Məhkəmə qərarları › İş №2-1(105)-352/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-352/2024

03.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-352/2024 03.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.10 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-471/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Abşeron rayon Dövlət Arxivinin F1260 nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışı ilə müəyyən olunur ki, Məmmədli tərəvəzçilik-südçülük sovxozu üzrə 7 nömrəli, xx.xx.1989-cu il tarixli əmrlə iddiaçıya 0,12 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi sovxozun fəhlə və qulluqçularına fərdi ev tikdirmək üçün torpaq sahəsi ayrılması haqqında Abşeron rayon XDS İcraiyyə Komitəsinin 361 nömrəli qərarına və sovxozun fəhlə və qulluqçularının mənzil şəraitini yaxşılaşdırmaq üçün ayrılmış komissiyanın 2 sentyabr 1989-cu il tarixli protokoluna əsasən ayrılmışdır. Abşeron rayon Məmmədli bələdiyyəsinin 240 nömrəli, 07 noyabr 2019-cu il tarixli arayışına əsasən iddiaçıya tərəvəzçilik-südçülük sovxozu tərəfindən ayrılmış 0,12 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çxıarışın verilməsinə bələdiyyənin etirazı olmamışdır. Məmmədli bələdiyyəsinin yerquruluşu planından (miqyas 1:10000) çıxarışla müəyyən edilir ki, həmin çıxarış Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi və Məmmədli bələdiyyəsi tərəfindən imzalanaraq təsdiq edilmişdir (koordinatlar əlavə edilmişdir). Məhkəmə sorğusu nəticəsində müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinə dair üst-üstə düşmə halı müəyyən edilməmişdir. Məhkəmə sorğusu nəticəsində mübahisəli torpaq sahəsinin qonşuluğundakı torpaqların çıxarışlarının, habelə onların verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən İddiaçı 0.12 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş Abşeron Məmmədli tərəvəzçilik-südçülük sovxozu üzrə 15 sentyabr 1989-cu il tarixli 7 saylı əmrin əsli, ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktı təqdim edilməmişdir. Bundan başqa kadastr baza məlumatlarına əsasən torpaq sahəsi təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi müəyyən edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Məmmədli Tərəvəzçilik südçülük sovxozu ayrılan torpaq sahəsinin hüdudları barədə məlumatlar ərazi idarəsinin xidməti istifadəsinə verilmiş elektron baza məlumatlarında aşkar edilmədiyindən mübahisə predmeti olan torpaq sahəsinin sovxoza ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsi müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.12 ha torpaq sahəsini hüquqi qeydiyyata almaqla müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.10 ha torpaq sahəsini hüquqi qeydiyyata almaqla müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 361 nömrəli qərarına və sovxozun fəhlə qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması barədə qərarına əsasən İddiaçı 0.12 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin plan və cizgisi Abşeron rayonu Məmmədli Bələdiyyəsi tərəfindən tərtib və təsdiq edilərək ona təqdim edilmişdir. Torpaq sahəsinə dair çıxarışın verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdeh 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh təşkilat xx.xx.2022-ci il tarixli **********11 saylı məktubu ilə bildirmişdir ki, torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən Abşeron rayonu, Məmmədli kəndində yerləşən İddiaçı 0.12 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş Abşeron Məmmədli tərəvəzçilik-südçülük savxozu üzrə 15 sentyabr 1989-cu il tarixli 7 saylı əmrin əsli, ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktı təqdim edilməmişdir. Bundan başqa kadastr məlumatlarına əsasən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatlı torpaqlara (örüş) aid edildiyi müəyyən edilmişdir. Hesab edilir ki, cavabdehin hərəkəti qanuna ziddir və təqdim edilən sənədlər qanunvericiliyə əsasən iddiaçıya məxsus torpaq sahəsinin üzərində hüquqların qeydiyyata alınması üçün əsasdır. Belə ki, qeyd olunduğu kimi Məmmədli kəndində yerləşən 0.12 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş Məmmədli tərəvəzçilik-südçülük savxozu üzrə 15 sentyabr 1989-cu il tarixli 7 saylı əmrin əsli arxiv arayışı ilə təsdiq edilmiş Abşeron rayon İcra Hakimiyyətinin Abşeron Rayon Dövlət Arxivinin 12 noyabr 2020-ci il tarixli f-811 nömrəli məktubu ilə əsli ilə düzlüyü öz təsdiqini tapmışdır. Əmr bir nüsxə olduğundan arxivdə saxlanılmalıdır. Lüzum görüldüyü təqdirdə məhkəmə öz səlahiyyətləri çərçivəsində həmin məsələnin həqiqiliyini müəyyən edə bilər. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən İddiaçı 0.12 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş Abşeron Məmmədli tərəvəzçilik-südçülük sovxozu üzrə 15 sentyabr 1989-cu il tarixli 7 saylı əmrin əsli, ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktı təqdim edilməmişdir. Bundan başqa kadastr baza məlumatlarına əsasən torpaq sahəsi təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Eyni zamanda mütəxəssislər tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasının müəyyənləşdirilməsi üçün torpaq sahəsinə müayinə baxışı keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,10 ha-dan ibarətdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-471/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.10 ha torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya torpaq sahəsinin ayrılması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, Abşeron rayon Dövlət Arxivinin F1260 nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışı ilə müəyyən olunur ki, Məmmədli tərəvəzçiliksüdçülük sovxozu üzrə 7 nömrəli, xx.xx.1989- cu il tarixli əmrlə iddiaçıya 0,12 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi sovxozun fəhlə və qulluqçularına fərdi ev tikdirmək üçün torpaq sahəsi ayrılması haqqında Abşeron rayon XDS İcraiyyə Komitəsinin 361 nömrəli qərarına və sovxozun fəhlə və qulluqçularının mənzil şəraitini yaxşılaşdırmaq üçün ayrılmış komissiyanın 2 sentyabr 1989-cu il tarixli protokoluna əsasən ayrılmışdır. Həmin arxiv arayışının mötəbərliyi məhkəmə sorğusu nəticəsində də təsdiq olunmuşdur. Yuxarıda adı çəkilən Siyahıda nəzərdə tutulmuş xalq deputatları sovetləri, həmçinin sovxoz tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar əsasında iddiaçının hüququnun yarandığını müəyyən edir. Bundan əlavə, Məmmədli bələdiyyəsinin yerquruluşu planından (miqyas 1:10000) çıxarış Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi və Məmmədli bələdiyyəsi tərəfindən imzalanaraq təsdiq edilmişdir (koordinatlar əlavə edilməklə). Ayrıc aktına, baş plana münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu və 3.0.31-ci bəndlərində vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Xidmətin vəzifələrindən biri kimi müəyyən edilmişdir. Göründüyü kimi yerquruluşu, habelə torpaq sahələrində mərzçəkmə işlərinin aparılması cavabdehin qanunvericiliklərdən irəli gələn öhdəliyidir. Lakin buna baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Eləcə də ayrıc aktının forma və məzmunu barədə hər hansı bir imperativ xarakter daşıyan hüquq norması mövcud deyil. Həmçinin, nəzərə alınmalıdır ki, ilkin paş plandan çıxarış texniki sənəd olmaqla yanaşı müvafiq daşınmaz əmlakın yerləşdiyi yerin müvafiq kartada əks olunmuş görüntüsüdür. Yəni, cavabdeh həmin çıxarışın qanunauyğun qaydada təsdiq edilməsi ilə bağlı hər hansı bir dəlil məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iddiaçıya müvafiq qərarlarla torpaq sahəsi ayrılan zaman ilkin baş planın və ayrıc aktının təqdim edilməməsində iddiaçının təqsiri yoxdur. Baş plana gəldikdə isə iddiaçıya torpaq sahəsinin yerləşdiyi ərazinin yerquluşu planı təqdim edilmiş, lakin qeyd olunan sənəd cavabdeh təşkilatı qane etməmişdir. Torpaq sahəsinə dair yerquruluşu planında torpaq sahəsinin yerləşdiyi yer və koordinatları qeyd edilmişdir. Belə olan halda isə müvafiq torpaq sahəsinə dair ayrıc aktının və ilkin baş planın arxiv idarəsinə təhvil verilməməsi və aşkar edilməməsi halı özlüyündə iddiaçının öhdəliyi və məsuliyyəti ilə bağlı olan hal olmamaqla, bu halın onun adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Bu isə bir daha olaraq cavabdeh təşkilatın ilkin imtinasının əsassız olmasına dəlalət edir. məhkəmə sorğusu nəticəsində mübahisəli torpaq sahəsinin qonşuluğundakı torpaqların çıxarışlarının, habelə onların verilməsinə əsas olmuş sənədlər əldə edilmişdir. Həmin sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, Abşeron rayon Məmmədli kəndində yerləşən X2 mülkiyyətində olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa və plan və ölçü sənədinə əsasən həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid edilmişdir. Həmin torpaq sahəsinə dair müayinə aktı ilə müəyyən olunur ki, müxtəlif tərəflərdən qonşularla sərhəddir və kommunikasiya xətləri keçmir. Sözügedən sənədləri tədqiq edərkən digər şəxslərə məxsus torpaq sahələrinə dair çıxarışlar və onlara əlavə edilmiş digər hüquqmüəyyənedici sənədlərdə də torpaqların kateqoriyasının yaşayış məntəqələrinə aid olduğu öz təsdiqini tapır. İddiaçı tərəfindən torpağın faktiki-0,10 ha olan hissəsinə dair iddia tələbinə dəqiqləşmə təqdim edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, bu hissədə də cavabdehin imtinası əsassızdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın: 1.Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar .... Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki inzibati iş üzrə iddia tələbi Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsinə dair 15 sentyabr 1989-cu il tarixli 7 nömrəli əmrin əsli, ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktı təqdim edilməmiş, təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, sovxosun fəhlə və qulluqçularına fərdi ev tikdirmək üçün torpaq sahəsi ayrılması haqqında Abşeron rayonu XDS İcraiyyə Komitəsinin 361 №li qərarına və sovxozun fəhlə və qulluqçularının mənzil şəraitinin yaxşılaşdırmaq üçün ayrılmış komissiyanın 2 sentyabr 1989-cu il tarixli 3 №li iclas protokoluna əsasən adları qeyd edilən fəhlə və qulluqçuların hər birinə 0,12 ha torpaq sahəsinin ayrılması qərara alınmış, adlı siyahıda İddiaçı da adı qeyd edilmişdir. Abşeron rayonu Məmmədli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubun məzmunundan görünür ki, Məmmədli tərəvəzçiliksüdçülük sovxozu tərəfindən İddiaçı adına ayrılmış 0,12 ha torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsinə etiraz etmədiyini bildirmişdir. Sözügedən torpaq sahəsinə dair bələdiyyə tərəfindinə yerquruluşu planından çıxarış tərtib edimiş, müvafiq bələdiyyə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilmişdir. Həmçinin, cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsi yerinə müayinə edilərək, onun texniki vəziyyətinə dair müayinə aktı tərtib edilmişdir. Həmin müayinə aktının məzmunundan görünür ki, torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,12 ha, texniki sənəd üzrə 0,125 ha, faktiki 0,10 ha olduğu, iki tərəf yol, iki tərəf qonşu, tikili yoxdur, kommunikasiya xəttləri keçmir, torpaq sahəsinin sərhədləri şərtidir kimi qeyd edilmişdir. Həmçinin, sözügedən torpaq sahəsi və onun ətrafında yerləşən qonşu torpaq sahələrinə dair ortofoto görüntüsü təqdim edilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, cavabdeh inzibati orqan Məmmədli südçülük sovxozuna ayrılan torpaq sahəsinin hüdudları barədə məlumatlar idarənin xidməti istifdaəsinə verilmiş elektron baza məlumatlarında aşkar edilmədiyindən mübahisə predmeti olan torpaq sahəsinin sovxoza ayrılmış torpaq sahəsinin hüdudları daixlində yerləşibyerləşməməsini müəyyən etmək mümkün olmadığını bildirmişdir. İş materiallarında olan müvafiq Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, Abşeron rayonu Məmmədli tərəvəzçilik-südçülük sovxozunun 15 sentyabr 1989-cu il tarixli 7№li Əmri aşkar edilməmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubun məzmunundan görünür ki, Abşeron rayonu Məmmədli kənd Bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışda qeyd olunan koordinatlarda yerləşən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, sözügedən torpaq sahəsi iddiaçının faktiki istifadəsində olmaqla, həmin torpaq sahəsinin ayrılmasına dair müvafiq qərar yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması və dövlət qeydiyytına alınması üçün əsas qismində çıxış etdiyindən, habelə indiki halda həmin inzibati aktın ləğv edilməsi, etibarisız hesab edilməsi və ya qüvvədən düşməsi halı müəyyən edilmədiyindən, iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina və apelllyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, ”X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015ci il 29 yanvar tarixli, §49 Qərarlar). Həmçinin, həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının adına müvafiq torpaq sahəsinin ayrılmasına dair inzibati akt qüvvədə olduğundan, sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ mövcud olmuşdur. İddiaçının sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ mövcud olduğu halda, torpaq sahəsinə dair müvafiq əmrin, ilkin baş plan və ya təsdiq edilmiş ayrıc aktının təqdim edilməməsi halına istinad edilməklə, bu hüququn dövlət qeydiyyatına alınmasından imtina olunması iddiaçının hüququnun məhdudlaşdırmaqla, qanunvericiliyin tələbinə zidd olmuşdur. Belə ki, istinad edilən əmrin arxiv idarəsinə təhvil verilməsi, habelə qeyd edilən sənədlərin (ayrıc aktı və ya ilkin baş plan) tərtib edilməsi müvafiq qurumun səlahiyyətinə aid olduğundan, onun təqdim edilməməsi iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi çıxış etməmişdir. Belə olan halda, iddiaçının məsuliyyət daşımadığı hallara istinad edərək, onun mövcud olan hüququnun məhdudlaşdırılması ilk növbədə qanunvericiliyin norma və prinsiplərinin mahiyyətinə və məqsədinə ziddir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd edilən hissədə imtina və şikayətin əsası formal olmaqla, əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına həmin hissədə düzgün hüquqi qiymət verilmişdir. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinin təyinatı ilə bağlı halı da mübahisələndirmişdir. Belə ki, cavabdeh inzibati orqan qeyd edilən torpaq sahəsinin təyinatının kənd təsərrüfatı örüş torpaq sahəsi olduğunu, həmin torpaq sahəsinin alqı-satqı predmeti ola bilməməsi halına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər (ortofoto görüntüsü, qonşu torpaq sahəsinə dair müvafiq sənədlər və digər) əsasında sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinin kateqoriyalarının yaşayış məntəqələri torpaq sahəsi olduğu və həmin torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması halı müəyyən olunmuşdur. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin kateqoriyasının yaşayış məntəqələri torpaq sahəsi kimi qeyd edilməsi, habelə həmin torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir. Başqa sözlə desək, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). Bu baxımından məhkəmə kollegiyası qeyd olunan konteksdə də işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı halda, iddiaçıya münasibətdə bu hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi halı özlüyündə onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan cavabdeh inzibati orqanın qeyd olunan arqumenti də əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası cavabdehin istinad etdiyi digər dəlil ilə bağlı qeyd edir ki, indiki halda iddiaçının tələbi məhz faktiki istifadəsində olan 0,10 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı olmuşdur. Bu hal özlüyündə cavabdehin torpaq sahəsinin faktiki ölçüsünün 0,10 ha olması ilə bağlı istinad etdiyi arqumentinin əsassız olmasını deməyə əsas verir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda sözügedən torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ yarandığından, habelə bu hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün əsas olması halı müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın imtina və apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallar əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməklə, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-471/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar