Məhkəmə qərarları › İş №2-1(105)-360/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-360/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-360/2023 14.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “ona xx.xx.2017-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 17 yanvar 2019-cu il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(118)-1413/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı iddia qaldıraraq “iddiaçının 2006-cı ilədək işlədiyi dövrü sosial sığorta stajına daxil edilməklə, əmək kitabçasında qeyd olunan illərin güzşətli iş stajı kimi nəzərə alınmaqla xx.xx.2017-ci il tarixdən 57 yaşdan güzşətli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(118)-1413/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və 17 yanvar 2019-cu il tarixdən əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmuşdur (hakim L.Mirzəyeva). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı məhkəməyə iddia tələbindən imtina olunması barədə ərizə təqdim edərək, tələbindən imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının imtina etdiyi tələbinə münasibətdə iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası ərizəni və iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Həmin Məcəllənin 15.2-ci maddəsində inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 55.1-ci maddəsinə görə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə müvafiq olaraq, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı iddiada imtina etdiyindən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(118)-1413/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar