Məhkəmə qərarları › İş №2-1(105)-356/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-356/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-356/2022 12.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 3 saylı regional ərazi filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 3 saylı regional ərazi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(118)-323/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 3 saylı regional ərazi filialına qarşı iddia qaldıraraq cavabdehin imtinasının qeyri-qanuni hesab edilərək, onun 17.09.1976-12.02.1996-cı illərdə Siyəzən üzümçülük sovxozunda işlədiyi müddətin sığorta stajına daxil edilməklə ona yaşa görə 5 uşaqlı ana kimi əmək pensiyasının təyin edilməsinin cavabdehə tapşırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxx 1961-ci ildə Dəvəçi rayonu Çaraq kəndində anadan olmuş və hal-hazırda Şabran rayonunun Ağbaş kəndində yaşayır. 14.09.2021-ci il tarixdə yaşa görə 5 uşaqlı ana kimi pensiyaya çıxmaq üçün tələb olunan sənədlərini Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon xidmət nümayəndəliyinə vermiş, Şabran rayon xidmət nümayəndəliyi 3 saylı regional ərazi filialına göndərmişdir. Dövlət Sosial Müdafiə Fondunun 3 saylı regional ərazi filialı ona 15.09.2021ci il tarixdə **********5 nömrəli məktubla ərizəsinə imtina cavabı vermişdir. Cavab məktubunda qeyd olunmuşdur ki, təqdim etdiyi arayışlarda qeyd olunan iş stajları (17.09.1976-12.02.1996-ci illər) əmək kitabçasında qeyd olunmadığı üçün imtina verilmişdir. Bildirir ki, 01.07.2017-ci il tarixinə kimi qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları 8 yaşadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların 55 yaşdan yaşa görə (5 uşaqlı) əmək pensiyasına çıxmaq hüququ vardır. Onun 55 yaşı 03 aprel 2016-cı il tarixində tamam olmuşdur. Lakin qanunu bilmədiyi üçün həmin dövrdə müraciət etməmiş, indi ona uşaqlarına görə güzəşt düşür və pensiya almalıdır. 17.09.1976-ci il tarixindən 12.02.1996cı il tarixinə kimi Siyəzən üzümçülük sovxozunda fəhlə işləmiş və iş stajları 12 ildən çox olduğu üçün bu ona əsas verirki ona qanunun 8-ci və 32-ci maddələrinin tələbləri baxımından yaşa görə əmək pensiyası təyin edilsin.

3. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 2020-ci ilin 1 iyul tarixindən qadınların pensiya yaşı 62 yaş müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Eyni zamanda həmin Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun ümumi iş stajı qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Onun 17.09.1976 - 12.02.1996-cı illərdə Siyəzən üzümçülük sovxozunda işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab olunmamışdır. İddiaçının həmin sovxozda işlədiyini təsdiq edən əmək haqqı cədvəlləri mövcud deyildir. Tərəfindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X5 rayon Filialına ünvanlanmış 01.11.2021-ci il tarixli **********7 nömrəli sorğuya 27.11.2021ci il tarixli 94 nömrəli cavaba əsasən həmin sovxoz tərəfindən heç bir il üzrə sənədlərin arxivə təhvil verilmədiyi qeyd edilmişdir. Bundan əlavə İddiaçı həmin sovxozda işlədiyi illər onun sosial sığorta stajına daxil edildikdə belə 19 il 04 ay 25 gün sosial sığorta stajı yaranır. Eyni zamanda cavabdeh orqana iddiaçının əmək kitabçası olması barədə məlumat yoxdur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

4. Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(118)-323/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı 57 yaşı tamam olduğu 03 aprel 2018-ci il tarixdən (lakin pensiya ödənişləri 14 sentyabr 2018-ci ildən ödənilməsi nəzərə alınmaqla) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 3 saylı regional ərazi filialına həvalə edilməsi qərara alınmışdır. (hakim Ceyhun Məmmədov)

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 01 iyul 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı müxtəlif illərdə, yəni 17 sentyabr 1976-cı ildən 12 fevral 1996-cı il tarixədək Siyəzən üzümçülük sovxozunda işləmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının işlədiyi müddədlər arxiv arayışlarına əsasən hesablanıb sosial sığorta stajına daxil edilməlidir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, arxiv arayışlarına görə İddiaçı ümumi əmək stajı 10 ildən çox təşkil edir. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, 01 iyul 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla iddiaçının yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, qanunun tələblərini əsas götürdükdə iddiaçının 57 yaşı 2018-ci ilin aprel ayının 3-də tamam olmuş olur. Yəni, iddiaçı beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadın statusuna malik olduğundan bu qanunun tələbləri ona münasibətdə tətbiq edilməlidir.

6. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə etirazın dəlilləri

8. İddiaçı apellyasiya şikayətinə etiraz verərək, ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 nömrəli Qərarının 1.3-cü bəndinə əsasən, 2017-ci ilin iyulun 1dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. 01.01.2017-ci il tarixə kimi qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə əsasən, 5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların 55 yaşdan yaşa görə əmək pensiyasına çıxmaq hüququ vardır. Onun 55 yaşı 03.04.2016-cı ildə tamam olmuşdur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu (01 iyul 2017-ci il tarixədək qüvvədə olan):

Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə mək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır.

Maddə 8. Çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası 8.1. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Maddə 23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün - pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər tələb olunur.

14. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.03.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

18. İşin hallarından göründüyü kimi iddiaçı ona 55 yaşdan çox uşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

19. İddiaçı 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün sənədlərini cavabdeh orqana təqdim etmiş, cavabdeh ona 15.09.2021-ci il tarixli **********5 saylı məktubla işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyindən imtina etmişdir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan əmək pensiyaları haqqında qanunvericiliyin sadalanan normalarından göründüyü kimi iddiaçıya çox uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edə bilmək üçün üç şərt tələb olunur: 5 uşağını doğub onları səkkiz yaşınadək tərbiyə etməsi; azı 10 il sığorta stajının olması; şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması.

21. Birinci şərtlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdən görünür ki, iddiaçının 08.04.1984-cü il təvəllüdlü Elgün, 25.08.1985-ci il təvəllüdlü Elmin, 13.09.1987-ci il təvəllüdlü İlham, 23.11.1989-cu il təvəllüdlü Elçin və 07.09.1994-cü il təvəllüdlü Həmid adlı beş uşağı olmuşdur.

22. İşdə olan ölüm haqqında şəhadətnamələrdən isə görünür ki, 13.09.1987-ci il təvəllüdlü X2 15.10.1995-ci ildə, 23.11.1989-cu il təvəllüdlü X3 isə 27.02.2008-ci ildə ölmüşdür.

23. İddiaçının 5 uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etməsi yuxarıda qeyd edilən sənədlərlə təsdiq edilir.

24. 10 illik sığorta stajı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək fəaliyyəti 17.09.1976-12.02.1996-cı illərdə Siyəzən üzümçülük sovxozunda işləməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddiaçının sovxozda işləməsini Şabran Rayon Dövlət Arxivinin arayışına istinadən müəyyən etmişdir.

25. Belə ki, Şabran Rayon Dövlət Arxivinin 17 avqust 2021-ci il tarixli, 122 saylı Siyəzən üzümçülük sovxozunun əmrlər kitabından arxiv çıxarışından görünür ki, İddiaçı 17 sentyabr 1976-cı il tarixdən Çaraq bağçılıq briqadasına fəhlə işinə qəbul edilmiş, 07 fevral 1996-cı il tarixədək orada işləmişdir. 07 fevral 1996-cı il tarixdən uşağa qulluğa görə iddiaçıya məzuniyyət verilmiş və həmin müddətdə işdən azad edilməmişdir, arxiv çıxarışından da göründüyü kimi iddiaçının işdən çıxma əmri verilməmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyin normalarına görə arxiv arayışı işçinin iş stajını təsdiq edən sübut kimi qəbul edilməlidir. Tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin tələb olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədləri təqdim etmişdir.

27. Odur ki, məhkəmə kollegiyası iddiaçının 17.09.1976-12.02.1996-cı illərdə Siyəzən üzümçülük sovxozunda işləməsi ilə bağlı Şabran Rayon Dövlət Arxivinin arxiv arayışında göstərilən illərin iddiaçının sığorta stajı kimi nəzərə alınmasında mötəbər sübut kimi qəbul edir.

28. Qeyd edilən illərin əmək kitabçası ilə təsdiq olunmaması ilə bağlı apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində sosial sığorta stajının hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Yuxarıda qeyd olunan normalara əsasən müəyyən olunur ki, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin tələb olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədləri təqdim etmişdir.

29. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır.

30. Beləliklə, iş materiallarından müəyyən olunur ki, iddiaçı 10 ildən artıq sığorta stajına malikdir.

31. Şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması şərti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, 01 iyul 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla iddiaçının 55 yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, qanunun tələblərini əsas götürdükdə iddiaçının 55 yaşı 2016-cı ilin aprel ayının 3-də tamam olmuş, həmin vaxt iddiaçı beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadın statusuna malik olmuşdur. Lakin, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun 3 saylı regional ərazi filialına 14 sentyabr 2021-ci il tarixində müraciət etdiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələbləri baxımından pensiya məbləği ona 14 sentyabr 2018-ci il tarixdən ödənilməlidir.

32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli 03/2020 nömrəli qərarında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

33. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, qərarda iddiaçıya 57 yaşının tamam olduğu 03 aprel 2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinı göstərilmişdir. Qeyd edilən halı nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməlidir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(118)-323/2022 nömrəli qərarı dəyişdirilsin. İddiaçı 55 yaşı tamam olduğu 03 aprel 2016-ci il tarixdən (lakin pensiya ödənişləri 14 sentyabr 2018-ci ildən ödənilməsi nəzərə alınmaqla) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 3 saylı regional ərazi filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar