Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-357/2024 10.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2-1(118)-2897/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür (AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi). Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, D-297/25 nömrəli arayışa əsasən o, xx.xx.1981-ci il tarixdə 113 nömrəli X5 Məktəbinin “Traktorçu-maşinist” ixtisasına qəbul olmuş və xx.xx.1984-cü il tarixdə həmin ixtisası əyani formada bitirmişdir. İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək AZ SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək gizir rütbəsində hərbi xidmət etmişdir. İddiaçı təqdim etdiyi ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək “Nizami” adına sovxozda sahə işçisi, xx.xx.1990-cı il tarixdə "xxxx" zavoduna çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1990-cı il tarixdə operator vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü il tarixdə mühafizə dəstəsinə gözətçi keçirilmiş, xx.xx.2010-cu il tarixədə həmin vəzifədə işləmiş, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində mühafizəçi, xx.xx.2013-cü il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də mühafizəçi işləmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 19 iyun 2020-ci il tarixdə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 08 sentyabr 2020-ci il tarixli, **********0 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ümumi iş stajı 01 yanvar 2006-cı il tarixədək 20 ildən az təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğdən az olmayan pensiya təminatı üçün qanunvericiliyə uyğun olaraq ona münasibətdə 59040,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22620,27 təşkil edir. Belə olan halda, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Daha sonra iddiaçı yenidən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh 03 mart 2023-cü il tarixli, 3-17-1/2-D-45282/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina edərək bildirmişdir ki, S.Ş.X3 təqdim etdiyi "xxxx" ASC-nin 19 iyun 2020-ci il tarixli, 02 nömrəli arayışında xx.xx.1990-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin UXП-101 sexinin 2 nömrəli qurğusunda operator işlədiyi qeyd olunmuşdur. İş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1990-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində UXП-101 sexinin 2 nömrəli qurğusunda operator, xx.xx.2001-ci il tarixdən isə mühafizə dəstəsinə gözətçi vəzifəsində işlədiyi müəyyən edilmişdir. Eyni zamanda, sözügedən müəssisədə saxlanılan ona dair sənədlərdə 1994- 2000-ci il tarixləri üzrə cəmi 01 il 02 ay 18 gün əmək haqqı ödənilmədən öz hesabına məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qeyd olunan faktlar "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli birgə akt ilə təsdiq edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan işləmədiyi dövrü (01 il 2 ay 18 gün) iş stajına daxil etmək mümkün deyil. Qeyd olunan səbəbdən İddiaçı 01 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az təşkil edir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ilk müraciət tarixi nəzərə alınmaqla, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və birdəfəyə tam ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçası məlumatlarına əsasən xx.xx.2017-ci il tarixdən, yəni 52 yaşından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün ilk dəfə xx.xx.2020-ci il tarixdə olmaqla, cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin, cavabdeh müraciətlərinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, ona məxsus əmək kitabçasında və "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 02 nömrəli güzəştli arayışda zərərli işlə bağlı stajı xx.xx.1990-xx.xx.2003-cü illər göstərilmişdir. Cavabdehin imtina məktubunda qeyd olunmuşdur ki, məlumatların yerində dəqiqləşdirilməsi zamanı onun xx.xx.1990xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində operator, xx.xx.2001-ci il tarixdən gözətçi işlədiyi müəyyən olunmuşdur. Bununla bağlı qeyd edir ki, xx.xx.2001-ci il tarixi ilə bağlı əmək kitabçasında, şəxsi vərəqəsində və T2 sənədindı hər hansı bir qeyd edilməmişdir. Əlavə olaraq 1994-2000-ci il tarixləri üzrə cəmi 01 il 02 ay 18 gün əmək haqqı ödənilmədən öz hesabına məzuniyyətdə olduğum göstərilmişdir. Bununla bağlı isə bildirir ki, xx.xx.1995-xx.xx.1996-cı il tarixlərində "xxxx" zavodunda iş, istehsal prosesi tamamilə dayandırılmışdır. Bütün işçilər (5-10% işçi və mühafizə istisna olmaqla) əmək kitabçası zavodda saxlanılmaqla, 90 %-dən çox işçi əmək müqaviləsinə xitam verilmədən öz hesabına məzuniyyətə göndərilmişdir. Bu məlumatı müəssisədə əlavə araşdırma etməklə, digər işçilərin şəxsi vərəqələrinə baxmaqla, əlavə metodlar tətbiq etməklə dəqiqləşdirmək mümkündür. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubları ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az (09 il 10 ay 19 gün (xx.xx.1990-xx.xx.2001-ci il tarixləri arasındakı dövr)) təşkil edir. xx.xx.2006-cı il tarixədək ümumi iş stajı isə 22 il 04 ay 20 gün (xx.xx.1981-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2-1(118)-2897/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi və “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim İsmayıl Quliyev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh dəlillərində iddiaçının xx.xx.1990-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" zavodunda operator, xx.xx.2001-ci il tarixdən isə mühafizə dəstəsində gözətçi vəzifəsində işlədiyini qeyd etsə də, iddiaçının əmək kitabçası, Sumqayıt Aşqarlar” ASC tərəfindən verilmiş güzəştli arayış və xx.xx.2023-cü il tarixli, 47 nömrəli arayışı və müəssisənin emissiya prospektində iddiaçıya aid məlumatların surəti iddianın əsaslı olduğunu göstərir. Cavabdehin 1994- 2000-ci il tarixləri üzrə cəmi 1 il 02 ay 18 gün ödənişsiz məzuniyyətdə olmasına dair dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə ödənişsiz məzuniyyətdə olduğu müddətin nəzərə alınmaması əsaslı olsa da, iddiaçının xx.xx.2001-ci il tarixədək həmin müəssisədə operator işlədiyi müəyyən olunduğuna, habelə cavabdeh tərəfindən istinad edilən əmr arxivdə mövcud olmadığına, bununla da tərtib edilmiş Aktın hansı sənədlərə əsaslandığı cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyinə görə məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2001-ci il tarixindən xx.xx.2003-cü il tarixədək olan dövrdə də operator işlədiyi sübut olunmuş hesab edilməlidir. Bu halda, qeyd olunan 1 il 4 ay 17 günlük dövr də nəzərə alınarsa, iddiaçının qanunvericiliklə tələb olunan 10 il güzəştli iş stajı yaranmış olur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə yazılı etiraz edərək etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi və şikayətə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “a” bəndi yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısı “İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Hazırda apellyasiya baxışının hədlərini iddianın qismən təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, hazırki iş üzrə iddia qismən təmin olunsa da, iddiaçı qərardan apellyasiya şikayəti verməmiş, iddianın təmin edilməyən hissələrini mübahisələndirməmişdir. Qərardan yalnız cavabdeh apellyasiya şikayəti verdiyi üçün məhkəmə kollegiyası qərarın əsaslılığını onun barəsində mübahisə edilən hissələri üzrə yoxlamışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Belə ki, yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 52 yaşının tamam olduğu 22 iyul 2017-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 20 il ümumi iş stajının mövcud olması 2) 1 yanvar 2006-cı il tarixədək azı 10 il güzəştli iş stajının mövcud olması. Ümumi iş stajı ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının təhsil və əmək kitabçası məlumatlarına əsasən o, xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək 113 nömrəli X5 Məktəbində “Traktorçu-maşinist” ixtisası üzrə təhsil almış, (02 il 09 ay 20 gün), xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək AZ SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş (04 il 11 ay 12 gün), xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək “Nizami” adına sovxozda sahə işçisi, xx.xx.1990-cı il tarixdə "xxxx" zavoduna çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1990-cı il tarixdə operator vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü il tarixdə mühafizə dəstəsinə gözətçi keçirilmiş, xx.xx.2010-cu il tarixədə həmin vəzifədə işləmişdir. (xx.xx.2006-cı il tarixədək 15 il 10 ay 11 gün) Beləliklə, iddiaçının hərbi xidmət və əmək fəaliyyəti dövrü ilə birlikdə xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Bu işin mübahisə edilməyən halıdır. Belə ki, cavabdeh iddia ərizəsinə etiraz, apellyasiya şikayəti və iddiaçıya verilən imtinada yalnız güzəştli iş stajını mübahisələndirmişdir. Güzəştli iş stajı ilə bağlı isə kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının xx.xx.1990xx.xx.2001-ci il tarixləri arasındakı dövr, ümumilikdə, 09 il 10 ay 19 günlük müddət cavabdeh tərəfindən mübahisələndirilməyərək güzəştli iş stajı kimi qəbul edilmişdir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1990-cı il tarixdə "xxxx" zavoduna çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1990-cı il tarixdə operator vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü il tarixdə mühafizə dəstəsinə gözətçi keçirilmişdir. Həmçinin, "xxxx" zavodu tərəfindən verilmiş 19 iyun 2020-ci il tarixli, 02 nömrəli güzəştli arayışdan da onun xx.xx.1990-cı il tarixdən xx.xx.2001-ci il tarixədək UXP-101 sexinin 2 nömrəli qurğusunda operator işlədiyi görünür. İddiaçının işlədiyi operator peşəsinin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması ilə bağlı kollegiya qeyd edir ki, həqiqətən də, həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin 11000000—10065 kodu ilə (bütün adlarda aparatçılar) güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid edilmişdir. Cavabdeh dəlillərində iddiaçının iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı onun xx.xx.1990-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" zavodunda operator, xx.xx.2001-ci il tarixdən isə həmin müəssisənin mühafizə dəstəsinə gözətçi vəzifəsində keçirildiyinin, eyni zamanda, sözügedən müəssisədə saxlanılan ona dair sənədlərdə 1994-2000-ci il tarixləri üzrə 01 il 02 ay 18 günlük müddətdə əmək haqqı ödənilmədən öz hesabına məzuniyyətdə olduğunun müəyyən edildiyini bildirmiş, qeyd olunanlara əsasən vəzifə uyğunsuzluğu olan xx.xx.2001-xx.xx.2003-cü il tarixləri arasındakı dövrü və ödənişsiz məzuniyyət dövrünü güzəştli iş stajına daxil etməmiş, bu baxımdan, güzəştli iş stajının 10 ildən az olduğu qənaətinə gəlmişdir. Kollegiya cavabdehin həmin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İdiaçının əmək kitabçası məlumatlarında onun xx.xx.1990-cı il tarixdən xx.xx.2003-cü il tarixdən "xxxx" zavodunda operator vəzifəsində işlədiyi göstərilmişdir. Habelə, həmin müəssisə tərəfindən verilmiş 19 iyun 2020-ci il tarixli, 02 nömrəli güzəştli arayışdan da onun həmin dövrlərdə UXP-101 sexinin 2 nömrəli qurğusunda operator işlədiyi müəyyən edilir. "xxxx" ASC tərəfindən iddiaçıya dair tərtib edilmiş 86/03 nömrəli şəxsi kartada isə iddiaçının müəssisənin xx.xx.2001-ci il tarixli, 100/ŞH nömrəli əmrinə əsasən DMD-nə müvəqqəti olaraq nəzarətçi vəzifəsinə keçirildiyi, xx.xx.2003-cü il tarixli, 41/ŞH nömrəli əmrinə əsasən isə daimi olaraq gözətçi vəzifəsinə keçirildiyi göstərilmişdir. Şəxsi kartada iddiaçının "xxxx" zavodunda işlədiyi dövrdə xx.xx.2001-ci il tarixdən nəzarətçi vəzifəsinə keçirildiyi qeyd edilsə də, əmək kitabçasında bununla bağlı hər hansı qeyd edilməmiş, sözügedən vəzifəyə keçirilməsinə əsas olan xx.xx.2001-ci il tarixli, 100/ŞH nömrəli əmr göstərilməmişdir. Həmçinin, qeyd olunan əmrlə bağlı "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış 06 noyabr 2023-cü il tarixli arayışdan, həmçinin, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq həmin müəssisənin 02 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt Aşqarlar” zavodu özəlləşdirilərək zavodun bazasında Sumqayıt Aşqarlar” ASC yaradılmış, 1990-2001-ci il aralığında vətəndaşlara məxsus kadrlar üzrə əmrlər, mühasibat sənədləri və s. ASC-yə təhvil verilməmişdir. Bu baxımdan, sözügedən xx.xx.2001-ci il tarixli, 100/ŞH nömrəli əmrin təqdim edilməsi mümkün olmamışdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Habelə, “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, həm iddiaçının işlədiyi dövrdə, həm də hazırda qüvvədə olan qanunvericiliyin tələbinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Mübahisələndirən xx.xx.2001-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər ərzində də iddiaçının "xxxx" zavodunda operator vəzifəsində işləməsi haqqında qeydlər əmək kitabçasında göstərilmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bununla bağlı, iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasının mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, qeyd olunan maddənin tələbləri baxımından, əmək kitabçası, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər olunmalı və həmin kitabçada nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Odur ki, iddiaçının xx.xx.2001-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlərdə işlədiyi 01 il 04 ay 17 günlük müddət, cavabdeh tərəfindən mübahisələndirilməyən 09 il 10 ay 19 günlük müddətlə birgə iş stajına daxil edildiyi halda, iddiaçının 01 yanvar 2006-cı il tarixədək 10 ildən artıq güzəştli iş stajına malik olduğu görünür. Hətta qeyd olunan dövr iş stajına daxil edilməsə belə, işdən iddiaçının 01 yanvar 2006-cı il tarixədək 10 ildən artıq güzəştli iş stajına malik olduğu müəyyən edilir. Belə ki, "xxxx" ASC tərəfindən verilmiş 19 iyun 2020-ci il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək müxtəlif aralıqlarla, cəmi 1 il 2 ay 26 günlük müddət ərzində ödənişsiz məzuniyyətdə olmuşdur. Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Həmin normanın tələbindən göründüyü kimi qanunamüvafiq qaydada verilən ödənişsiz məzuniyyətin maksimal müddəti 6 ayadək müəyyən edilmişdir. Eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının icraatında olmuş 2-1(102)-1394/2021 nömrəli analoji işdən görünür ki, həmin iş üzrə iddiaçı X2 1998ci il 12 yanvar tarixdən 2008-ci il 25 avqust tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. Kassasiya instansiya məhkəməsi ödənişsiz məzuniyyət dövrünün sosial sığorta stajına daxil edilməsi məsələsi ilə bağlı Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə istinad edərək işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin, kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə biləcəyini qeyd etmiş, bu səbəbdən, ödənişsiz məzuniyyət dövrünün 1998-ci il 12 yanvar tarixdən başlayan ən çoxu ilk altı ayını qanuna uyğun hesab etməklə iddiaçının əmək stajına aid edilə biləcəyi qənaətinə gəlmişdir. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrün 1994-cü il aprel ayından ilk 6 ayı onun ümumi və eyni zamanda güzəştli iş stajına daxil edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayətinin dəlilləri əsassızdır. İşin sadalan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçının 52 yaşının tamam olduğu 22 iyul 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2-1(118)-2897/2023 nömrəli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.