İş materiallarından görünür ki, hazırki iş üzrə müvafiq məhkəmə qərarı qəbul edilsə də, qanuni qüvvəyə minməmişdir. Həmçinin, iddiaçı iddiadan imtina etmək hüququndan istifadə edərək, bu barədə yazılı ərizə vermişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hazırki inzibati iş üzrə tələb təyin edilmiş pensiyanın yenindən hesablanması ilə bağlı olmuşdur, hansıki bu münasibətlər məhz iddiaçıya aid şəxsi xarakterli hüququn həyata keçirilməsi ilə bağlı olmaqla, yalnız özünə aid olan hüququn realizəsi ilə bağlı ortaya çıxmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının iddiadan imtina etməsinin əsası məhz həmin tələblə bağlı artıq başqa qanuni qüvvəyə minmiş məhkəmə qərarı vardır və həmin həmin məhkəmə qərarının icrası nəticəsində onun indiki tələblə əhatə olunan pozulmuş hüquqları bərpa edilmişdir, nəticə etibarilə artıq bu tələblə bağlı hüquqi marağı aradan qalxmışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Həmçinin, qeyd olunmalıdır ki, indiki halda cavabdeh inzibati orqan iddiaçının iddiadan imtina edilməsinə razı olmadığını ifadə etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati prosessual qanunveriiclikdə cavabdehin razılığının olması özlüyündə bu hüququn mövcudluğu formal olaraq ifadə edilməməklə, belə bir razılıq formal şəkildə və hüquqdan sui-istifadənin nəticəsi olaraq ortaya çıxmamalı, cavabdehin hüquq və mənafelərinin qorunması, bununla bağlı hüquqi marağın mövcudluğundan irəli gəlməlidir. İndiki halda cavadeh iddiadan imtina edilməsinə razı olmamasını yalnız müvafiq məhkəmə qərarından kassasiya şikayətinin verilməsi ilə bağlı halla əsaslandırmışdır. Həmçinin, kassasiya şikayətinin məzmunundan görünür ki, cavabdehin tələbi məhz məhkəmə qərarının ləğv edilməsi və iş ürzə icraata xitam verilməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiadan imtina edilməsi özlüyündə müvafiq məhkəmə qərararının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə səbəb olur. Göründüyü kimi, hər iki halda mahiyyət etibarilə eyni məzmunlu nəticə ortaya çıxır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddiadan imtina etməsi ilə bağlı niyyətini ifadə etməklə, hüquqi marağının olmamasını, dolayısı ilə hüquqi mübahisənin mövcudluğuna son qoyması və hüquqi müdafiəyə ehtiyacının olmaması ilə bağlı konkret mövqeyini ifadə etdiyi halda, cavabdehin məhkəmə araşdırmasını davam etdirməsi ilə bağlı mövqeyi formal olaraq deyil, məhz hüquqi mübahisənin mövcudluğunun davam etdirməsini və konkret olaraq bununla bağlı hüquqi marağının olmasını zəruri edən hallarla ifadə etməsi məqsədəmüvafiqdir. Qeyd olunan halların əksi özlüyündə məhkəmə araşdırmasının prosessual qənaət prinsipinin mahiyyətinə ziddir. Belə ki, prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Bu baxımından hazırki mərhələdə iddiaçınının iddiadan imtina etməsi, artıq irəli sürülən bir tələbi və ondan irəli gələn hər hansı mübahisə, hüquqi marağı olmadığı halda, cavabdehin heç bir əsas olmadan, heç bir hüquqi maraqla bağlı dəlil gətirmədən yalnız kassasiya şikayəti verildiyindən bununla bağlı razılıq verməməsi formal xarakter daşımaqla, hüquqdan sui-istifadə qismində çıxış etməklə, özlüyündə prosessual qənaət prinsipinin tələblərinə də zidd olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığından, habelə cavabdehin və ya digər şəxslərin hüquq və mənafelərin pozulmasına səbəb olmadığından, iddiadan imtinanın nəticələri isə özlüyündə iş üzrə tələblə bağlı mövcud məhkəmə qərarlarının ləğv edilməsinə və cavabdeh inzibati orqanla bağlı hər hansı öhdəlik yaratmamasına səbəb olduğundan, cavabdehin buna dair razılıq verməməsi ilə bağlı mövqeyi formal qiymətləndirilməklə, iddiadan imtinanın qəbul edilməsindən imtina olunması üçün əsas hesab edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin və apellyasiya instansiya məhkəməsinin qərarları ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizə təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2765/2022 nömrəli, 12 dekabr 2022-ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-351/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarları ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesabanması barədə qərarın ləğv edilməsi və pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək işləməyən pensiyaçı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə qeydə alınan sığorta kapitalı əsaında pensiyanın yenidən hesablanaraq qulluq stajına görə əlavələrin azaldılmamaqla aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilir ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində (elektron kabinet və vəkil vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-351/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-351/2023
31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver