Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-356/2023 02.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “faktiki istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnün dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2-1(118)-278/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək Abşeron rayonu Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********65 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur və yeri dəyişdirilmişdir. Həmçinin, təqdim edilmiş sənədlərdə hüquq sahibinin ata adına münasibətdə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Daha sonra iddiaçı yenidən eyni tələblə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********58 nömrəli məktubu ilə iddiaçının müraciətinə eyni məzmunlu imtina cavabı verərək bildirmişdir ki, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur və yeri dəyişdirilmişdir. Bununla bağlı bildirir ki, hüquqların dövlət qeydiyyatına müraciət edilməsi məqsədəmüvafiq hesab olunur. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək mülkiyyətində olan Kod 30800118, JN- 1438A saylı “Torpağın mülkiyyətinə verilməsinə dair” Şəhadətnaməyə əsasən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinə elektron baza məlumatlarında mövcud olan koordinatlara əsasən reyestrdən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək mülkiyyətində olan Kod 30800118, JN- 1438A saylı “Torpağın mülkiyyətinə verilməsinə dair” Şəhadətnaməyə əsasən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin faktiki yerləşdiyi yerə görə mülkiyyət hüququ əsasında dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Novxanı Bələdiyyəsinin 22 iyul 2005-ci il tarixli, 10 saylı qərarından çıxarışa əsasən iddiaçıya bələdiyyə torpaqlarının Baş planına əsasən 94 nömrəli 0.10 ha torpaq sahəsi satılmışdır. Abşeron rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli qərarı ilə iddiaçının fərdi yaşayış evi tikintisi üçün istifadəsində olan torpaq sahəsinə 16 yanvar 2006-cı il tarixdə JN-1438A nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Torpaq sahəsi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Abşeron rayon Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışda və cavabdehə ünvanlanmış 21 may 2020ci il tarixli, 34 saylı məktubunda torpağın yerləşdiyi faktiki koordinatlar göstərilmiş və X4 Komissiyası tərəfindən vətəndaşa hüquqi sənəd verilən zaman texniki səhvə yol verildiyi, iddiaçının adına JN-1438A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin qonşu torpaq sahəsinə düşdüyü göstərilmişdir. Yol verilmiş texniki səhvin aradan qaldırılmasını və vətəndaşın mülkiyyətinə dair torpaq sahəsinin vətəndaşın özünün istifadəsində olan torpaq sahəsinin müvafiq koordinatlara uyğun tərtib olunması xahiş olunmuşdur. Həmin koordinatlar aşağıdakı kimi qeyd edilmişdir: X=397346.8650, Y=4486013.6748; X=397380.2542, Y=4486022.7660; X=397372.5617, Y=4486050.5866; X=397339.0843, Y=4486041.4647. Koordinatların dəyişdirilməsi digər qonşu torpaqlar üçün heç bir problem yaratmır. Əvvəlcədən də qeyd edilən koordinatlarda olan torpaq sahəsi iddiaçıya ayrılmış və həmin vaxtdan da hasara alınmışdır. Həmin torpaq sahəsində yaşayış evi tikilmiş və faktiki olaraq iddiaçı orada yaşayır. Cavabdehlə torpaq sahəsinə yerində baxış keçirilərkən təsdiq edilmişdir ki, elektron baza məlumatlarında olan torpaq sahəsinə aid koordinatlar Abşeron rayon Novxanı Bələdiyyəsinin məktubu və yerquruluşu planından çıxarışa əsasən torpağın həqiqətən yerləşdiyi faktiki koordinatlarla eynilik təşkil edir. Torpaq sahəsi elektron baza məlumatlarında torpağın yerləşdiyi koordinatlar üzrə düzgün yerləşsə də faktiki olaraq şəhadətnamədə bu koordinatlar səhv göstərilmişdir. Abşeron rayon Novxanı Bələdiyyəsi tərəfindən cavabdehə ünvanlanmış 11 may 2020-ci il tarixli, 198 saylı məktubla iddiaçıya məxsus JN-1438A saylı “Torpağın mülkiyyətinə verilməsinə dair” Şəhadətnamədə “İddiaçı Tofik oğlu” deyil, “İddiaçı” olması təsdiq edilmişdir. Novxanı bələdiyyəsinin sənədlərində əvvəlcədən ata adı Tofiq yazılsa da şəhadətnamədə sonradan Tofik kimi yazılmışdır. Qeyd edir ki, torpaq sahəsinin faktiki ayrıldığı və yerləşdiyi yer elektron baza məlumatlarında düzgün göstərilmiş, lakin JN- 1438A nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair” şəhadətnamədə isə torpaq sahəsinin yerləşdiyi koordinatlar texniki səhv buraxılmaqla tərtib edilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur və yeri dəyişdirilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2-1(118)-278/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçının mülkiyyətində olan Kod 30800118, JN-1438A saylı “Torpağın mülkiyyətinə verilməsinə dair” Şəhadətnaməyə əsasən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin faktiki yerləşdiyi yerə görə mülkiyyət hüququ əsasında dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim: İ.Burcayev). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən işin halları tam və ətraflı araşdırılmamışdır. Hesab edir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında bildirdi ki, o, hazırda üzərində mülkiyyət hüquqlarını qeydə aldırmaq istədiyi torpaq sahəsini 1999-cu ildə X2 almışdır. Torpaq sahəsini faktiki olaraq iddiaçının atası almış, torpağın müqabilində pul məbləğini iddiaçı ödəmişdir. İddiaçı Abşeron rayonunda yaşamamış, 2003-cü il tarixədək Göyçay rayonunda yaşamış, həmin tarixdən hal-hazıradək Yasamal rayonunda yaşayır. İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin JN-1438A seriyalı KOD 30800118 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilən 0.10 ha torpaq sahəsinin naturada döngə nöqtələrinin koordinatlarına uyğun sahə üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı faktiki istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının faktiki istifadəsində olan 0.1005 ha torpaq sahəsi Abşeron rayonu, Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən 0.10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilinə düşür və torpaq sahəsi hər hansı bir fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Göründüyü kimi, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1438A KOD 30800118 olan şəhadətnamə ilə iddiaçıya verilmiş 0.10 ha sahəsinin onun faktiki istifadəsində olan torpaq sahəsi ilə eynilik təşkil etməsi və hər hansı bir şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməməsi mütəxəssis rəyi ilə təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən nəticəyə gələrkən işin hallarını tam araşdırmamışdır. İş materiallarından görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli, 28 nömrəli qərarı ilə iddiaçıya ayrıldığı qeyd edilən Abşeron rayonu Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinə dair DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən sonuncunun adına 16 yanvar 2006-cı il tarixli, JN-1438A seriyalı KOD 30800118 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. İddiaçı iddia ərizəsinin dəlillərində həm Abşeron rayon Novxanı Bələdiyyəsinin 22 iyul 2005-ci il tarixli, 10 saylı qərarı ilə ona 94 nömrəli 0.10 ha torpaq sahəsi satıldığını, həm də Abşeron rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli qərarı ilə fərdi yaşayış evi tikintisi üçün istifadəsinə verilmiş torpaq sahəsinə JN-1438A nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair” Şəhadətnamə verildiyini qeyd etmişdir. Halbuki, eyni torpaq sahəsinin şəxsə həm aqrar islahat zamanı ayrılması, həm də bələdiyyə qərarı ilə satılması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Həmçinin, iş materiallarında olan Abşeron rayon Novxanı Bələdiyyəsinin 22 iyul 2005-ci il tarixli, 10 saylı qərarından çıxarışda qeyd edilir ki, iddiaçıya bələdiyyə torpaqlarının Baş planına əsasən 0.10 ha torpaq sahəsi satılması, bələdiyyənin Baş inkişaf planı əsasında torpaq sahəsi yerində ölçülüb nişangahlar qoyulduqdan sonra iddiaçıya 94 nömrəli yerin təhvil verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi isə qeyd edilən bələdiyyə qərarı ilə bağlı, ümumiyyətlə, araşdırma aparmamışdır. Eləcə də, iş materiallarından görünür ki, iddiaçının adına tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədəki məlumatların mötəbərliyi, həqiqətən də, iddiaçıya aqrar islahat zamanı torpaq sahəsinin ayrılmasına dair hallar birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Belə ki, məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında hazırda üzərində mülkiyyət hüquqlarını qeydə aldırmaq istədiyi torpaq sahəsini 1999-cu ildə faktiki olaraq atasının aldığını, lakin torpağın müqabilində pul məbləğini onun ödədiyini, eləcə də torpaq sahəsini aldığı zaman Abşeron rayonunda yaşamadığını, 2003-cü il tarixədək Göyçay rayonunda, həmin tarixdən hal-hazıradək isə Yasamal rayonunda yaşadığını bildirmişdir. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən işə təkrar baxılarkən iddiaçının adına JN-1438A seriyalı KOD 30800118 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin tərtib edilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-yə sorğu ilə müraciət edilməlidir. Bundan əlavə, iddiaçı iddia ərizəsində qeyd edir ki, hazırda mübahisələndirdiyi torpaq sahəsi naturada elektron baza məlumatlarında qeyd edilən koordinatlar üzrə yerləşsə də faktiki olaraq “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə bu koordinatlar səhv göstərilmişdir. İş materiallarından görünür ki, Abşeron rayon Novxanı Bələdiyyəsi 21 may 2020-ci il tarixli, 34 saylı məktubu ilə DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək qeyd etmişdir ki, Abşeron rayon Aqrar İslahat Komissiyası tərəfindən iddiaçıya hüquqi sənəd verilən zaman texniki səhvə yol verilmiş, iddiaçının adına tərtib edilmiş JN-1438A seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə qonşu torpaq sahəsinə düşmüşdür. Aqrar İslahat Komissiyası tərəfindən yol verilmiş texniki səhvin aradan qaldırılması və şəhadətnamənin iddiaçının özünün istifadəsində olan torpaq sahəsinin qeyd edilən koordinatlara uyğun (X=397346.8650, Y=4486013.6748; X=397380.2542, Y=4486022.7660; X=397372.5617, Y=4486050.5866; X=397339.0843, Y=4486041.4647) tərtib olunmasını xahiş etmişdir. Cavabdeh isə imtinasında torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcud olduğunu, torpaq sahəsinin yerinin dəyişdirildiyini bildirərək iddiaçının müraciətinin icrasından imtina etmişdir. Göründüyü kimi hazırkı mübahisənin yaranmasına səbəb olan torpaq sahəsinin koordinatlarının Şəhadətnamədə yanlış qeyd edilməsi məsələsi məhz bələdiyyə tərəfindən müəyyən edilmiş, lakin işə baxan məhkəmə qeyd edilən halın bələdiyyə tərəfindən necə müəyyən edilməsini lazımi qaydada araşdırmamışdır. Bundan başqa, Abşeron rayon Novxanı Bələdiyyəsinin yuxarıda qeyd edilən 22 iyul 2005-ci il tarixli, 10 saylı qərarında bələdiyyə tərəfindən iddiaçıya 94 nömrəli 0.10 ha torpaq sahəsinin satıldığı qeyd edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdeh inzibati orqana ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə göstərilmişdir ki, ünvan ünvanlanmış 34 saylı 21 may 2020ci il tarixli məktubunda 94 nömrəli torpağın yerləşdiyi sahəyə dair Abşeron rayon Aqrar İslahat Komissiyası tərəfindən sənəd verilən zaman texniki səhvə yol verildiyi qeyd edilmişdir. Nəticədə iddiaçının adına hazırlanmış JN-1438A seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilən koordinatlar başqa 96 saylı torpaq sahəsinə aiddir. İşə baxan məhkəmə tərəfindən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin nömrəsinin 94 yoxsa 96 olması ilə bağlı məsələ də araşdırılmamış qalmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin mühəndisi A.Əhmədov tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, Abşeron rayon Novxanı Bələdiyyəsinin 22 iyul 2005-ci il tarixli, 10 saylı qərarı və Abşeron rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli qərarı ilə iddiaçıya verilmiş 0.10 ha torpaq sahəsinin hüquqmüəyyənedici və texniki kadastr sənədləri təqdim edilmədiyindən torpaq sahəsinin faktiki yerləşdiyi hissəsinin hər hansı bir fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin, iddiaçının faktiki istifadəsində olan 0.1005 ha torpaq sahəsi məhkəmə tərəfindən təqdim olunmuş iş materialında Abşeron rayonu, Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən 0.10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilinə düşür və torpaq sahəsi hər hansı bir fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Mübahisəli torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsinin torpaqlarına aiddir. Birinci instansiya məhkəməsi qeyd edilən mütəxəsiss rəyinə istinad edərək “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1438A KOD 30800118 olan şəhadətnamə ilə iddiaçıya verilmiş 0.10 ha sahəsinin onun faktiki istifadəsində olan torpaq sahəsi ilə eynilik təşkil etdiyini və hər hansı bir şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməməsini qeyd etmiş və bu əsasla da iddianı təmin etmişdir. Kollegiya hesab edir ki, iddiaçının faktiki olaraq istifadə etdiyi torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olmaması faktı özü-özlüyündə hazırkı məzmunda iddianın təmin olunmasının əsası kimi çıxış edə bilməz. Bundan başqa, iş materiallarında olan 4 saylı Abşeron Ərazi İdarəsinin Kadastr xəsritəsindən çıxarışdan görünür ki, JN-1438A “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahələri üst-üstə düşməməklə, bir-birlərindən xeyli aralı məsafədə yerləşir. Göründüyü kimi işə baxan məhkəmə cavabdehin dəlili ilə bağlı yalnız mütəxəssis rəyinə istinad etməklə kifayətlənmiş, aqrar islahat zamanı Abşeron rayon Novxanı kəndində ayrılan torpaq sahələrinin yerləşmə mövqeyini əks etdirən xəritənin məhkəməyə təqdim edilməsi ilə bağlı müvafiq orqana sorğu ilə müraciət etməmişdir. Halbuki, İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Bununla da hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən İPM-in 12-ci maddəsində təsbit olunmuş “İşin hallarının araşdırılması” prinsipinin pozulduğu müəyyən olunur. Qeyd olunmalıdır ki, obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə məhkəmə sənədlərin, faktların və digər mübahisəli halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. Kollegiya hesab edir ki, işə təkrar baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin yuxarıda qeyd olunan xüsusatları araşdırılmaqla əldə olunan sübutlar əsasında işə hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2-1(118)-278/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “faktiki istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnün dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati mübahisə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-356/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-356/2023
02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver