Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-351/2025 11.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cümləli oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı Cümləli oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4016/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 14 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 28,000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməyinə dair “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********0244 nömrəli Qərar”ının qismən, 7 nəfərə, X7, X6, X12, X3, X1 Almaz Şiraslan qızı və X13 aid hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, fərdi sahibkar olaraq Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində “Şahanə” şadlıq sarayını icarə müqaviləsi əsasında işlədir. Şadlıq sarayında əsasən razılaşma əsasında vətəndaşların toy mərasimləri üzrə sifarişləri icra edilir. Sifarişlərin icra edilməsi ilə əlaqədar şadlıq sarayında müqavilə əsasında işçilər fəaliyyət göstərirlər. Qeyd edilməsi zəruridir ki, şadlıq sarayı ancaq sifariş olduqda, yəni mütəmadi deyil, müəyyən vaxtlarda fəaliyyət göstərir, ancaq şadlıq sarayanın fəaliyyətini təmin etmək üçün işçiləri saxlamaq məcburiyyətindədir və daima qanunvericiliyə uyğun olaraq işə cəlb edilən şəxslərlə əmək müqaviləsi bağlayırlar. Eyni zamanda, toyda iştirak edən musiqiçilər toy mərasimi sahibi tərəfindən dəvət edilir və onlarla bütün haqq-hesab onun tərəfindən icra edilir. Musiqiçilərin şadlıq sarayına aidiyyatı olmur. Onların hər birinin vergi ödəyicisi kimi VÖEN-ləri olur və vergi orqanında qeydə alınırlar. 2024-cü ilin oktyabrın 5-də keçirilən toy məclisində cavabdehin nümayəndəsi iştirak etmiş və toy məclisini musiqiçilərdən əlavə toy məclisi sahibinin qonağı qismində toyda iştirak edən 3 nəfər musiqiçi - X7, X6 və X12 şadlıq sarayına heç bir aidiyyatları olmaması və toy sahibinin qonağı kimi iştirak etdiklərini bildirsələr də, tərtib edilmiş Aktda əsassız olaraq həmin şəxslərin “Şahanə” şadlıq sarayında əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi göstərilmişdir. Aktda göstərilən X4 “Şahanə” şadlıq sarayının yerləşdiyi Sumqayıt şəhəri, 17-ci mikrarayon ərazisində fəaliyyət göstərən Mənzil İstismar Sahəsinin işçisidir və bu ərazidə təmizlik işləri aparır. Onun toy mərasimi keçirilən vaxtda şadlıq sarayında olması heç də onun şadlıq sarayında işə cəlb edilməsi demək deyildir. Aktda göstərilən X13 barəsində qeyd edilməlidir ki, o, müraciət edərək şadlıq sarayında ofisiant kimi işləmək istədiyindən həmin gün ona işlə tanış olması üçün şərait yaradılmış və o, bir növ təcrübəçi qismində orada müşahidə aparmışdır və sonradan onu ofisiant kimi işə götürərək əmək müqaviləsi bağlanılmışdır. Göründüyü kimi qeyd edilən 7 nəfər şəxs barədə onların əmək müqaviləsi olmadan işə cəlb edilmələrinin göstərilməsi əsassız olmuşdur. Eyni zamanda, qeyd edilməsi zəruridir ki, hazırda ləğv edilməsi tələb edilən keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2024- cü il tarixli, 05314 nömrəli Akt iddiaçı tərəfindən imzalanmamış və Aktın sürəti ona təqdim olunmamışdır. Həmçinin Vergi orqanının hazırda tərəfindən mübahisələndirilən qərarının mövcud olması da ona bir neçə gün bundan əvvəl tətbiq edilən cərimə məbləğinin ödənilməsinin tələb edilməsi vaxtı məlum olmuşdur və ona heç bir Akt və Qərarın verilmədiyini bildirdikdən sonra Qərarı gətirib vermişlər. Göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşı tərəfindən “Şahanə” şadlıq sarayında tərtib edilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2024-cü il tarixli, 05314 nömrəli Akt əsasında onun barəsində cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Baş Vergi Xidmətinin müşaviri X14 tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu, 58.10-cu maddələrinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 14 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 28,000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməyinə dair “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********0244 nömrəli Qərar”ın qismən, 7 nəfərə, X7, X6, X12, X3, X1 Almaz Şiraslan qızı və X13 aid hissəsində ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Həmçinin toy sahibinin qonaqları X3 və X8 da, əsassız olaraq “Şahanə” şadlıq sarayında əmək müqaviləsi bağlamadan işə cəlb edilmiş şəxslər kimi göstərilmişlər. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4016/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu mübahisələndirir. İddiaçı inzibati xəta haqqında protokolu inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilməz. Göstərilən halda iddiaçı həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan müvafiq rayon (şəhər) məhkəməsinə şikayət verə bilər (əgər həmin protokol əsasında məhkəmə tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla iddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib cərimə edilmişdirsə, müvafiq apellyasiya instansiyası məhkəməsinə şikayətlə müraciət edə bilər). Bu səbəbdən də, hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müvafiq sənədlər poçt vasitəsi ilə məhkəməyə göndərilmiş, təqdim edilən sənədlər sırasında elektron vəkil orderi və vəkilə verilmiş etibarnamə olmasına baxmayaraq məhkəmə tərəfindən vəkil elektron məlakəmə sisteminə daxil edilməyib və ona müraciətin məhkəməyə daxil olması, məhkəmə iclasının keçirilməsi barədə hər hansı bir formada məlumat verilməmişdir. Sonradan məlum olmuşdur ki, məhkəmənin xx.xx.2025-ci il tarixli, 3(060)-77/2025 nömrəli qərardadı ilə şikayət və ona əlavə edilmiş sənədlər aidiyyatı üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmənin qərardadında göstərilir ki, onun şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin 2 saylı Ərazi Vergi Baş İdarəsinin **********0244 №-li, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər məlikəmə aidiyyatı üzrə göndərilməlidir. Məlikəmə hesab edir ki, şikayət verərkən məhkəmə aidiyyatını düzgün müəyyən etməmişdir və qərara alınmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********0244 №-li, xx.xx.2024 cü il tarixli qərarının ləğv edilməsinə dair onun tərəfindən verilmiş şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyatı üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Məhkəmənin qərardadını vaxtında almamağı, həmçinin məhkəmə tərəfindən həmin qərardaddan şikayət verilməsinin İXM-də nəzərdə tutulmaması göstərildiyindən qərardaddan şikayət verə bilməmişlər. Sumqayıt İnzibati Məhkəməsidə yuxarıda qeyd edilənləri daha geniş formada göstərməklə xx.xx.2025-ci il tarixli, 2-1(1 18)-4016/2025 nömrəli qərardadı ilə iddianı mümkün saymamışdır və qərarında göstərmişdir ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu mübahisələndirir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolu inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilməz. Göstərilən halda həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda müvafiq rayon (şəhər) məhkəməsinə şikayət verə bilər. Bu səbəbdən də hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Sumqayıt Şəhər Məhkəməsi işin məhkəmə aidiyyatının Sumqayıt İnzibati Məhkəməsinə aid olduğu barədə qərardad qəbul edərək ərizəni və ona əlavə edilmiş sənədləri həmin məhkəməyə göndərmiş, həmin məhkəmə də, iddianın həmin məhkəməyə aidiyyat qaydalarının pozulması ilə daxil olmasına istinad edərək iddianın mümkün sayılmaması barədə qərardad çıxarmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); ..... Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ..... “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.
4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırki iş üzrə iddia tələbi iddiaçı barəsində cavabdeh vergri orqanı tərəfindən “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının qismən ləğv edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh vergi orqanı iddiaçı tərəfindən Vergi Məcəlləsinin 58.10-cu naddəsinin tələblərinin (VM-nin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.) pozulması halına istinad edərək, onun barəsində müvafiq məbləğdə maliyyə sanksiyasının tətbiq edilməsinə dair “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. İndiki halda iddiaçı məhz cavabdeh inzibati oran tərəfindən qəbul edilmiş həmin inzibati aktı mübahisələndirərək, həmin aktın qismən ləğv edilməsi barədə iddia tələbini irəli sürmüşdür. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş müvafiq qərar onun tərəfindən vergi ödəyicisi barəsində aparılmış inzibati icraatın nəticəsində qəbul edilmiş inzibati akt kimi qiymətləndirilməyərək, inzibati xətanın törədilməsi barədə qəbul edilmiş qərar kimi hüquqi qiymət verilmiş, nəticə etibarilə cavabdeh inzibati orqanın iddiaçıya münasibətdə həmin qərarın qəbul edilməsi ilə bağlı hərəkətlərinə inzibati xətalara dair işlər üzrə fəaliyyət kimi yanaşmış, bununla da gəldiyi qənaəti yanlış olmuşdur. Belə ki, yuxarıda istinad edilən Qanunun 2.0.2-ci maddəsinin tələbinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Cavabdeh inzibati orqan vergi qanunvericiliyinin pozulmasına görə iddiaçı barəsində maliyyə sanksiyanın tətbiq edilməsi barədə qərar qəbul etmişdir ki, həmin qərar mahiyyətcə inzibati xəta haqqında inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə olmamaqla, məhz vergi ödəyicisi barəsində müəyyən hüquqi nəticələr yaratmasına səbəb olan hakimiyyət tədbiri kimi çıxış etmişdir. Göründüyü kimi indiki halda tərəflər arasında yaranmış mübahisəli hüquq münasibəti məhz publik hüququn subyekti (haimiyyt səlahiyyətinin daşıyıcısı) kimi cavabdeh vergi orqanı tərəfindən vergi ödəyicisi olan iddiaçı barəsində müəyyən hüquqi nəticələrə səbəb olan inzibati aktın ləğv edilməsi ilə bağlı ortaya çıxmışdır. Hansı ki, qeyd edilən xarakterli münasibətlər yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən inzibati xarakterli münasibətlər kimi çıxış etmişdir. Başqa sözlə desək, iddiaçının hüquqi marağı onun barəsində qəbul edilmiş inzibati aktın ləğv edilməsinə yönəlmişdir, bu hal isə inzibati prosessual qanunvericiliyin tələbinə əsasən mübahisələndirmə haqqında iddia növü olmaqla, məhz inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia növüdür. Bu baxımından kollegiya hesab edir ki, indiki halda cavabdeh inzibati orqanın iddiaçı barəsində qəbul etdiyi və iddiaçı tərəfindən mübahisələndirilən qərarı məhz “İnzibati icraat haqqında” Qanunun normasının tələbi baxımından inzibati akt kimi çıxış etmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibəti inzibati məhkəmə icraatının predmeti olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, bununla da həmin əsasla iddianın mümkün sayılmaması barədə gəldiyi qənaəti yanlış olmuş, iddiaçının apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsaslı olmuşdur. Bundan əlavə, kollegiya onu qeyd edir ki, iddiaçı şikayət üzrə tələbində işin Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, indiki halda iddiaçının tələbi məhz inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələb olduğundan, habelə qeyd etdiyi prosedur qaydaya dair tələb prosessual qanunvericiliyin tələbinə zidd olduğundan, həmin hissədə şikayət təmin edilməməlidir. Həmçinin, kollegiya birinci instansiya məhkəməsinin diqqətinə onu çatdırmağı zəruri hesab edir ki, iddianın mümkünlük şərtləri məhkəmə icraatının istənilən mərhələsində yoxlanılması mümkün olduğundan, digər əsaslarla (cavabdeh inzibati orqanının imtinası, iddia müddəti və s.) iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi hallarının aydınlaşdırılması məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4016/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cümləli oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının qismən ləğv edilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.