Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-353/2023 16.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının pensiyasının 2017-ci ilin iyul ayından 2021-ci ilin yanvar ayınadək olan dövr üçün yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(118)-2882/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya xx.xx.2008-ci il tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə pensiyanın yenidən hesablanması üçün müraciət etmiş, xx.xx.2022-ci il tarixdən onun pensiyanın məbləği artırılaraq 260.9 manat məbləğindən 371.93 manata, daha sonra ölkə üzrə illik indeksləşdirilmə faizi ilə indeksləşdirilərək 388.24 manata çatdırılmışdır.
2. İddiaçı xx.xx.2022-ci il tarixdə yenidən müraciət edərək pensiyasının yığılmış pensiya kapitalına əsasən xx.xx.2017-ci il tarixdən yenidən hesablanmasını xahiş etmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış 30 iyun 2022-ci il tarixli cavab məktubundan və xx.xx.2022-ci il tarixli sms-in məzmunundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı pensiyasının 2017-ci ilin iyul ayından 2021-ci ilin yanvar ayınadək olan dövr üçün yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci ildə Qubadlı rayon Xocahan kəndində anadan olmuşdur. Bakı Kitabxanaçılıq Texnikomunun “kitabxana işi” ixtisasını bitirmişdir və xx.xx.1978-ci ildən Qubadlı rayon Xocahan kənd orta məktəbinə kitabxanaçı vəzifəsinə işə qəbul olunmuşdur və hal-hazırda da eyni məktəbdə eyni vəzifədə işləyir. xx.xx.2008-ci ildən üç uşaq anası kimi pensiya alır. “Əmək pensiyaları haqqında” Qanunun 26-cı maddəsinə görə, 2017-ci ilin iyul ayının 1-ə dək təyin edimiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 2017-ci ilin iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilənədək əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. Qanunvericiliyə edilmiş bu dəyişiklik onun pensiyasının təxminən 70 manat məbləğində artmasına səbəb olmuşdur. Lakin cavabdeh orqan onun pensiyasını yenidən hesablamamış və o, qanuna edilən dəyişiklikdən gec xəbər tutduğu üçün cavabdeh inzibati orqana müraciət etmiş və 2021-ci ilin yanvarından onun pensiyası yenidən hesablanmışdır. Lakin onun 2017-ci ilin iyul ayından 2021-ci ilin yanvar ayınadək olan müddət ərzində pensiyasına artımlar hesablanıb ona ödənilməmişdir. Bununla bağlı tərəfindən cavabdeh inzibati orqana yazılı müraciət edilsə də, xx.xx.2022-ci il tarixdə ona sms vasitəsilə məlumat verilmişdir ki, guya onun pensiyası düzgün hesablanıb və əlavə hesablamaya ehtiyac yoxdur. Hesab edir ki, sms-lə ona göndərilmiş imtina tamamilə qanunsuz və əsassızdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir; Belə ki, İddiaçı çoxuşaqlı ana kimi hüququnun yarandığı xx.xx.2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə pensiyanın yenidən hesablanması üçün müraciət etmiş, xx.xx.2022-ci il tarixdən onun pensiyanın məbləği artırılaraq 260.9 manat məbləğindən 371.93 manata çatdırılmışdır. Daha sonra həmin məbləğ ölkə üzrə illik indeksləşdirilmə faizi ilə indeksləşdirilərək 388.24 manata çatdırılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə yenidən müraciət edərək pensiyanın yenidən hesablanması üçün müraciət etmiş, onun bu müraciətinə baxılmış və pensiyanın məbəğinin dəyişməməsi barədə məlumat verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin həmin dövrdə qüvvədə olan tələblərinə görə yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T), burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 27.2-ci maddəsinə əsasən 2006- cı il yanvarın 1dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə xx.xx.2011-ci il tarixindən yenidən hesablanır. Qeyd olunan maddəyə əsasən vətəndaşın 01.01 2006-cı il tarixədək olan 29 il sığorta stajına uyğun olaraq əmək pensiyasının sığorta hissəsi 56.26 manat hesablanmışdır. Sözügedən şəxsin pensiyasının məbləği illər üzrə indeksləşdirilərək aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2011-85 (baza hissə)+ (29x1,94)=141,26 xx.xx.2012-85 (baza hissə)+(56.26+7,9%)=145.7 xx.xx.2013- 85 (baza hissə)+(60.70+1.1%)=146.37. xx.xx.2013- 100 (baza hissə)+61.37 =161.37 xx.xx.2014- 100 (baza hissə)+(61,37+2,4%)=162,84 xx.xx.2015- 100 (baza hissə)+(62,84+1,4%)=163.72 xx.xx.2016-100(baza hissə)+(63.72+4,0%)=166.27 xx.xx.2016-110 (baza hissə)+66,27=176.27 xx.xx.2017-110 (baza hissə)+(66.27+12,4%)=184,49 xx.xx.2018-184,49+5.7%=195,01 xx.xx.2019- 195,01+3%=200,86 xx.xx.2020- 200,86+16,6%=234.20 xx.xx.2021-234.20+11.4%=260,90 xx.xx.2022- (260,90+114,30)+3.4%=387.95 (xx.xx.2011-ci ıl tarixdən xx.xx.2021-ci il tarixədək olan 8781,29 manat kapitalın 2022- ci il tarixinə indeksləşdirilmiş məbləğinin 72 aya nisbəti 114,30 manat təşkil edir). Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Həmin maddəyə əsasən pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin olunduqdan sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Qeyd olunanları nəzərə alaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
7. Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(118)-2882/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
8. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətlərinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayətini iddiaya etirazla eyni məzmunda əsaslandırmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. “Əmək pensiyaları haqqında” Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir Maddə 26. Əmək pensiyasının yenidən hesablanması 26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Maddə 27. Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır
13. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.
15. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməli, iddia təmin olunmamalıdır.
17. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçıya 01 dekabr 2008-ci ildən pensiya təyin edilmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Qanuna edilən 01 iyul 2017ci il tarixdən qüvvəyə minən dəyişikliyə əsasən pensiyanın 1 iyul 2017-ci il tarixdən yenidən hesablanmasını xahiş edir. Cavabdeh hesab edir ki, iddiaçının pensiyasının yenidən hesablanması müraciət etdiyi gündən sonra aparılır və bu səbəbdən qeyd olunan normaya müvafiq olaraq iddiaçının əmək pensiyası onun müraciət etdiyi tarixdən sonra, yəni 01 yanvar 2022-ci il tarixdən yenidən hesablanmışdır.
18. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış 11 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının pensiya məbləği xx.xx.2022-ci il tarixdən yenidən hesablanmış, həmin tarixə olan pensiya məbləği 371,93 manat təşkil etmişdir.
19. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qərarında onunla əsaslandırmışdır ki, Qanunvericilikdə 2017-ci ilin iyulun 1-dək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması 1 iyul 2017-ci ildən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Qanun əmək pensiyasının təyin edilməsi və təyin edilmiş əmək pensiyasının yenidən hesablanması anını pensiya alan şəxsin müraciət etməsi vaxtı ilə şərtləndirməmişdir. Əmək pensiyası alan (əmək pensiyasının yenidən hesablanmasını tələb edən) şəxsin bu hüququ pensiya (pensiyanın yenidən hesablanması) hüququnun yarandığı anla tənzimlənir. İddiaçının da təyin edilən əmək pensiyasının yenidən hesablanması hüququ “Əmək pensiyaları haqqında Qanunda edilən dəyişikliyin qüvvəyə mindiyi 1 iyul 2017-ci il tarixdən yaranmışdır.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixinədək qüvvədə olan 27.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə xx.xx.2011-ci il tarixindən yenidən hesablanır.
21. İddiaya etirazın, o cümldən iddiaçının təqdim edilmiş pensiya işinin materiallarından görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək olan 29 il sığorta stajına uyğun olaraq əmək pensiyasının sığorta hissəsi 56,26 manat hesablanmış, daha sonra isə onun pensiyasının məbləği illər üzrə indeksləşdirilərək hesablanmış, onun pensiyanın yenisdən hesablanması barədə xx.xx.2021-ci il tarixli müraciəti əsasında xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan 8781,29 manat kapitalı 2022-ci il tarixinə indeksləşdirilmiş məbləğinin 72 aya nisbəti 114,30 manat təşkil etməklə, xx.xx.2022-ci il tarixə olan pensiya məbləği indeksləşdirilərək (260,90 + 114,30) + 3,4% = 387.95 qaydasında hesablanmışdır.
22. Beləliklə, işin qeyd edilən hallarından göründüyü kimi, iddiaçının pensiyaya çıxdıqdan sonra işlədiyi və xx.xx.2021-ci il tarixədək olan 8781,29 manat kapitalı tam şəkildə onun xx.xx.2021-ci il tarixli müraciəti əsasında “Əmək pensiyaları haqqında” Qanununun 37.3.1-ci maddəsinin müraciət etdiyi zaman qüvvədə olan redaksiyasının tələblərinə uyğun şəkildə hesablanmaqla xx.xx.2022-ci il tarixdən pensiyasının üzərinə əlavə edilmiş və pensiyası artırılmışdır.
23. İddiaçı onun müraciəti əsasında pensiyanın yenidən hesablanması barədə qərarı mübahisələndirməmiş, 6 ay müddətində artırılmış həmin məbləğdə pensiyanı almış, daha sonra isə əmək pensiyasının xx.xx.2017-ci il tarixdən yığılmış pensiya kapitalı əsasında hesablanmasını xahiş etmişdir. İşin yuxarıda qeyd edilən hallarını, iddiaçının pensiyasının xx.xx.2022-ci il tarixdən yenidən hesablanması barədə cavabdehin qərarının mübahisələndiriməməsini və həmin qərarla iddiaçının xx.xx.2021-ci il tarixədək olan 8781,29 manat kapitalı tam şəkildə müvafiq qaydada hesablanmaqla pensiyasının üzərinə əlavə olunmasını nəzərə alan kollegiya qeyd edir ki, hazırda “Əmək pensiyaları haqqında” Qanununun 37.3.1-ci maddəsinn tələbləri baxımından yenidən iddiaçının pensiyasının xx.xx.2017-ci il tarixdən hesablanması mümkün deyildir. Bu səbəbdən birinci instansiya məhkəməsi iddiaçının pensiyasının 2017-ci ilin iyul ayından 2021-ci ilin yanvar ayınadək olan dövr üçün yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair gəldiyi nəticə əsaslı olmamışdır.
24. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(118)-2882/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyasının 2017-ci ilin iyul ayından 2021-ci ilin yanvar ayınadək olan dövr üçün yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmasın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.