Məhkəmə qərarları › İş №2-1(105)-36/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-36/2022

01.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-36/2022 01.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi Nümayəndə2 və cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin 04.05.2018-ci il tarixli, **********149786 saylı qərarına əsasən İddiaçı üzrə aparılmış səyyar vergi yoxlaması üzrə 07.11.2019-cu il tarixli, **********178520 saylı Aktın, **********736800 saylı Tələbnamənin etibarsız hesab edilməsinə və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 20.12.2019-cu il tarixli **********195106 saylı qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə çıxarılmış Sumqayıt İnzibati Məhkəməsinin 18.05.2021ci il tarixli, 2-1(118)-81/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı iddia ərzində qeyd etmişdir ki, İddiaçı (VÖEN **********) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada fəaliyyət göstərir. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 04.05.2018-ci il tarixli, **********149786 saylı qərarına əsasən İddiaçı üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılmsı məqsədilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama 07.05.2018-ci il tarixdə başlanmış, 26.09.2019-cu il ildə başa çatdırılmışdır. Həmin səyyar vergi yoxlamasının nəticələri haqqında tərtib olunmuş 07.11.2019-cu il tarixli, **********178520 saylı aktda göstərilmişdir ki, 2017-ci il üçün mənfəət vergisi üzrə 369290,45 manat fərq aşkar edilmişdir və həmin məbləğə görə 184645,23 manat maliyyə sanksiyası tədbiq edilməlidir; 2017-ci il üzrə ƏDV-yə görə 61838,99 manat fərq aşkar edilmişdir və həmin ƏDV məbləğinə görə 36319,46 manat maliyyə sanksiyası tədbiq edilməlidir; 2017-ci il üçün ödəmə mənbəyindən tutulan vergiyə görə 4818,80 manat fərq aşkar edilmişdir və 2409,40 manat maliyyə sanksiyası tətbiq edilməlidir; 2017-ci il üçün ƏDV məbləğinin ödənilməməsinə görə 37267,66 manat maliyyə sanksiyası tədbiq edilməlidir; 2018-ci il üçün ƏDV məbləğinin ödənilməməsinə görə 3330,00 manat maliyyə sanksiyası tədbiq edilməlidir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd olunan səyyar vergi yoxlaması aktında göstərilən vergi məbləğləri və sanksiyalar tam əsasız və qanunsuzdur. Səyyar vergi yoxlamasının nəticələri haqqında tərtib olunmuş 07.11.2019-cu il tarixli, **********178520 saylı akt iddiaçıya (vergi ödəyicisinə) 11.12.2019-cu il tarixdə təqdim edilmişdir. Bu hal isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.4-cü maddəsinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.4-cü maddəsinə əsasən vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Bundan əlavə Səyyar vergi yoxlamasının nəticələri haqqında tərtib olunmuş 07.11.2019-cu il tarixli, **********178520 saylı akt xeyli sayda uyğunsuzluqlarla tərtib edilmişdir, aktın 8-ci vərəqində ümumiyyətlə iddiaçıya aid olmayan 57208,98 manat ƏDV məbləği qeyd edilmişdir. Səyyar vergi yoxlaması 07.05.2018-ci il tarixdə başlamışdır və səyyar vergi yoxlaması müddəti 3 dəfə uzadılmış, səyyar vergi yoxlaması 10 dəfə müvəqqəti dayandırılmışdır və bu uzaldılmaların və dayandırılmaların səbəbi cavabdehə bildirilməmişdir. Səyyar vergi yoxlaması üzrə 2 dəfə ekspertiza təyin edilmişdir, lakin ekspert rəyləri səyyar vergi yoxlaması aktında öz əksini tapmamışdır. Qeyd olunan və sair qanun pozuntuları ilə tərtib edilmiş akt qeyd olunduğu kimi 11.12.2019-cu il tarixdə təqdim edilməsinə baxmayaraq vergi məcəlləsi ilə müəyyən edilmiş müddətlər gözlənilmədən iddiaçının elektron kabinetinə 20.12.2019-il tarixli **********195106 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar yerləşdirilmişdir. Qərar ilə iddiaçı: 2017-ci il üçün mənfəət vergisi üzrə 369290,45 manat vergi məbləği və 184645,23 manat maliyyə sanksiyası; 2017-ci il üzrə ƏDV-yə görə 61838.99 manat vergi məbləği və 36319,46 manat maliyyə sanksiyası; 2017-ci il üçün ödəmə mənbəyindən tutulan vergiyə görə 4818,80 manat vergi məbləği və 2409,40 manat maliyyə sanksiyası; 2017-ci il üçün ƏDV məbləğinin ödənilməməsinə görə 23540,31 manat maliyyə sanksiyası; 2018-ci il üçün ƏDV məbləğinin ödənilməməsinə görə 3330,00 manat maliyyə sanksiyası olmaqla cəmi 686192,64 manat vergi məsuliyyətinə cəlb edilmişdir. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrıayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.6-cı maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. 20.12.2019-cu il tarixli **********195106 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar əsasında 46409,50 manat iddiaçının artıq ödəməsi nəzərə alınmaqla 639783,59 manat ödənilməli olan vəsaitə dair 24.12.2019-cu il tarixdə **********736800 saylı Tələbnamə təqdim edilmişdir. Tələbnamənin 24.12.2019-cu il tarixdə təqdim edilməsinə baxmayaraq 20.12.2019-cu il tarixdən iddiaçıya qanunsuz olaraq tələbnamədə qeyd olunan məbləğə faiz hesablanmaqdadır. Qeyd olunanlara əsasən iddia tələbi üzrə hesab edilir ki, cavabdeh tərəfindən tərtib edilmiş vergi yoxlamasının nəticələri haqqında 07.11.2019-cu il tarixli, **********178520 saylı Akt etibarsız hesab edilərək, həmin Akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 20.12.2019-cu il tarixli **********195106 saylı Qərar ləğv edilməlidir və Qərar əsasında tərtib edilmiş **********736800 saylı Tələbnamə müvafiq olaraq etibarsız hesab edilməlidir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Baş Vergilər İdarəsinin 07.11.2019-cu il tarixli səyyar vergi yoxlamasının nəticələri haqqında **********178520 saylı Aktından görünür ki, iddiaçının mal-material silgisinin həcmi müəyyən edilmədiyinə görə mənfəət vergisi Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən hesablanmışdır. Halbuki bütün xərc sənədləri yoxlama aparan orqana təqdim edilmişdir, lakin vergi orqanı qərəzli olaraq hesablama metodu ilə tərtib edilmiş xərc sənədlərini nəzərə almadan iddiaçının mənfəət vergisini Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən hesablamışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 73.2-ci bəndinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(118)-81/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdehin 04.05.2018-ci il tarixli, **********149786 saylı qərarına əsasən İddiaçı üzrə aparılmış səyyar vergi yoxlaması üzrə 07.11.2019-cu il tarixli, **********178520 saylı Aktın, **********736800 saylı Tələbnamənin etibarsız hesab edilməsi və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 20.12.2019-cu il tarixli **********195106 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(118)-81/2021 saylı qərarın ləğv edilməsini və cavabdehin 04.05.2018-ci il tarixli, **********149786 saylı qərarına əsasən İddiaçı üzrə aparılmış səyyar vergi yoxlaması üzrə 07.11.2019-cu il tarixli, **********178520 saylı Aktın, **********736800 saylı Tələbnamənin etibarsız hesab edilməsi və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 20.12.2019-cu il tarixli **********195106 saylı qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsində qeyd olunmuşdur ki, “Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən “Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir...” Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsində qeyd olunmuşdur ki, "... Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər.” İddia ərizəsində Vergi Məcəlləsinin 38.2-ci maddəsinə istinad edilməklə bildirilmişdir ki, “Səyyar vergi yoxlamasının 07.05.2018-ci il tarixdə başlamışdır və səyyar vergi yoxlaması müddəti 3 dəfə uzadılmış, səyyar vergi yoxlaması 10 dəfə müvəqqəti dayandırılmışdır və bu uzaldılmaların və dayandırılmaların səbəbi cavabdehə bildirilməmişdir. Səyar vergi yoxlaması 26.09.2019-cu il tarixdə başa çatdırılmışdı. Səyyar vergi yoxlaması üzrə 2 dəfə ekspertiza təyin edilmişdir, lakin ekspert rəyləri səyyar vergi yoxlaması aktında öz əksini tapmamışdır.” Lakin məhkəmə qərarının əsaslandırıcı hissəsində iddiaçı tərəfindən istinad olunan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsini rədd etmək üçün heç bir dəlil göstərilməmişdir. Azərbaycan Respublikası İPM-nin apellyasiya şikayəti vermək hüququnu tənzimləyən 81-ci maddəsinin tələblərinə əsasən, “... Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur (81.1 və 81.3-cü maddələr). Azərbaycan Respublikası İPM-nin 81-ci maddəsinin tələblərindən də aydın olur ki, inzibati məhkəmələr tərəfindən qəbul edilmiş qərarlardan verilmiş apellyasiya şikayətləri üzrə inzibati məhkəmə icraatında Mülki Prosessual Məcəllənin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq normaları özündə cəmləyən 41-ci fəslinin müddəaları tətbiq edilməlidir. Həmin fəslin 385-ci maddəsinin tələblərinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab olunur. Məhkəmə iddiaçının Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən aylar üzrə azaldılmış ƏDV məbləğinə 50 % miqdarında, yəni 36.319,46 manat maliyyə məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi barədə qərarı qanuni hesab etmişdir. Lakin, Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 58.1-1-ci maddəsində müəyyən olunmuşdur ki, “Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılması, habelə büdcəyə çatası vergi məbləğinin hesabat təqdim etməməklə yayındırılması vergi ödəyicilərinin vergi orqanına elektron formada təqdim etdikləri məlumatlar əsasında aşkar edildikdə, həmin vergi ödəyicilərinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 25 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir (Bu maddə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslərlə bağlı ediləcək dəyişikliklərlə eyni gündə qilvvəyə minir). 01.11.2016-cı il tarixdən 01.04.2018-ci il tarixədək olan dövr üzrə forma-2-lər üzrə əmək haqqının 2.350.210,0 manat olduğu göstərilmişdir. Bəyannamələrdə göstərilmiş 61.840.0 manat əmək haqqı, eyni zamanda fiziki şəxslərə müəssisə tərəfindən ödənilmiş 2.262.950.0 manat dəyərində xidmət haqqı çıxıldıqda (2.359.210.0 - 61.840.0 – 2.262.950.0) 34.420.0 manat vergiyə cəlb edilməmiş əmək haqqı 14 % həcmində vergiyə cəlb edildikdə 4.818.80 manat əlavə vergi hesablanmışdır. Eyni qaydada, iddiaçı Vergilər Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, ödəmə mənbəyindən tutulan verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 4.818.80 manat azaldılmasına görə 50% miqdarında yəni, 2.409.40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Beləliklə, vergi orqanı kimi birinci instansiya məhkəməsi tərəfindən də madd hüquq norması düzgün tətbiq edilməyərək, müəssisə tərəfindən elektron formada təqdim edilmiş ƏDV bəyannaməsi əsasında aşkar edilmiş məbləğə, yəni əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən aylar üzə azaldılmış ƏDV məbləğinə, həmçinin ödəmə mənbəyində tutulan verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 25 % miqdarında maliyyə sanksiyası tətbiq etməli olduğu halda, 50 % miqdarında cərimə tətbiq edilmişdir. Apellyasiya şikayətində iddiaçı Sumqayıt İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(118)-81/2021 saylı qərarın ləğv edilməsini və cavabdehin 04.05.2018-ci il tarixli, **********149786 saylı qərarına əsasən İddiaçı üzrə aparılmış səyyar vergi yoxlaması üzrə 07.11.2019-cu il tarixli, **********178520 saylı Aktın, **********736800 saylı Tələbnamənin etibarsız hesab edilməsi və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 20.12.2019-cu il tarixli **********195106 saylı qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNƏ CAVABDEHİN ETİRAZİ Cavabdeh apellyasiya şikayətinə etiraz verərək göstərmişdir ki, vergi orqanının 04.05.2018-ci il tarixli **********149786 nömrəli qərarına əsasən iddiaçıda 01.11.2016-cı il tarixdən 01.04.2018-ci il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar yoxlaması təyin edilmiş və həmin qərar və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış iddiaçının nümayəndəsi tərəfindən imzalanaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır. Daha sonra apellyasiya şikayətinə etiraz iddia tələbinə etirazla eyni qaydada əsaslandırılmış (i/v 42-49) və həmin etirazda nəticə etibarı ilə 07.11.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə müəssisənin mənfəət vergisi, əlavə dəyər vergisi və ödəmə məbləğindən olan vergi üzrə vergi borclarının vergi qanunvericiliyinin tələblərinə uyğun müəyyən edildiyi göstərilmişdir. Cavabdeh apellyasiya şikayətinə etirazında apellyasiya şikayətinin təmin edilməməklə Sumqayıt İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(118)-81/2021 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini və Sumqayıt İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(118)-81/2021 saylı qərarının ləğv edilməklə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə1 apelyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və Sumqayıt İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(118)-81/2021 saylı qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apeylasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 61.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqa zidd hərəkətləri (qərarları) və ya hərəkətsizliyi, habelə vergi orqanlarının vəzifəli şəxslərinin və digər işçilərinin öz vəzifələrini icra etdikdə, onların hüquqa zidd hərəkətləri (qərarları) və ya hərəkətsizliyinə, həmçinin bunların nəticəsində vergi ödəyicilərinə dəymiş zərərə görə vergi orqanları və vergi orqanlarının vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən vergi ödəyicilərinə bu Məcəllənin 61.1-ci maddəsində göstərilən hərəkətlər (qərarlar) və ya hərəkətsizlik nəticəsində dəymiş zərər məhkəmənin qərarına əsasən ödənilir. Vergi orqanları tərəfindən düzgün tutulmayan vergi, maliyyə sanksiyaları, faizlər və inzibati cərimələrin məbləğləri, vergilər üzrə borclar olmadıqda, bu Məcəllədə başqa hallar nəzərdə tutulmadıqda vergi ödəyicisinin müraciətinə əsasən 45 gün müddətində geri qaytarılmalıdır və ya gələcək ödənişlərin hesabına aid edilə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 77.4-cü maddəsinə əsasən vergi öhdəliyinə aşağıdakı hallarda xitam verilmiş hesab olunur: 1) verginin ödənilməsi; 2) verginin ödənilməsi öhdəliyinin xitam verilməsi vergilər haqqında qanunvericiliyə müvafiq olaraq ortaya çıxan hallarda, habelə qanun əsasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar silindikdə; 3) vergi ödəyicisi vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə. Vəfat etmiş və ya ölmüş hesab edilmiş şəxsin əmlak vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir; 4) bu Məcəlləyə müvafiq olaraq ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) tərəfindən büdcə ilə (büdcədənkənar fondlarla) bütün hesablaşmalar aparıldıqdan sonra vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə; 5). Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müflis olması nəticəsində ləğv edilmiş borclu vergi ödəyicisinin məhkəmənin qərarı ilə ödənilməsindən imtina edilmiş tələblər ləğv edilmiş sayıldıqda. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Həmin Məcəllənin 83.4-cu maddəsinə əsasən bu Məcəlləyə müvafiq olaraq verginin vergi bəyannaməsini vermək şərti ilə ödənilməsində, yaxud əvvəllər verginin hesablanmasında səhv olunduğunu müəyyən edildiyi hallarda, vergi orqanı qanunvericiliyə uyğun vergiləri hesablayır və sonra bu Məcəllənin 84-cü maddəsinə uyğun olaraq verginin hesablanmasına dair bildirişi 5 iş günü müddətində vergi ödəyicisinə göndərir. Vergi orqanı bu Məcəllənin 85-ci maddəsində göstərilən müddət başa çatanadək vergi məbləğini qanunvericiliklə müəyyən edilmiş qaydada hesablaya və ya əvvələr hesablanmış vergi məbləğinə düzəliş edə bilər. Həmin Məcəllənin 94.0-cü maddəsinə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda:1) vergi ödəyicisinin hesablamalarının səhv olduğu vergi orqanının; 2) vergi orqanının hesablamalarının səhv olduğu vergi ödəyicisinin üzərinə düşür. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 04.05.2018-ci il tarixli, **********149786 saylı qərarına əsasən İddiaçı üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) ziyyətinin düzgünlüyünün yoxlanılmsı məqsədilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Həmin vergi yoxlaması 01.11.2016-cı tarixdən 01.04.2018-ci ilədək olan vergi dövrünü əhatə etmişdir. İddia tələbində mübahisələndirilən 07.11.2019-cu il tarixli səyyar vergi yoxlamasının **********178520 nömrəli aktına ( i/v 53-68) əsasən İddiaçı 01.11.2016-cı il tarixdən 01.04.2018-ci il tarixədək olan fəaliyyət dövrü üzrə müəssisə tərəfindən 369290,45 manat məbləğində mənfəət vergisinin, 72638,92 manat məbləğində ƏDV-nin və 4818,80 manat məbləğində ÖMV-nin az hesablanması, 57208,98 manat məbləğində ƏDV-nin isə artıq hesablanması faktı qeyd olunmuşdur. Həmin səyyar vergi yoxlaması aktında qeyd olunanları dəqiqləşdirmək məqsədi ilə 2 dəfə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə baxmayaraq verilmiş rəylərə əsasən vergi borcunun dəqiqliyini müəyyən etmək mümkün olmamışdır. Buna görə birinci instansiya məhkəməsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər əsasında iddia tələbinə baxılıb hüquqi qiymət verilməsi məqsədə müvafiq hesab edilmişdir. Yuxarıda qeyd olunan səyyar vergi yoxlamasının aktına əsasən mənfiət vergisi aşağıdakı qaydada aparılmışdır: 2017-ci il təqdim edilmiş mənfəət vergisi bəyannaməsində dövriyyə məbləği forma-2 hesabatlarından olan dövriyyə məbləğindən 714.730,73 manat az göstərildiyi müəyyən edilmişdir. Xərc məbləğlərini müəyyən etmək mümkün olmadığından Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən müvafiq hesablama verilmişdir. Belə ki, yoxlanılan dövr ərzində 11.988.643,97 manat (ƏDV-siz) (14.146.599,88 manat ƏDV ilə) dəyərində görülmüş tikinti işlərinin 7.132.293,0 manat dəyərində olan hissəsi subpodrat təşkilatlar tərəfindən, qalan 4.856.350,97 manat dəyərində olan hissəsi isə müəssisə tərəfindən yerinə yetirilmişdir. Subpodrat təşkilatlar tərəfindən görüləcək tikinti işləri üçün mal-materiallar İddiaçı MMC tərəfindən təmin edilmiş, lakin subpodrat təşkilatların gördüyü işlərin tərkibində malmaterial silgisinin həcmini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda bilavasitə malların təqdim edilməsi ilə bağlı digər xərcləri təsdiq edən sənədlərin bir qismi yoxlamaya təqdim edilmişdir. Belə ki, 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 221.15-ci, yəni “sair xərclər” sətrində göstərilən 3.969.767,79 manat xərcin 2.262.950,60 manatının xidməti müqavilə əsasında xidmət göstərən fiziki şəxlərə edilmiş ödəmələr təşkil etməsinə baxmayaraq, yerdə qalan 1.706.817,19 manat xərc məbləğlərini təsdiq edən sənədlərin yoxlamaya təqdim edilməsi təmin edilməmişdir. Buna görə mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsaslanmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən hesablanmışdır. Həmin qərarla təsdiq edilmiş vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət müəyyən edildi. Belə ki, 2014-cü il sahibkarlıq fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti bu qaydaların 6.1.1-ci bəndinə əsasən aşağıdakı düsturla hesablandı. M1=(G1/100+R)) x R Burada: M1- vergi ödəyicisinin mənfəəti G1- vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R - şərti rentabellik normasıdır (20%) Beləliklə: (11.647.600,0:(100+20)) x 20 = 1.941.266,67 manat mənfəət müəyyən edildi. G1= 11.647.600,0 Yoxlama zamanı müəssisənin 2017-ci il dövrü üzrə müəyyən edilmiş 1.941.266,67 manat mənfəətdən 388.253,33 manat məbləğində mənfəət vergisi hesablandı. Yoxlama ilə 259.290,45 manat məbləğində əlavə mənfəət vergisi hesablanır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 369.290,45 manat azaldılmasına görə 50% miqdarında, yəni 184.645,23 manat maliyyə məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilir (i/v 56-58). Həmçinin 07.11.2019-cu il tarixli səyyar vergi yoxlaması aktına əsasən əlavə dəyər vergisi aşağıdakı qaydada hesablanmışdır. Müəssisə tərəfindən təqdim edilmiş forma-2lərdə 2017-ci il üzrə dövriyyə məbləği 11647650,2 manat olmasına baxmayaraq, müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində 11.583.275,7 manat dövriyyə məbləği göstərilmiş, nəticədə 64.374,40 manat dövriyyə fərqi yaranmışdır. Yaranmış dövriyyə fərqi 2017-ci ilin dekabr ayı üzrə ƏDV-yə cəlb edilmişdir. Müəssisə tərəfindən oktyabr 2017-ci il dövrü üzrə əvəzləşdirilmiş "xxxx" MMC-dən alınmış 30.10.2017-ci il tarixli HQ seriyalı 153432 nömrəli VHF-ya əsasən malın dəyəri, yəni 3000,0 manat ödənilmədiyindən 540,0 manat ƏDV məbləği ləğv edilmişdir. Eyni zamanda HO seriyalı 553603 seriyalı VHF-ya əsasən əvəzləşdirmə iyun 2017 dövrdə nəzərə alınsa da, iyul ayında əvəzləşdirilməli olduğundan qeyd edilən məbləğ yoxlama ilə iyul ayında əvəzləşdirilmişdir. Müəssisə tərəfindən avqust ayı ərzində "xxxx" MMC-dən (VÖEN 5********) alınmış HP seriyalı 380617 nömrəli VHF üzrə 216,60 manat ƏDV məbləği, “PLANET-LC" MMCdən (VÖEN ********** ) alınmış HP seriyalı 346650 nömrəli VHF üzrə 543,31 manat ƏDV məbləği, HP seriyalı 346651 nömrəli VHF üzrə 1750,97 manat ƏDV məbləği, RERAPİER MMC-dən (VÖEN **********) alınmış HP seriyalı 360863 nömrəli VHF üzrə 188,06 manat ƏDV məbləği, "xxxx" MMC-dən (**********) alınmış HP seriyalı 249042 nömrəli 720,0 manat ƏDV məbləği avqust ayında ödənilmədiyindən qeyd edilən məbləğlər avqust ayı 2017-ci il dövrü üzrə təqdim edilmiş ƏDV bəyannaməsindən çıxarılaraq, yoxlanılan dövrün sonuncu ƏDV bəyannaməsinə, yəni mart 2018-ci il dövrü üzrə nəzərə alınmışdır. Avqust ayı ərzində "xxxx" MMC-dən (VÖEN ********** ) alınmış HP seriyalı 296840 nömrəli VHF üzrə 1719,84 manat ƏDV məbləği, HP seriyalı 346651 nömrəli VHF üzrə 522.07 manat ƏDV məbləği ödənilmədiyindən bu vergi-hesab fakturaları üzrə əvəzləşdirmə məbləğləri ləğv edilmişdir. Eyni zamanda avqust 2017-ci il dövrü üzrə “Əlavə dəyər vergisinin bəyannaməsi”nin idxalda ƏDV-yə cəlb olunmuş mallara (işlərə, xidmətlərə) görə ödənilmiş 184.743,53 manat məbləğ hesabat dövrü ərzində müəssisə tərəfindən idxal edilmiş mallar (işlər, xidmətlər) barədə Vergilər Nazirliyinin məlumat bazasında olan məbləğdən 5.433,66 manat az əks etdirilmişdir. Qeyd edilən məbləğ yoxlama ilə bərpa edilmişdir. Eyni zamanda müəssisə tərəfindən oktyabr ayı ərzində "xxxx" MMC-dən (VÖEN **********) alınmış HP seriyalı 518447 nömrəli VHF üzrə 12,95 manat ƏDV məbləği, "xxxx" MMC-dən (VÖEN **********) HO seriyalı 934280 nömrəli VHF üzrə 411,13 manat ƏDV məbləği, "xxxx" MMC-dən (VÖEN **********) alınmış HQ seriyalı 186649 nömrəli VHF üzrə 1900.26 manat ƏDV məbləği, HQ seriyalı 186780 nömrəli VHF üzrə 2361,09 manat ƏDV məbləği, HP seriyalı 946609 nömrəli VHF üzrə alınmış 1222.21 manat ƏDV məbləği, HQ seriyalı 186834 nömrəli VHF üzrə 341.02 manat ƏDV məbləği, HP seriyalı 946610 nömrəli VHF üzrə 738,98 manat ƏDV məbləği, VELİEV" MMC-dən (VÖEN **********) alınmış HQ seriyalı 192887 nömrəli VHF üzrə 5940,0 manat ƏDV məbləği, "xxxx" MMC-dən (VÖEN **********) alınmış HP seriyalı 296021 nömrəli VHF üzrə 16912,23 manat ƏDV məbləği, “AZCARGO LOGİSTİCS SERVİCES" MMC-dən (VÖEN **********) alınmış HP seriyalı 575449 nömrəli VHF üzrə 360,0 manat ƏDV məbləği , “A.E.S.-Trading" MMC-dən (VÖEN **********) alınmış HP seriyalı 003582 nömrəli VHF üzrə 5495,85 manat ƏDV məbləği, "xxxx" MMC- dən (VÖEN **********) HP seriyalı 836668 nömrəli VHF üzrə 84,43 manat ƏDV məbləği, fiziki şəxs X1 (VÖEN **********) alınmış HP seriyalı 975619 1HF üzrə 900,0 manat ƏDV məbləği oktyabr ayında ödənilmədiyindən qeyd edilən məbləğlər oktyabr ayı 2017-ci il dövrü üzrə təqdim edilmiş ƏDV bəyannaməsindən çıxarılaraq, yoxlanılan dövrün sonuncu ƏDV bəyannaməsinə, yəni mart 2018-ci il dövrü üzrə nəzərə alınmışdır. Oktyabr ayı ərzində "xxxx" MMC-dən (VÖEN **********) HO seriyalı 934280 nömrəli VHF üzrə 148,68 manat ƏDV məbləği, "xxxx" MMCdən (VÖEN **********) alınmış HQ seriyalı 186649 nömrəli VHF üzrə 1609,74 manat ƏDV məbləği , HP seriyalı 946609 nömrəli VHF üzrə alınmış 578,00 manat ƏDV məbləği, "xxxx" MMC-dən (VÖEN **********) alınmış HP seriyalı 815498 nömrəli VHF üzrə 6426,22 manat ƏDV məbləği ödənilmədiyindən bu vergi-hesab fakturaları üzrə əvəzləşdirmə məbləğləri ləğv edilmişdir. Müəssisə tərəfindən noyabr ayı ərzində "xxxx" ASC-dən (VÖEN **********) alınmış HQ seriyalı 420642 nömrəli VHF üzrə 244,96 manat ƏDV məbləği, HQ seriyalı 420641 nömrəli VHF üzrə 1631,08 manat ƏDV məbləği, HQ seriyalı 420648 nömrəli VHF jzrə 1023,43 manat ƏDV məbləği, HQ seriyalı 420645 nömrəli VHF üzrə 1600,64 manat ƏDV məbləği noyabr ayında ödənilmədiyindən qeyd edilən məbləğlər noyabr ayı 2017-ci il dövrü üzrə təqdim edilmiş ƏDV bəyannaməsindən çıxarılaraq, yoxlanılan dövrün sonuncu ƏDV bəyannaməsinə, yəni mart 2018-ci il dövrü üzrə nəzərə alınmışdır. Beləliklə, yoxlanılan dövr üzrə 72.638,92 manat ƏDV məbləğinin azaldıldığı, 57.208.98 manat artıq hesablandığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən həmin vergi yoxlaması aktı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən aylar üzrə azaldılmış ƏDV məbləğinə 50% miqdarında, yəni 36.319,46 manat maliyyə məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif edilir (i/v 58-60). Qeyd olunan vergi yoxlaması aktında Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən müəssisə tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə müəssisəyə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 40597,66 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilir ( i/v 66). 07.11.2019-cu il tarixli səyyar vergi yoxlaması aktına əsasən ödəmə mənbəyində tutulan vergi aşağıdakı qaydada hesablanmışdır: 05.07.2019-cu il tarixli ekspert rəyinə əsasən yoxlanılan 01.11.2016-cı il tarixdən 01.04.2018-ci il tarixədək olan dövr üzrə forma-2-lər üzrə əmək haqqının 2.359.210,0 manat olduğu göstərilmişdir. Bəyannamələrdə göstərilmiş 61.840,0 manat əmək haqqı, eyni zamanda fiziki şəxslərə müəssisə tərəfindən ödənilmiş 2.262.950,0 manat dəyərində xidmət haqqı çıxıldıqda (2.359.210,0-61.840,0 -2.262.950,0=) 34.420,0 manat vergiyə cəlb edilməmiş əmək haqqı 14% həcmində vergiyə cəlb edildikdə 4.818,80 manat əlavə vergi hesablanır. Həmin aktda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli elan məbləğinə nisbətən 4.818,80 manat azaldılmasına görə 50% miqdarında, yəni 2.409,40 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təkilif edilir (i/v 61- 62) Yuxarıda qeyd olunanlardan göründüyü kimi 07.11.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə müəssisənin mənfəət vergisi, əlavə dəyər vergisi və ödəmə məbləğindən olan vergi üzrə dövlət vergi borclarının müəyyən edilməsində vergi qanunvericiliyinin tələbləri pozulmamışdur. İddia tələbində həmçinin mübahisələndirilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 20.12.2019-cu il tarixli **********195106 nömrəli qərarı isə 07.11.2019-cu il tarixli səyyar vergi yoxlaması aktına əsasən qəbul edilmişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələblərinin nəzərə alınmadığını qeyd etmişdir. Həmin maddənin tələbinə görə “...Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər”. Məhkəmə kollegiyası apellyasının şikayətinin həmin dəlilini əssasız hesab edir. Belə ki, hazırki iş üzrə keçirilmiş vergi yoxlaması “növbəti səyyar vergi yoxlaması” deyil, “növbədənkənar səyyar vergi yoxlaması” dır, bu yoxlamanın keçirilmə müddətləri isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsində nəzərdə tutulan müddətlərlə məhdudlaşmır. Bununla əlaqədar həmçinin qeyd etmək lazımdır ki, işin 76-79-cu vərəqlərində əks olunan cavabdehin 26.07.2008-ci il tarixli **********157844 nömrəli, 17.08.2018–ci il tarixli **********160476 nömrəli, 01.10.2018-ci il tarixli **********164584 nömrəli, 10.10.2018-ci il tarixli **********165488 nömrəli qərarlarında səyyar vergi yoxlamasının hansı müddətlərə dayandırılmasının (təxirə salınmasının) səbəbləri göstərilmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.4-cü maddəsinin tələblərinin pozulduğunu göstərərək vergi yoxlaması aktının bir nüsxəsinin 5 gündən gec olmayan müddətdə iddiaçıya təqdim edilməməsini göstərmişdir. Həmçinin iddia ərizəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.5-ci maddəsinə istinad olunaraq qeyd edilmişdir ki, “Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır”. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işin 69-cu vərəqində olan 07.11.2019-cu il tarixli vergi yoxlaması aktının sonuncu vərəqində qeyd olunmuşdur ki, “ vergi ödəyicisi aktla tanış olmaqdan, müvaffiq qeydlər aparmaqdan və bir nüsxəsini almaqdan imtina etdi”. Bundan əlavə işin 70-ci vərəqində olan “Səyyar vergi yoxlaması aktına baxılma haqqında” 11 dekabr 2019-cu il tarixdə tərtib olunmuş protokolda müəssisənin drektorunun 07.11.2019-cu il tarixli aktda yazılanlarla razı olmadığı, lakin təsdiqedici sənədlər, yazılı izahatlar təqdim edilmədiyi göstərilmişdir. Həmin protokol müəssisənin drektoru Səmədov Zəfər Yaqub oğlu tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, vergi orqanı tərəfindən Mənfəət vergisi, ƏDV və ÖMV üzrə hesablanmış maliyyə sanksiyası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən düzgün hesablanmışdır. Vergi Məcəlləsinin 38.3-cü maddəsinə növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. Verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, 38.3.6. cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.9. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə. Bu halda növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. Vergi Məcəlləsinin 39.1-ci maddəsinə əsasən Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(118)-81/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar