Məhkəmə qərarları › İş №2-1(105)-355/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-355/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-355/2023 20.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, öhdəliyin icrasına dair iddia tələbi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Nəsərəddin oğlunun, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 2-1(118)-1332/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları RX № ******* seriyalı reyestrdən çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 6 dalan 2 ev 4 İddiaçı xüsusi mülkiyyətindədir, torpaq sahəsinin ölçüsü 0,0012 ha, məqsədli təyinatı yaşayış məntəqələrinin torpaqları, mülkiyyət növü bələdiyyə mülkiyyəti kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubun məzmunundan görünür ki, reyestr kitabında aparılmış qeydiyyata əsasən 31010 reyestr,4243 inventar nömrəli qeydiyyat vəsiqəsi X2 adına xx.xx.2004cü il tarixdə Abşeron rayonu İHB-nın xx.xx.1997-ci il tarixli 66 nömrəli ərəncamı əsasında verilmişdir. İddiaçı adına verilmiş 5740 inventar nömrəsi, xx.xx.2012-ci il tarixli fərdi yaşayış evinə dair texniki pasportun məzmunundan görünür ki, torpaq sahəsinin faktiki ölçüsü 0,01495 ha, tikintialtı sahə 0,00156 ha qeyd edilmişdir. Daşınmaz əmlakın bağışlanması haqqında xx.xx.2012-ci il tarixli müqavilənin məzmunundan görünür ki, X1 nömrəsi 31010, inventar işi № 4243 olan Qeydiyyat vəsiqəsi əsasında Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi ünvanında yerləşən ümumi sahəsi 9,4 kv m olan1 otaqdan ibarət fərdi yaşayış evini İddiaçı mülkiyyətinə vermişdir. xx.xx.2017-ci ildə tərtib edilmiş texniki pasportdan görünür ki, həmin sənəd Abşeron rayonu, Xırdalan şəhərində yerləşən İddiaçı istifadəsində olan fərdi yaşayış evinə dair tərtib edilmiş, evin həyətyanı torpaq sahəsi faktiki 0.01495 ha, tikinti altı sahə 0,01023 ha göstərilmişdir. Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Abşeron rayon İcra Hakimiyyətinin 27 mart 1997-ci il tarixli qərarına əsasən Xırdalan qəsəbəsinin Bakı quşçuluq fabrikinin ətrafındakı yaşayış massivində tikilmiş, sanitar-texniki normaları pozmayan, yeraltı kommunikasiya xətlərin üstündə olmayan və yüksək gərginlikli xətlərin altında yerləşməyən, yaşayışa uyğun evlərə texniki pasport və qeydiyyat vəsiqəsi verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-yə, Abşeron rayon Xırdalan bələdiyyəsinə və DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 6, dalan 2, 4 saylı evin üzərində yerləşdiyi 0.0012 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəyə müraciət edərək, cavabdeh kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin saxlanılmasını və Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 6 dalan 2, 4 saylı evin yerləşdiyi 0.0012 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 6, dalan 2-də yerləşən 4 say lı ev iddiaçının mülkiyyətindədir. İddiaçının adına xx.xx.2017ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir.Həmin çıxarışda ev şəxsi mülkiyyət kimi göstərilsə də, evin yerləşdiyi və sahəsi 0,0012 ha olan torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi qeyd olunmuşdur. Halbuki qeyd edilən ev hələ bələdiyyə bir qurum kimi yaradılmamışdan qabaq mövcud olmuş və evin yerləşdiyi torpaq sahəsi, həyətyanı sahə olaraq uzun illər onun istifadəsində olmuşdur. İddiaçı şəxsi mülkiyyəti kimi evinin də yerləşdiyi bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışda həmin torpaq sahəsinin onun xüsusi mülkiyyəti kimi göstərilməsi ilə bağlı cavabdeh təşkilatlara müraciət etmi, lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri ərizəsinə əlavə etmədiyindən iddiaçıya imtina bildirişi verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 2-1(118)-1332/2022 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tələbinin əsası kimi torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin onun mülkiyyətində olmasına istinad etmişdir. Evə dair mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və texniki pasportdan başqa torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-l(118)-1332/2022 saylı, «26» dekabr 2022-ci il tarixli qərarını tamamilə qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçımn üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmişdir. Buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarım pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri) Məhkəmənin bu mövqeyi ilə razılaşmaq olmaz. Belə ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 6, dalan 2-də yerləşən 4 saylı ev mənim mülkiyyətimdədir. Onun adına xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir.Həmin çıxarışda ev şəxsi mülkiyyət kimi göstərilsə də, evin yerləşdiyi və sahəsi 0,0012 ha olan torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi qeyd olunmuşdur. Halbuki qeyd edilən ev hələ bələdiyyə bir qurum kimi yaradılmamışdan qabaq mövcud olmuş və evin yerləşdiyi torpaq sahəsi, həyətyanı sahə olaraq uzun illər onun istifadəsində olmuşdur. Bundan başqa qeydiyyata alınması tələb edilən əmlak torpaq sahəsi deyil, həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasıdır. Azərbaycan Respublikası TmpaqMəcəİləsinin 46-cı maddəsinə əsasən dövlətin və bələdiyyənin mülkiyyətində olan torpaq sahələri istifadəyə və ya icarəyə verilə bilər. Həmin Məcəllənin 50-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət mülkiyyətində olan torpaq sahəsi 15 ildən 49 ilədək uzunmüddətli müvəqqəti istifadəyə verilə bilər. Dövlət və bələbiyənin mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Yuxarıda qeyd olunan maddi hüquq normalarından bəlli olur ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində müvəqqəti istifadə və icarə hüquqları həyata keçirilə bilər? Yəni dövlət mülkiyyətində olan torpaq sahəsinə dair müvəqqəti istifadə və icarə hüququnun həyata keçirilməsi dövləti təmsil edən qurumların müstəsna səlahiyyətidir və həmin qurumlar istənilən zaman öz torpaq sahələri üzərində inşa edilmiş tikinti mülkiyyətçiləri ilə icarə müqaviləsi bağlamaq hüquqlarına malikdirlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və nümayəndəsi Vəkil Nəsərəddin oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: 47.1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. 49.1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 49.2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Maddə 55.Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 56.2 Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 56.6. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir.Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir.Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. 59.1.1. Yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr aşağıdakı məqsədlər üçün verilir: ....fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə... Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr; ...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş Siyahıda daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd növü kimi 2.4-cü bəndinə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport ( həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddia tələbi fərdi yaşayış evinin yerləşdiyi müvafiq torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı tələb təşkil edir. İddiaçı iddia tələbinin əsası kimi evinin yerləşdiyi torpaq shaəsinin uzun müddət onun istifadəsində olması, bələdiyyə yaradılmazdan öncə həmin evin mövcud olması, evinə dair mülkiyyət hüququnun olması kimi hallara istinad etmişdir. Cavabdeh inzibati orqanın imtinasının əsası isə iddiaçının həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədinin olmaması halına istina edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, yuxarıda istinad olunan qanunvericilik normalarının təhlilində görünür ki, mülkiyyət hüququnun qeydiyyata alınması üçün ilk növbədə həmin hüququn yaranmasının qanuni əsasları və mövcudluğu müəyyən edilməlidir. Yalnız mülkiyyət hüququ yarandığı halda onun dövlət qeydiyyatına alınması halı mümkün olur. İndiki halda iddiaçı həmin torpaq sahəsinin ona məxsus olması halına istinad etsə də, bununla bağlı heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı da həmin halla bağlı heç bir sənəd aşkar edilməmişdir. Həmçinin, iş materiallarından görünür ki, müvafiq torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi qeydiyyata alınmışdır. İndiki halda həmin torpaq sahəsinin bələdiyyə orqanı tərəfindən də iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün verilməsi ilə bağlı hal və buna dair sənədlərin mövcudluğu da aşkar edilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia etdiyi fərdi yaşayış evinə dair ilkin sənəd kimi çıxış edən 31010 reyestr, 4243 invertar nömrəli qeydiyyat vəsiqəsi xx.xx.2004-cü il tarixdə Abşeron rayonu İHB-nın xx.xx.1997-ci il tarixli 66 nömrəli Sərəncamı əsasında verildiyi qeyd edilmişdir. İddiaçı həmin qeydiyyat vəsiqəsinin daha əvvəl mövcud olması halını bildirsə də, buna dair heç bir sübut təqdim etməmiş və iş materialları əsasında bu hal təkzib olunmuşdur. Bundan əlavə həmin qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş Abşeron rayonu İHB-nın xx.xx.1997-ci il tarixli 66 nömrəli Sərəncamın məzmunundan görünür ki, əhalinin siyahıya alınması və ünvanlarının dəqiq müəyyən edilməsi ilə bağlı çətinlik yarnmasının nəzərə alaraq, Xırdalan qəsəbəsinin Bakı quşçuluq fabrikinin ətrafındakı yaşayış massivində tikilmiş, sanitartexniki normaları pozmayan, yeraltı kommunikasiya xətlərin üstündə olmayan və yüksək gərginlikli xətlərin altında yerləşməyən, yaşayışa uyğun evlərə texniki pasport və qeydiyyat vəsiqəsinin verilməsinin təmin edilməsi qeyd edilmişdir. Göründüyü kimi, müvafiq qeydiyyat vəqisəqinin verilməsinə əsas olan sənəd tikilmiş fərdi yaşayış evlərinə dair qeydiyyat vəsiqəsinin verilməsinin təmin edilməsi ilə bağlı olmaqla, buna dair torpaq sahəsinin verilməsi və ya ayrılması, ümumiyyətlə torpaq sahəsi ilə bağlı olmamışdır. Eyni zamanda həmin qeydiyyat vəsiqəsi 2001-ci il 1 yanvar tarixindən sonrakı dövrə aid olduğundan hazırki iş üzrə iddia tələbi müvafiq Fərmanın müddəalarının da təsiri altına düşməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması özlüyündə həmin evin yerləşdiyi torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun yaranması üçün əsas kimi çıxış etmir. Torpaq qanunveriicliyində, o cümlədən mülki qanunvericilikdə torpaq sahəsinə dair mülkiyyət hüququnun yaranma əsasları qeyd edilmişdir. İddiaçının istinad etdiyi qeyd eidlən halın torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun yaranmasının müstəqil əsası olmasına dair heç bir norma nəzərdə tutulmamışdır. Qeyd olunan hallara əsasən məkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının müvafiq torpaq shaəsinə dair mülkiyyət hüququnun yaranması əsasları, o cümlədən dövlət qeydiyyatına alınması üçün əsaslar müəyyən edilmədiyindən, cavabdehin imtinası əsaslı olmuşdur. Eyni zamnada məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin əsasları iş materialları əsasında təkzib olunmaqla, əsassız olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verərək, gəldiyi nəticə düzgün olmuş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 2-1(118)-1332/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar