Məhkəmə qərarları › İş №2-1(105)-355/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-355/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-355/2021 08.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı 600 kv m torpaq sahəsindən ibarət 51 №-li bağın “X1” MMC-nin 22.06.2020-ci il tarixli, 261 saylı mütəxəssis rəyində göstərilən yerləşmə koordinatlar üzrə texniki planının tərtib edilməsi və bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-752/2021 saylı, 06 aprel 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi X4 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 600 kv.m torpaq sahəsindən ibarət 51 Nli bağın “X1” MMC-nin 22.06.2020-ci il tarixli 261c saylı mütəxəssis rəyində göstərilən yerləşmə koordinatlar üzrə texniki planının tərtib edilməsi və bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin təqdimatına əsasən Abşeron rayonunun Novxanı üzümçülük-heyvandarlıq sovxozunun ərazisində Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinin işçilərinə kollektiv bağçılıqvə bostançılıq təşkil etmək üçün daimi istifadəyə 7.0 ha torpaq sahəsi ayrılmışdır. Abşeron rayon XDS İK-nin 26 mart 1991-ci il tarixli 54 nömrəli qərarına əsasən Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinin işçilərinin “Bərəkət” bağçılıq və bostançılıq yoldaşlıq şirkətinin nizamnaməsinin qeydə alınmasına dair 54 saylı qərar qəbul edilmişdir. İddiaçı bağçılıq cəmiyyətinin üzvlərinin 10 iyul 1991-ci il tarixli protokoluna əsasən cəmiyyətə üzv qəbul edilmişdir və Novxanı ərazisində sahəsi 600 kv.m olan 51 N-li bağ daimi istifadə üçün ona verilmişdir. Bu fakt 51 N-li üzvlük kitabçasının Abşeron rayon XDS İK-nin möhürü ilə təsdiqlənmişdir. Müəyyən səbəblərdən iddiaçı həmin bağ sahəsindən istifadə etməmişdir. Bağ sahəsi verildiyi zamandan indiyə kimi qamışlıq, istifadədə olmayan və hasarlanma işləri aparılmamış ərazidir. İddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair iddiası Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 19.02.2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir. Həmin qərar apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsi öz qərarında xüsusi olaraq qeyd etmişdir ki, iddiaçı müvafiq səlahiyyətli orqana (Abşeron rayon İcra Hakimiyyəti, Avşeron rayon bələdiyyəsi və ya digər) müraciət edib çatışmayan sənədləri əldə etmək hüququna malik olmaqla, həmin sənədləri də aldıqdan sonra hazırki məsələnin həll edilməsi məqsədi ilə məhkəmədə yenidən iddia irəli sürə bilər. İddiaçının müvafiq səlahiyyətli orqanlara etdiyi müraciətlər aidiyyəti üzrə cavabdehə göndərilmiş və ya cavabdeh orqana müraciət etmək tövsiyə edilmişdir. Lakin cavabdeh hər hansı araşdırma aparmadan artıq bununla bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olmasını əsas tutaraq iddiaçıya imtina cavabı vermişdir. İddiaçı ayrılmış ümumi 7.0 ha sahənin ilk məhkəmə zamanı aşkar edilmiş baş planına və “X1” MMC-nin 22.06.2020-ci il tarixli 261 saylı mütəxəssis rəyində bu ərazi daxilində daşınmaz əmlakın dövlət reyestrində 53 N-li qonşu bağ sahəsinin qeydiyyata alınması və onun koordinatlarına əsasən ona ayrılmış 0,06 ha ərazisi olan 51 N-li bağ sahəsinin koordinatlarının müəyyən edilməsinə və peyk vasitəsi ilə çəkilmiş ortfoto görüntüsünə əsaslanraq hazırki iddianı qaldırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-752/2021 saylı, 06 aprel 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Vəfa Əzizova) Qərardaddan iddiaçının nümayəndəsi X4 apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Şikayət onunla əsaslandırılmışdır ki, daha əvvəl bu məsələ ilə bağlı Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 19.02.2019-cu il tarixli, 2-1(085)-1463/2019 saylı qərarına əsasən iddiası təmin edilməmişdir. Həmin iş üzrə Ali Məhkəmə 2-1(102)-1993/2020 saylı, 07.10.2020-ci il tarixli qərarının əsaslandırıcı hissəsinin sonunda xüsusi olaraq qeyd etmişdir ki, “həqiqətən Azərbaycan SSR Nazirlər Sovetinin 30 dekabr 1990-cı il tarixli, 600 saylı “Torpaq sahələri ayrılması haqqında” qərarının, həmçinin Abşeron rayon XDS İK-nin 26 mart 1991-ci il tarixli, 54 nömrəli qərarına əsasən Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinin Azərbaycan Respublikası Taxıl Məhsulları kollektiv bağçılıq və bostançılıq yoldaşlıq şirkətinin Nizamnaməsinin qeydə alınması faktının, eləcə də iddiaçıda həmin bağçılıq cəmiyyətinin 51 saylı üzvlük kitabçasının mövcud olduğunu nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müvafiq səlahiyyətli orqana (Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron rayon bələdiyyəsi və ya digər) müraciət edib çatışmayan sənədləri əldə etmək hüququna malik olmaqla, həmin sənədləri də aldıqdan sonra hazırkı məsələnin həll edilməsi məqsədi iiə məhkəmədə yenidən iddia irəli sürə bilər.” Məhkəmə kollegiyası bu qeydi belə izah etmişdir ki, Ali Məhkəmənin İnzibatı Kollegiyası iş materiallarında olan ekspert rəyinə hüquqi qiymət vermək iqtidarında deyil. Çünki, bu dəlil apelyasiya məhkəməsinin inzibati kollegiyası qərar qəbul etmək üçün müşavirəyə getdikdən sonra təqdim edilmişdir və apelyasiya məhkəməsi qərarında bu dəlilə heç bir münasibət bildirməmişdir. Yeni açılan hal kimi bu faktların əldə edilmə müddətinin keçməsini nəzərə alaraq, Ali Məhkəmə bu xüsusi qeydi etmişdir. Məhkəmə izah etmişdir ki, aidiyyatı qurumlara müraciətdən sonra toplanan sənədlərlə təkrar cavabdeh quruma müraciət edib və təkrar imtina cavabı aldıqdan sonra yenidən bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək lazımdır. Bu məsələ üzrə bütün səlahiyyətlərin və sənədlərin cavabdeh qurumda olduğunu nəzərə alaraq, müstəqil mütəxəssisin fikri vacib sayılır və bu baxımdan da ekspertiza mərkəzi məsələ üzrə aidiyyatı qurum sayıla bilər. Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının istifadəsindəki bağ sahələri üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31 avqust 2009-cu il tarixli, 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli əlavədə göstərilib: ərizə; üzvlük kitabçası və ya icarə müqaviləsi (ərazi idarəsinin arxivindəki bağçılıq üzvlərinin siyahısında ərizəçinin adı almadıqca, əmək kitabçasının surəti və ya iclasın protokolundan çıxarış tələb oluna bilər); bağ sahəsinin planı və ölçüsü; dövlət rüsumunun ödənilməsi barədə qəbz. Cavabdehin tələb etdiyi akt bu siyahıya aid deyil. Yeganə çatışmayan sənəd bağ sahəsinin planı və ölçüsüdür ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanına əsasən, bu sənəddə torpaqlara dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən torpaq sahəsinin plan və ölçüsü təsvir edilir. Göründüyü kimi bu sənəd də cavabdeh tərəfindən verilməlidir. Əvvəlki məhkəmə işində, mövcud olan üzvlük kitabçasını eyniləşdirmək üçün cavabdehin arxivində tələb olunan siyahının və ya iclasın protokolunun olmaması faktını təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmişdir. Məhkəmə iclasına gələndə qeydiyyat üçün tələb olunan sənədlər siyahısında adı əmək kitabçasının əslini gətirmişdir, lakin məhkəmə ona baxmamışdır. Bundan başqa, yuxarıda yazılan Ali Məhkəmənin xüsusi qeydində tövsiyyə edildiyi kimi o, cavabdehə təkrar müraciət etməzdən əvvəl, çatışmayan sənədlərin əldə edilməsi barədə Abşeron Rayon İcra Hakimiyyətinə, Novxanı bələdiyyəsinə dəfələrlə müraciət etmişdir. Məhkəmənin qərardadında Ali Məhkəmənin qərarından sonra onun təkcə ekspert mərkəzinə müraciət etdiyi bildirilir. Halbuki, o, bütün qurumlara müraciət etmişdir və onların cavablarını məhkəməyə təqdim etmişdir. Bütün qurumlar, Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il 2186 nömrəli sərəncamına və 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanına əsaslanaraq, bütün sənədlərin cavabdehə həvalə edildiyini bildirirlər. Nəticədə müraciətinə cavab vermək üçün cavabdehə göndəriblər. Ekspert mərkəzinə müraciəti isə Ali Məhkəmənin qərarından əvvəl olub. Ekspert rəyinin və Ali Məhkəmənin qərarının tarixləri ilə bunu müəyyən etmək olar. Qərardad heç bir araşdırma aparılmadan verilib, təqdim edilən sənədlər nəzərə alınmayıb və çatışmayan sənədləri vermək yalnız cavabdeh qurumun səlahiyyətindədir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X4 apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş 19.02.2019-cu il tarixli 2-1(105)-197/2020 saylı qərarı ilə İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Novxanı ərazisində sahəsi 600 kv.m olan 51 nömrəli bağ sahəsinin plan və ölçüsünün tərtib edilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 07.10.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, “iddiaçının bağçılıq cəmiyyətinin 51 saylı üzvlük kitabçasının mövcud olduğunu nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müvafiq səlahiyyətli orqana (Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron rayon bələdiyyəsi və ya digər) müraciət edib çatışmayan sənədləri əldə etmək hüququna malik olmaqla, həmin sənədləri də alqdıqdan sonra hazırki məsələnin həll edilməsi məqsədi ilə məhkəmədə yenidən iddia irəli sürə bilər. Bundan sonra, iddiaçı “X2” MMC-yə müracət etmişdir və mütəxəssis rəyi almışdır. Həmin rəydə göstərilmişdir ki, Google Planet proqramının ortfoto görüntüləri və əlavə olaraq əldə edilmiş məlumatlara əsasən aparılmış dəqiqləşmə zamanı İddiaçı ayrılmış 51 nömrəli bağ sahəsinin sənəd üzrə mövcud olan 53 nömrəli bağdan şimal hissədə yerləşdiyi, həmin ərazinin faktiki olaraq qamışlıqdan ibarət olduğu müəyyən edilmişdir. Həmçinin göstərilən əsaslarla iddiaçıya ayrılmış 0.06 torpaq sahəsinin koordinatları və plan-cizgisi müəyyən edilmişdir. İddiaçı əldə etdiyi mütəxəssis rəyini cavabdeh inzibati orqana təqdim etmişdir, lakin ona cavab olaraq bildirilmişdir ki, təqdim edilmiş mütəxəssis rəyi mövcud qanunvericiliyə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilməsi tələb olunan sənədlər siyahısına daxil deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 07.10.2020-ci il tarixli qərarında iddiaçının müvafiq səlahiyyətli orqana, yəni yerli icra hakimiyyəti orqanı, bələdiyyə və s. orqana müraciət etmək hüququ olduğu izah edilmişdir. Lakin iddiaçı koordinatların müəyyən edilməsi ilə bağlı sənədi həmin orqanlardan almamış, “X1” MMCdən aldığı mütəxəssis rəyini təqdim etmiş və cavabdehdən imtina cavabı aldıqdan sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisələndirdiyi torpaq sahəsinə dair məhkəmə qərarında göstərilən sənədləri əldə etmədən yenidən məhkəməyə müraciət etdiyindən, onun hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün eyni iddianı qaldırmaq hüququnun yaranmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Digər tərəfdən, məhkəmə kollegiyasının iclasında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********24 nömrəli, 18 may 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi X3 51 saylı bağ sahəsinin döngə nöqtələrinin koordinatları müəyyənləşdirilməklə həmin əraziyə dair plan və ölçü sənədinin tərtib edilməsinə köməklik göstərilməsi barədə 07.05.2021-ci il tarixli müraciətinə baxılmış və iddiaçının nümayəndəsinə göstərilən məsələ ilə bağlı ilkin hüquqmüəyyənedici sənədlərin əsli ilə birlikdə aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməyi tövsiyə olunmuşdur. Məktubda həmçinin göstərilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinə dair çıxarışla birgə onun ayrılmaz hissəsi olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim olunacaq və həmin sənəddə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları öz əksini tapacaqdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin qərarda göstərilmişdir ki, İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması üçün apelyasiya şikayətində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-752/2021 saylı, 06 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar