Məhkəmə qərarları › İş №2-1(105)-357/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-357/2025

01.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-357/2025 01.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə (Abşeron Rayonu İcra və Probasiya Şöbəsi) qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə (Abşeron Rayonu İcra və Probasiya Şöbəsi) qarşı “Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin 4 ilə yaxın müddət ərzində icra olunmadığına görə Abşeron rayon İcra və Probasiya şöbəsindən ona dəymiş maddi ziyana görə 150.000 manat və mənəvi ziyana görə 10.000 manat məbləğində pul tutularaq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin e- 2-1(118)-4173/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin 4 ilə yaxın müddət ərzində icra olunmadığına görə Abşeron rayon İcra və Probasiya şöbəsindən mənə dəymiş maddi ziyana görə 150.000 manat və mənəvi ziyana görə 10.000 manat məbləğində pul tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 435/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında ona verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsinin cavabdehlər "xxxx" MMC-nin, "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi), "xxxx" MMC-nin iştirakçısı və "xxxx" MMC-nin iştirakçısının üzərinə qoyulması qət edilmişdir. Həmin icra sənədi üzrə borclu "xxxx" MMC-nin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 15 olduğuna görə icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə yönəldilmişdir. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 4 ilə yaxın müddət keçməsinə baxmayaraq icra sənədinin icra olunmasından ötrü icra məmuru tərəfindən hər hansı bir tədbir görülməmişdir. Bu 4 ilə yaxın müddət ərzində icra məmuru tərəfindən əsasız bəhanələr gətirməklə müxtəlif vasitələrlə icra sənədinin icrasından yayınmağa çalışmışdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin icra olunmaması üçün icra məmurları qanunsuz addımlar atmışlar. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru xx.xx.2022-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin Abşeron Rayon Məhkəməsinə geri qaytarılması qərara alınmışdır. Tələbkar "xxxx" MMC-nin iştirakçısı (təsisçisi) həmin qərardan şikayət verərək, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra vərəqəsi üzrə icraatının davam etdirilməsi haqqında məhkəmə qərardadı qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 435/2021 nömrəli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılması qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 8(012)-691/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından borclu X1 verdiyi şikayət ərizəsinin təmin edilməməsi və şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 8(105)-28/2023 nömrəli qərardadı ilə borclulunun şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli və onunla bağlı 27 yanvar 2023-cü il tarixli qərardadları ləğv edilmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarından "xxxx" MMC-nin iştirakçısı (təsisçisi) İddiaçı tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərardadı ilə tələbkar "xxxx" MMC-nin iştirakçısı (təsisçisi) İddiaçı tərəfindən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarından verilmiş şikayət rədd edilmişdir. Həmin qərardaddan tələbkar "xxxx" MMC-nin iştirakçısının (təsisçisi) vəkili və nümayəndəsi şikayət verərək Abşeron Rayon Məhkəməsinin 8(012)-216/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarının ləğv olunması, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 435/2021 saylı icra sənədinin icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılması barədə məhkəmə qərardadı qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(105)-59/2023 nömrəli qərardadı ilə onun şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-216/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılması qərara alınmışdır. Bundan sonra yenə də icra sənədinin icra olunması ilə bağlı dəfələrlə rəsmi qaydada ərizə ilə Abşeron rayon İcra və Probasiya şöbəsinə müraciət etmiş, lakin bu günədək müraciətinə heç bir münasibət bildirilməmişdir. Tələbkar olaraq tərəfindən edilmiş müraciətlərdən yayınmaq üçün Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən əsassız formada xx.xx.2023-cü il tarixli icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə qərar qəbul edilmişdir. Həmin qərardan tərəfindən verilmiş şikayət təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-614/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən, icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon icra şöbəsinə göndərilmişdir. Lakin bununla razılaşmayan Abşeron rayon İcra və Probasiya şöbəsinin rəisi və icra məmuru tərəfindən Abşeron Rayon Məhkəməsinin 8(012)-614/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verməkdən də çəkinməmişlər. Lakin hazırda qüvvədə olan qanunvericiliyin tələblərini də düzgün bilmədiklərinə görə məhkəmənin qərardadından şikayət vermə müddətini ötürərək, şikayət vermə formasına riayət etməmişlər. Bu səbəbdən də icra məmuru tərəfindən verilmiş şikayət Abşeron Rayon Məhkəməsi tərəfindən geri qaytarılmışdır. Lakin yenə də israrlarından əl çəkməyən icra məmuru və ona havadarlıq edən rəisi tərəfindən bu dəfə müddətin bərpası haqqında ərizə vermişlər və Abşeron Rayon Məhkəməsinin qərardadından şikayət vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(105)-27/2024 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 8(012)-614/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından borclu X3 tərəfindən verilmiş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş məhkəmə baxışından çıxarılaraq Abşeron Rayon Məhkəməsinə qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-614/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən, icra sənədi üzrə borclunun Abşeron Rayon Məhkəməsinin 8(012)-614/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından vermiş olduğu şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)- 51/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən, şikayətlərin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-614/2023 nömrəli qərardadının ləğv edilməsi, qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-251/2024 nömrəli qərardadı ilə tələbkar onun tərəfindən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarından verilmiş şikayətin təmin edilməsi, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun xx.xx.2023- cü il tarixli qərarının ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılması qərara alınmışdır. Borclu qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-88/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadına əsasən, şikayət təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-251/2024 nömrəli qərardadı ləğv edilmiş, Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından onun tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Həmin qərardadda qeyd olunmuşdur ki, “kollegiya yuxarıda sadalananları nəzərə alaraq, hesab edir ki, "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) vəzifəsindən azad olunduğundan, icra sənədində göstərilən tələblər (təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında tələbkara verilməsi, iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi) onun tərəfindən hal-hazırkı vəziyyətdə icra edilməsi mümkün olmadığından, Abşeron rayon İcra və Probasiya şöbəsi düzgün olaraq “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə istinad edərək, icra sənədini ona münasibətdə geri qaytarmışdır. Kollegiya hesab edir ki, yuxarıda qeyd olunan hal “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-18-ci maddələrində nəzərdə tutulmadığından və icra sənədi üzrə icraatın dayandırılması üçün əsaslar mövcud olmadığından, icra məmuru tərəfindən xx.xx.2023-cü il qərarın çıxarılması mövcud vəziyyətə uyğun olmuşdur. Lakin kollegiya eyni zamanda qeyd ki, mövcud qərardad həmin icra sənədinin MMC-yə aid hissədə yenidən icraya yönəldilməsinə mane olmur”. Bundan sonra tərəfindən ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət olunmuş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021- ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsininn yenidən icraya yönəldilməsi xahiş olunmuşdur. Abşeron Rayon Məhkəməsi tərəfindən verilən şifahi məlumata əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsi üzrə icra vərəqəsi 2024-cü ilin avqust və oktyabr aylarında iki dəfə icraya yönəldilmiş, lakin Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən İcra haqqında qanunun 7 və 9-cu maddələrinə əsasən qərarsız formada geri qaytarmışlar. Sonuncu dəfə müraciətinə Abşeron rayon icra şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilir ki, “Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi icra məmurunun xx.xx.2023- cü il tarixli qərarı ilə “İcra haqqında” qanunun 70.4-cü maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinə qaytarılmış və qərar tərəflərə rəsmi olaraq göndərilmişdir. Həmin qərar tələbkar tərəfindən mübahisələndirilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-88/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Bu hissə ilə bağlı yuxarıda da qeyd olunduğu kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-88/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında qeyd olunmuşdur ki, “lakin kollegiya eyni zamanda qeyd edir ki, mövcud qərardad həmin icra sənədinin MMC-yə aid hissədə yenidən icraya yönəldilməsinə mane olmur”. Bu səbəbdən də tərəfindən ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət olunmuş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 435/2021 saylı qətnaməsinin yenidən icraya yönəldilməsi xahiş olunmuşdur. Tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsinin yenidən icraya yönəldilməsi ilə bağlı edilmiş müraciətinə Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli cavab məktubunda bildirilir ki, “Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsi xx.xx.2024-cü il tarixdə yenidən icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli 17/75298592/2V saylı məktubunda icra məmurunun “İcra haqqında” qanunun 70.4-cü maddəsinə əsasən icra sənədini xx.xx.2023-cü il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinə qaytarılmışdır” Hazırda Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsi "xxxx" MMC-yə münasibətdə icra olunmamış qalmaqdadır. Hazırda onun mülkiyyətində olan əmlakların talanması ilə bağlı Sabunçu rayon prokurorluğunda cinayət işinin istintaqı davam edir və həmin iş üzrə ona məlum olmuşdur ki, "xxxx" MMC-nin təsisçiləri və MMC-nin direktoru tərəfindən ünvan 2 ünvanlayaraq bildirmişdir ki, "xxxx" MMC 2011-ci ildən şəhərdaxili və şəhərlərarası sərnişin daşıma fəaliyyəti ilə məşğuldur. Şəhər daxilində olan 113, 208 və 209 nömrəli marşurutlar Bakı Nəqliyyat Agentliyi tərəfindən "xxxx" MMC-yə müvəqqəti istismara verilmişdir. Tabeliyində olan "xxxx" MMC-nin balansında 20 ədəd 2018-ci il buraxılışi KARSAN ATAK, 8 ədəd 2013-cü il buraxılış DAEWOO BS090 və 24 ədəd 2009-cu il buraxılış DAEWOO BS090 mövcuddur. "xxxx" MMC-nin maddi-texniki bazasının daha da inkişafı üçün, "xxxx" MMC-də istismarda olan 113, 208 və 209 nömrəli marşrutların "xxxx" MMC-yə istismara verilməsinə etiraz etmir və bu məsələdə köməklik göstərməyi Sizdən xahiş edir.” Belə ki, məktubunun məzmunundan da görünür ki, "xxxx" MMC-nin direktoru Bakı Nəqliyyat Agentliyinə müraciət edərək təsisçisi olduğu MMC-nin istifadəsində olan avtobus xəttlərinin onun məlumatım olmadan başqa bir müəssiyəyə istismara verilməsini xahiş edir. Həmçinin məktubda, qeyd edir ki,“Mən, rəhbərlik etdiyim Cəmiyyət və Bakı şəhərində yaşayan bir sakin kimi, Sizə öz minnətdarlığımı bildirirəm”. Bütün bunları qeyd edən direktor sonradan məhkəməyə müraciət etmiş direktor vəzifəsindən azad olunmasını xahiş etmiş və icra şöbəsinə məktub vasitəsilə ünvanladığı müraciətlərində qeyd edir ki, “MMC-də formal olaraq direktor vəzifəsində olmuş və müəssisənin idrəçiliyənə qarışmamış, heç nədən xəbəri yoxdur”. Bu qeyd olunan formal izahatlar əsasında icra məmuru qanunsuz formada Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədini geri qaytarmaq qərarına gəlmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi icra edilmək üçün icra şöbələrinə göndərilən vaxtdan, MMC-nin 79 ədəd avtobusunu, digər əmlakını və külli miqdar məbləğdə pul vəsaitini mənimsəmiş borclu tərəf, məsuliyyətdən yaxalarını qurtarmaq üçün hər cür qanunsuz yollara əl atmaqla bərabər İcra şöbələrinin aidiyyəti icra məmurlarının və icra şöbələrinin rəislərinin də himayədarlığından kənarda qalmamışlar. İcra sənədinin icra olunmaması səbəbindən "xxxx" MMC-nin digər təsisçiləri və direktoru ilə onun arasında olan məhkəmə mübahisəsi artıq 4 ilə yaxındır ki, davam edir. Qeyd olunan icra sənədi icra olunmadığına görə MMC-nin balansında olan əmlaklar ondan xəbərsiz satılmış, bununla bağlı ona heç bir sənəd təqdim olunmur və yekunda sahibkarlıq fəaliyyətindən əldə edəcəyi gəlirdən də məhrum olur. Nəticədə icra məmurunun hərəkətsizliyi səbəbindən müəssisənin fəaliyyəti 2022-ci ildə dayandırılmış və hazırda fəaliyyət göstərə bilmir. Müəssisə fəaliyyət göstərdiyi müddət ərzində Bakı şəhərində fəaliyyətdə olan avtobus xəttlərinin dəyəri 100.000 manatla dəyərləndirilirdi. Həmin avtobular təsisçilər və direktor tərəfindən onun heç bir imza, razılığı olmadığı halda yüksək məbləğlərə satılmışdır və bundan xəbəri olmaması külli miqdarda ziyan dəyməsi ilə nəticələnmişdir. Bu illər ərzində həmin avtobus xəttlərinin taleyi ilə bağlı məlumat əldə etməkdən məhrum olunmuşdur. Nəticədə digər təsisçilər və müəssisəsnin direktoru bütün avtobus xəttlərini qanunsuz formada satmışlar və bunları məndən gizlətmişlər. Hazırda isə günahkar olan həmin şəxslər icra məmuru ilə əlbir olaaraq satılan avtobus xəttlərinin satışı ilə əlaqədar və digər tələb olunan sənədlərin ona təqdim olunmasından yayınırlar. Göründüyü kimi, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru dövlətin adından çıxarılan qərarın icra olunmasından birmənalı şəkildə yayınır. Necə ola bilər ki, dövlət büdcəsindən əmək haqqı alan bir məmur öz vəzifə səlahiyyətlərini icra etməsin və ona rəhbərlik edənlər də bunun üçün münbit şərait yaratsınlar?! Necə ola bilər ki, icra məmuru 4 ilə yaxındır ki, məhkəmə tərəfindən qəbul olunan qərarın icra olunmaması üçün bütün qanunsuz yollara əl atır və ona rəhbərlik edən yuxarı rəisləri həmin icra məmurunu cəzalandırmırlar?! Bütün bunlardan belə qənaətə gəlmək olar ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsinin icra olunmamasında həm Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru, həmdə ona birbaşa rəhbərlik edən rəisi maraqlıdırlar?! Bununla bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirinin adına, İcra Xidmətinə yazılı qaydada müraciət olunmasına baxmayaraq nə icra məmuru icra sənədi üzrə borclular barəsində hər hansı bir tədbir görür, nə də icra məmuruna birbaşa rəhbərlik edənlər icra məmurunun qanunsuz fəaliyyətirndən çəkindirmək üçün hər hansı bir addım atırlar. O da Azərbaycan Respublikasının hüquqları icra məmuru tərəfindən tapdanılan bir vətəndaşı olaraq hüquqlarımın tapdalanmasına göz yuma bilmir və buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən də yuxarıda qeyd etdiklərinin ətraflı şəkildə araşdırmasını və icra məmurunun dövlətin adından çıxarılan qərarın icra etməməsinin səbəblərini, maraqlarını araşdırılmasını xahiş edir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədi Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru və Abşeron rayon İcra və Probasiya şöbəsinin rəisi tərəfindən qəsdən icra olunmadığına görə onun barəsində ciddi tədbirlər görülməli və icra sənədinin 4 il ərzində mənə dəymiş ziyan icra məmuru tərəfindən ödənilməlidir. İcra sənədinin icra olunmaması səbəbindən "xxxx" MMC-nin digər təsisçiləri ilə onun arasında olan məhkəmə mübahisəsi artıq 4 ilə yaxındır ki davam edir. Qeyd olunan icra sənədi icra olunmadığına görə MMC-nin balansında olan əmlaklar ondan xəbərsiz satılır, bununla bağlı ona heç bir sənəd təqdim olunmur və nəticədə mən sahibkarlıq fəaliyyətindən əldə edəcəyi gəlirdən də məhrum olur. Nəticədə icra məmurunun hərəkətsizliyi səbəbindən müəssisənin fəaliyyəti 2022-ci ildə dayandırılmış və hazırda fəaliyyət göstərə bilmir. Görünən odur ki, icra məmurunun digər təsisçilərlə əlbir olması müəssisənin müflisləşməsi ilə nəticələnəcəkdir. Bütün bu sadalananlarla bağlı icra məmuruna dəfələrlə müraciət olunmuş, lakin icra məmuru heç bir müraciətinə məhəl qoymamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə məktubla Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru və Abşeron rayon İcra və Probasiya şöbəsinin rəisinə müraciət edərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı icra sənədinin tərəfinizdən 4 il ərzində qəsdən icra olunmadığına görə ona dəymiş maddi ziyana görə 150.000 manat və mənəvi ziyana görə 10.000 manat məbləğində pul məbləğinin ona ödənilməsini tələb etmiş. Lakin nə icra şöbəsinin rəisi, nə də icra məmuru həmin məktuba heç bir münasibət bildirməmişlər. Həmçinin Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 saylı qətnaməsi 4 ilə yaxın müddət ərzində icra olunmadığına görə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru və Abşeron rayon İcra və Probasiya şöbəsinin rəisi hərəkətlərində korrupsiyanın əlamətlərinin olub olmaması, korrupsiya faktının mövcudluğu araşdırılmalı və onun barəsində qanununda nəzərdə tutulan ən ağır tədbir görülməlidir. Belə icra məmuru barəsində ən ağır tədbir görülməzsə ümumiyyətlə dövlətin adından çıxan qərarlar icrasız qalacaq və onunla yanaşı digər vətəndaşlar da bundan zərər görəcəklər. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-4173/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Aynur Axundova). İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 1.1. Həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarının prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun Maddə 26. İcra sənədlərinin icrasına nəzarət İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respulikası Konstitusiya məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il traixli Qərarının məzmununda qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını, işdə iştirak edən şəxsin izahatını dinləyib və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi icra sənədinin icra edilməməsi nəticəsində iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının tələbi təmin edilmiş, daha sonra həmin qətnamə əsasında tərtib edilmiş icra sənədi icra olunması üçün müvafiq icra şöbəsinə göndərilmişdir. Qeyd edilən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, icra sənədi üzrə icra hərəkərlərinin həyata keçirilməsi ilə bağlı tərəflər arasında bir sıra mülki məhkəmə icraatı qaydasında baxılmış məhkəmə mübahisələri olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, icra məmurunun müvafiq qərarı ilə həmin icra sənədi yalnız bir borclu şəxsə münasibətdə icrası qeyri-mümkün olması əsası ilə icra sənədi vermiş məhkəməyə geri qaytarılmış, digər borclu şəxslərə münasibətdə icra sənədi müvafiq icra şöbəsinin icraatında olmaqla, icra hərəkətlərinin həyata keçirilməsi davam etdirilir. İndiki halda iddiaçının hüquqi marağı qeyd edilən icra sənədinin uzun müddətdir icra edilməməsi və bu halın icra məmurunun hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi kimi hallara istinad edərək, icra sənədinin icra edilməməsi nəticəsində ona maddi və mənəvi ziyan vurulduğunu bildirərək, hazırki iddia tələbini irəli sürmüşdür. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən qəbul edilmiş məhkəmə aktı əsasında verilmiş icra sənədinin vaxtında və lazımi qaydada icra edilməsi, icra sənədinin icrasının təmin edilməsinə yönəlmiş qanunla müəyyən edilmiş qaydada icra hərəkətlərinin həyata keçirilməsinə nəzarət məhz icra sənədini vermiş müvafiq məhkəmə tərəfindən həyata keçirilir. İndiki halda iddiaçının istinad etdiyi icra sənədi mülki məhkəmə icraatı qaydasında baxılan tələblə və həmin tələbə dair mülki məhkəmə icraatı qaydasında qəbul edilmiş müvafiq məhkəmə qətnaməsi əsasında verilməklə, həmin icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən şikayətə məhz mülki məhkəmə icraatı qaydasında (icra sənədini vermiş ümumi məhkəmədə) baxılmalı olduğundan, hazırki iddia tələbi inzibati məhkəmə icraatının predmeti qismində çıxış etməmişdir. Başqa sözlə desək, məhkəmə qərarının icrası məhz həmin məhkəmə qərarının qəbul edilməsi ilə bağlı aparılmış məhkəmə araşdırmasının tərkib hissəsi olmaqla, ayrıca icraat çərçivəsində deyil, məhz həmin məhkəmə qərarının icrası qaydasında baxılmalı olan məsələ kimi çıxış edir. Bu baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, icra məmurunun icra sənədi üzrə həyata keçirdiyi fəaliyyətin məhz məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi olması kimi dəyərləndirmiş, habelə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7,10,24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2015-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə və icra haqqında qanunvericilik normalarının tələbinə istinad etmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, hazırki iddia tələbi inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələb olmadığından, iddia mümkün sayılmamalıdır. Həmçinin,kollegiya onu qeyd edir ki, iddiaçı başqa məhkəmə icraatı qaydasında baxılan oxşar iş üzrə eyniməzmunlu tələbə dair iddianın mümkün hesab edilməsi barədə birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edildiyini bildirmişdir. Bununla bağlı kollegiya onu qeyd edir ki, oxşar işlər üzrə vahid məhkəmə təcrübəsi məhz Azərbaycan respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş qərarlar əsasında formalaşdırılır (“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsi). Bu baxımından kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi həmin arqumenti əsassız olmuşdur. Bundan əlavə kollegiya iddiaçının istinad etdiyi şikayətin digər dəlilləri ilə bağlı onu qeyd edir ki, iddiaçı hazırki tələbinin məhz icra məmuru tərəfindən icra sənədinin icra edilməməsi nəticəsində ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı olduğunu, icra sənədinin icrası qaydasında ümumi məhkəməyə müraciətlərinin olduğunu, hazırda icra məmurunun icra haqqında qanunvericiliyin tələbinə əsasən icra hərəkətlərini həyata keçirmədiyindən, ona ziyan vurulduğundan, hazırki tələbin İPM-in 2.2.7-ci maddəsinin təsiri altına düşdüyünü bildirmişdir. Bununla bağlı kollegiya onu qeyd edir ki, İPM-in 2.2.7-ci maddəsinin dispoztiv şərlərinə əsasən inzibati orqanın qanunsuz qərarları və ya hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş ziyana görə kompensasiya ödənilməsinə dair tələbin inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İndiki halda iddiaçının kompensasiya ödənilməsinə əsas olan hal kimi istinad etdiyi hallar məhz mülki məhkəmə icraatı qyadasında qəbul edilmiş məhkəmə qərarının icrası ilə bağlı hallar təşkil edir ki, həmin hallar müstəqil iddia predmetinin tərkib hissəsi kimi çıxış etməməklə, məhz icra icraatı qaydasında baxılmalı olan məsələdir. Başqa sözlə desək, icra sənədi üzrə icraatda iştirak edən şəxslər icra sənədinin icrası zamanı icra məmurunun hərəkət və ya hərəkətsizliyi nəticəsində hüquqlarının pozulduğunu ehtimal etdiyi halda, məhz həmin icra sənədini vermiş məhkəməyə icra icraatı qaydasında şikayət vermək hüququ vardır. İndiki halda da iddiaçının istinad etdiyi hallar (icra sənədinin qərəzli şəkildə icra edilməməsi və s.) məhz həmin icraat çərçivəsində araşdırılmalı olan haldır. Qeyd edilməlidir ki, İPM-in 2.2.7-ci maddəsi məhz inzibati məhkəmə icraatı qaydasında ayrıca iddia tələbi şəklində baxılması mümkün olan inzibati xarakterli mübahisəli hüquq münasibətləri ilə bağlı tələbləri özündə ehtiva edir. Həmin normanın dispozitiv şərtləri mülki məhkəmə icraatı qaydasında baxılan işlər üzrə icra icraatı qaydasında yaranmış mübahisəli hüquq münasibətlərini özündə ehtiva etmir. Bu baxımından kollegiya hesab edir ki, göstərilən hallara əsasən hazırki iddia tələbi İPM-in 2.2.7-ci maddəsinin təsiri altına düşmədiyindən, iddiaçının şikayətinin dəlilləri həmin hissədə də əsassız olmuşdur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, qanunvericilik normasının tələblərini düzgün tətbiq etmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, iddiaçının şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-4173/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar