Məhkəmə qərarları › İş №2-1(105)-357/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-357/2021

15.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-357/2021 15.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və İlqar Kamal oğlu Dəmirovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “cavabdeh Azərbaycan X6 Agentliyindən iddiaçının mülkiyyətində olmuş müvafiq torpaq sahəsi üçün 150 000 manat məbləğində kompensasiya məbləğinin tutularaq ona ödənilməsi” tələbi barədə iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2-1(118)-48/2021 saylı qərarından İddiaçı və cavabdeh Azərbaycan X6 Agentliyi tərəfindən verilmiş apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, dəymiş maddi ziyana görə 150.000 (yüz əlli min) manat, mənəvi ziyana görə 50.000 (əlli min) manat, əldən çıxmış faydaya görə 100.000 (yüz min) manat və ödənilmiş 30(otuz) manat dövlət rüsumu olmaqla, cəmi 300030 (üç yüz min otuz) manat pul məbləğinin iddiaçının xeyrinə tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 27.10.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində, 0.3694 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Bu barədə ona AR ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən hüquqların Dövlət Qeydiyyatı haqqında 12 avqust 2006-cı il tarixli RX seriyalı ******* nömrəli əmlakın dövlət reyestri tərəfindən çıxarış verilmişdir. Təxminən 4 il əvvəl xüsusi mülkiyyətində olan torpağa baxış keçirən zaman ona məlum olmuşdur ki, qeyd edilən torpaq sahəsinin 10 sotdan çox hissəsi, AR Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sahəsinin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün Tədbirlər Planının'' müvafiq bəndinə əsasən "xxxx" ASC (indiki adı Azərbaycan X6 Agentliyi) tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt” avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşmüşdür. Həmin torpaq sahəsnin tikinti altına düşməsi barədə ona heç bir xəbərdarlıq məktubu göndərilməmiş, üstəlik tutulmuş torpaq sahəsinin müqabilində ona heç bir kompensasiya verilməmişdir. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında AR qanununun tələbinə əsasən; Alan orqan rəsmi elanın mahiyyətini alınmanın təsirinə məruz qalan torpaqda yaşayan bütün şəxslərin, alınmanın təsirinə məruz qalan torpaqda mülkiyyət, istifadə və icarə kimi hüquqları olan şəxslərin, alınmanın təsirinə məruz qalan torpağın alınması ilə bağlı kompensasiya hüququna malik olan şəxslər kimi alan orqan tərəfindən tanınan şəxslərin diqqətinə çatdırmaq üçün bütün müvafiq zəruri tədbirləri görməlidir. Yuxarıda göstərilən vəzifənin ümumiliyinə xələl gətirmədən, alan orqan bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş bütün şəxslərə bu Qanunun 77-ci maddəsində müəyyən edilmiş qaydada rəsmi elanın mahiyyəti barədə bildiriş göndərməlidir. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Mülkiyyətində olan torpaq sahəsinin böyük bir hissəsinin zəbt edilməsi nəticəsində ona 150.000 (yüz əlli min) manat məbləğində maddi ziyan dəymiş, eyni zamanda həmin torpaq sahəsindən mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Torpaq sahəsindən məhrum olduğu 5 ilə yaxın bir müddətdə həmin gəlirin məbləği 100.000 (yüz min) manata bərabərdir. Digər tərəfdən həmin torpağın itirilməsi nəticəsində uzun müddət özünə gələ bilməmiş, mənəvi sarsıntılar keçirmişdir. Torpaq sahəsinin itirildiyini ona bildirəndən sonra normal şəkildə öz həyatını davam etdirə bilməmiş, daim fikirli və nevroz vəziyyətə düşmüş və müalicə almışdır. Cavabdehin bu hüquqa zidd hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin (fiziki və mənəvi iztirabların) əvəzini verməlidir. Cavabdeh tərəfindən ona dəymiş mənəvi zərəri 50000 (əlli min) manat dəyərində qiymətləndirir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndə və vəkili Vəkil iddia ərizəsinə dəqiqləşdirmə verərək iddiaçının mülkiyyətində olmuş müvafiq torpaq sahəsi üçün 150 000 manat məbləğində kompensasiya məbləğinin tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planına əsasən Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi Azərbaycan X6 Agentliyi tərəfindən həyata keçirilir. Layihə çərçivəsində yolun tikintisi sahəsinə düşən fiziki və hüquqi şəxslərə məxsus torpaq sahələrinin, yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə torpaq sahəsi tikinti altına düşdüyü halda, həmin əmlak dövlət ehtiyacları üçün alınması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və X2 tərəfindən tikilinin kadastr planı təqdim edilir. Bunda sonra isə əmlakın müstəqil qiymətləndırici olan "xxxx" MMC-nin rəyi əsasında dəyəri müəyyən edilir. Hazırda isə İddiaçı məxsus torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən "xxxx" ASC tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşsə də, layihə çərçivəsində iddiaçının iddia etdiyi torpaq sahəsinə müdaxilə edilməmişdir. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə görə torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir. Həmin Qanununun 36.1-ci maddəsinə əsasən bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alqı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 təqvim günü ərzində aşağıdakıları həyata keçirir: mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir; torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirləri görür; satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra bu Qanunun V fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir. Hazırkı iş üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsi işin mübahisəsiz halıdır. Lakin alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslə torpağn alınması rəsmiləşdirilməmiş və alqı-satqı müqaviləsi bağlanmamışdır. Bu isə o deməkdir ki, torpaq iddiaçının tam istifadəsində olmaqla mülkiyyətindədir və iddiaçıya məxsus torpaq sahəsinin yerdə-naturada təyinatı üzrə istifadə olunması mümkündür. Odur ki, qeyd edilənlərə əsasən İddiaçı cavabdeh X1rşı kompensasiya barədə iddia tələbi təmin edilməməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2-1(118)-48/2021 saylı qərarı ilə iddia qismən təmin edilmiş, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşən hissəsinin hər bir sotuna görə 9000 manat məbləğində kompensasiyanın İddiaçı ödənilməsi öhdəliyi Azərbaycan X6 Agentliyinin üzərinə qoyulmuşdur. Qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.06.2021-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-48/2021 saylı 01 mart 2021-ci il tarixli qərarından apelyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilməklə, iddiaçının apelyasiya şikayəti mümkün hesab edilmişdir. Apelyasiya şikayətlərinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iddia ərizəsi qismən təmin edilmiş və torpaq sahəsinin zəbt olunan hər 1 sotuna görə 9000 manat məbləğində kompensasiyanın ödənilməsi qət edilmişdir. Lakin iddia tələbinin mənəvi zərər və əldən çıxmış fayda hissələrinə həmin qərarda ümumiyyətlə münasibət bildirilməmişdir. Həmçinin qərarın nəticəvi hissəsində də qeyri-müəyyənliyə yol verilmişdir. Belə ki, qərara aldı hissəsində cavabdeh qurumun konkret hansı məbləğdə kompensasiya ödəməli olması göstərilməmişdir. Qərarda torpaq sahəsinin zəbt olunan hər sotuna münasibətdə kompensasiya ödənilməsi qeyd olunmuşdur. Lakin məhkəmə qərarında torpaq sahəsinin neçə sot ərazisinin tikinti altına düşməsi açıq formada göstərilməmişdir. Bu da məhkəmə qərarının icrasını mümkünsüz edir. Qərarda mənəvi zərər və əldən çıxmış faydaya münasibətdə tələblərə hüquqi qiymət verilməmiş və əsassız olaraq rədd edilmişdir. Halbuki Azərbaycan Respublikası Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli plenum qərarında qeyd olunur ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasına, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutsunlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Torpaq sahəsindən 5 ildən uzun müddətdir ki, istifadə edə bilməməsi nəticəsində ona vurulan zərər yalnızca maddi xarakter daşımamaqdadır ki, şəxsi mülkiyyətindən məhrum olunmağına və konstitusion hüquqlarının kobud şəkildə pozulmasına görə dərin mənəvi iztirablar yaşamışdır. Dəfələrlə aidiyyəti orqanlara müraciət etmiş, mülkiyyət hüququnu bərpa etmək üçün mübarizə aparmış, həmçinin həmin vaxt ərzində öz torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilməmiş və gəlir əldə edə bilməmişdir. Bu isə cavabdeh orqanın qanuna zidd əməlləri nəticəsində həm mənəvi zərər vurulmasını, həm də bu əməllər nəticəsində qazanacağı haqlı və qanuni gəlirdən məhrum olduğunu açıq-aşkar göstərməkdədir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin Bakı-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində həqiqətən tikinti altına düşüb-düşməməsi, düşərsə hansı hissədə (yola və yolun mühafizə zolağına düşən torpaq sahəsinin planı, ölçüləri və koordinatları göstərilməklə) müəyyənləşdirilməmiş və araşdırma aparılmamışdır. Məhkəmə tərəfindən mübahisəli əmlak kompleksinin yerləşdiyi torpağın alınması, habelə həmin kompleksin zəbt olunması müvafiq qanunvericiliyə uyğun olaraq dövlət ehtiyacı sayılan “dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması” zərurəti ilə bağlılığının olması da işin araşdırma tələb edən hallarındandır. Halbuki “Avtomobil yolları” haqqında Azərbaycan Respublikası Qanununa görə təhkim zolağı - avtomobil yolunun yerləşdirilməsi üçün ayrilmış torpaq sahələridir; qorunma (mühafizə) zolağı-təhkim zolağına hər iki tərəfdən bitişik və avtomobil yolları üçün ayrılmış, xüsusi istifadə rejimi olan torpaq sahələridir (1-ci maddə). Həmin Qanunun 15.1-ci maddəsinə görə yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir. Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri avtomobil yollarının təsnifat göstəriciləri, perspektiv inkişafı və konkret şərait nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşin hallarından göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara əhəmiyyət verməmiş, iş materiallarında olan məktubları mötəbər sübut kimi qəbul edərək iddianı təmin etməklə kifayətlənmişdir. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin müvafiq normalarının tələbləri də yerinə yetirilməmişdir. İddia ərizəsindən göründüyü kimi, İddiaçı yolun tikinti altına düşən torpaq sahəsinə görə cavabdehə qarşı iddia qaldıraraq kompensasiya tələb etmişdir. Halbuki, İddiaçı məxsus torpaq sahəsinin yolun tikintisi altına düşüb-düşmədiyi araşdırılıb aydınlıq gətirildikdən sonra yalnız bu qənaətə gəlmək olardı. Hazırda daşınmaz əmlak, (o cümlədən torpaq) bazarında qiymətlərin aşağı düşdüyü nəzərə alınsa, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” altına düşən hissəsi 9.000 manat dəyərində qiymətə satıla biləcəyi real və ağlabatan görünmür. Həmin ərazidə layihə çərçivəsində yolun tikintisi altına düşən torpaq sahəsinə görə alan orqan tərəfindən cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən 1 kv.metr torpaq sahəsinə görə orta bazar qiyməti müəyyən edilməklə mülkiyyət sahiblərinə əlavələrlə birlikdə 30-40 manat məbləğində kompensasiya hesablanmış və əmlakın qiymətləndirməsinə dair hesabat hazırlanmışdır. Yəni həmin ərazidə hamıya eyni əsaslarla kompensasiyalar hesablanmışdır. Həmçinin həmin torpaq sahəsinin təyinatı əkin sahəsidir. Hesab edirilər ki, iddiaçıya məxsus daşınmaz əmlak qiymətləndirilmiş və qiymətləndirilmə barədə hesabat qüvvədədir. Beləliklə, qiymətləndirmə sahəsində ixtisaslaşmış "xxxx" MMC tərəfindən aparılmış iddiaçının əmlakı qiymətləndirilmiş və qiymətləndirmənin nəticəsi barədə hesabat qüvvədədir. Hazırda isə həmin hesabat iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilməmişdir. Eyni zamanda, məhkəmə təcrübəsində bu cür işlərlə əlaqədar hər hansı kompensasiya məsələsinə aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilməklə həmin ekspertizaya Maliyyə Nazirliyinin də mütəxəssisi cəlb olunur. Məlum olduğu kimi, Maliyyə Nazirliyi tərəfindən müvafiq məktubla Ali Məhkəməyə müraciət edilərək, dövlət ehtiyacları ilə əlaqədar məhkəmə işlərində Nazirliyin ekspert və ya mütəxəssislərinin iştirakının təmin edilməsi xahiş edilmişdir. Maliyyə Nazirliyinin həmin müraciətinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 09.04.2010-cu il tarixli 2-182 nomrəii məktubu i!ə rayon (şəhər) məhkəmələrinə, yerli iqtisad məhkəmələrinə və apellyasiya instansiya məhkəmələrinə tövsiyə edilmişdir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qiymətləri ilə əlaqədar mübahisələrə baxılarkən daşınmaz əmlakın qiymətləndirilməsi prosesində iştirak etmək üçün Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakını təmin etsinlər. Lakin göründüyü kimi, qeyd olunan tövsiyəyə məhkəmə tərəfindən əməl edilməmiş və iddia tələbindən kənara çıxmaqla nəticədə qeyri-qanuni qərar qəbul edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçı, cavabdeh və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı, cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2-1(118)-48/2021 saylı qərarı dəyişdirilməli, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.3694 ha torpaq sahəsinin 0.1090 ha hissəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar dövlət büdcəsi hesabına 98 100 (doxsan səkkiz min yüz) manat məbləğində kompensasiya ödənilməsi öhdəliyi Azərbaycan X6 Agentliyinin üzərinə qoyulmalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı 12.08.2006-cı il tarixli çıxarışdan görünür ki, 0,3694 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İşin hallarından görünür ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsi nəticəsində ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsi tələbi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşsə də, layihə çərçivəsində iddiaçının iddia etdiyi torpaq sahəsinə müdaxilə edilməməsi ilə əsaslandırmışdır. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəymiş maddi ziyana görə 150.000 (yüz əlli min) manat, mənəvi ziyana görə 50.000 (əlli min) manat, əldən çıxmış faydaya görə 100.000 (yüz min) manat və ödənilmiş 30(otuz) manat dövlət rüsumu olmaqla, cəmi 300030 (üç yüz min otuz) manat pul məbləğinin iddiaçının xeyrinə tutulması barədə qərar çıxarılmasını, daha sonra isə iddia ərizəsinə dəqiqləşdirmə verərək iddiaçının mülkiyyətində olmuş müvafiq torpaq sahəsi üçün 150 000 manat məbləğində kompensasiya məbləğinin tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və ekspert rəyinə əsaslanaraq hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşən hissəsinin hər bir sotuna görə 9000 manat məbləğində kompensasiya cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı qərarı o əsasla mübahisələndirmişdir ki, cavabdeh qurumdan konkret hansı məbləğdə kompensasiya ödəməli olması göstərilməmiş, qərarda mənəvi zərər və əldən çıxmış faydaya münasibətdə tələblərə hüquqi qiymət verilməmiş və əsassız olaraq rədd edilmişdir. Cavabdeh qərarı o əsasla mübahisələndirmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin Bakı-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində həqiqətən tikinti altına düşüb-düşməməsi, düşərsə hansı hissədə (yola və yolun mühafizə zolağına düşən torpaq sahəsinin planı, ölçüləri və koordinatları göstərilməklə) müəyyənləşdirilməmiş və araşdırma aparılmamış, eləcə də torpaq sahəsi qiymətləndirilərkən Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakı təmin edilməmişdir. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasnn 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifad etmək və onun barsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərar olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Qeyd edildiyi kimi cavabdeh apellyasiya şikayətində mübahisələndirilən torpaq sahəsinin yolun tikintisi altına düşüb-düşməməsinin məhkəmə tərəfindən araşdırılmadığını mübahisələndirir. Birinci instansiya məhkəməsinin 27.10.2020-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş və ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 555 saylı 01 dekabr 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqiatın aparılması üçün ekspertin, mütəxəssisin və mühəndisin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilmiş, baxış zamanı GPS ölçü aləti vasitəsilə tədqiq olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları götürülərək çöl geodeziya ölçmə işləri aparılmış, ekspert tərəfindən torpaq sahəsinin məlumatları götürülmüş və fotogörüntüləri çəkilmişdir. Çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə hüquqmüəyyənedici sənədlərə, Kompleks Yerquruluşu xəritəsinə, torpaq sahəsinin yerləşdiyi ərazinin ortofoto xəritə materiallarına və Google Earth xəritə məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmışdır. Ekspert qarşısında qoyulmuş suallar üzrə nəticələr aşağıdakı kimi müəyyən edilmişdir: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı verilmiş RX seriyalı ******* saylı Çıxarışa əsasən Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.3694 ha torpaq sahəsinin "Azəravtoyol” ASC ( yeni adı: Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyi) tərəfindən həyata keçirilən “Bilgəh- Sumqayıt” avtomobil yolunun tikintisi layihəsi çərçivəsində aparılmış inşaat işləri zamanı şimal hissəsinin zəbt olunması müəyyən edilmişdir. İddiaçı məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən Çıxarış sənədli torpaq sahəsinin bir sotunun bazar qiyməti 9000 (doqquz min) manat təşkil edir. Qeyd: Abşeron rayonu Saray qəsəbəsi və bura yaxın ərazilərdə yerləşən torpaq sahələrinin 1 sotunun daşınmaz əmlak bazarında mövcud olan qiymətlərdən və eləcə də tələblə-təklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərində qismən dəyişiklik olması istisna edilmir. Birinci instansiya məhkəməsi də iddianı qismən təmin edərkən həmin ekspert rəyinə əsaslanmış, nəticə etibarilə verilmiş rəylə torpaq sahəsinin konkret olaraq neçə sotunun zəbt olunması, həmin sahəyə görə iddiaçıya ödənilməli olan məbləğ dəqiq göstərilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.3694 ha torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşməsinin aydınlaşdırılması məqsədilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2-1(105)-357/2021 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi AR ƏMDX yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş üzrə AR ƏMDX yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətindən məhkəməyə daxil olmuş 16.09.2021-ci il tarixli **********30 saylı smeta və hesab vərəqinin təqdim edilməsi barədə məktubun məzmunu ilə müəyyən olunur ki, təqdim edilən smetada nəzərdə tutulmuş xidmət haqqı ödəniləcəyi və ödənişin təsdiqi barədə sənəd Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinə təqdim ediləcəyi təqdirdə mütəxəssis rəyinin məhkəməyə göndərilməsi təmin ediləcəkdir. Bu səbəbdən ödənişin təsdiqi barədə sənədin təqdim edilməsinin təmin edilməsi barədə məhkəmə kollegiyası tərəfindən iddiaçıya müraciət olunmuş, lakin iddiaçı tərəfindən ödənişin təsdiqi barədə sənəd təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası tərəfindən "xxxx" MMC-yə müraciət olunmuş və 555 saylı 01 dekabr 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmiş halların dəqiqləşdirilməsinə zərurət yaranması səbəbindən məhkəməyə dəqiqləşdirilmiş rəy verilməsi xahiş olunmuşdur. Məhkəməyə "xxxx" MMC-dən 12.11.2021-ci il tarixdə daxil olmuş dəqiqləşdirilmiş rəydən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı verilmiş RX seriyalı ******* saylı Çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.3694 ha torpaq sahəsinin "xxxx" ASC (yeni adı: Azərbaycan X6 Agentliyi) tərəfindən həyata keçirilən "Bilgəh-Sumqayıt" avtomobil yolunun tikintisi layihəsi çərçivəsində aparılmış inşaat işləri zamanı şimal hissəsinin zəbt olunması müəyyən edilmişdir. Belə ki, "xxxx" ASC tərəfindən həyata keçirilən "Bilgəh-Sumqayıt" avtomobil yolunun nəzərdə tutulan mübahisəli torpaq sahəsi 0.1090 ha təşkil edir. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Çıxarış sənədli torpaq sahəsinin Saray-Novxanı yolunun və yeni inşa edilən Novxanı-Xırdalan yolunun kənarında yerləşməklə 1 sotunun likvid dəyəri 8100.00 (səkkiz min yüz) manat müəyyən edilir. Rəyə həmçinin torpaq sahəsinin "Bakı-Sumqayıt- Bilgəh" avtomobil yolunun mühafizə zolağına düşən hissəsinin plan-sxemi əlavə olunmuşdur. Göründüyü kimi, iddiaçıya məxsus torpaq sahəsinin yalnız 0.1090 ha hissəsinin məhz "Bilgəh-Sumqayıt" avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşməsi sübuta yetirilmişdir. Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən məhkəməyə ünvanlanmış etirazda da bildirilmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsi işin mübahisəsiz halıdır. Lakin alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslə torpağın alınması rəsmiləşdirilməmiş və alqı-satqı müqaviləsi bağlanmamışdır. Bu səbəbdən kollegiya hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətində mübahisələndirilsə də, iddiaçıya məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinin məhz təsdiq edilmiş layihəyə əsasən, yolun tikinti altına düşməsi və bu səbəbdən torpaq sahəsində qazma işlərinin aparılması iş materialları ilə sübuta yetirilir. Belə olan təqdirdə müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən məhrum edilməsi dövlət ehtiyacı ilə əlaqədar baş vermişdir. Çünki geri alınma qanunvericiliyə görə məhz dövlət ehtiyacı hesab edilən dövlət əhəmiyyətli yolun (“Bilgəh- Sumqayıt” avtomobil yolu) çəkilməsi ilə əlaqədar baş vermişdir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən həmin Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən edilmiş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və mərhumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdirlər. Bu Qanunun 54-cü maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Dövlət ehtiyacları ilə əlaqədar alınmayla bağlı olaraq mülkiyyətində olan əmlaklarından məhrum edilmiş şəxslərə həmin əmlaka görə kompensasiyanın ödənilməli olduğu İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququndan da irəli gəlir. Belə ki, «İnsan hüquqları və X4 haqqında» Konvensiyaya əlavə 1 saylı protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi Stolyarova Rusiya Federasiyasına qarşı işdə (15711/13) qeyd etmişdir ki, Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüququna müdaxilə zamanı mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunması təmin edilməlidir. Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. Həmçinin Avropa Məhkəməsi Kozaçıoğlu Türkiyəyə qarşı işdə (2334/03) qeyd etmişdir ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir. Mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyrimütənasib müdaxilədir. Kompensasiyanın müəyyən edilməsi zamanı qiymətləndirmə sistemi ədalətli olmalıdır. Yuxarıda qeyd olunan müddəaların hazırki işə tətbiqinə münasibətdə iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətindən görünür ki, o, iddiaçıya ödənilməli olan kompensasiyanın məbləğini də mübahisələndirmişdir. İlk öncə qeyd olunmalıdır ki, apelyasiya şikayətində qeyd olunduğu kimi, həmin torpaq sahəsinin təyinatı əkin sahəsi deyil, yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsidir. Bu isə torpağın qiymətinə köklü təsir edən amillərdəndir. Kompensasiyanın ödənilməli olması ilə bağlı isə qeyd olunmalıdır ki, həmin ərazidə hamıya eyni əsaslarla kompensasiyalar hesablanması, iddiaçıya məxsus daşınmaz əmlakın qiymətləndirilməsi və qiymətləndirilmə barədə hesabatın qüvvədə olmasını qeyd edən cavabdeh inzibati orqan kompensasiya ödəməli olmasını dolayısiı ilə təsdiqləyir. Kompensasiyanın məbləğinə gəldikdə isə kollegiya qeyd edir ki, ekspert rəyində ekspert həmin ərazidə uyğun satışların müqayisəsi metodu ilə aparılmış tədqiqat nəticəsində, internet saytı məlumatlarına əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Çıxarış sənədli torpaq sahəsinin Saray-Novxanı yolunun və yeni inşa edilən Novxanı-Xırdalan yolunun kənarında yerləşməklə 1 sotunun orta bazar qiymətinin 9000.00 manat olması qənaətinə gəlmişdir. Cavabdehin digər bir dəlili torpaq sahəsi qiymətləndirilərkən Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakının təmin edilməməsi ilə bağlıdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində ekspertizanın keçirilməsi ilə bağlı təhqiqat obyektinə baxış keçirilməsi və rəy verilməsi üçün Maliyyə Nazirliyinin mütəxəssisinin iştirakının təmin edilməsi tələb olunmuş, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin məhkəməyə ünvanlanmış 17.11.2020-ci il tarixli, DX- 03/01-03-1226 saylı məktubu ilə əməkdaşın təhqiqat obyektinə baxış keçirilməsində iştirak edəcəyi bildirilmiş, lakin baxış zamanı həmin qurumun mütəxəssisi təhqiqat obyektinə baxış keçirilməsində iştirak etməmişdir. Göründüyü kimi, cavabdehin sadalanan dəlilləri əsassızdır. Beləliklə də müəyyən olunur ki, iddiaçının mülkiyyət hüququna dövlət ehtiyacı ilə əlaqədar müdaxilə baş versə də, bu zaman qanunvericiliyin tələblərinə riayət edilməmiş, alınmış sahənin əvəzində hal-hazıradək ədalətli kompensasiya ödənilməmişdir. Birinci instansiya məhkəməsi isə iddiaçıya məxsus torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə olunduğunu, torpağa ziyan dəydiyini qeyd etsə də, torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar iddianı qismən təmin edərkən ekspert rəyinə əsaslanmış, nəticə etibarilə verilmiş rəylə torpaq sahəsinin konkret olaraq neçə sotunun zəbt olunması, həmin sahəyə görə iddiaçıya ödənilməli olan məbləğ dəqiq göstərilməmiş, bu səbəbdən qismən düzgün nəticəyə gəlmişdir. İş üzrə verilmiş dəqiqləşdirilmiş ekspert rəyindən görünür ki, cavabdehin müdaxiləsi nəticəsində iddiaçıya məxsus torpaq sahəsinin 0.1090 ha hissəsi yararsız hala düşmüş və torpaq sahəsinin likvid dəyərinin 8100.00 (səkkiz min yüz) manat olduğu müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsində bu qəbildən olan işlər üzrə əmlakın bazar dəyəri anlayışı istifadə olunduğu üçün məhkəmə kollegiyası da "xxxx" MMC-nin 555 saylı 01 dekabr 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuş iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşən 0.1090 ha hissəsinin hər bir sotuna görə 9000 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsini məqsədəuyğun hesab edir. Məhkəmə kollegiyası iddiaçıya məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinin 0.1090 ha hissəsinin hər sotunun bazar dəyərinin 9000 manatdan hesablanmaqla (10,90 x 9000= 98100) 98100 (doxsan səkkiz min yüz) manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını qanuni və əsaslı hesab edir. Cavabdehin alqı-satqı müqaviləsi bağlanmaması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, torpaqların geri alınması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməməsi heç bir halda iddiaçının ziyanına şərh edilə bilməz. Başqa sözlə, bununla bağlı qanunvericiliyin tələblərinə tam riayət edilməsə də, torpağın geri alınması faktiki olaraq baş vermişdir. Bu zaman həm də nəzərə almaq lazımdır ki, qanunvericiliyin tələblərinə riayət edilməməsində iddiaçının hər hansı təqsiri olmamışdır. Ona görə də, onun kompensasiya almaq hüququ faktiki müdaxiləni həyata keçirən orqan tərəfindən təmin edilməlidir. İddiaçının mənəvi zərər və əldən çıxmış faydaya münasibətdə tələblərə hüquqi qiymət verilməməsi ilə bağlı dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman maddi ziyana görə 150.000 (yüz əlli min) manat, mənəvi ziyana görə 50.000 (əlli min) manat, əldən çıxmış faydaya görə 100.000 (yüz min) manat ödənilməsi xahiş olunsa da, iddiaçının birinci instansiya məhkəməsinə təqdim olunmuş iddia ərizəsinə dəqiqləşmə barədə ərizəsi (iş mat. səh 61) ilə iddiaçının mülkiyyətində olmuş müvafiq torpaq sahəsi üçün yalnız 150 000 manat məbləğində kompensasiya məbləğinin tutularaq ona ödənilməsi məhkəmədən xahiş edilmişdir. Bu səbəbdən həmin dəlili kollegiya əsassız hesab edir. Beləliklə, qeyd edilənləri və işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2-1(118)-48/2021 saylı qərarı dəyişdirilməli, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.3694 ha torpaq sahəsinin 0.1090 ha hissəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar İddiaçı dövlət büdcəsi hesabına 98 100 (doxsan səkkiz min yüz) manat məbləğində kompensasiya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan X6 Agentliyinin üzərinə qoyulmalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh Azərbaycan X6 Agentliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2-1(118)-48/2021 saylı qərarı dəyişdirilsin. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.3694 ha torpaq sahəsinin 0.1090 ha hissəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar dövlət büdcəsi hesabına 98 100 (doxsan səkkiz min yüz) manat məbləğində kompensasiya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan X6 Agentliyinin üzərinə qoyulsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar