Məhkəmə qərarları › İş №2-1(105)-36/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-36/2024

06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-36/2024 06.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-199/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2021-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Döyüş əməliyyatları aparılan zaman xx.xx.1992-xx.xx.1992-ci il tarixlərdə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbindən döyüş əməliyyatları aparılan rayonlara döyüş tapşırığının icra etmək üçün ezam olunmağınız barədə arxiv sənədlərində məlumat olmadığına görə Sizə “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunur. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü vətəndaş X6 xx.xx.1999-cu il tarixli 25 nömrəli, xx.xx.1975-ci il təvəllüdlü vətəndaş Babayev Münasib (Mütənasib) Balaca oğluna xx.xx.2001ci il tarixli 116 nömrəli və xx.xx.1975-ci il təvəllüdlü vətəndaş X5 xx.xx.1999-cu il tarixli 42 nömrəli protokol ilə “Müharibə Veteranı” adı və vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı Ali Ümumqoşun Komandanlıq məktəbi rəisinin xx.xx.1992-ci il tarixli 195 №-li nizami hissə üzrə və Bakı Ali Ümumqoşun Komandanlıq məktəbi rəisinin xx.xx.1992-ci il tarixli 304 №-li döyüş hazırlığı üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək müharibə veteranı statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5254/2022 saylı, 22 fevral 2022-ci il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ilin avqust ayında Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olmuş və 1996-cı ildə həmin Məktəbi bitirmişdir. xx.xx.1996-cı ildən xx.xx.2001-ci ilə kimi N saylı hərbi hissədə tağım komandiri, xx.xx.2001-ci ildən xx.xx.2001-ci il tarixinə kimi isə N saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət etmişdir. xx.xx.2001-ci ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sənədləri qeydiyyat üçün Şamaxı Rayon Hərbi Komissarlığına göndərilmişdir. Şamaxı RHK tərəfindən xx.xx.2001-ci il tarixli ZE № ******* seriya nömrəli Azərbaycan Respublikası Silahlı qüvvələrində ehtiyatda olan zabitin hərbi bileti verilmişdir. 2015-ci ildən etibarən 2-ci (ikinci) qrup əlildir. Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində oxuyarkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonu ərazisində erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlarda iştirak etmişdir. Belə ki, Birləşmiş Komandanlıq Məktəbinin 1-ci kursunda oxuyarkən bir sıra kursant yoldaşları ilə birlikdə komandanlığın rəsmi əmri ilə xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixinə kimi Ağdam bölgəsində döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezam olunmuşdur. Bu səbəblə ona veteran adı və vəsiqəsi verilməli idi. Lakin hüquqlarını və qanunları bilmədiyi üçün uzun müddət veteran adının və vəsiqəsinin verilməsini tələb etməmidir. Son dövrdə isə bir sıra kursant yoldaşları ilə görüşərkən onlar həmin vaxt Ağdamda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı aldıqlarını və ona da veteran adının və vəsiqəsinin verilməli olduğunu bildirmişdirlər. “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün zəruri sənədləri toplamaq məqsədi ilə ilk olaraq Şamaxı RHK-na müraciət edərək qeyd edilən tarixlərdə həqiqətən Ağdam bölgəsində döyüş əməliyyatlarında iştirak etdiyini təsdiq edən sənəd verilməsini tələb etmişdir. Onlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçının adına olan Xidmət Siyahısında iddiaçının həqiqətən də həmin tarixlərdə Ağdam bölgəsində döyüş əməliyyatlarında iştirak etdiyi barədə qeydin olduğunu, lakin imza və möhür olmadığına görə bu barədə sənəd verə bilməyəcəklərini, ona görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməli olduğunu bildirmişdirlər. O bununla bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müraciət etmişdir. Həmin qurum tərəfindən göndərilən xx.xx.2020-ci il tarixli 9/2-8400 saylı cavab məktubunda “Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi rəisinin xx.xx.1992-xx.xx.1992- ci il tarixli nizami hissə üzrə əmrlərində döyüş əməliyyatlarında iştirak etməyiniz barədə məlumat aşkar edilməmişdir” bildirilmişdir. Halbuki Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərtib etdiyi onun adına olan Xidmət Siyahısının “Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə və müharibədə işitrakı” adlı 11-ci qrafasında “Ağdam bölgəsində döyüş əməliyyatlarında iştirak etmişdir. Əsas: AZ. Res. BQR-in sərəncamı. xx.xx.1992, xx.xx.1992” sözləri qeyd edilmişdir. Həmçinin həmin vaxt o, başqa kursant yoldaşları ilə birlikdə həmin döyüş əməliyatlarında iştirak etmiş və onlar da məhz həmin döyüşdə iştiraklarına görə müharibə veteranı adı və vəsiqəsi almışdırlar. Onlar da onunla birlikdə həmin tarixlərdə Ağdam bölgəsində döyüş əməliyyatlarında iştirakını təsdiq edə bilərlər. “Müharibə Veteranı” adının və vəsiqəsini ala bilməyi üçün zəruri olduğundan onun xx.xx.1992-xx.xx.1992-ci il tarixlərində Ağdam bölgəsində döyüş əməliyyatlarında iştirakının məhkəmə tərəfindən hüquqi əhəmiyyətli fakt olaraq müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-3537/2020 saylı, xx.xx.2021-ci il tarixli qərardadı və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2401/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı qəbul edilərək qeyd edilmişdir ki, “Ərizəyə əlavə edilmiş Xidmət Siyahısından görünür ki, “Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə və müharibədə işitrakı” adlı 11-ci qrafasmda “Ağdam bölgəsində döyüş əməliyyatlarında iştirak edib. Əsas: AZ. Res. BQR-in sərəncamı. xx.xx.1992, xx.xx.1992” sözləri qeyd edilmişdir. Belə olan halda bu faktın məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Ərizəçidə olan sənədlər sübut növləridir və o, bu sənədlərdən istifadə etməklə müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, rədd cavabı aldıqda isə inzibati icraat qaydasında səlahiyyətli məhkəmədə iddia qaldırmalıdır. “Bundan sonra “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün sözügedən vəsiqəni verən müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etmişdir. Həmin orqan tərəfindən göndərilən xx.xx.2021-ci il tarixli 4/3- 1527 saylı məktubda (həmin məktub xx.xx.2021-ci il tarixində təqdim edilmişdir) qeyd edilir ki, “Sizə Müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyi aparatı nəzdində “Veteran adlarının və və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2021-ci il tarixli iclasında baxılmış və barədnizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Döyüş əməliyyatları aparılan zaman xx.xx.1992-xx.xx.1992-ci il tarixlərdə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbindən döyüş əməliyyatları aparılan rayonlara döyüş tapşırığını icra etmək üçün ezam olunmağınız barədə arxiv sənədlərində məlumat olmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur.” Ancaq bu imtina yuxarıda qeyd edilənlərə və qanunvericiliyin tələblərinə əsasən qanunsuz və əsassızdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən 1994-cü ilin mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu , Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Şəxsə Müharibə veteranı adı və əsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi nzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi lissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata Duraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfumuna AR Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 18 avqust 2020-ci il tarixli 9/2-8400 nömrəli arayışına əsasən iddiaçının barəsində Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi rəisinin xx.xx.1992- xx.xx.1992-ci il tarixli nizami hissə üzrə əmrlərində döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumatın aşkar edilmədiyi qeyd edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin qeyd hissəsinə əsasən bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası cinayət-prosessual məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Beləliklə də Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran” adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası məhz bu əsaslarla 23 noyabr 2021-ci il tarixli qərarı ilə iddiaçıya “Müharibə veteranı” vəsiqəsinin verilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-199/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim İsmayıl Quliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müharibə veteranı adı verilməsi üçün hərbi biletdə göstərilən məlumatlar hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq edilməli, hərbi qulluqçu qanuni əsaslarla hərbi xidmətdən təxris olunmalıdır. İddiaçının döyüş bölgəsində döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezam olunması və bu halın arxiv səndələri ilə təsdiq edilməsi müəyyən edilmədiyinə görə iddiaçıya veteran adının verilməsindən cavabdeh inzibati orqanın imtinası qanunvericiliyə uyğun olmuşdur. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərar əsassız və qanunsuz olduğundan, qanunvericiliyin tələblərini və onun hüquqlarını kobud şəkildə pozduğundan ləğv edilməli və iddia tələbim təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iki dəfə “sübutların təmin edilməsi” barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə isə nəinki ona yardım etmiş, əksinə iddia ərizəsində göstərdiyi dəlilləri və vəsatətləri ümumiyyətlə araşdırmamış və qərarında onlara heç bir hüquqi qiymət verməmişdir. Birinci vəsatətində qeyd etmişdi ki, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin 1-ci kursunda oxuyarkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Belə ki, Məktəb rəisi general-mayorun əmrinə əsasən (xx.xx.1992-ci il № 304-БП və xx.xx.1992-ci il № 195) kursant yoldaşları ilə birlikdə döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam şəhərinə ezam olundular. Onlar Qaraheybət dəmiryolu stansiyasından eşalonla Ağdam dəmiryolu stansiyasına marş keçərək, ordan da avtomobil kalonları ilə 5 km aralıda yerləşən Ağdam rayonunun Novruzlu kəndinə gedib orda yerləşən qərargaha yerləşdilər. Nların bölüyü kəndin aşağısında yerləşirdi. Arxa tərəfdə çaxır zavodu, qarşıda kanal, kanalın sol tərəfində körpü var idi. Hətta Azərbaycanın Milli Qəhrəmanı mərhum general-mayor, hazırda Korpus komandirləri olan general-mayor, general-mayor da kursant yoldaşı olaraq həmin vaxt döyüş tapşırıqlarının yerinə yetirilməsində birlikdə iştirak edirdilər. Onlar xx.xx.1992-ci il tarixində gecə saatlarında döyüş tapşırığını yerinə yetirərək Mərzili kəndinə hücuma keçdik və kəndi düşmənlərdən təmziləyərək müdafiə xətti qurdular, düşmən qüvvələri isə Xocalının Qarakənd kəndi istiqamətinə qaçdı. O vaxt müəllimimiz olmuş general-leytenant (onda polkovnik-leytenant idi) ilə birlikdə Qarakənd kəndi istiqamətində bir neçə dəfə kəşfiyyat əməliyatları həyata keçirdilər. Düşmənin yerin altında gizli atəş mövqelərinin olduğunu, üst qabığının aralanaraq mövqelərin atəşə tutulduğunu və daha sonra bağlandığını müəyyən etdi. Komandirlərin tapşırığı ilə müşahidə postları qurdu və tərəfindən düşmənin gizli yeraltı postları aşkar edilərək məhv edildi. Orda olduğu müddət ərzində daha bir neçə döyüş tapşırığını yerinə yetirdi, düşmənin bir çox hücumlarını dəf etdilər. İndi Baş Qərargah rəisi olan general-polkovnikdə (o vaxt polkovnik-leytenant idi) müəllimləri idi və həmin vaxt onlarla birlikdə iştirak edirdi. xx.xx.1992-ci il tarixində döyüş mövqeyləri Suraxanı könüllülərdən ibarət taborun şəxsi heyətinə təhvil verib avtomobillərlə Ağdam-Bakı marşurutu üzrə marş keçərək Məktəbə qaytarıldıq. Bununla bağlı xx.xx.1992-ci il tarixli, 205 saylı əmrlə də Ağdam şəhərindən döyüş bölgəsindən ezamiyyətdən qayıtdılar. Həmçinin həmin vəsatətdə həmin vaxt digər kursant yoldaşları ilə birlikdə müvafiq əmrlə döyüş tapşırığının yerinə yetirilməsi üçün Ağdama ezam olunduğunu və onunla birlikdə həmin döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün ezam olunanların bəzilərinə cavabdeh tərəfindən məhz həmin əsasla müharibə veteranı adı və vəsiqəsi verildiyini bildirərək onlarla birlikdə həmin vaxtda ezam olunduğunu və Ağdamda döyüş əməliyyatlarında iştirak etdiyini təsdiq edə biləcəyini qeyd etmişdir. Hətta həmin şəxslərin hazırda yüksək vəzifələrdə çalışdığını və general rütbəsi daşıdığını belə bildirmişdir. Həmin vaxt döyüş taprığının yerinə yetirilməsində birlikdə iştirak etdiyi və müharibə veteranı adı almış şəxslərin adlarını göstərmişdir. Ona görə də qeyd edilənləri nəzərə alaraq, məhkəmə tərəfindən cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə sorğu edilərək vəsatətdə qeyd edilən faktların doğru olub- olmadığı, həmçinin adları qeyd edilən şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilib verilmədiyi, verilmişdirsə hansı əsasla verildiyi barədə məlumat verilməsini və təsdiqedici sənədlərin təqdim edilməsini, həmçinin Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin rəisi general-mayor tərəfindən imzalanmış (xx.xx.1992-ci il № 304-БП, xx.xx.1992-ci il № 195 və xx.xx.1992-ci il № 205) hər üç əmrin tam mətninin məhkəməyə təqdim edilməsini və bununla bağlı sübutların təmin edilməsini məhkəmədən xahiş etmişdi. Lakin məhkəmə vəsatətini nə araşdırmış, nə təmin edib-etmədiyi barədə qərardad çıxarmış, nə də qərar qəbul edərkən ona qiymət vermişdir. Eləcə də məhkəməyə ikinci dəfə yazılı vəsatət verərək Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən bu ərizənin 1-ci bəndində qeyd edilən faktların doğru olubolmadığı, 3-cü bənddə adları qeyd edilən şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilib-verilmədiyi, verilmişdirsə hansı əsasla verildiyi barədə məlumat verilməsini və təsdiqedici sənədlərin təqdim edilməsi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin rəisi general-mayor tərəfindən imzalanmış hər üç əmrin (xx.xx.1992-ci il № 304-БП, xx.xx.1992-ci il № 195 və xx.xx.1992-ci il № 205) tam mətninin məhkəməyə təqdim edilməsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı Rayon Şöbəsinə tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin onun adına tərtib etdiyi “Xidmət Siyahısı”nın məhkəməyə təqdim edilməsi üçün məhkəmə tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı Rayon Şöbəsinə sorğu verilərək qeyd edilən sübutların təmin edilməsini məhkəmədən xahiş etsə də məhkəmə ikinci vəsatətinə də heç bir münasibət bildirməmiş və qeyd edilən məsələlərə hüquqi qiymət verməmişdir. “Müharibə Veteranı” adının və vəsiqəsini ala bilməyi üçün zəruri olduğundan xx.xx.1992-xx.xx.1992-ci il tarixlərində Ağdam bölgəsində döyüş əməliyyatlarında iştirakının məhkəmə tərəfindən hüquqi əhəmiyyətli fakt olaraq müəyyən edilməsi üçün əvvəlcə ərizə ilə məhkəməyə müraciət etmişdi. Şamaxı Rayon Məhkəməsinin 2(074)-3537/2020 saylı, xx.xx.2021-ci il tarixli qərardadı və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2401/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardad qəbul edilərək qeyd edilmişdir ki, “Ərizəyə əlavə edilmiş Xidmət Siyahısından görünür ki, “Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə və müharibədə işitrakı” adlı ll-ci qraf asında “Ağdam bölgəsində döyüş əməliyyatlarında iştirak edib. Əsas: AZ. Res. BQR-in sərəncamı. xx.xx.1992, xx.xx.1992” sözləri qeyd edilmişdir. Belə olan halda bu faktın məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Ərizəçidə olan sənədlər sübut növləridir və o, bu sənədlərdən istifadə etməklə müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, rədd cavabı aldıqda isə inzibati icraat qaydasında səlahiyyətli məhkəmədə iddia qaldırmalıdır.” Qeyd edilən Xidmət Siyahısından və məhkəmə qərarlarından da göründüyü kimi onun qeyd olunan tarixlərdə Ağdam bölgəsində döyüş əməliyyatlarında iştirak etməyi həmin sənədlərlə birbaşa sübut olunur və bunun hər hansı başqa bir sübutlarla və ya məhkəmə tərəfindən yenidən təsdiq edilməsinə ehtiyac da yoxdur. Buna baxmayaraq Sumqayıt İnzibati Məhkəməsi bu sübutlara heç bir qiymət vermədən sadəcə cavabdeh orqanın əsassız cavabını (Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 18 avqust 2020-ci il tarixli 9/2- 8400 nömrəli arayışına əsasən onun barəsində Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi rəisinin xx.xx.1992- xx.xx.1992-ci il tarixli nizami hissə üzrə əmrlərində döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat aşkar edilmir) əsas götürərək iddianı qanunsuz və əsassız olaraq rədd etmişdir. Onsuz da cavabdehin cavabı qanunsuz və əsassız olduğu üçün məhkəməyə müraciət etmişdi. Ancaq məhkəmə də bu qanunsuzluğa rəvac verərək onun döşyüş əməliyyatlarında iştirakını təsdiq edən faktları və sübutları nəzərə almaq istəməyərək qərəzli və ədalətsiz davranaraq qanunsuz qərar qəbul etmişdir. İşin faktiki və hüquqi hallarından göründüyü kimi bu şərəfli yolu həqiqətən də keçmiş və ona görə “Müharibə veteranı” adı və vəsiqəsi almaq hüququdur. Qanunvericiliyin tələblərinə əsasən də ona “Müharibə Veteranı” adı və vəsiqəsi verilməlidir. Lakin cavabdeh orqan bu adı və vəsiqəni verməkdən qanunsuz və əsassız olaraq imtian edir və birinci instansiya məhkəməsi də bu qanunsuzluğu təsdiq edir. O faktiki şərtlərin mövcudluğunu, həm cavabdehin özünün müvafiq sənədləri (Xidmət Siyahısı) və müvafiq məhkəmə qərarları, həm də həmin döyüşdə onunla birlikdə iştirak etmiş şəxslərin sənədləri vasitəsi ilə sübuta yetirdiyi halda məhkəmə onları görməzdən gəlməyə çalışmışdır. Halbuki məhkəmə həmin normanın digər tələbini (inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür) nəzərə almamış, inzibati orqan tərəfindən adına tərtib edilmiş Xidmət Siyahısında “Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə və müharibədə işitrakı” adlı 11-ci qrafasında “Ağdam bölgəsində döyüş əməliyyatlarında iştirak edib. Əsas: AZ. Res. BQR-in sərəncamı. xx.xx.1992, xx.xx.1992” sözlərinin hansı əsasla qeyd edildiyini və hazırda bu qeydi nə səbəblə qəbul etmədiyini əsaslandıra bilməmiş və sadəcə arxiv məlumatlarında guya döyüş əməliyyatlarında iştirak etməyim barədə məlumatın aşkar edilmədiyini bildirməklə kifayətlənərək əsassız etiraz bildirmişdir. Məhkəmə də sübutlara deyil cavabdehin əsassız fərziyyələrinə əsaslanaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ......Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti,“Azərbaycan Respublikası“Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və“X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi“və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər“(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar“(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin“səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində“göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi“tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iddia tələbi iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən ibarətdir. İddiaçı müharibə veteranı adının verilməsi üçün əsas kimi onun Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində oxuyarkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonu ərazisində erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlarda iştirak etməsi, Birləşmiş Komandanlıq Məktəbinin 1-ci kursunda oxuyarkən bir sıra kursant yoldaşları ilə birlikdə komandanlığın rəsmi əmri ilə xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixinə kimi Ağdam bölgəsində döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezam olunması halına istinad etmişdir. Cavabdeh inzibati orqan imtina əsası kimi iddiaçının döyüş əməliyyatları aparılan zaman xx.xx.1992-xx.xx.1992-ci il tarixlərdə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbindən döyüş əməliyyatları aparılan rayonlara döyüş tapşırığının icra etmək üçün ezam olunması barədə arxiv sənədlərində məlumat olmaması halına istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad edilmiş qanunvericilik normalarının tələbinə əsasən ezam olunmuş şəxslərə münasibətdə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün bir sıra zəruri şərtlər mövcud olmalıdır. Belə ki, qeyd olunan qanunvericilik normasında “müharibə veteranı” adı və vəsiqəsini almaq hüququna malik olan şəxslər qismində müvafiq ərazilərdə döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı Ali Ümumqoşun Komandanlıq məktəbi rəisinin xx.xx.1992-ci il tarixli 195 №-li nizami hissə üzrə və Bakı Ali Ümumqoşun Komandanlıq məktəbi rəisinin xx.xx.1992-ci il tarixli 304 №-li döyüş hazırlığı üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Göründüyü kimi indiki halda məhkəmə araşdırması zamanı iddiaçının döyüş əməliyyatları gedən bölgəyə ezam olunması halı, nəticə etibarilə iddia tələbinin əsası kimi istinad edilən halların müəyyən edilməsi mümkün olmamışdır. Bununla da, hazırki inzibati iş üzrə iddia tələbinə dair “müharibə veteranı adı və vəsiqəsi”nin verilməsinə dair qanunvericiliklə müəyyən edilmiş normanın dispozitiv şərtləri mövcud olmamışdır. Həmçinin, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı onunla birlikdə digər kursant yoldaşlarının da eyni əmrlə məhz xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Ağdam bölgəinə döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezam olunduğunu, həmin şəxslərin “müharibə veteranı adı və vəsiqəsi”nin verildiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının şikayətin dəlili kimi istinad etdiyi şəxslərə münasibətdə arxiv məlumatları mövcdu olmuşdur. Belə ki, məhkəmədə tədqiq edilmiş arxiv çıxarışlarının məzmunundan görünür ki, həmin şəxslərlə bağlı müvafiq əmrlərin tarixi xx.xx.1992, xx.xx.1992, xx.xx.1992-ci il tarixlərə aid olsa da, onlara aid arxiv məlumaları aşkar olunmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda məhkəmə araşdıması zamanı cavabdeh tərəfindən iddiaçıya münasibətdə qeyri-bərabər rəftarla bağlı davranış müəyyən edilmədiyindən, iddiaçının bu hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası iddiaçı apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi digər hallarla bağlı qeyd edir ki, iddiaçının onun adına tərtib edilmiş xidməti siyahıda əks olunmuş məlumatla bağlı istinad etdiyi hallar yuxarıda istinad edilən qanunvericilik normalarının tələbi əsasında təkzib olunur. Belə ki, “Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə qeyd edilmiş normanın tələbinə əsasən müharibə veteranı adının verilməsi üçün müvafiq məlumatlar hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq edilməlidir. Həmçinin, qeyd edilməlidir ki, Azərbaycan respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri bu hissədə də əsassız olmuşdur. Bundan əlavə məhkəmə kollegiyası iddiaçının şikayətin dəlili kimi istinad etdiyi digər (müvafiq vəsatətlərə dair hissədə) hallarla bağlı qeyd edir ki, həmin hallar iş materialları əsasında təkzib olunmuşdur. Həmçinin, məhkəmə kollegiyası iddiaçının tələbin və şikayətin məzmununda özünün əlil olması halına istinad etdiyindən, onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı barəsində ikinci dərəcə əlillik təyinatı aparılsa da, ona əsas kimi "ümumi xəstəlik" halı çıxış etmişdir. Göründüyü kimi, hazırki iddia tələbi qanunvericiliyin qeyd olunan dispozitiv şərtləri ilə uzlaşmır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh inzibati orqannın imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddia tələbini təmin etməməklə düzgün nətcəyə gəlmiş, iddiaçının apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamaqla, əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: “ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-199/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər. “

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar