Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-356/2021 12.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Səyyad Ağaəli oğlu Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Saray qəsəbəsində fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi üzərində hüquqların xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1(118)-421/2021 saylı qərarından cavabdeh tərəfindən tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evi və onun həyətyanı torpaq sahəsi üzərində hüquqların xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh orqanın iminasını aşağıdakı səbəblərdən tamamilə qanunsuz və əsassız hesab edir: 1. İddia ərizəsinə əlavə olunmuş arxiv arayışının surətindən görünür ki, Abşeron Rayon İcra hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinn 05 noyabr 1999-cu il tarixli 39 nömrəli sərəncamı ilə vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə qəsəbə daxilində boş, istifadəyə yararsız olan sahələrdən X2 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmış və vətəndaşa fərdi yaşayış evi tikməyə icazə verilmişdir. 2. İddia ərizəsinə əlavə olunmuş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən və onun üzərində aparılmış qeyddən görünür ki, X4 ayrılmış yerdə fərdi yaşayış evi tikmiş və Abşeron rayonu 2 saylı dövlət notariat kontorunun 4-Ə-101249 nömrəli 08.10.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin evi İddiaçı satmışdır. 3. İddia ərizəsinə əlavə olunmuş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, 17,5 kv.m. yaşayış sahəsindən və 17 kv.m. köməkçi sahədən ibarət olan həmin yaşayış evi İddiaçı mülkiyyətindədir. 4. İddia ərizəsinə əlavə olunmuş Abşeron rayonu Saray bələdiyyəsinin cavabdeh orqana ünvanlanmış 22 iyul 2016-cı il tarixli 98 nömrəli məktubundan görünür ki, bələdiyyə həmin torpaq sahəsinə hüquqi sənəd verilməsinə etiraz etmir. 5. İddia ərizəsinə əlavə olunmuş etibarnamənin surətindən görünür ki, X1 İddiaçı 24.07.2021-ci il tarixinədək qüvvədə olan baş etibarnamə vermişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya məxsus Abşeron rayonu, Saray qəsəbəsindəki fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1(118)-421/2021 saylı qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu, Saray qəsəbə nümayəndəliyinin 05 noyabr 1999-cu il tarixli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.10 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin Cavabdehnə həvalə olunması qərara alınmışdır. (hakim C.Məmmədov) Qərardan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, səlahiyyətsiz şəxs- Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə İcra Nümayəndəliyinin 05 noyabr 1999-cu il tarixli 39 nömrəli sərəncamı ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi ayrılmışdır. Təqdim edilmiş sənədlər ekspertiza edilərkən Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə İcra Nümayəndəliyinin 05 noyabr 1999-cu il tarixli, 39 nömrəli sərəncamı ilə ayrılmış 0.10 ha torpaq sahəsinin təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Eyni zamanda vətəndaşın qeyd etdiyi fərdi yaşayış evinə baxış keçirələrkən, iddia ərizəsinə əlavə olunduğu qeyd olunan texniki-pasporta uyğun 17,5 kv.m yaşayış sahəsi və 17 kv.m köməkçi sahədən ibarət olan yasayış evi aşkarlanmamış, faktiki olaraq 10,5x14,5 kv.m zirzəmi və 9,0x13,0 kv.m olan sonradan inşa olunmuş evlər qeydə alınmışdır. Qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 36cı maddəsinə əsasən rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndəliyi rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək göstərir, onun səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər verir, tapşırıqlarını həyata keçirir, vətəndaşların qəbulunu həyata keçirir, onların şikayət, ərizə və təkliflərinə baxır və lazımi tədbirlər görür. Qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparır, notariat işlərini görür, vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və qanunvericiliklə nəzərdə tutulmuş digər arayışlar verir, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir. Araşdırılan halda isə səlahiyyətli şəxs olan Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə Nümayəndəliyinə torpaq sahəsi ayrılması səlahiyyəti verməsi mümkünsüz idi, çünki sözügedən torpaq sahəsinin ayrılması Abşeron rayon İcra Hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmişdir. Tərəflərin izahatları: apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edib onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları müəyyən edir. Həmin qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə İcra Nümayəndəliyinin 05 noyabr 1999-cu il tarixli 39 nömrəli sərəncamı ilə X2 Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində 4 otaqlı fərdi yaşayış evi inşa edilmiş və fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Dövlət və Tikinti Komitəsinin Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastır İdarəsi tərəfindən Qeydiyyat vəsiqəsi və yaşayış evinin Texniki pasportu verilmişdir. Qeyd olunan 0.10 ha torpaq sahəsi fərdi yaşayış evinin Texniki pasportunda öz əksini tapmışdır. Abşeron rayon 2 saylı dövlət notariat kontorunda 08 oktyabr 2004-cü ildə bağlanmış 4Ə-10-1249 saylı reyester nömrəsi ilə qeydə alınan alqısatqı müqaviləsi əsasında X4 fərdi yaşayış evini və fərdi yaşayış evinin altında olan torpaq sahəsini İddiaçı satmışdır. İddiaçı adına fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Dövlət və Tikinti Komitəsinin Baş X5, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastır İdarəsi tərəfindən 32369 nömrəli reyester kitabında qeydə alınan Qeydiyyat vəsiqəsi verilmiş, lakin həmin Qeydiyyat vəsiqəsində torpaq sahəsi öz əksini tapmamışdır. Daşınmaz əmlakın yeni mülkiyyətçüsi kimi İddiaçı fərdi yaşayış evini və altında olan torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətində qeydə alınması ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin müraciətinə müsbət cavab ala bilməmişdir. İnzibati orqan imtinasını Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə İcra Nümayəndəsinin səlahiyyətsiz şəxs olması və Abşeron rayon Saray qəsəbəsi üzrə İcra Nümayəndəliyinin 05 noyabr 1999-cu il tarixli 39 nömrəli sərəncamından çıxarışla ayrılmış 0.10 ha torpaq sahəsinin təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilməməsi, fərdi yaşayış evinin isə qeyd olunan torpaq sahəsində olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş iddia ərizəsinə dəqiqləşmə barədə ərizəni nəzərə alaraq apelyasiya şikayətinin fərdi yaşayış evi ilə bağlı hissəsini araşdırmamışdır. Belə ki, iddiaçı müvafiq ərizəsi ilə iddia tələbinin həcmini azaldaraq, yalnız 0.10 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş 6 iyun 2012-ci il tarixinədək qüvvədə olan “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamənin 17-ci maddəsinə əsasən yerli icra hakimiyyətlərinin sərəncamında torpaq sahələri, təbii obyektlər, maliyyə aktivləri, qeyri-yaşayış binaları, müəssisələr, digər əmlak kompleksləri, xalq təhsili, mədəniyyət, səhiyyə, icman müəssisələri, müvafiq ərazinin iqtisadi inkişafının, əhalinin kommunal-məişət və sosial-mədəni təbəbatının ödənilməsi üçün digər əmlak ola bilər. Həmin Əsasnamənin 18-ci maddəsinə əsasən yerli icra hakimiyyətləri sərəncamında olan obyektlər üzərində sərəncam verilməsini və onların idarə edilməsini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Əsasnamənin 36.1-ci maddəsinə əsasən rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhərdə rayon icra hakimiyyəti başçılarının nümayəndəliyi fəaliyyət göstərir. Rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndəsi rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək göstərir, onun səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər verir, tapşırıqlarını həyata keçirir. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti başçısının 28.09.1992-cü il tarixli 488 saylı sərəncamının 4-cü bəndindən görünür ki, 250 ailənin hər birinə 0,10 ha torpaq sahəsinin Abşeron RİH başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin sərəncamı ilə ayrılmasına icazə verilmişdir. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə İcra Nümayəndəsi səlahiyyətsiz şəxs hesab oluna bilməz. Belə ki, həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə İcra Nümayəndəsinə torpaq ayırma səlahiyyəti verilməsə də, Abşeron RİH başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyi Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş 6 iyun 2012-ci il tarixinədək qüvvədə olan “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnaməsi üzrə ona verilmiş səlahiyyət çərçivəsində qeyd olunan torpaq sahəsini X2 ayırmışdır. Bundan başqa, Abşeron RDTİ və MHQİ tərəfindən torpaq sahəsinin planı da hazırlanmışdır. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayonu Saray Bələdiyyəsinin Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsinə 22.07.2016-cı il tarixli, 98 №li məktubu ilə X2 İcra Nümayəndəliyinin qərarı ilə verilmiş 0.10 ha torpaq sahəsinə hüquqi sənəd verilməsinə Saray Bələdiyyəsinin etiraz etmədiyi bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilənlər iddianın əsaslı olmasını sübut edir və iddiaçıya müvafiq çıxarışın verilməməsi onun mülkiyyət hüququnu pozur. İddiaçı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində istifadə və sahiblik hüquqlarını həyata keçirsə də, onun sərəncam vermə hüququnun həyata keçirilməsində müəyyən məhdudiyyətlər var. Bu isə iddiaçıya mülkiyyət hüququnun əsas üç elementindən birinin, yəni sahiblik və istifadə ilə yanaşı, sərəncam vermək hüququnun da tam realizə edilməsində maneçilik törətməklə, onun mövcud qanunverciliyə uyğun olaraq mülkiyyət hüququndan tam istifadə etməsində çətinlik yaradır. Hazırkı işdə də, inzibati orqanın mübahisləndirilən imtinası iddiaçının dövlət tərəfindən tanınmış mülkiyyət hüququndan tam istifadə edə bilməsində məhdudiyyətlər yaratmış, onun hüquqlarının pozulması ilə nəticələnmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinə əsasən dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2- 1(118)-421/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1(118)-421/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-356/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-356/2021
12.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver