Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-358/2021 22.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Abasov Şəmsəddin Rizalı oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Sumqayıt Bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə ayrılması üçün sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt Kimyaçılar qəsəbəsi adlandırılan ərazidə yerləşən 2700 kvadrat metr torpaq sahəsi ilə bağlı müvafiq rəyin hazırlanaraq Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2-1(118)-332/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Sumqayıt Bələdiyyəsi ilkin olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, “Sumqayıt Bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə ayrılması üçün sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt Kimyaçılar qəsəbəsi adlandırılan ərazisində yerləşən 2700 kvadrat metr torpaq sahəsi ilə bağlı müvafiq rəyin, torpağın kateqoriyasına dair məlumatın, torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, vətəndaş X11 ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi adlandırılan ərazisində sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə 2700 kvadrat metr torpaq sahəsinin qüvvədə olan torpaq qanunvericiliyinə uyğun şəkildə istifadəsinə verilməsini xahiş etmişdir. Sumqayıt Bələdiyyəsi tərəfindən aparılmış araşdırmalar nəticəsində ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı hər hansı məhdudiyyətlər və yüklülüklər müəyyən olunmadığından, bələdiyyə hərracın (müsabiqənin) keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasını məqsədəuyğun hesab etmişdir. Bu məqsədlə Sumqayıt Bələdiyyəsinin müvafiq müraciəti əsasında Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 30.11.2016-cı il tarixli, 158 saylı rəy verilərək torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Bundan sonra Sumqayıt Bələdiyyəsi tərəfindən müvafiq olaraq 21 iyul 2017-ci il tarixli, 2042 saylı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş və göstərilmiş torpaq sahəsinə dair müvafiq rəyin və torpaq sahəsinin kateqoriyası barədə məlumatların Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi xahiş edilmişdir. Lakin sonuncu 17 oktyabr 2017-ci il tarixli, **********59 saylı məktubla cavab verərək ƏMDK-nın 5 saylı Ərazi şöbəsinin guya həmin torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə rəyinə əsaslanaraq adı çəkilən sənədlərin verilməsindən imtina etmişdir. Bu zaman cavabdeh nə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş və mübahisələndirilən torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olduğunu təsdiq edən torpaqayırma sənədlərinə əhəmiyyət verməmiş, nə də torpağın dövlət mülkiyyətində olduğunu təsdiq edən hər hansı hüquq müəyyənedici sənədlərin surətlərini bələdiyyəyə təqdim etməmişdir. Halbuki, müvafiq qanunvericilik aktlarına uyğun olaraq bələdiyyə torpaqları, o cümlədən -mübahisələndirilən torpaq sahəsi də 2001-ci ildə rəsmi şəkildə tərtib edilmiş protokol, akt və digər torpaqayırma sənədlərinə əsasən Sumqayıt Bələdiyyəsinə təhvil verilmiş və həmin dövrdə qüvvədə olmuş qanun normalarına əsasən müvafiq qaydada xəritələşdirilərək keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində dövlət torpaq reyestrində və dövlət torpaq kadastrında dövlət qeydiyyatından keçmişdir. Həmin sənədlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduqdan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzində saxlanılır. Bu səbəbdən hesab edirlər ki, cavabdehin mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaması və guya xəritənin mövcud olmaması barədə fikirləri əsassızdır. Sözügedən torpaq sahəsi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına görə Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş, müvafiq qaydada xəritələşdirilmiş və hal-hazırda bələdiyyə mülkiyyətindədir. Bu səbəbdən cavabdehin Sumqayıt Bələdiyyəsinin tələb etdiyi sənədləri verməkdən imtina etməsini əsassız sayır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-36/2019 saylı, 03 yanvar 2019-cu il tarixli qərarı ilə iddianın təmin edilməsi, Sumqayıt Bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə ayrılması üçün sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi adlandırılan ərazisində yerləşən 2700 kvadrat metr torpaq sahəsi ilə bağlı müvafiq rəyin, torpağın kateqoriyasına dair məlumatın, torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilmişdir. Həmin qərardan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 təşkili üzrə Dövlət Agentliyi apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 22 aprel 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 təşkili üzrə Dövlət Agentliyinin apellyasiya şikayəti mümkün sayılmamış, apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Qeyd edilən qərardaddan sonra Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 təşkili üzrə Dövlət Agentliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-36/2019 saylı, 08.08.2019-cu il tarixli Qərardadı ilə ərizə təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli, 2-1(105)-669/2019 saylı qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə 08 avqust 2019-cu il tarixli Qərardadı ləğv olunmuş, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1215/2020 saylı, 05 may 2020ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 17 dekabr 2019-cu il tarixli, 2-1(105)-669/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1364/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 təşkili üzrə Dövlət Agentliyinin 2- 1(085)-36/2019 saylı iş üzrə üçüncü şəxs qismində işə cəlb edilməsi dair ərizəsi təmin edilmiş, Sumqayıt 2-1(085)-36/2019 saylı, 08 avqust 2019-cu il qərardadı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Daha sonra ərizəçi Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi vəsatətlə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Bələdiyyəsi vəsatətini onunla əsaslandırmışdır ki, hazırki inzibati işlə bağlı ərizəçi tərəfindən məhkəməyə müraciət olunaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsi iddia tələbinə cavab verməli olan şəxs olmadığından, cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin işə cəlb olunması xahiş edilmişdir. Belə ki,’’Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001 -ci il tarixli, 548 nömrəli Fərmanının 2-ci bəndində müəyyən edilmişdir ki, həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının 08 iyun 2015-ci il tarixli, 03 nömrəli qərarı ilə təsdiq edilmiş "Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəyin verilməsi haqqında” Təlimatın 3-cü bəndində birbaşa göstərilmişdir ki, bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi şöbələri tərəfindən verilir. Həmin Təlimatın 4-cü bəndində isə qeyd edilmişdir ki,ərazi şöbələri tərəfindən rəyin verilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə əlaqələndirilməklə həyata keçirilir. Eyni zamanda tərəflərindən cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin qoyulduğu eyni xarakterli başqa bir inzibati iş üzrə məhkəmə qərarı yuxarı instansiya məhkəməsi tərəfindən məhz cavabdehin əsl olmayan tərəf olması səbəbindən ləğv olunaraq iddia mümkün sayılmamışdır. Yuxarıda sadalananlardan da göründüyü kimi, bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəyin verilməsi iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi şöbələri tərəfindən müvafiq qurmlarla, o cümlədən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə əlaqələndirilməklə həyata keçirilir. Ona görədə hesab edirlər ki, iddiaya cavab verməli orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti olduğuna və həmin orqana müraciət edilib, müvafiq imtina cavabı alındığına görə iddiaya mahiyəti üzrə baxılmalıdır. Məhkəmənin 2-1(118)-1364/2020 saylı, 27 noyabr 2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 26 fevral 2021-ci il tarixli qərardadı ilə iddia “Sumqayıt Bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə ayrılması üçün sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt Kimyaçıar qəsəbəsi adlandırılan ərazidə yerləşən 2700 kvadrat metr torpaq sahəsi ilə bağlı torpağın kateqoriyasına dair məlumatın, torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilməsi hissəsində mümkün sayılmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2-1(118)-332/2021 saylı qərarı ilə iddia təmin edilmiş, Sumqayıt Bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə ayrılması üçün sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi adlandırılan ərazisində yerləşən 2700 kvadrat metr torpaq sahəsi ilə bağlı müvafiq rəyin (bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə ilə əlaqəli müvafiq rəyin) Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. (hakim İ.Quliyev). Qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bələdiyyənin müraciətinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsinin 5 saylı ərazi şöbəsinin 12.10.2017-ci il tarixli, ********** nömrəli məktubu ilə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmadığı iddiaçıya bildirilmişdir. Məhkəmə isə qanunsuz və əsassız olaraq hazırkı qərarı ilə Əmlak Məsələləri Dövlət Xidmətini bələdiyyə mükiyyətində olmayan torpaq sahəsinin bələdiyyə tərəfindən satılması ilə bağlı rəy verilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Məhkəmə qərarında iş materiallarında olan protokol, akt və digər torpaq ayırma sənədlərindən göründüyü kimi Sumqayıt Bələdiyyəsinin torpaqlarının 2001-ci ildə müvafiq olaraq təhvil verildiyini qeyd etmişdir. Bununla əlaqədar bildirilir ki, məhkəmə müvafiq ekspertiza təyin etmədən, sadəcə protokol, akt və digər torpaq ayırma sənədlərindən bələdiyyə torpaqlarının 2001-ci ildə Sumqayıt Bələdiyyəsinə təhvil verilməsinin göründüyünə əsasən hazırkı mübahisənin predmeti olan 2700 kv.m torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını qeyd etmişdir ki, bu da tamamilə əsassız və qeyri-obyektivdir. Belə ki, iddianın predmeti olan 2700 kv.m torpaq sahəsinin bələdiyyəyə təhvil verilmiş bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin tərkibinə daxil olub-olmaması yalnız bu sahədə zəruri bilik və bacarığı olan ekspert tərəfindən müəyyən oluna bilərdi və bu sahədə müvafiq səriştəsi olmayan hakimin bunu vizual qaydada müəyyən etməsi qeyrimümkündür. Digər tərəfdən, 03.08.2017-ci il tarixində Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əməkdaşları, o cümlədən Sumqayıt Bələdiyyəsinin nümayəndəsinin iştirakı ilə “Torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə Aktı” tərtib edilmiş və həmin Akta əsasən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən 0,27 ha torpaq sahəsi dövlət mülkiyyətindədir. Qeyd edilən Akt bələdiyyənin nümayəndəsi tərəfindən də imzalanmışdır (Aktın surəti əlavə edilir). Beləliklə, mübahisənin predmeti olan torpaq sahəsinin dövlət mülkiyyətində olması Bələdiyyənin özü tərəfindən də təsdiq edilmişdir. Məhkəmə isə əsassız olaraq torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını qeyd etməklə həmin torpaq sahəsinə dair rəy verilməsi vəzifəsini Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoymuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.Əlavə etdi ki, qeyd edilən torpaq sahəsinin əsas hissəsi Sumqayıt şəhər XDS-nin müvafiq qərarı ilə “Səma” kiçik müəssisəsinə ayrılmışdır. Belə ki, sənədləşməsi tələb olunan torpaq sahəsinin həcmi 2700 kv.m, “Səma” k\m-nə ayrılmış torpaq sahəsi isə 1000 kv.m olsa da, eyni konfiqurasiyaya malikdir və k\m-ə məxsus torpaq sahəsi mübahisələndirilən torpaq sahəsinin mərkəz hissəsidir. Bu torpaqlar dövlət mülkiyyətində olan torpaqlar hesab olunur və həmin torpaqlara dair sərəncam hüququ təmsil etdiyi quruma məxsusdur. Qeyd edilən torpaq sahəsi üzərində “Səma” k\m tərəfindən təsərrüfat fəaliyyətini həyata keçirmək üçün tikililər inşa edilmişdir. Müəssisə bu gün də fəaliyyət göstərir. Qalan torpaq sahəsi isə bələdiyyə yox, dövlət torpağıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən, eləcə də gəlməməyinin səbəblərini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxs, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 təşkili üzrə Dövlət Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin olunmamalıdır. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi adlandırılan ərazidə yerləşən 2700 kv.m torpaq sahəsi ilə bağlıdır. İddiaçı bildirir ki, həmin torpaq sahəsi 2001-ci ildə rəsmi şəkildə tərtib edilmiş protokol, akt və digər torpaqayırma sənədlərinə əsasən Sumqayıt Bələdiyyəsinə təhvil verilmişdir. İddiaçı hesab edir ki, mübahisələndirilən torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğundan cavabdeh tərəfindən torpaq sahəsi ilə bağlı müvafiq rəy (bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə ilə əlaqəli) verilməlidir. Cavabdeh iddiaçının müraciətini, həmin torpaq sahəsinin dövlət mülkiyyətində olması əsası ilə təmin etməkdən imtina etmişdir. İşə baxan məhkəmə cavabdehin imtinasını əsassız saymış və hesab etmişdir ki, iş materiallarına əlavə edilmiş protokol, akt və digər torpaqayırma sənədlərindən görsənir ki, Sumqayıt Bələdiyyəsinin torpaqları 2001-ci müvafiq olaraq təhvil verilmişdir. Sumqayıt Bələdiyyəsi öz iddia ərizəsində iddiasını kifayət qədər əsaslandırmış, torpaq sahəsinin bələdiyyəyə təhvil verilməsi ilə bağlı sənədləri məhkəməyə təqdim etmişdir. Cavabdeh inzibati orqanın imtinasının əsaslı olmasını sübut etmək, mövcud prosessul qanunvericilyə əsasən onun vəzifəsidir. Lakin mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olması ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə bağlı qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddiadır. Məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub olmadığının müəyyən edilməsindən əvvəl iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir. Məhkəmə tərəflərin, müvafiq olaraq, iddia tələbi və həmin tələbə qarşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı cavabındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və mübahisənin düzgün həlli üçün iş üzrə gəldiyi nəticəni tərəflərdən fərqli əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tənzimləyən fərqli normalara istinad edə bilər. Yəni ki, məhkəmənin mövqeyi cavabdehin imtinasına bağlı olmadığı üçün cavabdehin göstərdiyi dəlillərlə məhdudlaşmır və cavabdehin aşkar mübahisələndirmədiyi halları belə xidməti vəzifəsinə görə yoxlamaq məhkəmənin vəzifəsidir. Hazırki işdən görünür ki, iddiaçı iddia ərizəsinə torpaq sahəsinin yerləşmə vəziyyəti ilə bağlı plan sxem əlavə etmiş və həmin sxemdə mübahisəli torpaq sahəsinin məhz hansı olduğu ox işarəsi ilə göstərilmişdir. Eyni zamanda iş materiallarına Sumqayıt şəhər X6 26 fevral 1993-cü il tarixli, 26 nömrəli qərarı əlavə olunmuşdur. Həmin qərardan görünür ki, Sumqayıt şəhəri X10 torpaq komissiyasının 10 nömrəli, 24 fevral 1993-cü il tarixli protokoluna əsasən, “Səma” kiçik müəssisəsinə istehsalat bazası yaratmaq üçün 1 nömrəli tikinti quraşdırma idarəsinin şərqindəki ərazidən 0,1 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Hər iki tərəfin mübahisələndirmədiyi hala görə, mübahisəsi gedən torpaq sahəsinin bir hissəsi “Səma” kiçik müəssisəsinin istifadəsindədir. Lakin işə baxan məhkəmə işin hallarının araşdırılması xidməti vəzifəsi olmasına baxmayaraq bu halı araşdırmamışdır. Məhkəmə kollegiyasının sorğusu əsasında müəyyən olunmuşdur ki, “Səma” kiçik müəssisəsi əsas fəaliyyət növü “Çınqıl və qumun hasilatı” olmaqla vergi orqanında qeydiyyatdadır və hazırda fəaliyyəti aktivdir. Müəssisənin təsis sənədləri və reyestrdən çıxarışa əsasən müəssisənin 22.11.1996-cı il tarixdə digər kommersiya hüquqi şəxs kimi qeydiyyata alındığı məlum olmuşdur. Müəssisənin istifadəsində olan torpaq sahəsinin, torpaq ayrılan zaman Sumqayıt şəhərinin Baş memarı tərəfindən tərtib olunmuş plan sxeminə vizual baxış keçirdikdə həmin ərazinin yerləşdiyi yerin iş materiallarının 10-cu səhifəsində olan - iddiaçının iddia ərizəsinə əlavə etdiyi mübahisəli torpaq sahəsinin yerləşmə vəziyyəti ilə bağlı əlavə etdiyi plan sxemdə göstərilən ərazi ilə üst-üstə düşdüyü müəyyən olunur. Beləliklə də, həm tərəflərin təsdiq etdiyinə görə, həm də iş materiallarında olan və məhkəmə kollegiyasının araşdırması nəticəsində əlavə edilmiş sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin bir hissəsi “Səma” kiçik müəssisəsinin (təsisçisi X1) istifadəsinə ayrılmış və hazırda da sonuncunun istifadəsində olan torpaq sahəsidir. Bu fakt həm də onunla öz təsdiqini tapır ki, Bələdiyyə iddia ərizəsində göstərir ki, vətəndaş X7 ərizəsi əsasında Sumqayıt Kimyaçılar qəsəbəsi adlandırılan ərazidə yerləşən 2700 kvadrat metr torpaq sahəsinin onun istifadəsinə vermək üçün müvafiq rəyin, torpağın kateqoriyasına dair məlumatın, torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq Sumqayıt Bələdiyyəsinə təqdim edilməsini xahiş edir. İş materiallarında olan 18.08.2016-cı il tarixli, 50 il müddətinə verilmiş etibarnamədən də məlum olur ki, müəssisənin təsisçisi X1 “Səma” kiçik müəssisəsinə Sumqayıt şəhər X6 1993-cü il tarixli, 26 nömrəli qərarı ilə istehsalat bazası yaratmaq üçün 1 nömrəli tikinti quraşdırma idarəsinin şərqindəki ərazidən ayrılmış 0,1 ha torpaq sahəsi üzərində sərəncam vermək hüququnu X8 etibar edir. Yenə işə əlavə edilmiş vergi uçotuna alınmış Vergi ödəyiciləri haqqında məlumatlardan görünür ki, X7 ünvanı ilə “Səma” k\m-nin hüququ ünvanı eyni ünvandır: Sumqayıt şəhəri, Bədəlbəyli küçəsi, ev 22. Yuxarıda isə qeyd edildiyi kimi həmin torpaq sahəsi “Səma” kiçik müəssisəsinin istifadəsinə Sumqayıt şəhəri X10 torpaq komissiyasının 10 nömrəli, 24 fevral 1993-cü il tarixli qərarına əsasən ayrılmışdır. Həmin dövrdə qüvvədə olmuş Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Həmin Məcəllənin 9-cu maddəsinin 2-ci cümləsinə əsasən dövlət mülkiyyətində olan torpaqları, rayon, şəhər xalq deputatları Sovetləri öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilər. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən isə müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. İstinad olunan normalardan göründüyü kimi rayon, şəhər xalq deputatları Sovetləri dövlət mülkiyyətində olan torpaqları müddətli və ya müddətsiz idarə, təşkilat və ya hüquq şəxslərin icarəsi, istifadəsinə və s. verə bilər. Yuxarıda aparılmış təhlil isə onu deməyə əsas vermişdir ki, Sumqayıt şəhəri X10 torpaq komissiyasının 10 nömrəli, 24 fevral 1993-cü il tarixli protokoluna əsasən dövlət mülkiyyətində olan mübahisələndirilən torpaq sahəsinin bir hissəsi “Səma” kiçik müəssisəsinin istifadəsinə ayrılmışdır. Hazırda isə iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi ilə bağlı prosedurlara başladığını bildirir. Kollegiya qeyd edir ki, yuxarıda aparılmış təhlillə mübahisələndirilən torpaq sahəsi bələdiyyə mülkiyyətinə ayrılmış torpaq sahəsi olmadığından, sonuncunun həmin topraq sahəsi üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi mümkün deyildir. Doğrudur, hazırda tələb olunan sahə 2700 kv.m, k\m-yə ayrılmış torpaq sahəsi isə 1000 kv.m-dir. Lakin qeyd olunan sxemlərdən, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən göründüyü kimi qeyd olunan torpaq sahələri, xüsusilə onun əsas mərkəz hissəsi üst-üstə düşür. Artıq torpaq sahəsinin isə bələdiyyə torpağı olmasını demək üçün isə mötəbər sübutlar yoxdur. Digər tərəfdən həmin artıq torpaq sahəsinin plan ölçüsü təqdim edilmədiyindən hansı ərazini əhatə etməsini də müəyyən etmək mümkün düyildir. Beləliklə də qeyd olunanlardan belə nəticə əldə olunur ki, iddiaçı Sumqayıt Bələdiyyəsi hazırki iddianı qaldırmaqda məqsədi onun balansında olmayan, üzərində müəssisə inşa edilmiş dövlət toprağının ona satılmasına nail olmaq istəyir. Dövlət mülkiyyətində olan torpaq sahəsinin satılması ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin , habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanının 1-ci bəndi ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə təsdiq edilmişdir. Həmin Fərmanın 3-cü bəndində qeyd olunmuşdur ki, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması bu Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun. İş materiallarından göründüyü kimi qeyd olunan torpaq sahəsinin əsas hissəsi Sumqayıt şəhər XDS-nin qərarına əsasən “Səma” k\m-ə ayrılmışdır. Başqa sözlə, həmin torpaq sahəsi k\m-nin qanuni istifadəsindədir. Adı çəkilən Əsasnamənin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Həmin Əsasnamənin 4-cü bəndinə əsasən özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. Yenə həmin Əsasnamənin 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər. Beləliklə də, müəyyən olunur ki, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi və həmin şəxslərin qanuni istifadəsində və ya icarəsində olan dövlət mülkiyyətində olan dövlət torpaq sahələrinin satılması həmin sahənin üstündə yerləşən müəssisənin mülkiyyətçisinə təklif edilir, əgər satın almaqdan imtina edilərsə, icarəsinə verilir, əgər icarə bağlamaqdan da imtina edilərsə, bu halda başqa şəxslərə satıla bilər. Hazırki halda isə mübahisələndirilən torpaq sahəsinə münasibətdə “başqa şəxs” kateqoriyası kimi çıxış edən iddiaçı qeyd olunan prosedur qaydalara riayət etmədən birbaşa cavabdeh tərəfindən torpaq sahəsi ilə bağlı müvafiq rəyin verilməsini tələb edir ki, qanunvericiliyə əsasən bu yolverilməzdir. Qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilə bilməzdi. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı iddiasının əsaslılığı ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın ləğvi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2-1(118)-332/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin olunmasın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-358/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-358/2021
22.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver