Məhkəmə qərarları › İş №2-1(105)-358/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-358/2025

19.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-358/2025 19.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi ilə, İddiaçı Sumqayıt şəhər X1 cavabdeh “X5” X9rşı “Sumqayıt şəhər X1 22 fevral 2023-cü il tarixli, 02 saylı qərarı ilə Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsi ərazisində yeləşən 600 kv m torpaq sahəsinin mülkiyyətə verilməsi üçün torpaq müsabiqəsinə (hərracına) çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2-1(118)-288/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər X1 22 fevral 2023-cü il tarixli, 02 saylı qərarı ilə Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsi ərazisində yeləşən 600 kv m torpaq sahəsinin mülkiyyətə verilməsi üçün torpaq müsabiqəsinə (hərracına) çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsin məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsinin ərazisində yerləşən sahəsi 600 kv m olan torpaq sahəsi X1 mülkiyyətindədir. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə sənədləşdirilməsi nəzərdə tutulmuş qeyd edilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasına dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 03 noyabr 2017-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra X3 tərəfindən müvafiq inzibati akt qəbul edilərək Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsinin ərazisində yerləşən sahəsi 600 kv m olan torpaq sahəsinin icarəyə verilməsi üçün torpaq müsabiqəsinə çıxarılması qərara alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt Ərazi Torpaq və müsabiqə və hərrac komissiyası tərəfindən 03 may 2018-ci il tarixdə keçirilmiş müsabiqənin qalibi olaraq X6 Seriya AM №005236 olan 03 may 2018-ci il tarixli 1027 nömrəsi ilə qeydiyyata alınmış Şəhadətnamə verilmişdir. Lakin torpaq sahəsini icarəsinə almış X7 ərizə ilə bələdiyyəyə müraciət edərək icarəsində olan 600 kv m torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir.X3 sözügedən müraciət əsasında müvafiq sənədləşmə işlərinə başlamış və bələdiyyənin 22 fevral 2023-cü il tarixli, 02 saylı qərarı ilə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsinin ərazisində yerləşən sahəsi 600 kv m olan torpaq sahəsinin mülkiyyətə verilməsi üçün torpaq müsabiqəsinə çıxarılması qərara alınmışdır. Adı çəkilən bələdiyyə qərarı əsasında X3 tərəfindən 03 may 2023-cü il tarixli, 84 saylı məktubla cavabdeh "X5" publik hüquqi şəxsə müraciət edilərək qeyd edilən bələdiyyə torpağının mülkiyyətə verilməsi üçün həmin torpağın təkrarən müsabiqəyə çıxarılması xahiş olunmuşdur. Lakin X1 sözügedən müraciətinə cavabdeh "X5" publik hüquqi şəxsin Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyasının sədri, eyni zamanda Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Ərazi şöbəsinin müdiri olan Rauf Binnətovun imzası ilə 12 may 2023-cü il tarixli, **********50 saylı məktubla cavab verilərək yuxarıda qeyd edilən torpaq sahəsinin müsabiqəyə çıxarılmasının məqsədəuyğun sayılmadığını bildirilmişdir. Cavabdeh torpağın mülkiyyətə verilməsi üçün müsabiqəyə çıxarılmasından imtinanı onunla əsaslandırmağa çalışmışdır ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə mülkiyyətə verilməsi nəzərdə tutulmuş 600 kv m torpaq sahəsi ilə bağlı müraciətə "Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli 274 nömrəli Fərmanının 1-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi əlavə edilməmişdir. Hesab edir ki, mülkiyyətində olan torpaq sahəsini müsabiqəyə çıxarılmaqla özgəninkiləşdirilməsi barədə bələdiyyənin müraciətindən cavabdehin imtinası tamamilə əsassız və qanunaziddir.Cavabdeh dövlət və bələdiyyə torpaqları ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının təşkili və keçirilməsi üzrə səlahiyyətli olan orqan kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsassız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüquqdan sui-istifadə etmişdir. Cavabdehin torpaq sahəsini mülkiyyət vermək üçün müsabiqəyə çıxarmaqdan imtinası həm də ona görə qanuni və əsaslı deyildir ki, sözügedən torpaq sahəsi yuxarıda qeyd edildiyi kimi, icarəyə verilməsi üçün 2018-ci ilin əvəllərində artıq torpaq müsabiqəsinə çıxarılmış və cavabdehin özü tərəfindən 03 may 2018-ci il tarixdə keçirilmiş müsabiqənin qalibi olaraq X6 Seriya AM №005236 olan 03 may 2018-ci il tarixli 1027 nömrəsi ilə qeydiyyata alınmış şəhadətnamə verilmişdir. Başqa sözlə, artıq 2018-ci ilin may ayında sözügedən bələdiyyə torpağı hərraca çıxarılmaqla həmin torpağın sahibkarlıq fəaliyyətinin həyata keçirlməsi məqsədi ilə torpaq müsabiqəsi yolu ilə istifadəyə verilməsi məqsədəuyğun sayılmışdır. Cavabdehin istinad etdiyi "Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində Əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli 274 nömrəli Fərmanından da göründüyü kimi, həmin Fərman mübahisələndirilən torpaq sahəsinin ilkin olaraq keçirilrniş və qalibi də X7 olmuş torpaq müsabiqəsindən 4 ay keçdikdən sonra çıxarılmışdır. Sözügedən torpaq sahəsinin müsabiqǝyǝ çıxarılması ilə bağlı cavabdehin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyini tələb etməsi sadalanan qanunvericilik normaları ilə ziddiyyət təşkil etməklə yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin tələbləri baxımından da X1 və X4 hüquqlarını pozur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-288/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva). Qərardad onunla əsaslandırılmışdır ki, əmlak müsabiqə və ya hərraca dövlət, yaxud bələdiyyə orqanlarının müvafiq qərarı əsasında çıxarılır. Yalnız belə qərarın qəbulundan sonra hərrac təşkilatına dövlət və ya bələdiyyə əmlakının alqı-satqısı və ya icarəyə verilməsi üçün sifariş verilir, təşkilatçı tərəfindən müvafiq hərəkətlər edilməyə başlanılır. Odur ki, belə hallara hüquq münasibətlərinin xarakteri baxımından iki pilləli münasibətlər nəzəriyyəsi tətbiq olunmalı, əmlakın müsabiqə və ya hərraca çıxarılması haqqında qərarın qəbulu və bilavasitə müsabiqə və ya hərracın keçirilməsi mərhələləri fərqləndirilməlidir. Əmlakın müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi barədə qərar inzibati akt kimi qiymətləndirilir. Hər hansı səbəbdən həmin qərarın çıxarılmasının özünün qanunsuz olduğunu iddia edən şəxslər sözügedən məsələni inzibati məhkəmə qaydasında mübahisələndirilə bilərlər. Müsabiqə və ya hərracın təşkili, keçirilməsinin şərtləri və qaydaları, eləcə də nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı mübahisələrə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. ,"İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin nömrəli Qərarına söykənərək iddia tələbinin mümkün sayılmalı olmamasına dair fikrini məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015- ci il 10 aprel tarixli 4 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 9 oktyabr 2024-cü il tarixli 9 nömrəli Qərarı ilə 6.3-cü bənd əlavə edilmişdir ki,həmin bənddə sərgilənmiş hüquqi mövqeyə əsasən dövlət və bələdiyyə əmlakının müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı yaranan mübahisələrin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən nəzərə alınmalıdır ki, musabiqə və ya hərracın keçirilməsi səbəbindən, məqsədindən, sifarişçinin kimliyindən, eləcə də müsabiqə və ya hərraca çıxarılan əmlakın mənsubiyyətindən asılı olmayaraq, hər bir halda bu cür müsabiqə və ya hərracların təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı münasibətlər mülkihüquqi xarakter daşıyır və bu münasibətlərdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X1 22 fevral 2023-cü il tarixli,02 saylı qərarı ilə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsinin ərazisində yerləşən sahəsi 600 kv m olan torpaq sahəsinin mülkiyyətə verilməsi üçün torpaq müsabiqəsinə (hərracına) çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanındaƏmlak Məsələləri Dövlət Xidməti "X5" publik hüquqi şəxsin üzərinə qoyulması barədə iddia tələbi ilə bağlı məhkəmə işi 03 iyul 2023-cü il tarixdə məhkəmənin icraatına götürülmüşdür. Uzum müddət məhkəmə araşdırması aparılmasılna baxmayaraq məhkəmə tərəfindən mübahisəyə nəticə verilməsi yubandırılmışdır və nəhayət, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında hakim Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 9 oktyabr 2024-cü il tarixli 9 saylı qərarının çıxdığını və artıq bu növ işlərin mülki məhkəmələrə aid olduğunu bildirmiş və iddianın mümkün sayılmaması barədə əsassız qərardad çıxarmışdır. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun istinad edilən Qərarının ayrıca bəndində göstərilmişdir ki, “məhkəmələrə tövsiyə olunsun ki, prosessual qənaətə nail olmaq üçün bu Qərarın qəbulu ilə yaranan aidiyyətlə əlaqədar şərtlərin dəyişməsi hallarında, icraatlarında olan mübahisələrə münasibətdə hər bir fərdi işin xüsusi hallarını və aparılmış araşdırmanın həcmini etdirsinlər”. Məhkəmənin hazırki iş üzrə aparılmış araşdırmanın həcmini,eləcə də 1 il 6 aya yaxın işin baxılması müddətini nəzərə almayaraq iddia tələbini mümkün saymaması Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun adı çəkilən 9 oktyabr 2024-cü il tarixli, 9 nömrəli Qərarına birbaşa ziddir. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkarstatusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun hüququnun təsdiq olunması faktıilə əlaqədar yaranmışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 1. bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2 İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyənhüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 2.0.6 İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 4.1 İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.5. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

““İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 №li Qərarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 09 oktyabr 2024-cü il tarixli 9 nömrəli Qərarı: 6.2. Eyni faktiki və hüquqi hallara əsaslanmaqla torpağın ayrılmasına dair inzibati akt və müqavilə bir iddiada mübahisələndirildikdə, həm inzibati aktın, həm də müqavilənin ləğvinə və ya etibarsızlığına dair işə bir icraat daxilində inzibati məhkəmələrdə baxılmalıdır. Bundan fərqli olaraq, torpağın ayrılmasına dair inzibati akt deyil, inzibati aktın özünün qanuniliyi ilə bağlı olmayan əsaslarla yalnız müqavilə mübahisələndirildikdə, işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmələr icraatlarında olan işlərə baxarkən inzibati aktın və onunla əlaqəli olan müqavilənin birlikdə və ya ayrılıqda mübahisələndirilməsi məsələsini irəli sürülən dəlilləri nəzərə almaqla tərəflərlə müzakirə etməli və prosessual qənaətə nail olmaq üçün müvafiq hüquqi yardım göstərməlidirlər. 6.3. Dövlət və bələdiyyə əmlakının müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı yaranan mübahisələrin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən nəzərə alınmalıdır ki, müsabiqə və ya hərracın keçirilməsi səbəbindən, məqsədindən, sifarişçinin kimliyindən, eləcə də müsabiqə və ya hərraca çıxarılan əmlakın mənsubiyyətindən asılı olmayaraq, hər bir halda bu cür müsabiqə və ya hərracların təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı münasibətlər mülki-hüquqi xarakter daşıyır və bu münasibətlərdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Müsabiqə və ya hərracı keçirən təşkilatın fəaliyyətini tənzimləyən ümumi hüquq sahəsinə aid edilə bilən ayrıca hüquqi aktın mövcudluğu müsabiqə və ya hərracın mülki-hüquqi xarakterini və qaliblə bağlanmış əqdlərin qarşılıqlı iradə azadlığına əsaslandığını ortadan qaldırmır. Nəzərə alınmalıdır ki, əmlak müsabiqə və ya hərraca dövlət, yaxud bələdiyyə orqanlarının müvafiq qərarı əsasında çıxarılır. Yalnız belə qərarın qəbulundan sonra hərrac təşkilatına dövlət və ya bələdiyyə əmlakının alqı-satqısı və ya icarəyə verilməsi üçün sifariş verilir, təşkilatçı tərəfindən müvafiq hərəkətlər edilməyə başlanılır. Odur ki, belə hallara hüquq münasibətlərinin xarakteri baxımından iki pilləli münasibətlər nəzəriyyəsi tətbiq olunmalı, əmlakın müsabiqə və ya hərraca çıxarılması haqqında qərarın qəbulu və bilavasitə müsabiqə və ya hərracın keçirilməsi mərhələləri fərqləndirilməlidir. Əmlakın müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi barədə qərar inzibati akt kimi qiymətləndirilir. Hər hansı səbəbdən həmin qərarın çıxarılmasının özünün qanunsuz olduğunu iddia edən şəxslər sözügedən məsələni inzibati məhkəmə qaydasında mübahisələndirilə bilərlər. Müsabiqə və ya hərracın təşkili, keçirilməsinin şərtləri və qaydaları, eləcə də nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı mübahisələrə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmələr onu da nəzərə almalıdırlar ki, bu qəbildən olan mübahisələrin aidiyyətinin müəyyənləşdirilməsinə həmçinin 6.2-ci bənddə göstərilmiş qayda tətbiq olunur.”

Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddia tələbi Sumqayıt şəhər X1 22 fevral 2023-cü il tarixli 02 saylı qərarı ilə Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi ərazisində yeləşən 600 kv m olan torpaq sahəsinin mülkiyyətə verilməsi üçün torpaq müsabiqəsinə (hərracına) çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Göründüyü kimi, inzibati məhkəmə icraatında iddianın xüsusi mümkünlük şərtlərindən əvvəl yoxlanılmalı olan ümumi mümkünlük şərti həmin iddianın predmetinin inzibati hüquq mübahisəsinə və həmin mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasına bağlı olmasıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır. Qeyd edilməlidir ki, müsabiqə və ya hərracların təşkil edilməsi, keçirilməsi, həmçinin nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı məsələlər mülki-hüquqi məsələlərə aiddir. Hal-hazırda iddiaçının apellyaisya şikayətinin dəlilləri ondan ibarətdir ki, mübahisəyə baxılması mülki məhkəməyə aid olsa da, birinci instansiya məhkəməsi prosessual qənaət prinsipi baxımından və aparılmış araşdırmanın həcmi nəzərə alınaraq işə baxılmasını başa çatdırmalı olmuşdur. ““İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 №li Qərarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 09 oktyabr 2024-cü il tarixli 9 nömrəli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, prosessual qənaətə nail olmaq üçün bu Qərarın qəbulu ilə yaranan aidiyyətlə əlaqədar şərtlərin dəyişməsi hallarında, icraatlarında olan mübahisələrə münasibətdə hər bir fərdi işin xüsusi hallarını və aparılmış araşdırmanın həcmini nəzərə almaqla həmin işlərə baxılmasını davam etdirsinlər. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə uzun müddət araşdırma aparsa da, yekun qərar qəbul etməmiş və Ali Məhkəməsi Plenumunun istinad olunan qərarı qəbul edilərkən iş birinci instansiya məhkəməsi mərhələsində baxılmaqda olmuşdur. İddiaçının dəlilləri birinci instansiya məhkəməsi tərəfindən artıq yekun qərar qəbul edildikdən sonra aidiyyətin dəyişdirilməsi hallarına tətbiq edilə bilər. Hazırki işdə isə birinci instansiya məhkəməsi tərəfindən mahiyyəti üzrə qərar qəbul edilməmiş və iddianın yenidən ümumi məhkəməyə verilməsi üçün hər hansı məhdudiyyət mövcd deyildir. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasındakı mübahisə mülki xarakterlidir, iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-288/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar