Məhkəmə qərarları › İş №2-1(105)-36/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-36/2025

07.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-36/2025 07.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (Açar sözlər: daşınmaz əmlaka dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X11 katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1894/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Torpağın alqı-satqısına dair xx.xx.2016-cı il tarixli müqavilənin surətindən görünür ki, X7 Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Torpaq Hərrac və Müsabiqə komissiyası tərəfindən “28” iyul 2016-cı il tarixdə keçirilmiş açıq torpaq hərracın və ya müsabiqənin (altından xətt çəkilməli) qalibidir 0,0186 ha torpaq sahəsi açıq torpaq hərracında, müsabiqədə 1260 manata mülkiyyətə verilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci ildə ölmüşdür. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, müraciət üzrə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticələri barədə 28 iyul 2016-cı il tarixli, iclasının 17/22 saylı protokolunda kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sahibkarlıq məqsədilə müsabiqədə satılması qeyd olunsa da, təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlar yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilə bilər. Bundan başqa sözügedən torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiya arasında uyğunsuzluq olduğu, sənəd üzrə torpaq sahəsinin bir hissəsinin başqa şəxsin istifadəsində olduğu müəyyən edilmişdir. Həmçinin sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli (6 KVT) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, sənəd üzrə torpaq sahəsinin bir hissəsi başqa şəxsin istifadəsində (hasarının daxilində) yerləşir. Qeyd olunan torpaq sahəsinə üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı müəyyən edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, sənəd üzrə torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi arasında fərq olduğundan, torpaq sahəsinin faktiki koordinatları götürülmüş, elektron məlumat bazasına əsasən sənəd üzrə torpaq sahəsinin başqa şəxsin faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi aşkar edilmişdir. Qeyd olunan torpaq sahəsi üzərində hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.0186 ha torpaq sahəsi üzərində X6 adına dövlət reyestrindən qeydiyyata alınaraq, reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0186 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini” məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək, Abşeron rayonu Saray qəsəbəsində yerləşən vərəsəsi olduğu X7 məxsus 0.0186 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Bununla bağlı cavabdeh inzibati orqan imtina məktubu ilə onun müraciəti müsbət həll edilməmişdir. İmtina əsassızdır. Belə ki, Abşeron rayon Saray Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X1 məqsədilə 0.0186 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi hal-hazırda mövcüddur. Həmin torpağın Abşeron rayonu Saray Bələdiyyəsinin mülkiyyətində olması barədə ******* saylı çıxarış mövcüddur. Torpağın başqa şəxs tərəfindən zəbt olunmasının həmin torpağın X6 adına qeydiyyata alınmasına mane ola bilməz, elektrik xəttinin mahfızə zolağında yerləşməsinə gəldikdə isə bu yeni hal deyil, bu hala həmin torpaq sahəsinin Abşeron rayon Saray Bələdiyyəsinin adına qeydə alınması zamanı imtina edilə bilərdi. Necə ki bu hal baş verməmişdir, bunu yeni hal kimi qeyd etmək qanunsuzdur. Torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası ilə faktiki konfıqurasiyayı arasında uyğunsuzluq olduğunun isə həmin topraq sahəsinin hüquqların daşınmaz əmlakın dövlət reyestrində kənd təsərüfatlı təyinatlı torpaq kimi qeydiyyata alınmasmınm əsası ola bilməz. Bütün bunları nəzərə alaraq Abşeron rayonu Saray qəsəbəsində yerləşən X7 məxsus 0.0186 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində kənd təsərüfatlı təyinatlı torpaq kimi qeydiyyata alınmasını, həmin torpağa dövlət reysterindən mülkiyyət hüquqularının təsdiq edən çıxarış verilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticələri barədə 28 iyul 2016-cı il tarixli, iclasının 17/22 saylı protokolunda kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sahibkarlıq məqsədilə müsabiqədə satılması qeyd olunsa da, təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlar yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilə bilər. Bundan başqa sözügedən torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiya arasında uyğunsuzluq olduğu, sənəd üzrə torpaq sahəsinin bir hissəsinin başqa şəxsin istifadəsində olduğu müəyyən edilmişdir. Həmçinin sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli (6 KVT) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsininxx.xx.2024-cü il tarixli, 2-1(118)-1894/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0186 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mərhum əri torpaq sahəsinin mülkiyyətçisi olmuş Saray Bələdiyyəsindən alarkən həmin torpaq sahəsinə dair tərtib edilmiş **********91 reyestr nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarış əsasında alqı-satqı müqaviləsini imzalamışdır. Həmin çıxarışa nəzər saldıqda müəyyən olunur ki, torpaq sahəsinin kateqoriyası “kənd təsərüffatı torpaq sahəsi” kimi, məqsədli istifadəsi qrafasında isə “sahibkarlıq” kimi qeyd edilmişdir. Mövcud anlaşılmazlığın aradan qaldırılması məqsədilə cavabdehə məhkəmə vasitəsilə sorğu edilmiş, lakin inzibati orqan tərəfindən sorğuya təhrifedici şəkildə cavab verilmişdir. Başqa sözlə desək cavabdeh təşkilat vaxtı ilə özü tərəfindən verdiyi yüklülük barədə arayışla və ya bələdiyyənin adına mülkiyyət hüququna dair verdiyi çıxarışla vaxtı ilə özü tərəfindən müvafiq qrafada etdiyi səhvi vətəndaşın üstünə atır. Bu isə etimadın qorunması prinsipinə ziddir. Göründüyü kimi DƏDKR-in 4 saylı Abşeron Ərazi İdarəsi imtinasında göstərdiyi 1-ci arqumentlə bağlı hər hansı bir əsaslı dəlil məhkəməyə təqdim etməmişdir. Bundan başqa o da nəzərə alınmalıdır ki, yeni növ mülkiyyət hüququna dair çıxarışların formasında məqsədli təyinat qrafası mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən gətirilən 1-ci arqument formal xarakterlidir. Cavabdeh təşkilatın gətirdiyi 2-ci arqumentə, yəni sözügedən torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiya arasında uyğunsuzluq olduğuna münasibətdə məhkəmə bildirir ki, cavabdeh təşkilatın gətirdiyi 3-cü arqumentlə ikinci 2-ci arqumentin cavabını vermiş olur. Belə ki, torpaq sahəsinin bir hissəsinin başqa şəxsin istifadəsində olması və orada hər hansı bir yenidənqurma işlərinin aparılması torpaq sahəsinin konfiqurasiyasının dəyişdirilməsinə səbəb ola bilər, lakin qeyd olunan işlərin aparılması iddiaçını mülkiyyət hüququnun məhrum edilməsinə səbəb ola bilməz. Ona görə də qeyd olunan 2-ci və 3-cü arqumentlərini də məhkəmə əsassız hesab edir. Cavabdeh təşkilatın gətirdiyi sonuncu arqumentə yəni, sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli (6 KVT) elektrik xəttinin mühafizə zolağında yerləşməsinə münahibətdə bildirilir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Göründüyü kimi, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Beləliklə, mübahisə predmeti olan daşınmaz əmlakın üzərində iddiaçının sahiblik hüququnun yaranması üçün əsas olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticələri barədə 28 iyul 2016-cı il tarixli, iclasının 17/22 saylı protokolu ləğv edilməmiş və hal-hazırda qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsi üçün əsas hesab olunur. Göründüyü kimi iddiaçı qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını həyata keçirmək niyyətində olduğu daşınmaz əmlak ilə bağlı 28 iyul 2016-cı il tarixli, iclasının 17/22 saylı protokolu cavabdeh təşkilata təqdim etmiş, lakin cavabdeh təşkilat Qanunun 8.0.2-ci maddəsinin tələblərini icra etmək əvəzinə buna dair arqumentlər irəli sürmüşdür. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, bələdiyyə qərarında adı göstərilmiş şəxs X8 vəfat etdiyinə görə mülkiyyət hüququ haqqında veriləcək çıxarışda onun adı öz əksini tapmalıdır. Belə ki, cavabdeh təşkilat torpaq sahəsinin mərhumla bağlı hissəsində “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.2-ci bəndinə əsaslanaraq mərhumun vərəsələrinə elektron çıxarış verməlidir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; ...... Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının

5. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır: a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq; ..... Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri kənd təsərrüfatı obyektlərinin ərazisindən keçdikdə, mülkiyyətçilər həmin xətlərin bu Qaydalara uyğun olaraq qorunmasını təmin etməklə və təhlükəsizlik tədbirlərinə riayət etməklə, elektrik ötürücü xətlərini istismar edən müəssisənin razılığı olmadan elektrik ötürücü xətlərinin mühafizə zonasından istifadə edə bilərlər.

7. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki inzibati iş üzrə iddia tələbi Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0186 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın verilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsi satılsa da, təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlar yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilə bilər,bundan başqa sözügedən torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiya arasında uyğunsuzluq olduğu, sənəd üzrə torpaq sahəsinin bir hissəsinin başqa şəxsin istifadəsində olduğu müəyyən edilmiş, sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli (6 KVT) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmaqla, onun adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, habelə onun adına plan və ölçü sənədi tərtib edilərək, kadasrt kitabında uçota alınmışdır. Həmçinin, sözügedən torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı torpaq müsabiqə və hərrac komissiyası tərəfindən keçirilmiş torpaq müsabiqəsinin nəticəsində X2, bu barədə müvafiq şəhadətnamə və torpaq sahəsinin alqısatqısına dair müqvailə bağlanılmışdır. Həmin torpaq sahəsinə dair yerləşmə planı tərtib edilmiş, kadastr xəritəsindən çıxarışda yerləşmə yeri əks olunmuşdur. İş materiallarından görünür ki, X8 16 oktyabr 2021-ci ildə vəfat etmiş, iddiaçı onun vərəsəsi qimsində çıxış edir. İş materiallarından görünür ki, Abşeron rayonu Saray Bələdiyyəsi müvafiq məktubun məzmununda sözügedən torpaq sahəsinin mərhum şəxsə satıldığını, hazırda da torpaq sahəsinin mövcud olduğunu, mülkiyyət hüququna dair sənədin verilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarından görünür ki, sözügedən torpaq sahəsi cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən müayinə olunmuş, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmişdir. Müayinə aktının məzmununda torpaq sahəsinin faktiki ölçüsünün 0,0277 ha olduğu, yol ilə sərhəd olduğu, tikili olmadığı, cənub-şərqində 6 kvt-luq yüksək gərginlikli elektrik xəttinin keçdiyi, qismən daş hasarla sərhədləndiyi, faktiki koordinatların əlavə edildiyi qeyd edilmiş, ortofoto görüntüsü və yerləşmə sxemi əlavə edilmişdir. Göründüyü kimi, sözügedən torpaq sahəsi naturada mövcud olmaqla, ayrıldığı vaxtdan hazıradək faktiki iddiaçı və onun vərəsəsinin istifadəsindədir. Eyni zamanda, həmin torpaq sahəsinin ayrılmasına dair sənədlər hazırda qüvvədə olmaqla, həmin sənədlərin ləğv edilməsi, dəyişdirilməsi, geri çağrılması halı müəyyən edilməmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən isə torpaq sahəsinin ayrılmasına dair sənədlər müvafiq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Məhkəmə kollegiyası cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğundan satılmasının mümkün olmadığı qeyd edir. İndiki halda sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, müvafiq bələdiyyənin adına tərtib edilmiş plan və ölçü sənədində torpaq sahəsinin təyinatı kimi “sahibkarlıqla məşğul olmaq-tikinti məqsədilə”, bonitet balı “20” kimi qeyd edilmişdir. Qeyd edilən hal isə sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı yararsız torpaq sahəsi qismində çıxış etdiyini deməyə əsas verir. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən kənd təsərrüfatı təyinatlı yararsız torpaqlar xüsusi mülkiyyətə verilə bilər. Bundan əlavə, kollegiya onu qeyd edir ki, məhkəmə araşdırması zamanı eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin kateqoriyasının yaşayış məntəqələri torpaq sahəsi kimi qeyd edilməsi, habelə həmin torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir. Başqa sözlə desək, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Həmçinin,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). Bu baxımından məhkəmə kollegiyası qeyd olunan konteksdə də işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı halda, iddiaçıya münasibətdə bu hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi halı özlüyündə onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan cavabdeh inzibati orqanın qeyd olunan arqumenti əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın istinad etdiyi digər dəlil ilə bağlı onu qeyd edir ki, cavabdeh torpaq sahəsinin bir hissəsinin başqa şəxsin istifadəsində olması halını qeyd etsə də, məhkəmə araşdırması zamanı qeyd edilən torpaq sahəsinə dair başqa şəxslərin adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və ya hər hansı hüquqmüəyyənedici sənədlərin mövcudluğu müəyyən edilməmişdir. Nəticə etibarilə hazırki iddia predmeti olan torpaq sahəsinin və ya onun hər hansı bir hissəsinin başqa şəxslərin qanuni sahibliyində və ya istifadəsində, habelə mülkiyyətində olması halı müəyyən edilməmişdir. Belə olan halda həmin hala istinad edilməsi özlüyündə mərhum şəxsin malik olduğu əmlak hüququnun əsassız olaraq məhdudlaşıdırılmasına gətirib çıxarda bilər. Bu baıxmından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin hissədə istinad etdiyi arqumneti əsassız olmuşdur. Bundan əlavə, kollegiya cavabdehin istinad etdiyi digər dəlilləri ilə bağlı onu qeyd edir ki, cavabdeh sözügedən torpaq sahəsinin müvafiq elektrik xəttinin mühafizəsi zonasında yerləşdiyini qeyd edir. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, yuxarıda istinad edilən müvafiq Qaydalarda qeyd edilən halın torpaq sahəsinə dair mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas olan hal kimi müəyyən edilməsinə dair hər hansı imperativ norma öz əksini tapmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi həmin hallara istinad edilməsi özlüyündə qanunvericilik normalarının tələbinə zidd olmaqla, mülkiyyət hüququnun əsassız yerə məhdudlaşdırılmasına gətirib çıxarda bilər. Həmçinin, məhkəmə kollegiyası cavabdehin istinad etdiyi digər arqumenti ilə bağlı onu qeyd edir ki, cavabdeh sözügedən torpaq sahəsinin sənəd üzrə konfiqurasiyasının faktiki istifadə üzrə konfiqurasiyası arasında uyğunsuzluq olması halına istinad edir. Bununla bağlı kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdehin istinad etdiyi uyğunsuzluğun məhz iddiaçının faktiki istifadəsində artıq (zəbt) torpaq sahəsinin olması ilə bağlı ortaya çıxdığı müəyyən edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının tələbi məhz sənəd üzrə mövcud olan torpaq sahəsi ilə bağlı olduğundan, cavabdehin həmin arqumenti formal olmaqla, əsassız olmuşdur Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instasniya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1894/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar